Arvadının xəyanətindən sonra adamları doğrayan kişi

Arvadının xəyanətindən sonra adamları doğrayan kişi
18 may 2019
# 09:00

Kulis.az “Əsl kino” layihəsində Sim Sonbonun “Dəniz dumanı” və Marselo Martinessinin “Varis qadınlar” filmlərini təqdim edir.

Cənubi Koreya rejissoru Sim Sonbonun 2014-cü ildə ekranlaşdırdığı “Dəniz dumanı” “əcnəbi dildə ən yaxşı film” nominasiyasında Oskara irəli sürülüb.

Süjet: Çondcinho (Kim Yunsok) gəmi kapitanıdır. Onun rəhbərlik etdiyi heyət mümkün qədər çox balıq tutaraq yaxşı gəlir əldə etmək istəyir. Amma istəkləri baş tutmayanda Çondcinho avantüraya əl atır. O, qərara alır ki, çox pul qazanmaq üçün Koreyaya Çindən qeyri-leqal mühacirlər daşısın. Geri qayıdanda onların gəmisi qatı dumana düşür. Üstəlik, dəniz gəmisi polisi onları təqib eləyir. Kapitan 30-a yaxın mühaciri, balıqların saxlandığı anbara düşürməyə qərar verir. Mühacirlərdən biri razılaşmayanda isə kapitan onu dənizə atır. Təhlükə sovuşandan sonra, anbarın qapısı açılır və bütün mühacirlər havasızlıqdan ölü tapılır.

Onların arasında yalnız gənc qız Honme (Han Eri) sağ qalır. Çünki gəmi heyətinin üzvü olan gənc dənizçi Donsik (Pak Yuçhon) qıza vurulduğu üçün onu gizlədərək, qayğısına qalır.

Kapitan qızın sağ qaldığını biləndə onun də qətlinə fərman verir...

Film real hadisələr əsasında çəkilib. 2001-ci ilin oktyabrında Cənubi Koreyaya məxsus gəmi Çindən qeyri-leqal yolla mühacirləri daşıyanda dəniz polisi ilə üzləşir. Mühacirlər balıq saxlanılan zirzəmidə gizlədilir və burada havasızlıqdan boğulurlar. Onların cəsədləri gəminin heyəti tərəfindən dənizə atılır. Baş verən hadisə əsasında cinayət işi açılmış və Koreya Çindən buna görə üzr istəmişdi.

Öncəliklə onu deyim ki, “Dəniz dumanı”na əsəbləri zəif olanların baxmasını məsləhət bilmirəm. Çünki əhvalatda son dərəcə amansız səhnələr yer alıb. Misalçün, kapitan cəsədlərin sahilə çıxmaması və balıqlara yem olması üçün onları baltayla doğrayır.

Ayrı-ayrı epizodlarda insan təbiətinə xas olan cəhətlər- acgözülük, ehtiras, cinsi zorakllıq, vəhşilik təsvir olunur. Əhvalatda bir daha - ən dəhşətli, ən gözlənilməz qəddarlıqları düşünüb həyata keçirməyə qabil olan insan ağlının hüdudsuzluğu göstərilir. İnsanı qəddarlığa vadar edən səbəblərdən biri də qorxu hissidir. Kapitan cəza alacağından qorxduğu üçün cəsədləri doğrayır və o, prosesi eyni zamanda instinktiv həyata keçirir. Daha sonra ona qarşı çıxan heyət üzvlərindən birini qətlə yetirir. Və düşünmədən gənc qızı öldürməyə qərar verir. Rejissor kapitanın qəddarlığına qarşı gənc Donsikin sevgisini qoyur. Sevgi fərdin insanlıq sifətini itirməyə qoymayan duyğudur. Amma eyni zamanda insan sevgi naminə qətl də törədir. Və Donsik sevgilisini qorumaq üçün bir neçə adamı öldürməyə məcbur olur.

Əhvalatda freydist bir qat var. İlk epizodlarda kapitan arvadının xəyanətinin şahidi olub bundan sarsılsa da susur və vəziyyətlə barışır. Xəyanətə uğramasından doğan əziklik sanki onun qəddarlığına rəvac verir.

Bəzi epizodlarda Hollivudun klassik döyüş filmlərinə xas elementlər yer alıb. Donsik hamıya qalib gəlir və sevgilisi ilə münaqişədən sağ çıxır. Hərçənd, final səhnələri bir növ magik realizm intonasiyasında işlənib. Dənizin sahilə atdığı Donsik ayılanda sevgilisini görmür. Ondan harasa uzaqlara gedən ləpələr qalır. Rejissor sonluğa dramaturji bəraət verə bilməyib.

Dənizdəki tufan, qatı, pessimist ovqat gəmidəki dəhşətlərlə bir birini tamamlayır. Film Sim Sonbonun debütdür.

***

Paraqvaylı rejissor Marselo Martinessi “Varis qadınlar”ı 2018-ci ildə lentə alıb və bu, müəllifin ilk tammetrajlı filmidir. Paraqvay, Uruqvay, Braziliya, Almaniya, Fransa və Norveçin birgə istehsalı olan film 68-ci Berlin kinofestivalının əsas proqramında iştirak edib və rejissor kinoda yeni üfüqlər açdığına görə Alfred Bauer (alman kinotarixçisi) mükafatı, Ana Brun isə “ən yaxşı qadın roluna” görə Gümüş ayı alıb.

Süjet: Zəngin Paraqvay ailələrinin övladları olan Çela (Ana Brun) və Çikita (Marqarita İrun) 30 ildir birgə yaşayırlar. 50-dən çox yaşları olan qadınlar maddi çətinlik üzündən ailələrindən onlara miras qalan əşyaları satırlar. Bura xrustal qablar, mebellər və s. daxildir.

Çikita ünsiyyətcildir, ev işlərini o idarə edir. Çela isə qapalıdır, evdən bayıra çıxmır. Valideynlərindən qalan əşyaları satılması onun üçün ağrılı prosesdir.

Çikita borclara görə bir neçə aylıq həbsə salınır. Tək qalan Çela maşını ilə yaşlı və zəngin qadınlara taksi xidməti göstərməyə məcbur olur. Həmin qadınlardan birinin qızı Anjı (Ana İvanova) ilə tanışlıq onun həyatını dəyişir. Çela özünə baxır, passiv həyatına son qoyur...

Əhvalatda kişi personaj yoxdur. Epizodda oynayan kişilər belə kadrda aydın göstərilmir, uzaq, orta plandan və köndələn rakursdan təsvir olunur. Baş qəhrəmanlardan savayı, ayrı-ayrı səhnələrdə qısa planlarda müxtəlif qadın xarakterləri ilə tanış oluruq. Açıq vurğu edilməsə də, Çela ilə Çikitinin lesbi münasibətinin olmasına eyhamlar var. Və Anjeylə tanışlıq uzun müddət cinsi istəyə həvəsi olmayan Çelada ehtiras doğurur.

Film dramaturji baxımdan son dərəcə monoton çəkilib. Konflikt, hadisəlilk, kulminasiya yoxdur. Düzdü konflikt əsasən Çelanın daxili dünyasında baş verir. Amma aktrisanın emosional enerjisi o qədər daraldılıb ki, konflikt duyulmur. Final səhnəsi açıqdır. Çela maşınla birlikdə yoxa çıxır. Güman ki, bu, onun yeni həyata başlamasına eyham edir.

# 3315 dəfə oxunub

Oxşar xəbərlər

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

10:24 22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

09:48 22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
"Kardeşlerim"in aktrisası yeni serialda

"Kardeşlerim"in aktrisası yeni serialda

09:30 21 noyabr 2024
"Safir" serialı “Emmy”yə namizəd oldu

"Safir" serialı “Emmy”yə namizəd oldu

09:12 21 noyabr 2024
# # #