Yarımçıq “Yarımdünya” və ya Miri Yusifin alınmayan rolu

Yarımçıq “Yarımdünya” və ya Miri Yusifin alınmayan rolu
15 aprel 2015
# 14:30

Bu günlərdə “Yarımdünya” adlı bədii filmin nümayişinə başlanıldı. Filmin rejissoru Osman Albayrak, ssenari müəllifi Mehmet Ulukan, prodüseri Tural Əsədovdur. Əsas rolları Miri Yusif, Gülsara Rzayeva, Tural Əsədov, Pərvin Abıyeva oynayır.

Kulis “İkili söhbət” layihəsində Sevda Sultanova və Aliyənin film barədə söhbətlərini təqdim edir.

Sevda Sultanova: Aliyə, mənə filmdən çox tamaşaçıların reaksiyası maraqlı idi, xüsusən arxada oturan iki rəfiqənin hər şeyə, sanki evdəymişlər kimi rahat verdikləri reaksiyalar: “Miri Yusif çeşka sürür. Yarbala maygülüdur. Üzük nə gündədir? Bura Yasamaldır. Aaz, bu şirə oxşayır. Bu da rus qızla kef edir”.

Yeri gəlmişkən, sənin də film boyu şərhlərin maraqlı idi.

Aliyə: Məncə, "tamaşaçı bunu "yeyər" fikri mifdir. Xüsusən belə kommersiya layihələrində. Film alınmırsa adamlar bunu görür. Camaat melodramaya baxırdı guya, amma inan ki, Musiqili Komediya Teatrında indiyə qədər bu qədər gülüş eşidilməmişdi. Bəlkə də yaxşıdır-adamların yumor hissini itiləyir axı.

Miri Yusifin heç nədən əsəbi qəhrəmanına necə gülməyəsən? Stulu itələyir, stola təpik vurur. Adam az qalır desin, ay yoldaş, stulu niyə sındırırsan? Axı, onu istedadlı, bacarıqlı adamlar düzəldiblər? Film adama nəsə verməyəndə oradakı əşyalara belə adamın heyfi gəlir. Söhbət peşəkarlıqdan, topluma verilən mesajdan və heç olmasa yaşadığımız reallığı bir azca tanımaqdan gedir ki, sonuncunu heç müəllif kinosunda da görmək mümkün deyil. Amma bu film nə deyirdi? Məsələn, sən bu filmdə nə gördün?

S.S.: Komediya bumunda melodramın çəkilməsi, tamaşaçılara janr müxtəlifliyi baxımından fərqli məhsulun təqdim edilməsi yaxşıdır. Amma sənin də dediyin kimi melodramdan çox komediyaya oxşar bir şey alınıb. Melodram janrının qəlibləri həddən ziyadə bəsit, gərəksiz riyazi dəqiqliklə işlənib: zəngin qızın və kasıb oğlanın parkda təsadüfən toqquşaraq tanış olması (bu kliplərdə belə, dəfələrlə eyni təsvir həlli ilə işlənilib), həmin zəngin qızın varlı, amma şərəfsiz sevgilisi, qızın sevgilisinin alçaq olduğunu bilməsi, ona nifrəti və kasıb oğlanı sevməsi, romantik gəzişmələr, qızın üşüməsi, oğlanın onun boynuna şərf dolamaqla soyuqdan qoruması, dostunun da bu qıza vurulması, xərçəngdən əziyyət çəkən xəstə qızın cavabsız sevgisi... Nəhayət, sonda iki cavabsız sevgi yaşayan personajı rejissor “öldürür” ki, digər ikisi xoşbəxt olsun. Məncə, bir rejissora bağışlanması mümkün olmayan şey tamaşaçının əvvəlcədən filmin necə bitməsini, müəyyən epizodlarda öncədən nələrin baş verməsini təxmin etməsidir. “Yarımdünya” bu mənada heç bir gözlənilməzliyə yer qoymadı. Yəqin ona görə də tamaşaçılar filmi soyuq qarşıladılar. Qəhrəmanlardan ikisi ölür, amma tamaşaçı gülərək zalı tərk edir. Melodram janrına xas, əks qüvvələrin kontrastı var, amma parlaq emosiya yox idi.

Aliyə: Miri Yusifin qəhrəmanı guya kasıbdır, amma ortabab, hətta çoxumuz üçün yaxşı bir evdə yaşayır. Adam anlaya bilmir ki, bu adam nədən narazıdır? Yeri gəlmişkən, mahnı mətnləri də olduqca zəif idi. Və yaxud polis Fuad rolu. Aktyor obrazı maraqlı etmək üçün çalışıb, onu birtəhər xarakter yaratmaqla ört-basdır etmək istəyib, halbuki, belə polis obrazı reallığın bir faizini də əks etdirmir. Məntiqə uyğun deyil. Ümumiyyətlə adama elə gəlir ki, bu filmin yaradıcılarının reallıqlardan xəbəri yoxdur. Plagiatlığa görə rəssama bərk əsəbiləşən polis. Bu nə sünilikdir? Harada polis "cəmiyyətdəki yaramazlığa görə" əsəb keçirir? Həm də cəmiyyətə ürəyi yanan polisdisə gərək elə birinci o rəssamı başa düşə.

Çünki orada yeganə həqiqət elə rəssamın dilindən deyilir. Həm də rəssam plagiat deyil, məşhur rəsmlərin üzünü köçürür, sifarişlə. Ona görə ki, az-çox bu əsərlərə görə yaşaya bilər. Ona görə ki, cəmiyyətin mədəni səviyyəsi o vəziyyətdədir ki, o, lap şedevr də yaratsa, normal yaşayışını təmin edə bilməyəcək. Yəni, filmin reallıqları görməzdən keçməsi əsərin ideya-konflikt bağına ciddi zərbə vurur. Heç olmasa o xərçəng xəstəsi olan qızla bağlı müsbət bir məqam olardı. Yəni, məni düz başa düş, nazirlik görəvliləri kimi "nikbin olsun filmlər" demirəm, amma film kommersiya layihəsidirsə, kinosənayeyə xidmət edirsə, müəllif kinosu deyilsə və üstəgəl reallıqları görmürsə, topluma nə xoş mesaj verə bilər? Ölkədə nə qədər xərçəng xəstəsi var- ən vacibi onları ümidləndirmək, ruhlandırmaqdır. Bu amansız xəstəliklə mübarizədə onları pessimistləşdirməmək də olardı. Axı, yaxşı nümunələr də var. ”Xərçəngdirsə öləcək” fikrindən uzaqlaşmaq olardı. Bunu tənqid kimi yox, arzu kimi deyirəm.

S.S. : Filmin ssenaristinin və rejissorunun türk olduğunu nəzərə alsaq, antireal filmin alınması təbiidir bəlkə də. Amma redaktə amili var, üstəlik, kollektivin böyük hissəsi azərbaycanlıdır. Görünür onlar reallıq hissini itiriblər. Kommersiya filmlərinin illah da ki, mühüm mesaj verməsi şərt deyil. Amma heç olmasa beyin üçün saqqız, stress atmaq üçün vasitə olmağı bacarmalıdır. Xüsusən, komediyaları nəzərdə tuturam. Melodramın isə həm də nəsə bir hiss, mesaj ötürməlidir.

Filmin ilk səhnələrində Tural Əsədovun oynadığı polis Fuadın yeriş tərzini, ümumi havasını, üzündəki qəzəbli, qətiyyətli, özünə inamlı ifadəni görəndə yadıma Polad Ələmdar düşdü. Əslində isə belə bir xarakter-yəni əsəbi, söyüşcül, ədalət naminə qanunu pozan və işdən qovulan polis obrazı Hollivud filmlərindən gəlmə klişedir. Hollivud filmlərində bu obraz o qədər istifadə olunub ki, indi çalışırlar, onu bəzi korrektələrlə dəyişsinlər.

Filmin son səhnələrində Fuadın təkbaşına dostu Anarla Dənizi bütöv bir dəstənin caynağından xilas etməsi səhnəsi də alınmamışdı. Fikir verdinsə, zalda gülüş doğuran epizodlardan biri də bu idi. Fuadın tapança ilə dəstənin üzvlərini bir-bir, asanlıqla öldürməsi kompüter oyunlarında düşməni qıran personajın hərəkəti kimi son dərəcə mexaniki alınmışdı. Belə bir döyüş səhnəsinin təsviri də Hollivud filmlərində çox işlənib.

Düşünürəm ki, bu səhnədə lazımi pauzalar, həyəcan verici planlar yox idi. Ümumiyyətlə, “Yarımdünya”nın yarımçıq film alınmasının səbəbi melodram olmasına rəğmən hadisələrin həyəcansız, emosiyasız bir anda, sürətlə baş verməsi idi. Rejissor qəhrəmanların yaşantılarını tamaşaçıya öz şəxsi yaşantısı kimi yaşamaq imkanı verməyib. “Yarımdünya” filmdən çox hansısa prodüserdən maliyyə almaq üçün ona danışılmış sinopsisə oxşayırdı.

İlk səhnəyə gəlincə, polis Fuadın plagiatlıqda ittiham edərək, zavallı rəssamın boğazından yapışıb hədələməsini nəzərdə tuturam, filmin ən dəxilsiz, yersiz epizodlarından biri idi. Xüsusən də ritorika ilə Tahir Salahovun 50 illik əməyi yatır deməsi (çünki, rəssam Tahir Salahovun əsərinin üzünü köçürür)- banal idi.

Rəssamlar bu gün cəmiyyətin ən müdafiəsiz təbəqələrindən biridir. Onların hədəf seçilməsindən əsəbiləşdim. Guya Azərbaycanda rəssamlıq sənətilə bağlı marketinq, bazar inkişaf edib, guya bizim insanlar rəssamlıqdan çox anlayırlar ki, onların əsərlərinə dəyər versin... Bu azmış kimi məişət qayğıları içində yaşayan, alternativləri heçə endirilən rəssam qınanılır. Əminəm ki, maddi imkanları yetərli olan Tahir Salahov onun əsərinin üzünü köçürən rəssamı dəstəkləyirdi. Müəlliflər uğursuz rəssamın həyatını filmin motivinə çevirsəydilər, onda “Yarımdünya” həyata toxunmuş olardı. Amma film həyatdan yan keçir.

Bundan başqa dialoqlar bərbad idi. Məsələn, Miri Yusifin qəhrəmanının “Gülü torpaqdan qoparsan solar” kimi kəsərsiz, milyon dəfə çeynənmiş dekadens mətnləri hansı təsir gücünə malikdir? Razıyam ki, filmin bizim reallıqla əlaqəsi yoxdur. Film çox qlamur idi. Dənizin, illah da ki, lüks maşınının olması, lüks evdə yaşaması bu qədərmi vacib idi? Sıravi tamaşaçı kommersiya layihəsi olsa belə orda özündən, cəmiyyətdən nəsə görməlidir.

Aliyə: Əlbəttə. Kütləyə hesablanmış melodramalarda belə "indiyski" model olur-xoşbəxtliyin formulu: "pul+sevgi+sədaqət=happiy end" Dənizdə biri var idi, o biri yox idi, Miri Yusifin qəhrəmanında da elə. Axırda bütün maneəler götürüldü-bunlar xoşbəxt formulun bütün elementləri yerini tutdu. Tamam, bu bayağı da olsa deyək ki, effektiv modeldir. Amma bir balaca nüans da var-happy end-ə çatanlar bir şəkildə onu haqq etməlidirlər.

Onların mənəvi dünyası tamaşaçını təsirləndirməlidir. Anarın yazdıqları uydurma təsir bağışlayır, çünki tamaşaçı ona belə "fəlsəfi-kədərli" misralar yazdıracaq yaşantı-iztirab görmür. Dəniz isə dizaynla məşğul olan qlamur xanımdır, mənəvi dünyası filmin əvvəlində polislər tərəfindən tutulan rəssamdan on dəfə kasıbdır. Rəssam aşağılanır, amma "qlamurka" Dəniz xanım xoşbəxtliyə çatır.

Tamam, bu yerdə reallıq var. Amma məsələ yalnız ideyada deyil, obrazlar yarımçıq işlənib, sanki obrazlara sadəcə işarə vurulur. Yalnız polis Fuad obrazını ifa edən aktyor ona xüsusi cizgilər qatmağa, məntiqlə əsaslandırmağa çalışır. Amma dramaturji material ona xeyli maneələr yaradır. Aktyorların bir hissəsi rusdillidir, bir hissəsi isə türk ləhcəsində danışır. Bu əsaslandırılmır.

S.S.: Yaxsı yadıma saldın. Doğrudan da filmdə personajların bir qismi rus aksenti, bir qismi türk aksenti ilə danışırdı. Bu filmdə kiçik rolu olan Qurban İsmayılov kimi peşəkar aktyorları nəzərdə tutmuram. Əsas personajlarının bir neçəsinin danışığında Azərbaycan dilinin vurğuları, intonasiyası yox idi. Əlbəttə, biz də gündəlik danışıqda rus sözlərindən istifadə edirik. Amma rus aksenti ilə danışmırq. Bir qisim elə bilir ki, kinoya təbii danışıq tərzini gətirmək lazımdır deyəndə rus sözlərinin işlənməsi də nəzərdə tutulur.

Hər halda özüm də daxil olmaqla neçə adam tanıyıram ki, gündəlik danışıqda “otcet” yox, hesabat deyir. Sadəcə bunu təbii vurğu ilə çatdırmaq lazımdır. Dəniz roluna seçilən aktirsa Gülsara isə ideal seçim deyil. Hə, bildik, dolğun qadın rolunu oynayır. Amma qadındır sonucda, buz kimi soyuq, Miri Yusifi sevir, gözlərində sevgi yox, sevgilisi xəyanət edir, niyəsə laqeyd görkəmi var, elə bil Andersenin Buz kraliçasıdır. Tural Əsədovun oyunu qismən alınmışdı. Pərvin Abiyevanın da, Kamran Ağabalayevin də oyunu da yaxşı idi. Hərçənd, Miri Yusif haqda müsbət nəsə demək çətindir.

Amma uğursuz da olsa, kommersiya layihələrinin çəkilməsinin tərəfdarıyam. Əvvəl-axır kəmiyyətdən keyfiyyətə keçiləcək.

Aliyə: Söhbətin əvvəlində yarı zarafat, yarı gerçək "əşyalara heyfim gəlir" dedim. Təki, elə pul, kinonun, prodüser işinin, kinoteatr mədəniyyətinin formalaşmasına, inkişaf etməsinə xərclənsin. Adamların maliyyə tapıb kino çəkməsi bizim kino ucun olduqca vacib haldır. Sadəcə, o imkanlar azdır və biz o az imkanlardan maksimum istifadə etmək istəyirik.

# 372 dəfə oxunub

Oxşar xəbərlər

Ancelina Colinin rol alacağı yeni filmi bəlli olub

Ancelina Colinin rol alacağı yeni filmi bəlli olub

15:00 23 noyabr 2024
Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

10:00 23 noyabr 2024
Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

10:24 22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

09:48 22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
# # #