Səməd Vurğunun “Vaqif” pyesində yaratdığı Qacar obrazını dəyişmək üçün uzun-uzun illər, bəlkə də bu sətirlər beyninə həkk olunmuş nəslin dəyişməsi lazımdır...
Bu, bütün savaşlardan qalib çıxsa da şair Vaqiflə deyişməsində məğlub olan, işğalçı, qəddar, zülmdən həzz alan bir şah idi. Vəssalam. Xanlıqların vəziyyəti (bir-biri ilə çəkişmə), Rusiyanın maraqları, Qacarın ölkəni birləşdirmək istəyi xatırlanmırdı, bu o zaman lazım deyildi. Tarix əlbəttə ki, tarixçilərin işidir. O zaman başqa cür olsa indi necə olacaqdı, bilmirik. Amma bədii əsərin təsir gücü də başqadır. Bu Qacar Vurğunun su kimi axıcı sözləri ilə, Milli Teatrın “Hamlet”i olacaq qədər məşhur “Vaqif” tamaşası ilə tamaşaçı beynində hökmran oldu. Onu devirmək üçün əlbəttə ki, başqa bir Qacar lazım idi və Əli Əmirli bu yaxınlarda “Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd şah Qacar” pyesini yazdı. Məqsəd elə pyesin adından bəlli idi. Bütün deyilənlərə rəğmən Ağa Məhəmməd şah Qacar...
Burada Qacarın şəxsiyyət kimi gizlinlərindən qabaq ilk növbədə tarixi aspekti maraq doğurur. Hərçənd şəxsiyyət kimi Qacarı maraqlı edəcək onlarla məqam var. Bunlardan daha tez yada düşəni onun xədim olmağıdır. Hakimiyyətdə olan xədim şah... Əli Əmirli bəlkə də milli teatr üçün ən maraqlı nöqtəyə toxunub.
İttifaq dağılandan sonra tarixə, tarixi şəxsiyyətlərə yenidən nəzər salmaq ehtiyacı yarandı. Elə o ərəfələrdə Jan Gevrin “Xacə şah” romanı çap olundu. O Qacar bir başqa Qacar idi.
Bu qədər amansızlıq “Vaqif”dəki kimi səfehcə ola bilməzdi...
İyulun 13-də Akademik Milli Dram Teatrında premyerası keçirilən “Şah Qacar” (dramaturq Əli Əmirli, Rejissor Azər Paşa Nemət) tamaşasında Ağa Məhəmməd Qacar (Fuad Poladov) psixoloji faciə qəhrəmanıdır. Tamaşa xacə şaha nifrət bəsləyən xanların sui-qəsd planlaması ilə başlayır və bu planın gerçəkləşməsi ilə bitir. Bu zaman kəsiyində tamaşaçının məşhur xacə şahla tanış olmaq imkanı var. Bu imkan peşəkar dramaturji üsulların sayəsində mümkün olub: Ağa Məhəmməd şah düşməni Kərim xan Zəndin sümüklərini ayağı altında basdırır və bu məqamda onun Zəndin əsirliyində olduğu zamanı xatırlamaq üçün zəmin yaranır.
Şah (Fuad Poladov) və anası Ceyran xanım (Laləzar Mustafayeva) olduğu yerdə qalırlar-şah taxtında, ana isə onun yanındakı kürsüdə. Amma işıq daha yuxarıda divarın üstündə gəzişən Kərim xan Zəndin üzərinə düşür – Bu Qacarın illərlə içində gəzdirdiyi, unudulmaz xatirəsidir. Rejissor Zəndi yuxarıda gəzdirir-Qacar onu nə qədər aşağılasa da onun xatirəsində Zənd həmişə onu əsir saxlayan hakimdir. Məgər xatirəni silmək, ya da dəyişmək olarmı? Aktyor Məmməd Səfanın Kərim xanı nifrətə layiq düşməndir. O, gülüşü, ağır-ağır aşağılama tərzi ilə Qacarı yaralayır, ölümcül edir, amma öldürmür, onu ölümə layiq belə bilmir. Bu saymazyanalıq Qacar üçün dəhşətlidir. O zaman bir ölünün sümüklərinə edilən təhqir anlaşılır. Ümumiyyətlə pyesdə, tamaşada bir məqam da boşda, anlaşılmaz qalmır. Bütün faktlar, xarakterik məqamlar izah olunur.
Xədim şah
Hakimiyyət və xacəlik-bu, tamaşa boyu Qacarın düşmənlərinin dilindən səslənən əsas arqumentdir. Xacəlik və şahlıq ziddiyyət kimi görünür. Məsələ yalnızca vəliəhdsiz olmaqda deyil.
Hakimiyyət kişi xislətinə aid inaddır. O zaman nə üçün kişi sayılmayan Qacar hakimiyyətdədir? Bunun cavabını tamaşa içində Qacar özü dəfələrlə verir: “Mən anadan xədim doğulmamışam”.
Fiziki olaraq kişi sayılmasa belə, psixoloji olaraq Qacar kişidir (Ümumiyyətlə cins fizioloji deyil, həm də psixoloji keyfiyyətdir)və xədimliyi ilə bu hakimiyyət inadı daha da möhkəmlənib. Tamaşada onun necə xədim olması barədə versiyalar axtarılmır. Sadəcə Zəndin dilindən bir versiya söylənir. Məlumat üçün. Şahın qadın ətri hiss edə bildiyi o günləri xatırlatmaq üçün...
Ürkü
Amansızlığın altında nələr var? Qadınsızlıq faciəsi, gülüş hədəfi olmaq, əsirlik dövründə aşağılanmaq, xəstəliyindən dolayı keçirdiyi ağrılar, atasının kəsili başını qucmaq kimi sarsıntılar... Tənhalıq üçün bunların bircəciyi kifayətdir. Qacar özü dediyi kimi sonu olmayan bir sınağa çəkilir. Amma bu elə sınaqdır ki sonda mükafatı yoxdur. Onun ümumiyyətlə sonu yoxdur. Bunlar amansız olmağa yetərmi? Əlbəttə daha başqa və böyük səbəb var: Qorxu. Ağa Məhəmməd şah hər kəsdən qorxur, bəllidir, şahın dostu olmur. O, yaxın gələn hər kəsi öldürməyə məcburdur- hətta sevdiyi qardaşını da. Bu dəhşətli tənhalıq ondan asılı deyil. O şah olduğu qədər də məhkumdur.
Tamaşada açıq metaforalar var. Mətndən gələn bənzətmələr aktyor oyununda işlənir. Tərtibatda, musiqidə, işıqda, ideyada yeni forma qazanmasa da bu metaforalar yalnızca aktyor oyunu ilə özünə dayaq tapa bilir:
Kərim xan Zəndin əsirliyində olduğu zamanlarda Qacar tülkü ovuna çıxırmış. Tülkünü tutur amma öldürmürmüş, onun boynuna zınqırov keçirib buraxırmış. Bu zınqırovlu tülkü, səsdən başqalarını da ürküdür, nə ov edə nə də cütləşə bilirmiş. Tənhalıq və aclıq içində ulaya-ulaya ölürmüş.
Qacar tamaşa içində bu əhvalatı danışır və özünü o tülküyə bənzədir. Zınqırov isə şübhəsiz ki, başındakı şahlıq tacıdır. O isə əbədilik tənhalığa məhkumdur. Bu tənhalıq tülkü ulartısı ilə qohumdur. Bunu Fuad Poladovun Qacarı ulayaraq sübut edir. Bu ulamaq səhnəsi təsir gücünə görə tamaşanın kulminasiyası sayılmalıdı. “Şah Qacar” musiqisi (Səyavuş Kərimi), tərtibatı ilə (ortada yalnız şah taxtı olan qaranlıq boşluq və ya hər an kimin girəcəyi bilinməyən dörd qapılı divar), tənhalığı, tale amansızlığını (omu insanlara daha amansız idi, yoxsa tale ona qarşı daha amansız olmuşdu?!), “yazıya pozu yoxdur” çıxılmazlığını ifadə edən hər cür xırdalıqlarla tənha faciə qəhrəmanını əhatə edir, ifadə edir... Teatr belədir, üzərinə işıq salınan səhnədəki adam susur və o artıq fəlsəfidir.
Hərçənd bu xırdalıqlarla yaradılan atmosferi darmadağın etmək də olur. Final səhnəsində Qacarın nəşinin göyə qalxması kimi...
Şahsevən müdriklik
Fəlsəfə demişkən, tamaşa içində bir-birindən sərrast, müdrik fikirlər səslənir. Əsla yanılmayaq. Bunlar müəllifin əsəri fəlsəfiləşdirmək, statusluq ağıllı fikirlər toplusuna çevirmək üçün deyil. Bu fikirləri şahın yanındakılar deyir. Şeyx (Vidadi Həsənov), Şuşa ruhanisi (Ayşad Məmmədov), vəzir, fərq etməz. Bu səhnələr sadəcə olaraq şaha yarınan bir şərq müdrikliyi növünü nişan verir. Saray müdrikləri belə olmalıdır. Şahın xoşuna gələn müdrik fikirlər söyləməlidirlər. Və... Qacar şah olduğu üçün müdrik yox, müdrik olduğu üçün şahdır. Bu müdriklik nədir? - O, hər gün qan tökür, hər qələbəsinin sevincində bir qan izi var. Bu qədər sadə və kədərli...
Postteatr, yoxsa keçmiş?
Akademik Mili Dram Teatrının yeni Qacarı psixoloji realistik faciə qəhrəmanıdır. O nə qədər yenidir? Ümumiyyətlə, yenilik ölçülərini haradan qoymaq lazımdır? Kimin üçün yenidir? Bu sualları yalnızca teatrın ifadə formaları, rejissor yozumu kontekstində iqnor etmək olardı. Əlbəttə könül istərdi ki, bu “quyruqlu ulduz altında” quyruqsuz doğulan əcaib şəxsiyyətin mistikliklə, (şeytana xas orta cinsliliyi) “nə kişi, nə qadın” mahiyyətini apokaliptiklə “bəzəsinlər”. Amma bu, başqa bir tamaşadır. Psixoloji realistik faciə qəhrəmanı üçün bunlar da yetərlidir.
“Şah Qacar” tamaşası mövsümün son premyerası idi. Güllü-çiçəkli, alqışlı, coşğulu bir premyera. Bu “teatr ölüb” pessimizmində qələbəyə də oxşayırdı, nostaljiyə də. Gurultulu zal, gül-çiçək, heyranlıq dolu baxışlar, Fuad Poladovun Qacarı... Teatrın əvvəlki məşhurluğunu, nüfuzunu xatırlatdı... Keçmişə, adamların “dramaturq və aktyor teatrı”na doğru, yoxsa gələcəyə, teatrın artıq sıfırdan başlayan inkişaf dövrünə doğru? O gələcəkdə yeni ifadə forması, sırf teatr ifadə vasitələrinə uyğun bənzətmələr, gözlənilməz rejissor yozumu və postteatr dövrünün tamaşaçıları olmalıdır...