Amerikalı aktrisa, "Oskar" mükafatı laureatı Yeva Mari Seynt 102 yaşında vəfat edib.
Kulis.az xəbər verir ki, bu barədə "Variety" jurnalı məlumat yayıb.
Nəşrin yazdığına görə, Hollivudun əfsanəvi aktrisası çərşənbə axşamı Los-Ancelesdəki evində dünyasını dəyişib.
Yeva Mari Seynt 4 iyul 1924-cü ildə Nyu-Cersi ştatının Nyuark şəhərində anadan olub. 1942-ci ildə Delmar şəhərində məktəbi bitirdikdən sonra o, Ohayo ştatındakı Boulinq-Qrin Universitetinə daxil olub. Tələbəlik illərində "Delta Qamma" qadın cəmiyyətinin üzvü olan və tələbə teatrında fəal iştirak edən gələcək ulduz ali təhsilini 1946-cı ildə başa vurub.
Aktrisanın radio və televiziyadakı karyerası 1940-cı illərin sonlarında başlayıb. O, böyük ekranda ilk dəfə 1954-cü ildə lentə alınan məşhur "Liman sahilində" filmindəki Edi Doyl obrazı ilə debüt edib. Bu ilk böyük kino rolu ona elə həmin il "Ən yaxşı ikinci plan aktrisası" nominasiyasında "Oskar" mükafatı qazandırıb.
Qeyd edək ki, "Liman sahilində" filmi sadəcə aktrisanın karyera yüksəlişi baxımından deyil, ümumiyyətlə, kino tarixində dərin iz buraxan, bu gün də kinotənqidçilər tərəfindən dərindən təhlil edilən və barəsində peşəkar tədqiqat esseləri yazılan kult ekran əsərlərindən biri hesab olunur.
Seynt 1951-ci ildə tanınmış rejissor və prodüser Ceffri Heydenlə ailə həyatı qurmuşdu. Cütlüyün evliliyi 2016-cı il dekabrın 24-də Heydenin vəfatına qədər davam edib. Mərhum aktrisanın iki övladı, dörd nəvəsi və iki nəticəsi var.
Hollivudun "Qızıl dövr"ünün canlı şahidi
Bir əsrdən çox ömür sürən Yeva Mari Seynt Hollivudun klassik "Qızıl dövr"ünün ən uzunömürlü nümayəndələrindən biri idi. O, tamaşaçıların yaddaşında təkcə "Liman sahilində" filmi ilə deyil, həm də dahi rejissor Alfred Hiçkokun "Şimal-qərb istiqamətində şimala doğru" trillerindəki unudulmaz rolu ilə qalıb. Onun zərif, xarizmatik, lakin daxilən güclü qadın obrazları yaratmaq bacarığı onu dövrünün ən çox axtarılan aktrisalarından birinə çevirmişdi. Seyntin vəfatı ilə Amerika kinosunun bütöv bir böyük epoxası daha bir simvolu ilə vidalaşmış oldu.
Ülvi Bahadır