“Oğlan evi”nin bəsit, çeynənmiş zarafatları

“Oğlan evi”nin bəsit, çeynənmiş zarafatları
18 aprel 2019
# 08:57

“Yeni filmlərimiz” layihəsində İlham Qasımovun “Oğlan evi 2” tammetrajlı bədii filmini təqdim edirik.

Süjet: Əhvalatın əsas qəhrəmanları Cənubi Azərbaycandan olan Pərvaz (Elcan Rəsulov) və Yavər (Nicat Rəhimov) Bakıda toy məclislərinin təşkili ilə məşğuldurlar. Ancaq onların özlərinəməxsus modern, kreativ ideyaları müştərilərin xoşuna gəlmir. Ofisin yanından keçən müştərilərdən biri şirkətin reklam lövhəsində əks olunan maşını kirayələmək istəyir. Dostlar müştərini itirməmək üçün Pərvazın atasından yadigar qalan bahalı maşını, kirayə vermək üçün İrandan Bakıya gətirməyi qərara alırlar. Amma maşın yolda oğurlanır. Müflis olacaqları təhlükəsilə üzləşən qəhrəmanlar maşını geri qaytarmaq üçün polisə üz tuturlar. Polis rəisi (Qurban İsmayılov) maşın oğrularını ələ keçirməkdən ötrü plan qurur. Plan əsasında dostlar maşın bazarına gedir və avtomobil fırıldaqçıları ilə üz-üzə gəlirlər...

“Kintamani film”in istehsal etidyi “Oğlan evi 2”-nin birinci hissəsi “Oğlan evi və ya Azərbaycansayağı qarət” 2015-ci ilə nümayiş olunub. Birinci hissənin də rejissorluğu İlham Qasımova məxsusdur.

Qeyd edim ki, “Oğlan evi və ya Azərbaycansayağı qarət” ikinci hissə ilə müqayisədə həm dramaturji, həm süjet, hədəf götürdüyü problemlər sarıdan əhəmiyyətli idi. Adı çəkilən filmdə günümüzdə aktual olan mövzu əks olunmuşdu: iş adamının aşağı təbəqəni təmsil edən bir neçə nəfərə eyni evi satması. Amma məsələ təkcə bu mövzuda deyildi. Əhvalat sosial-ictimai qatda işlənmişdi, təbəqələr arasındakı ziddiyyətlər əks olunmuşdu, üstəlik, estetik, bədii həll baxımdan da maraqlı nöqtələr vardı, süjetə publisistik, səthi yanaşma yoxuydu.

“Oğlan evi 2” komediyasının isə birinci hissə ilə müqayisədə bədii estetik keyfiyyəti aşağıdır. Və müraciət olunan mövzu lokaldır (ssenaristlər İlham Qasımov, Məmmədəli Məmmədov, Tural Sevdimalıdır). Filmə baxanda düşünmək olar ki, cəmiyyətin çeşidli problemləri içərisində avtomobil oğurluğu, polisin ona qarşı mübarizəsi ölkədə öndə gedən məsələlərdən biridir. Təklif edirəm: ümumiyyətlə, bizim ssenaristlər gerçəkliyi dərindən öyrənsinlər ki, mətnlərində həyata toxuna bilsinlər. Yəni çəkilən filmin süjeti təkcə güldürmək üçün yox, həm də gerçəkliyin tələbi olmalıdır.

Bundan başqa komediya filmlərimizin heç cürə qurtula bilmədiyi bir mərəz var. Gərəksiz söz janqlyorluğunu nəzərdə tuturam. Əksər hallarda komik effekti təsvirə, situasiyaya yox, məzmunsuz söz oyunu hesabına almağa cəhd edilir. “Oğlan evi 2”də ümumən bu mərəzdən xilas ola bilməyib.

Məsələnin başqa tərəfi odur ki, Azərbaycan dilində müəyyən qrupların abırsızlıq müstəvisində yerləşdirdiyi sözlər var. Ki, onu alt mənayla yükləyiblər (ilk epizodda “fırlatmaq”, “quş” kimi sözlər) və az qala qeyri-normativ leksikon kimi topluma sırınır. Ümumən, “Oğlan evi 2”də bundan geniş istifadə olunmasa da, kommersiya məqsədilə çəkilən demək olar ki, bütün komediyalarda buna sıx-sıx aksent edilməsi zərərli tendensiyadır. Və bu da ssenaristlərin dili yaxşı bilməməsinin, həyata baxış bucağının, istedadının məhdudluğundan qaynaqlanır. Amma ədalət naminə onu da qeyd edim ki, İlham Qasımov qurşaqdan aşağı zarafatlardan istifadə etməyən rejissordur.

Image result for oğlan evi 2

Nəql texnikası dünya kinosunda işlənmiş klişelərə əsasən qurulub. Misalçün, Hüseyn Əzizoğlunun oynadığı obraz hadisələrin gedişatında yaddaşını itirir, polisin qurduğu planın əksinə gedir, amma son anda vəziyyəti xilas edir. Personajların nəzarətdən çıxaraq situasiyanı ekstremallaşdırması, final epizodunda isə vəziyyəti xilas etməsi son dərəcə bəsit, çeynənmiş peripetiyadır.

Yalnız ayrı-ayrı epizodlar - maşın bazarında insan portretləri, qəhrəmanların İrandan gələn, burnu plastik əməliyyat olunmuş qadınlarla dolu avtobusu qaçırması səhnələri maraqlı işlənmişdi.

Filmi baxımlı edən daha çox aktyor ifasıdır: Elcan Rəsulov, Nicat Rəhimov, Oqtay Mehdiyev, Qurban İsmayılov.

Kommersiya komediyalarımız həm nəql texnikası, həm dil baxımından öz koloritini, yolunu tapmalıdır nəhayət. Tamaşaçı kütləsinə hesablanmış, yüngül komediyadan danışırqısa, ən azı “Bəyin oğrlanması”, “Yol əhvalatı”, “Kişi sözü” kimi keyfiyyətli örnəklərimiz var.

# 4368 dəfə oxunub

Oxşar xəbərlər

Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

10:00 23 noyabr 2024
Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

10:24 22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

09:48 22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
"Kardeşlerim"in aktrisası yeni serialda

"Kardeşlerim"in aktrisası yeni serialda

09:30 21 noyabr 2024
# # #