Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir
3 aprel 2024
# 13:00

Kulis.az Sevda Sultanovanın homoseksual filmlərin tarixi haqqında məqaləsini təqdim edir.

Uzun müddət dünyanın bir çox ölkələrində homoseksual münasibətlərin kinoya gətirilməsi qadağan edilib.

Məsələn, 1930-cu illərdə Amerika Kino Şirkətləri Assosiasiyası Heys etik kodeksini qəbul etmişdi. Kodeks assosiasiyanın rəhbəri, respublikaçı Uilyam Harrison Heysin adı ilə bağlıdır. 1967-ci ildə ləğv edilən Kodeks nəinki homoseksuallığı, hətta heteroseksuallığı da yasaqlamışdı. Yeganə izn verilən şey komediyalarda qadına bənzər şıltaq, nazlı kişi obrazı idi.

Bəzi iddialara görə gey münasibətlərinə işarə edən ilk filmi rejissor, prodüser Uilyam Dikson çəkib. Fransada ingilis mühacirinin ailəsində doğulan Diksonun 1894-cü ildə çəkdiyi bu film “Diksonun ekperimental səsli filmi” adlanır.

24 saniyəlik filmdə iki kişi ehtirasla qucaqlaşaraq rəqs edir, digəri isə skripkada çalır. Hərçənd, rejissorun məhz bu münasibətlərə aksent etməsi haqda dəqiq məlumat yoxdur. Deyilənlər, yalnız ehtimaldır.

Amma kino tarixində məlum mövzuda ilk film kimi, İsveç rejissoru Morits Staylerin danimarkalı yazıçı German Bangın “Mihael” romanı əsasında ekranlaşdırdığı ”Qanadlar” ekran işi qəbul edilir. Təəssüf ki, film internetdə yerləşdirilməyib. Amma romanı ikinci dəfə 1924-cü ildə məşhur Danimarka rejissoru Karl Dreyer ekranlaşdırıb.

Film məşhur rəssamın şagirdinə sevgisindən danışır. Müəlliminin maddi imkanlarından yararlanan şagirdi sonda bir qadına vurularaq onu tərk edir. Rəssam isə xiffətdən ölür. Homoerotik münasibət filmdə ehtiyatla verilib, sevgi əsasən baxışlarda, mətnlərdə ifadə edilib.

1919-cu ildə alman rejissoru Rixard Osvald “Başqalarına bənzəməyən” adlı maarifləndirici tammetrajlı film lentə aldı.

Manifest xarakteri daşıyan film cəmiyyətin diqqətini homoseksualların problemlərinə yönəldir.

İlk kadrlarda “175-ci maddə”nin bir neçə adamın üzərində Damokl qılıncı kimi asıldığı göstərilir. Uzun müddət Almaniyanın cinayət kodeksində yer almış “175 ci maddə”yə əsasən homoseksuallar cəzalandırılırdı.

Dövrünün inqilabi film sayılan “Başqalarına bənzəməyən” bu gün də maarifçilik, tolerantlıq baxımından aktualdır.

Film göstərir ki, geylər xəstə, pozğun yox, normal insanlardır.

Qəhrəman istedadlı musiqiçidir, keçmiş sevgilisi onu şantaj edərək hakimiyyət orqanlarına homoseksual olduğunu xəbər verir. Homoseksuallığı bəlli olandan sonra onun konsertləri təxirə salınır, ona soyuq münasibət yaranır və nəticədə musiqiçi intihar edir.

Filmin ssenari və ideya müəllifi, homoseksualların azadlığı uğrunda hərəkatın lideri, həkim, alim Magnus Hirşfelddir.

Seksologiyanı araşdıran Hirşfeld, bunun üçün müntəzəm tədbirlər keçirir, hətta Lev Tolstoyu, Emil Zolyanı, Herman Hesseni, Tomas Mannı inandırmışdı ki, alman homoseksuallarına dəstək məktubu yazsınlar.

Hitlerin hakimiyyəti dövründə filmin surətləri məhv edilib. Filmin yalnız müəyyən fraqmentləri qalıb.

1931-ci ildə isə avstriyalı rejissor Leontine Saqan “Uniformalı qızlar” adlı ilk lesbi filmini çəkir.

Bu, lesbilər arasında ilk kult film sayılır. Alman yazıçısı Krista Vinsloenin “Dünən və bu gün” romanı əsasında çəkilən film internatda Manuela adlı şagirdin gənc müəlliməsinə sevgisini anladır. Y

asaq sevgidən xəbər tutan direktor onu məktəbdən qovmaq istəyir. Manuela intihara cəhd göstərir.

Film üçün iki final çəklib: birincidə Manuela ölür, ikincidə onu dostları xilas edir. İkinci versiyanı amerikalı tənqidçilər pis qarşıladığına görə film Amerikada faciəvi finalla ekranlara çıxır. Rejissor təkcə lesbi münasibəti yox, eyni zamanda direktorun simasında despotik hakimiyyəti təsvir edib. 1958-ci ildə macar rejissoru Geza von Radvanyi məşhur alman-fransız aktrisası Romi Şnayederin iştirakı ilə filmin remeykini lentə alıb.

Avropa kinosunun ilk gey filmlərdən biri fransız yazıçısı Jan Jenenin “Sevgi nəğməsi” (1950) qısametrajlı lentidir. Film qonşu kameralarda iki məhbusun sevgisini anladır. Onlar bir-birini arzulayaraq masturbasiya edir, gələcəklə bağlı xəyallar qurur. Bir neçə ölkədə qadağan olunan filmdə gey sevgisi açıq ifadə olunur.

Rejissor Basil Derdenin “Qurban” (1961) dramı İngiltərədəki homoseksual problemlərə toxunan ilk filmdir. Həmin illərdə İngiltərədə homoseksuallığı qadağan edən qanun şantaja yol açırdı. “Qurban” dramı Böyük Britaniyada homoseksuallara qarşı qanunun liberallaşmasında əhəmiyyətli rol oynadı.

Alman rejissoru Rosa von Praunhaymın 1971-ci ildə çəkdiyi “Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir” filmi Almaniyada homoseksual hərəkatın aktivləşməsinə, onların öz hüquqları uğrunda mübarizəsinə təkan verdi. Az büdcə səbəbindən səssiz çəkilən filmdə əyalətdən şəhərə gələn gəncin homoseksual haqlar uğrunda mübarizəsi təsvir edilir.

Bu mövzunu cəsarətlə araşdıran rejissorlardan biri britaniyalı avanqard Derek Carmendir. O, ( “Vittgenşteyn”, “Mələklə söhbət”) seksual azlıqlardan bəhs olunan filmlərə görə Berlin kinofestivalının dəfələrlə xüsusi mükafatını alıb.

Alman rejissoru Ulrike Ottinger lesbi kinosunun əhəmiyyətli fiquru sayılır. Onun filmlərində qadınların seksual arzuları açıq yox, incə şəkildə səhnə mizanlarında verilir. Rejissorun dəniz səyahəti zamanı pirat qadınlara qoşulan bir qrup qadının macərasından danışan “Madam X” (1975) kult filmi satirik və erotik fantaziyadır.

Başqa bir alman rejissoru Monika Treutun (1954) “Bakirə maşını” filminin qəhrəmanı San Fransiskoda lesbi subkulturasını araşdırır.

Homoeksual mövzunu müntəzəm işləyən rejissorlardan biri ispan rejissoru Eloy de la İqlesia olub.

Onun ekran işlərində (“Deputat”, “Məşuqlar”) homoseksual münasibətlərin açlq təsviri var.

1973-cü ildə amerikalı rejissor Kristofer Larkin “Tamamilə təbiidir” filmində daha da irəli gedir: iki gey birlikdə yaşayır, yemək hazırlayır, əylənir, sevişir. Onlar bədbəxt yox, xoşbəxt ailə kimi təsvir edilir. Amma film prokatda uğur qazanmır.

Artıq dünyada bütöv bir homoseksual kino sənayesi formalaşıb. 150-yə yaxın homoseksual film festivalı var.

“Donqar dağ”, “Quşlar üçün qəfəs” ən çox gəlir gətirən gey filmləridir.

# 3762 dəfə oxunub

Oxşar xəbərlər

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

10:24 22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

09:48 22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
"Kardeşlerim"in aktrisası yeni serialda

"Kardeşlerim"in aktrisası yeni serialda

09:30 21 noyabr 2024
"Safir" serialı “Emmy”yə namizəd oldu

"Safir" serialı “Emmy”yə namizəd oldu

09:12 21 noyabr 2024
# # #