Gənc rejissor: "O qız hicabsız olsaydı belə, filmdə..." - Müsahibə

Gənc rejissor:  "O qız hicabsız olsaydı belə, filmdə..." - Müsahibə
23 iyul 2024
# 21:00

Kulis.az Aytac Sahədin "Sanki yoxsan" filmi ilə Kann film festivalının qısa filmlər üzrə əsas müsabiqəsində iştirak etmiş Azər Quliyevlə müsahibəsini təqdim edir.

- Filmini Kannda görmək necə bir hissdir? Şəxsən mənim üçün bu sualı azərbaycanlı rejissora vermək böyük fərəhdir.

- Əlbəttə ki, gözəl hisslərdir. Ancaq bu hissləri təsvir etmək bir qədər çətindir.

- "Sanki yoxsan"da danışılan hekayə bütün dövrlərin aktual mövzusudur. İki sevən gənc, ailələrin etirazı, yarı yolda qoyan oğlan... Belə desək, bizim "Zaur" gedib çıxıb Kanna.

- Mən bu filmi çəkəndə heç nəyə istinad etməmişəm, sadəcə özümlə səmimi olmağa çalışmışam. İnsan özü ilə səmimi olanda, başına gələn nələrisə danışmaq istəyəndə unikal bir əsər yarana bilir. Başqaları isə həmin əsərdə ya özündən, ya da yaşadığı cəmiyyətdən bir parça görür və bunun özü qapalı bir dairəyə çevrilir.

- Filmdə əsas qəhrəman hicablı xanımdır. Bu, ziddiyyəti dərinləşdirən nüansdır, yoxsa xüsusi bir mesaj?

- Bunu məqsədyönlü şəkildə etməmişəm. O qız hicabsız olsaydı belə, filmdə nəsə dəyişməyəcəkdi.

- Bəs hekayənizdə gerçəklik payı varmı?

- Bu film qismən mənim öz həyat təcrübəmə və yaşadığım hekayəyə əsaslanır.

- Qəhrəmanınız qorxaqlıq edir, amma...

- Yox, yanılırsınız, bunun adı qorxaqlıq deyil, gənclik maksimalizminin ötürdüyü məsuliyyət hissi ilə reallığın üz-üzə gəlişi, böyük addımlara hazır olmamaqdır. Mən həmişə düşünmüşəm ki, qadınlar kişilərdən daha güclüdür, qadınlar kişilərdən daha tez böyüyür və dəyişikliklərə daha asan adaptasiya ola bilirlər. Filmdəki Leyla personajı ilə də məhz bunu deməyə çalışmışam.

- Niyə məhz kino dili ilə danışmağı seçmisiniz?

- Hansısa bir sahəni peşə kimi seçəndə, resurslarını həmin istiqamətə yönəldirsən və nəticədə gördüyün işin hər hansı formada faydasını, uğurunu gözləyirsən. Mən kinonu özüm üçün peşə kimi qəbul edə bilmirəm. Düzdür, kinonun müəyyən istehsalat prosesi, industriya tərəfi var. Çəkdiyim filmlər kimin üçünsə audiovizual məhsul ola bilər, ancaq mənim üçün belə deyil və gördüyüm işlərdən heç bir gözləntim yoxdur. Mən incəsənətin müxtəlif növləri ilə məşğul olmuşam, ancaq sonda başa düşmüşəm ki, onların hər birində çox istedadsızam. Tale elə gətirdi ki, özümü kinoda tapdım. Kino mənim üçün daxili ağrımı göstərə biləcəyim ən ideal yerdir.

- Nə idi sizi ağrıdan?

- Çoxlu sayda suallar. Təkbaşına vaxt keçirməyi, özümlə qalmağı sevirəm. Tək olanda heç vaxt ağlına gəlməyən suallar səni tapır. Sən də özünə maraqlı olan sualları içindən keçirəndə anlayırsan ki, dünya ağrı üzərində qurulub.

- Deməli, sizi danışdıran həm də travmalarınızdır.

- Ola bilər.

- İxtisasca kinoşünassınız. Niyə bu istiqamətdə davam etməyib məhz rejissorluğu seçdiniz?

- İncəsənət Universiteti mənə ömrüm boyu yanımda olacaq dostlar verib. Təbii ki, təhsil almaq gözəldir, ancaq bizdə rejissor təhsili diktatura metodlarına bağlıdır. Kino elə gözəl sənətdir ki, bu gözəlliyə hansısa qadağa, yaradıcılıq sərhədi qoymaq olmaz. Kinoşünas kimi davam etməməyimin kökündə də müəyyən qədər eqo dayanır. Heç vaxt ağlıma da gəlməyib ki, resenziyalar yazım, kiminsə filmini təhlil edim. Bu yaradıcılıq işi üçün özümü kifayət qədər yetkin hiss eləmirəm. Mənə həmişə öz ruhumun izi ilə getmək maraqlı olub.

- Bəs kinoşünaslığa sizi gətirən nə idi?

- Düşünürdüm ki, kinoşünaslıqda heç vaxt heç yerdə görməyəcəyim filmləri görəcəyəm.

- Görə bildinizmi?

- Hə, iki-üç dənə görə bildim.

- Son filminizin ssenari müəllifi Nicat Muxtarov deyir ki, Azərlə işləyəndə altı aydan sonra ilk ideyadan əsər-əlamət qalmadığını görürsən. Belə başa düşdüm ki, çəkiliş prosesində ssenaridən uzaq düşən rejissorlardansınız.

- Mənim üçün ssenari başlanğıc nöqtəsi, daha çox karkasdır. Ssenarini görəndə artıq hiss edirəm ki, bu hekayə necə olacaq. O hissiyyat bütün çəkiliş boyu məni izləyir.

- Bəs işlədiyiniz ssenaristlər bundan incimirlər?

- İnciyə də bilərlər, inciməyə də. Təbii ki, çəkiliş meydançasında işləyən hər kəsin filmdə rolu var. Etik prinsiplərə əsaslansaq, müəllif filmində ssenarist anlamalıdır ki, film nəticədə rejissorundur.

- Filmlərinizdə uğurlu aktyor seçimi də diqqət çəkir. Məsələn, iki filminizdə rol alan Şəhla Əliqızının adının xüsusi qeyd etmək olar.

- Biz "Pa-pa"nı çəkəndə çəkilişə bir gün qalmış aktrisa dedi ki, onda gəlmək alınmayacaq. Mən də axırıncı əlli manatı verib kameranı götürmüşdüm. Özü də filmi Hövsanda çəkirdik, uşaqlar çəkiliş məkanına özləri gələcəkdi. Mənim əlavə pulum yox idi ki, şəhərdən gedib kimisə götürüm. Vəziyyəti dostum Mehman Fətullayevə bildirdim. O da da Şəhladan xahiş etdi ki, bizə kömək etsin. Beləcə onunla tanış olduq. "Təngnəfəs"in ideyası yarananda isə artıq dəqiq bilirdim məhz, Şəhlanı çəkməliyəm.

- Maliyyə məsələsinə toxundunuz. O biri filmlərin çəkilişi zamanı da maddi çətinliklərlə qarşılaşırdınız, yoxsa bəlli bir büdcə var idi?

- Ofisiant kimi işləyib pul yığırdım ki, film çəkə bilim. İstək olur, dostlar kömək edir, hardansa pul tapırıq belə...

Mən istədiyim filmi çəkməsəm, rahat ola bilmərəm. Məncə, insanın həyatda atdığı hər addım ruhunun bir parçasıdır. Çəkilən filmlər pazl kimidir, onların hamısı bir yerə gələndə ruhunun əksini tam şəkildə görə bilərsən.

- "Sanki yoxsan"ı necə çəkmişdiniz bəs?

- Bu filmi çəkmək üçün yüzlərlə prodüserə müraciət etmişdim. İnternetdə axtarıb dünyanın müxtəlif yerlərində yaşayan insanlara yazırdım. Təsadüfən, qarşıma filmi işlədiyim prodüser çıxdı. Xoşbəxtlikdən onu inandıra bildim. Əslində, çəkiliş üçün noyabr ayı uyğun idi. Oktyabrda müəyyən səbəblərə görə çəkə bilmirdik. Dekabrda da operator yox idi, yanvar-fevral isə çox soyuq idi. Tapdığım prodüser fikrini dəyişməsin deyə noyabrda çəkməli olduq. Düzü, mənim üçün filmin festival həyatı, yaxud da qazanacağı nəticələr o qədər də maraqlı deyildi. Çünki filmə axırıncı dəfə baxanda hiss etdiyim mənə bəs elədi. Tək narahatlığım prodüserə görə idi ki, adam pul yatırır, nəticəsini görməlidir.

- Çox güman, məlum nəticədən sonra xeyli təbrik eşitmisiniz.

- Hə, zəng edənlər, sevincimizi bölüşənlər çox oldu: Mədəniyyət Nazirliyinin bir sıra aparıcı mütəxəssisləri, dostlarımız, iş yoldaşlarımız. Mədəniyyət naziri cənab Adil Kərimov da təbrik edib uğurlar arzuladı. Ancaq Azərbaycan kinosuna cavabdeh olan qurumdan - Azərbaycan Kino Agentliyindən bir zəng belə gəlmədi. Yəqin çox məşğul idilər. Sözsüz ki, kimdənsə təbrik gözləmirəm, sadəcə heyifsilənirəm ki, ölkədə məndən də istedadlı uşaqlar var ki, onlar sabah nəsə nailiyyət əldə edəndə bu biganəliyi görüb həvəsdən düşə bilərlər.

- Hazırda hansısa film üzərində çalışırsınızmı?

- Bəli, tammetrajlı film üzərində işləyirəm.

- Bu filmdə necə, xarici prodüserlə çalışırsınız?

- Bəli.

- Bundan sonra kinodakı əsas hədəfiniz nədir?

- Mən heç vaxt qarşıma hədəf qoymamışam. Növbəti hədəf növbəti filmi çəkməkdir. Bilmirəm, ondan sonra deməyə sözüm olacaq, ya yox. Sözüm olarsa, deməli, yeni film çəkəcəyəm.

- Azər bəy, ən çox sevdiyiniz Azərbaycan filmi hansıdır?

- Vaqif Mustafayevin "Hər şey yaxşılığa doğru" filmi.

"525-ci qəzet"

# 1438 dəfə oxunub

Oxşar xəbərlər

"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
"Kardeşlerim"in aktrisası yeni serialda

"Kardeşlerim"in aktrisası yeni serialda

09:30 21 noyabr 2024
"Safir" serialı “Emmy”yə namizəd oldu

"Safir" serialı “Emmy”yə namizəd oldu

09:12 21 noyabr 2024
Günahsız yerə edam edilən ana - Polis onun pulunu niyə oğurlamışdı?

Günahsız yerə edam edilən ana - Polis onun pulunu niyə oğurlamışdı?

09:00 21 noyabr 2024
Daha bir aktyor müharibədə öldü

Daha bir aktyor müharibədə öldü

16:24 20 noyabr 2024
# # #