Əmisi arvadını sevgi yaşamaq üçün şantaj etdi

Əmisi arvadını sevgi yaşamaq üçün şantaj etdi
11 aprel 2019
# 09:03

“Yeni filmlərimiz” layihəsindən Elvin Rüstəmzadənin bu günlərdə premyerası keçirilən “Dalan” filmini təqdim edirik.

Süjet: Hadisələr Bakıda baş verir. Zəngin iş adamı Cabbar (Oqtay Mehdiyev) despot ərdir. O, ali təhsilli arvadı Arzunun (Sevinc Əliyeva) işləməsinin əleyhinədir, ona laqeyd, diqqətsizdir. Lakin məşuqəsi ilə mehribandır. Ona bahalı hədiyyələr alır, diqqət göstərir.

Başqa bir zəngin ailə - Samirə (Münəvvər Əliyeva) özündən yaşca xeyli kiçik Yusiflə evlidir (Ziya Ağa). Bu evdə diktə edən qadındır. Onları bir gün Cabbar qonaq çağırır. Yusif burda Arzuyla tanış olur. Az sonra onların arasında sevgi macərası başlayır.

Cabbarın məşuqəsi öz sevgilisi ilə qəzaya düşür. Cabbar məşuqəsinin ona xəyanətindən sarsılır. Və son vaxtlar dəyişən, baxımlı arvadının da sevgilisi olduğundan şübhələnir. Xaricə səfərə gedəndə qardaşı oğluna (Manaf Dadaşov) tapşırır ki, arvadını izləsin. Qardaşı oğlu Arzunun Yusiflə birgə şəkillərini çəkərək onları şantaj edir. Sonra isə o, bunu əmisinə danışmaması müqabilində Arzuya onunla yatmağı təklif eləyir...

Melodram və dram janrlarının üzərində qurulan “Dalan” 24 yaşlı Elvin Rüstəmzadənin ilk tammetrajlı bədii filmidir. Gənc rejissor dərin həyat təcrübəsi, fərqli yanaşma tələb edən ağır mövzunun altına girib. Xəyanət riskli mövzulardandır. Çünki ona ədəbiyyatda və kinoda o qədər müraciət olunub ki, bu, müəllifdən traktovka yeniliyi istəyir.

Elvin Rüstəmzadə isə mövzunu ənənəvi işləyib, əhvalatı cəmiyyətdəki mövcud stereotiplər üzərində qurub, bununla bağlı bizim bildiklərimizdən seçilən, ən azı hissi təcrübəmizə qata biləcək nəsə deməyib. Və zəncirvarı xəyanət Emil Quliyevin “İkinci pərdə” filmini xatırladır.

Əhvalatda yalan, şantaj motivləri, epizodik olsa da sosial problemlərlə qarşılaşırıq. Amma əsas xətt xəyanət və xəyanətdən doğan günah hissinin altında əzilən Arzu və Yusifdir. Onsuz da əhvalatın lap əvvəlindən Yusif və Arzu əzilən personaj kimi təqdim olunur. Ancaq rejissor onlara xəyanətlərinin günahını yükləməklə daha da əzir və toplumdakı xəyanət stereotipinə sanki şərik çıxır. Toplumun simvolik təmsilçisi kimi ön plana Arzunun saç ustasını çıxardır. O, Arzuya ərinə xəyanət edən bir qadının hekayətini danışır, ona həqarət edir, suçlayır.

Müəllif xəyanətdə günah hissini daha çox qadının üzərinə yıxır, onunla xəyanəti bölüşən Yusifi bu mənada arxa plana atır. Ola bilsin, rejissorun belə bir məqsədi olmayıb, amma süjet belə alınıb. Onun əhvalatında Cabbar, Yusif yox, daha çox qadın sorğulanır.

Halbuki Elvin Rüstəmzadə qadını sorğulamaq yox, onu bu məqama gətirən psixoloji situasiyanı açmalı, göstərməliydi. Ərinin başqa qadınının olduğunu onun telefon danışığından bilməsi faktı personajın dərhal, ildırım sürətilə xəyanətinə əsas vermir. O, buna ana qədər nə yaşadı, nələr oldu, nələrdən keçdi, necə qərara gəldi proses kimi yoxdur. Əvəzində ərinin xəyanətindən xəbər tutan Arzunun növbəti epziodda yenicə tanış olduğu Yusiflə sevişmək üçün otağa gəldiyini görürük. Yaxud Yusifi Arzuda nə cəlb elədi? Detallar işlənməyib. Yalnız bir yerdə buna cəhd edilib - o, mətbəxdə ərinin kobudluğundan ağlayan Arzunu görür. Amma bu səhnə çox səthi işlənib. Bu mənada əhvalatda ciddi dramaturji boşluqlar (ssenarist Səbinə Əhmədlidir) var.

Dramaturji boşluq demişkən, Arzunun acizliyinin səbəbini anlayırıq. Lakin Arzu kimi əzik olan Yusifin gözüqıpıqlığı, infantilliyi, çarəsizliyi əsaslandırılmır. Onun arvadı psixoloji basqı göstərmir, əksinə qayğıkeş, yumşaq xarakterlidir, mehribandır. Bəs onda Yusifin dərdi nədir? Nə istəyir həyatdan? Keçmişində nə baş verib ki, o, köməksiz kimi görünür, daim əsəbi, narahat ovqatı var? Hiss olunur ki, Yusif zaman-zaman partlayışa hazır vəziyyətə gəlir, amma partlayış baş vermir, onun xarakteri açılmır.

“Dalan”da Yusif və Arzunun qısa erotik səhnəsi funksional deyil. Kinoda yataq səhnəsi yalnız sevişmək anlamına gəlmir. İntim situasiyalar qəhrəmanların alt qatlarının açılmasına, hadisələrin gedişatına təsir göstərir. Və “Dalan”da iki əzik insanın yataq səhnəsi həm də psixoloji vəzyyətə çevrilməliydi.

Şantaj səhnəsinin isə çox uzun çəkməsiylə ana xətt qırılır. Ümumən, rejissor müxtəlif xəttləri yığcamlaşdıra bilməyib.

Müasir müəllif kinomuzun üzlərindən biri sayılan Rasim Cəfərin oynadığı epizodlar aktyor oyunu baxımından keyfiyyətlidir. O, Cabbarın işdən qovduğu, sosial problemlər altında əzilən, deyingən arvadı olan Ramiz obrazını oynayır. Ancaq bu epizodlar süjetin ana xəttinə təsirsiz ötüşür, ümumən yersiz, artıqdır. Ayrıca, onu işdən qovdurmağa səbəb olan katibənin öz qardaşının Cabbarın sürücüsü kimi işə düzəltməsi, sonda qardaşının qəzada ölməsiylə, rejissor yəqin ki, edilən hər şeyin bumeranq kimi özümüzə qayıtmasına eyham edir. Amma bu xətt də əhvalatda artıqdır.

Ramizin intiharında dolayısı ilə rol oynayan arvadı (Güşvər Şərifova) - deyingən qadın obrazı ilə bağlı klişelər nəhayət ki, kinomuzda qırılmalıdır, personaj konsepsiyasına yeni nəfəs gətirilməlidir.

Aktyor ansamblına gəlincə, zəif həlqə Ziya Ağaydı. Halbuki Ziya istedadlı aktyordur, “İkinci pərdə” filmində də maraqlı oyun göstərmişdi. Amma bu filmdə rejissorun tapşırığı doğru verməməsi səbəbindən, ya nədənsə onun rolu alınmayıb. Və bir sıra məqamlarda tərəf-müqabili Sevinc Əliyevaya uduzur.

Rejissor ehtiyac olmadan daha çox iri planlarla işləyib. Və bizim filmlərimizə xas olan bol musiqi - dramatik olmayan hadisələri dramatikləşdirməyə, dinamikləşdirməyə xidmət edib.

# 5025 dəfə oxunub

Oxşar xəbərlər

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

10:24 22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

09:48 22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
"Kardeşlerim"in aktrisası yeni serialda

"Kardeşlerim"in aktrisası yeni serialda

09:30 21 noyabr 2024
"Safir" serialı “Emmy”yə namizəd oldu

"Safir" serialı “Emmy”yə namizəd oldu

09:12 21 noyabr 2024
# # #