O niyə övladını öldürmək istəyirdi? - Qismət

O niyə övladını öldürmək istəyirdi? - Qismət
24 iyun 2024
# 17:17

Kulis.az Qismət Rüstəmovun "Müqəddəs maralın qətli" yazısını təqdim edir.

Hacı Mirmehdi Ağaoğlu üçün...

İstənilən bədii əsər öz oxucusu, tamaşaçısı ilə şərti, xəyali bir müqavilə ilə başlayır. Möhürsüz, imzasız bu müqaviləyə əsasən hər bir oxucu, tamaşaçı bir azdan daxil olacağını dünyanın alternativ qaydalarını qəbul edir. Bu alternativ reallıqda kimsə gecənin narahat yuxusundan oyanıb böcəyə çevrildiyini görə bilər, bir neçə adamın hər hansı bir şəhərdə bir gün ərzində yalnız fikrindən keçənlər nəql oluna bilər. Mənə görə, sənətin bədii-alternativ dünyasında baş verənləri, oranın özünəməxsus qanunlarını, kənarçıxmalarını real həyatın qaydalarına əsasən ölçmək faydasız işdir. İncəsənət həyatın birəbir surəti, əkiz tayı, solğun kseroksu deyil; əksinə, gerçəkliyin müəllifin daxili laboratoriyasında - xəyal məngənəsində, fantaziya dəzgahında, yuxu ilə ayıqlıq arasında baş tutan kimyəvi təcrübədə yaratdığı alternativ reallıqdır. “Yunan yeni dalğası”nın tanınmış siması Yorqos Lantimos da filmlərini bu məntiqlə çəkir.

Lantimosun çoxyozumlu, çoxqatlı “Müqəddəs maralın qətli” filmində Qərb modernizminə məxsus olan əksər kanonik anlayışlar saf-çürük edilir, yenidən dəyərləndirilir. Film adıyla artıq məşhur yunan mifiylə intertekstual əlaqə yaradır. Bütün tragediyalarında insan təbiətindəki əks qütbləri, sərhəd vəziyyətlərini, seçim anlarını işləyən Evripidin “İfigeniya Avlidada” faciəsində deyilir ki, kral Aqamemnon Troyaya hücum etməyə hazırlaşır, ancaq külək onlara yarayan səmtə əsmir, gəmilər həftələrlə yerində qalır, narazılıqlar başlayır. Aqamemnon öncəgördən öyrənir ki, o bilmədən Artemidanın müqəddəs xallı maralını öldürüb, indi bu qanın əvəzində qızı İfigeniyanı qurban verməsə, hara çevrilirsə çevrilsin, üzü küləyə durmuş olacaq. Mifin məntiqi necə istəyirsə, elə də olur.

Lantimos filminə bu adı seçməklə tamaşaçını əvvəlcədən reallığın qaydalarıyla ilə yox, mifoloji məntiqlə qurulmuş bir dünyaya dəvət etdiyini bildirir.

Film yaxın planda çəkilmiş açıq ürək əməliyyatından bir səhnə ilə başlayır: kadrda qan içində döyünən bir ürək və onu əməliyyat edən cərrahın əllərini görürük. Arxa planda Frans Şubertin İsa Məsihin ölməsi və yenidən dirilməsindən bəhs edən əsəri (Stabat Mater in F minor) səslənir. Birinci kadrdaca həkim-cərrah modern Məsih kimi rəmzləşdirilir, yəni öz idrakı üçün ürəyi gedən insan artıq ürəkləri “təmir” edir, ölümü ertələyir, ömrün kreditini artırır.

Lantimosun bu filmindəki məkanlar - xəstəxana da, cərrahın evi də müəyyən mənada məbəd kimidir. Ürək əməliyyatından sonrakı kadrda filmin növbəti metaforik simvollarından biriylə tanış oluruq: anestezioloqla söhbətləşən ürək cərrahı (adı Stivendir) soruşur ki, saatın nə qəşəngdir, neçə metrə dözümlüdür. Bu saatların müqayisəsində məlum olur ki, ömür saatını tənzimləməyi ilə fəxr edən həkim üçün yaxşı saat qayışı metaldan olandır, çünki paslanmır, dözümlüdür. Bu, çağdaş mədəniyyətin simvollarından biridir. Ancaq bir azdan filmə daxil olan və təbiəti təmsil edən, mifoloji mexanizmi işə salacaq olan Martin üçün isə əksinə, dəri qayış yaxşıdır. Çünki Martinin saatı mədəniyyətlə yox, təbiətlə bağlıdır. Bununla da filmin aysberqlərindən biri - təbiət-mədəniyyət, Dionis-Apollon qarşıdurması üzə çıxır. Təsadüfi deyil ki, Apollon mifoloji sistemdə həm də həkimlərin tanrısıdır. Bu mənada cərrah Stiven antik tragediyadakı Aqamemnona, Martin isə qurban istəyən Artemidaya uyğun gəlir.

Filmin sujetini yığcam şəkildə icmallaşdıraq: Ürək cərrahı Stiven (Kolin Farrel) əməlliyyatdan qabaq bir-iki qədəh içdiyi üçün xəstəsi ölür. Lakin bir müddət sonra əməliyyatda ölənin oğlu Martin əvvəlcə Stivenin, sonra isə ailəsinin həyatına daxil olur. Stiven ona hədiyyələr alır, yeməyə aparır, ailəsi ilə tanış edir. Stivenin ailəsi həyat yoldaşı Annadan (Nikol Kidman), qızından (Kim) və oğlundan (Bob) ibarətdir. Bir gün səhər oğlu yuxudan durur ki, ayaqları tutmur, heç bir tibbi təhlildə, analizdə səbəb tapılmır. Ancaq Martin Stivenə deyir ki, vaxt çatdı, özün bilirsən, sən atamı öldürdüyün üçün əvəzində ailəndən birini seçib qurban etməlisən, yoxsa əvvəlcə hamısının ayağı tutulacaq, sonra yeməkdən kəsiləcəklər, gözlərindən qan gələcək və bütün ailən öləcək. Ancaq birini öldürsən, digərləri sağ qalacaq. Elmi təfəkkürün təkəbbürlü subyekti Stiven buna inanmasa da, mifoloji mexanizmin “qana qan” məntiqi artıq işə düşmüş olur...

Martin, eynilə Edqar Ponun “Qırmızı ölümün maskası” novellasındakı kimi, öz mədəni qalasında kənardan gələcək bəladan təcrid edilmiş Stivenin nizamını pozur. Cərrah Stiven əgər Olimp dağının zirvəsindəki idrakın, ağlın rəmzi olan tanrıların bədii əkizidirsə, Martin təbiətlə, yerlə, ana torpaqla işarələnən, daha qədim olan xtonik tanrıların əks sədası kimi görünür. Buna görə də Martini film boyu əksər səhnələrdə nəsə yeyən görürük. Çünki mifoloji məntiq deyir ki, ölüm (tanatos) həmişə acdır və belə düşünür, siz çoxalın (eros) ki, mən daha çox yeyə bilim.

Martin filmin iki yerində öz yontulmamış heyvani təbiətini faş edir: birində Stivenin uşaqlarına qoltuqaltı tüklərini göstərəndə, digərində isə xəstəxanda Stivendən eyni şeyi istəyəndə. Bu, filmdə Martinin yabanı, vəhşi təbiətə məxsus tərəfini ifadə edən açar-metaforlardan biridir. Biz akulturasiya olduqca əlbisəmizlə ibtidai işarələrimizi ört-basdır edirik, yəni Apollonun dəryazı ilə balta girməmiş meşələri hamarlaşdırması kimi, hər təraş olanda mədəniyyətin ülgücünü təbiətin üzünə çəkirik.

Stiven idrakı, mədəniyyəti təmsil edən Apollonik fiqurdur. Məsələn, oğlu Bobun saçları uzun olduğu üçün onu tənbeh edir ki, kəsdir; qızı Kim xora yazılanda onu dəstəkləyir. Çünki oğlunun uzun saçı onun ananın yolunu getməsini (əvvəl anası kimi göz həkimi olmaq istəyir), üstəlik, mədəniyyətin ülgücündən keçməməyi bildirir. Qızının xora qoşulması isə xoşuna gəlir, çünki fərdi səsin ümuminin içində itməsinə razıdır. Stiven filmin sonlarına doğru ailəsindən birini qurban etməli olanda belə ağıla, idraka söykənir, belə ki, məktəbdə uşaqların müəllimindən soruşur, ikisindən birini seçsən, hansını seçərsən?! Yəni bu cür ölüm-qalım anında belə əldəki informasiyaya söykənməyə çalışır. Stiven müəllimdən uşaqları barəsə məlumat əldə edərkən filmin alt qatıyla, daxili strukturu, eləcə də finalı ilə bağlı bir informasiya sezdirilir: müəllim deyir ki, oğlun Bob dəqiq elmlərdə, riyaziyyatda yaxşıdır, qızın isə musiqidə, ədəbiyyatda, hətta o gün İfigeniya faciəsi haqqında əla bir inşa yazmışdı...

Stivenin arvadı Anna da həkimdir - göz həkimi. Bu da qərbin elmi düşüncəsinin başqa bir cəhətini təmsil edir: ancaq gözüylə gördüyünü təsdiq edən, okulyar-mərkəzli insan. Anna zahirən sarışın, göy göz, sağlam, gözəl qadındır, ancaq hərəkətlərinə, davranşılarına baxanda, elə bil, müqəvvadır. Əriylə sevişməsi belə mexanikidir, Stiven yataqda ona narkoz deyir, qadın donub qalır.

Stiven görəndə ki, oğlu düzəlmir, heç bir analiz nəticə vermir, bu gözlənilməz, elmə, ağlasığmayan vəziyyət qarşısında öz balacalığını başa düşür. Rejissor bunu kino dilində ifadə etmək üçün iki mükəmməl kadr seçib: birinci kadr Bobun xəstəxanadan çıxarkən yenidən yerə yıxıldığı səhnədir - kamera burada yuxarıdan, ilahi yüksəklikdən vəziyyəti təsvir edib; ikincisi, filmin posterində də göstərilən, Stivenin xəstəxanada çarpayı qarşısındakı səhnə - burada kameranın otaqdakı perspektivi, pərdənin tavana doğru uzanan rakursu elədir ki, insan dünyanın içində bapbalaca görünür. Filmin ilk səhnəsində açıq ürək əməliyyatında tanrı kimi böyük görünən insan, tərsinə simmetriya ilə get-gedə kiçilir, heç kimə çevrilir.

Filmin simptomatik səhnələrindən birində Martin əvvəlcə Stivenin qolunu, sonra isə öz qolunu dişləyir və deyir: bu, metaforadır, başa düşürsən? Yəni öz başına gəlməyibsə, öz ətin qanamayıbsa, öz dərin soyulmayıbsa, uzaqda kimsə fəryad edər, diri-diri soyular, səndə ağrımaz.

Finalda Stiven qərara gəlir ki, ailədən kimi qurban verəcəyinə özü yox, şans, bəxt, fortuna, tale özü qərar versin. Buna görə də ailə üzvlərinin başına çuval keçirir, özü də gözlərini bağlayır, yerində fırlanaraq atəş açmağa başlayır. Bütün həyatını planla, nizamla, proqramla quran Stiven filmin axırında canlı çarxı-fələyə, təsadüf maşınına çevrilir. Riyazi dəqiqlik ölür.

Sonucu səhnədə Stiveni ailəsi ilə birlikdə həmişə Martinlə görüşdükləri yeməkxanada görürük. Martin yanlarından keçib gedir. Bu dəfə Stivenin qızını Martinin sevdiyi yeməyi yeyən yerdə görürük. Rejissor mifi olduğu kimi təkrar etmir, İfigeniya (qız) qurban getmir.

Ümumiyyətlə, Lantimos filmin əvvəlindəki steril, gigiyenik, qala kimi qapalı məkanları get-gedə müvəqqəti, ötəri olan yolüstü restoranlarla əvəzləyir. Sanki bununla deyir ki, ömür dediyin, beşiklə məzar arasında yolüstü fasilədir. Ya da belə: ey ilikdən-sümükdən ibarət zalim alim, əgər özünü tanısan, görəcəksən ki, fanisən, irfanisən...

"525-ci qəzet"

# 1134 dəfə oxunub

Oxşar xəbərlər

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

10:24 22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

09:48 22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
"Kardeşlerim"in aktrisası yeni serialda

"Kardeşlerim"in aktrisası yeni serialda

09:30 21 noyabr 2024
"Safir" serialı “Emmy”yə namizəd oldu

"Safir" serialı “Emmy”yə namizəd oldu

09:12 21 noyabr 2024
# # #