Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov Şimali Osetiya - Alaniya Respublikasında qastrolda olub.
Teatrdan bildirilib ki, rejissor Vladimir Txabsayev adına Osetiya Milli Akademik Dram Teatrının səhnəsində yazıçı-dramaturq Əli Əmirlinin “Varlı qadın” pyesinə quruluş verib. Pyes osetin dilinə çevrilib və yerli tamaşaçılar Azərbaycanlı müəllifin əsərini öz doğma dillərində son dərəcə maraqla izləyiblər. Həmçinin orijinal quruluş, rejissor yozumu da sənətsevərlər tərəfindən yüksək qiymətləndirilib.
Tamaşanın təqdimatından sonra keçirilən müzakirələrdə yerli teatr tənqidçiləri bu səhnə əsərini Osetiya teatrı üçün yenilik hesab etdiklərini bildiriblər. Bəhram Osmanov uğurlu tamaşaya görə diplom və təşəkkürnamələrə layiq görülüb. Həmçinin Osetiya-Alaniya Respublikasının başçısının fərmanı ilə xüsusi diplom, və “Osetiyanın himayədarı ustadı” qızıl medalı ilə təltif olunub. Eyni zamanda rejissor Şimali Osetiya - Alaniya Respublikasının Milli Məclisinin deputatı, Heydər Əliyev adına “Azəri” Azərbaycan Milli Mədəniyyət Cəmiyyətinin rəhbəri Fuad Kazımov tərəfindən təşəkkürnamə ilə təltif edilib.
Müxtəlif xarici ölkə teatrlarında, əcnəbi dillərdə tamaşalara quruluş verən rejissor dil fərqlərinin rejissor yozumuna təsir etdiyini söyləyib: “Bizim dildə qısaca ifadə olunan fikir osetin dilində az qala 3-4 dəfə çox sözlə deyilir. Ona görə ilk günlər dilin ahəngini hiss edənə kimi çətin idi. Teatrın bədii rəhbəri Vladislav Kolievi çoxdan tanıyıram və o uzun müddət idi ki, mənə burda tamaşa qurmağı təklif edirdi. Hansı əsərə müraciət edəcəyimizi bilmirdik, amma bu mövzuda çox düşündük və Əli Əmirlinin “Varlı qadın” pyesini seçdik. Zənnimcə bu əsər şükür etməyi, əlində olanın qədrini bilməyi öyrədir. Ona görə də bütün xalqlar və zamanlar üçün aktualdır. Söylədiyim kimi, əsər nə qədər maraqlı və müasir olsa da, əvvəlcə işə başlamaq, aktyorların intonasiyasını hiss etmək asan deyildi. Ona görə səhərdən gecəyə kimi məşq edirdik. Amma sonda tamaşanın maraqla qarşılanması, uğur qazanması bütün yaradıcı heyəti sevindirdi və o çətinliklər də unuduldu”./azertag.az/