İşıqlı dünyadan qaranlıq dünyaya enənlər - Hacı Səfərov yazır...

İşıqlı dünyadan qaranlıq dünyaya enənlər - Hacı Səfərov yazır...
4 dekabr 2022
# 10:00

Kulis.az Hacı Səfərovun "Nağıllar aləminə "Əzablı yollar"" adlı yazısını təqdim edir.

Biri var idi, biri yox idi. Azərbaycanın ən məşhur nağıllarından biri sayılan “Məlikməmmədin nağılı” əsasında çəkilən “Əzablı yollar” filmi var idi. Bu filmin rejissoru Tofiq İsmayılov, ssenaristi Oqtay Məmmədov idi. “Əzablı yollar” nağıl-filmində üç qardaşın – Şahməmmədin, Xanməmmədin, Məlikməmmədin – başına gələnlər göstərilirdi. Adətən, nağıllarda sonluqda eşitdiyimiz “göydən üç alma düşdü” ifadəsindəki üç alma, filmin lap əvvəlində düşdü. Bu yazıda da nağıl ilə filmin ssenarisi arasındakı oxşarlıqlar və fərqliliklərdən, filmin qurduğu simvolik dünyadan söhbət açılacaq.

Nağılçı həmin almaları qorumaq üçün şahın üç oğluna verir. Onların hər birinin müxtəlif zəiflikləri var. Biri əylənmək istəyir, digəri tənbəl və acgözdür, ən balacası isə xəyalpərəst və romantikdir. Bu almalar həyat mənbəyidir və onu divlər ələ keçirsə, ölkənin başına fəlakət gələcək. Əgər nağılda alma sadəcə hekayənin tətikləyici kimi verilirsə, burada vəziyyət fərqlidir. Məlikməmməd almanı dərib gətirəndən sonra, özünün yaraladığı divin ardınca getmək arzusuna qapılır, burada isə yekun hədəf almaların özüdür. Alma adətən mifologiyada, dində neqativ assosiasiya yaradır. Bu meyvəni Adəm və Həvvanın cənnətdən qovulmaq səbəbi kimi göstərirlər. Çox vaxt alma şəhvət və ilk günahla birlikdə yada düşür. Burada isə almanın əsas funksiyası bolluq, bərəkət verməsidir. O, bütün xalqı qorumaq gücünə sahibdir.


Üç alma üç oğlandan oğurlanandan sonra onlar birlikdə həmin almaları geri qaytarmaq üçün yola düşürlər. Nağıllarda yola düşmə, səyahətə çıxma öz rahatlığından, mövcud kimliyindən uzaqlaşaraq yeni bir insan olmaq yoluna qoyulan qədəmdir. Məlikməmməd əlini kəsərək yuxuya getməməyə çalışsa da, almanı qorumağa müvəffəq olmur. Göydən düşən üç alma üç oğulun geri qaytarmalı olduğu arzu nəsnəsinə çevrilir. Məlikməmməd istisna olmaqla, digər iki qardaş bu səyahətə can atmırlar. Adətən nağıllarda kiçik övladın müsbət obraz kimi qələmə verildiyini görürük. Bunu isə daha çox böyük övladların özləri üçün ayrıca bir mülk, yaşayış yeri taparaq valideynlərdən uzaqlaşmasına və kiçik övladın ata-ana ilə birlikdə qalaraq onların qayğısını çəkməyinə bağlayırlar. Məlikməmmədin yolboyu qardaşlarının tənələrinə məruz qalması onu yolundan döndərmir.

Nağılı xatırlayanlar bilir ki, Məlikməmmədin ipini qardaşları kəsir və o, quyuda tək qalır. Onun sonrakı macəraları sadəcə fərd olaraq başına gələnlər barədə olur. Lakin “Əzablı yollar”da bu baş vermir, əvəzində qardaşlığın vacibliyi və əhəmiyyəti vurğulanır. Hər nə qədər əsas məqamlarda Məlikməmməd cürəti və ağılı ilə problemləri həll etsə də, qardaşları onu sona qədər tərk etmirlər. Sovet təfəkkürü üçün bu heç də təəccüblü deyil. Çünki insanların ehtiyacı olan fərdiyyətçilik yox, məhz yoldaşlıq, qardaşlıq və birgə hərəkət etməkdir. Elə yuxarıda qeyd etdiyim üç almanın oğurlanması da bununla əlaqədardır. Əgər bir alma oğurlansaydı, o zaman hədəfə çatandan sonra həmin almanın əsl sahibinin kim olacağı qardaşlar arasında konfliktə səbəb ola bilərdi.


Qardaşlarla birgə bizə onların əsas düşməni olan Qarayel (Haşim Qadoyev) də tanıdılır. Qarayeli kişi görkəmində versələr də, onu Əminə Yusifqızı səsləndirir. Qarayel adının seçilməsi eyniadlı küləyin dağıdılıcığı, əkin sahələrini yararsız hala salması ilə əlaqəlidir. Kişi görkəmli Qarayeldən qadın səsinin çıxması isə obrazın xədimliyinə işarədir. Orta əsrlərdə kilsələrdə qadın səsinin istifadəsi qadağan edildiyindən, oğlan uşaqlarını çox erkən yaşda xədim edərək onların səslərinin qalınlaşmasının qabağını alırlarmış. Bizim tarixdə də Ağa Məhəmməd Şah Qacar xədim edildiyi üçün incə səsə sahib biri kimi təsvir edilir. Bu xədimlik isə bəhərsizliyin, doğub-törəmənin əksinin simvoludur. Xədim Qarayel dünyanın bəhərini, özünü yeniləməsini dayandırmaq istəyir.

Qarayelin divlərini Eldəniz Zeynalov, Səyavuş Aslan və Yaşar Nuri canlandıraraq filmdə ən orijinal obrazlara imza atırlar. Onlar Qarayelin əmrlərinə tabe olmaqla birlikdə mahnılar oxuyur, əylənirlər. Bu mahnıların mətnlərində dövrün insanlarına qarşı satirik ton hiss olunur. Onlar bir ağızdan “Adamların zayı çıxıb, adamları yemək olmur” deməyi ilə, ictimai problemlərə nağıl vasitəsilə də olsa toxunulur.


Qarayelin adamları yolüstü şəhərləri talan edəndə Məlikməmməd heç çəkinmədən özünü qabağa verir, digər qardaşlar da məcburi onu izləyirlər. Beləliklə, onlar insanları xilas edirlər və onların həmrəyliyinin ilkin toxumları burada atılır. Divlərin onlar yatarkən gəlib atlarını və silah-sursatını oğurlaması isə yuxunun bəla gətirdiyinin başqa bir nümunəsinə çevrilir. Ümumilikdə, nağıllardakı yuxu motivi psixoanalitik baxımdan insanın öz təhtəlşüuru ilə üzləşməsinin qarşısında ən çətin maneələrdən biridir. Yuxu bir növ insanın müdafiə mexanizmidir. Onlar əgər ayıq olsaydılar, öz divləri – qorxuları ilə üzləşərdilər, amma yuxudadılar.

Onlar ayılandan sonra, əvvəlcə, dağa qalxır, sonra səhraya enir, susuzluqdan halsız düşüb nəhayət quyu ilə rastlaşırlar. Bu həmin quyudur ki, nağılda qardaşları ipi kəsib Məlikməmmədi orada tək qoyurdular. Quyunun üstündə olan daşı hərəsi ayrılıqda qaldırmağa çalışsa da, bacarmırlar. Məlikməmməd isə çox da unikal olmayan təklif verir: Gəlin hərəmiz bir tərəfdən götürək və daşı qaldıraq. Filmin bütün ideyası bu daş ətrafında cəmlənmiş olur: Birlik olmasa, həqiqi gücdən söz gedə bilməz.

Quyunun özü isə xalq nağıllarında, miflərində təkrarlanan motivlərindəndir. Onlar işıqlı dünyadan qaranlıq dünyaya, əsas mübarizənin gedəcəyi yerə enirlər. Buradan geriyə yol yoxdur. Bütün konfliktlər həll olunmalı, onlar yenidən işıqlı dünyaya qayıtmaq üçün haqq qazanmalıdırlar. Burada qarşılaşdıqları bacıları xilas etmək üçün divləri öldürməli olurlar. Burada bir motiv ilan, digəri şüşə, üçüncüsü isə ağ göyərçindir. İlan qədimdən şeytanın təmsilçisidir. Şüşə isə nağılda divin canının olduğu şüşədir. Burada fərqli motiv ağ göyərçindir ki, adətən bu canlı hər zaman sülhlə, xoşbəxtliklə assosiasiya olunur. Məlikməmməd də onsuz onu öldürmür, sevən ürək nifrəti yaxın buraxmamalıdır deyir. Nağılda olan absolut dağıdıcılıq burada yerini sevgiyə və mərhəmətə verir.

Qızları geridə qoyaraq, həm də şəhvət və ehtiras kimi hisslərə qalib gələrək, Məlikməmməd Qarayelin sarayına yollanır. Qardaşları da onu tək qoymamalı olduqlarını düşünür və onun ardınca gedirlər. Burada maraqlı məqam odur ki, üç qardaş əsir düşdükdən sonra onları xilas edən bacılar olur. Əgər nağıllarımızda qadınlar funksional deyilsə, burada xilaskar rolunda çıxış edirlər. 1980-lərdə çəkilən bu nağılın belə bir mesaj ötürməsi başa düşüləndir. Dünya artıq təkcə kişilərin dünyası deyil və orada qadınlara da mütləq yer olmalıdır.


Finalda isə Qarayel nəhayət üç qardaşla üzləşir. Onlar bütün maneələri aşaraq, öz birlik və bərabərliyini nümayiş etdirərək gəlib onun qarşısına çatırlar. Burada Qarayel onları sonuncu sınaqla üz-üzə qoyur: Almaya kim toxunsa, o daşa çevriləcək. Burada isə artıq bütün sınaqlardan üzüağ çıxmış qardaşların hər biri daş olmaq bahasına da olsa, almaya toxunmağa razıdırlar. Yola çıxanda onlar bir-birilə qan bağı olan insanlar idilər, indi isə əsl yoldaşa, dosta çeviriliblər və bu yolda hər şeyi etməyə hazırdırlar.

Onlar almaları əlinə alan zaman Qarayel məhv olur və bacılarla birgə geri qayıdan qardaşlar yenidən öz doğma ellərinə qayıdırlar. Artıq onların həyatı güllər-çiçəklər içində həmrəylikdə keçəcək. Həmin üç alma isə göydən düşdü: Biri nağılın qəhrəmanlarının payına, biri filmin ərsəyə gəlməsində əməyi olanların payına, üçüncüsü isə bu yazını oxuyanların payına.

/kinoyazar.az/

# 2185 dəfə oxunub

Oxşar xəbərlər

Ancelina Colinin rol alacağı yeni filmi bəlli olub

Ancelina Colinin rol alacağı yeni filmi bəlli olub

15:00 23 noyabr 2024
Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

10:00 23 noyabr 2024
Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

10:24 22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

09:48 22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
# # #