Kulis.az Məlik Rzanın mərhum rejissor Çingiz Rəsulzadənin "Kuklalar" filmi haqqında yazdığı "Mikkinin ayaqqabı bağları" yazısını təqdim edir.
İnsan talelərinin tarixi hadisələr fonunda göstərilməsi Balkan kinematoqrafiyasının fövqəladə fəndlərindən biri kimi məni daim yaxşı mənada təəccübləndirib.
Heç biri siyasi instansiyaya xidmət etməyən, süni patriotizmdən uzaq orijinal insan taleləri müstəvisində tarixi hadisələrin həlli texnikasını gördükdə təəssüflənib eyni motivi kino sənətimiz üçün arzulamışam. Hətta, qürublara zilləndiyim qərib axşamlarda bu motivdə mətn işləməyə niyyətlənib uzun-uzun düşünmüşəm.
***
Çingiz Rəsulzadə arzumu on dörd il əvvəl reallaşdırıb, xəbərim yoxmuş.
“Kuklalar” filmi saxta idealları tutuquşu kimi təkrarlayan gəncliyimiz haqqında çəkilmiş yeganə filmdir.
Müsəlman şərqində sosial-məişət müstəvisində saf ideallara təkan verəcək zəmin yoxdur.
Oğullar atalarını təkrarlayıb kuklalara çevrilir. Atalarının yolları ilə getməyən oğullar isə bir ömür parlaqlıqlara aldanıb sonda talelərinin güzgüsü qarşısında özlərini təlxək kimi görürlər.
Onlara tutuquşu lazımdır!
Onlara təlxək lazımdır!
Onlar fərddən qorxurlar!
Çünki fərdilik inqilabi yenilikdir!
***
Rus qızının Ermənistandan gəlmiş azərbaycanlı köçkünlərə yardım etdiyi səhnə istisna olmaqla dövrün bütün tarixi hadisələri insan taleləri müstəvisində uğurla həll olunub.
Bəyazlığa mürəkkəb ləkəsi tək hopmuş həmin səhnə filmin səmimiliyinin, bioqrafik şirinliyinin bətnində gömülür, şükür.
***
Ancaq başıpozuq radikal millətçilər müdirlərini axtaranda kuklalar öyrənir ki, Jora ermənidir. Çünki beynəlmiləl Bakının yazılmamış qanunu var – hamımız bakılıyıq, nöqtə! Kuklalar Joranı əhatələyib onu Bakıdan aparacaq gəmiyə səmt ötürürlər.
“ Uşaqlar, bəlkə, təzədən geri qayıtdım, hə? ”
Qayıdacaqsan!
Bakı və bakılılar səni unutmayacaq, Jora!
***
Kuklalar bulvar dişilərininin “xozeyn”lərini döyüb onları azadlıqlarına qovuşdurur. Eyni anda ölkələrinin artıq qırmızı bayraqlar altında kölgələnməyini istəməyən minlərlə azərbaycanlının azadlıq sədalarını eşidirik. Səhnənin bədii həlli filmin növbəti dəqiqələrindən boy verir:
Kuklalar bakirdir. Qızlar onlara özlərini təklif etdikdə anlıq istəklə razılaşırlar. Yalnız gözdən uzaq xarabalıqda Mikkinin dostlarına təsirilə kuklalar niyyətlərinin qaramatlığını anlayıb qızlara toxunmurlar.
Bəs, meydanlarda bağıran minlərlə azərbaycanlı azadlığa qovuşdurduqları ölkələrinə nə etdilər?
Ölkələri üçün nə etdilər?
Bəlkə, ölkələrini “azadlıq”la müjdələyən heç onlar olmamışdı?
Ölkəni “azadlıq”la müjdələyənlərlə ona toxunanlar eyni adamlar idi.
***
İyirmi yanvar günü.
Balu barrikada qurmaq üçün cəbhəçilərlə gedir.
Kuklalar mitinqə qoşulurlar.
Bu an Mikki sevdiyi qızla söhbətləşib dostlarını izdihamda gözdən itirir. Onlara yetişmək üçün qaçarkən daim açıq olan ayaqqabı bağları ucbatından yıxılıb yenidən ətrafına zilləndikdə isə minlərlə kukla görür. Azadlıq bağıran minlərlə kukla!
Sonradan öyrəndim ki, Çingiz Rəsulzadə filmin bir çox səhnələrini kəsib doğramaq istəyən senzurabazlarla uzun müddət döyüşüb. Yəqin, bu səhnənin filmdə saxlanılması həmin müqəddəs sənət döyüşünün nəticəsidir.
Balunun tank tırtıllarına qarışmış kukla kostyumu.
Səngərdə təlaşlı, çöhrələrinə qorxu möhürlənmiş dörd kukla.
Kamera yavaşca göylərə qalxır. Qürubdur.
Fonda “İrəli” sədaları.
Dörd gəncin ömrü səngərlərdə qürub edir.
***
Sonda Mikki haqqında yazmaq istəyirəm.
Mikkinin kuklaya çevrilməməsinin səbəbi atasızlıqla hədiyyələnməsidir.
Mikkinin imitasiya edəcəyi kimsəsi yoxdur.
Məhz bundan ötrü o, dostlarını qızlara toxunmaq niyyətindən uzaqlaşdırır, onların mitinqə qoşulmasının qarşısını almaq üçün cəhd edir. Amma yuxarıda qeyd etdiyim başıbəlalılar kimi Mikki də özü yol ola bilməyib parlaqlıqara aldanır.
İyirmi yanvar gecəsini çardaqda nağıllardan çıxıbmış kimi həyatında cücərmiş, sözün həqiqi mənasında qırmızıpapaq sevgilisi ilə keçirən Mikki səhərisi dostlarını axtarıb tapa bilmədikdə sevgilisinin təkidi ilə ölkəni tərk etməyə razılaşır.
Qırmızıpapaq Mikkini razı saldıqdan sonra daim açıq ayaqqabı bağlarını bağlayır. Onlar qatarla ölkəni tərk edirlər.
Filmin son səhnəsində hansısa Avropa ölkəsində kuklanı qucaqladıqdan sonra kimsəsiz küçədə sərgərdan yeriyən Mikkinin ayaqqabı bağlarının səkiləri öpdüyünü görürük.
Ayaqqabı bağları açıqdırsa, Mikkinin bir ömür aldandığı parlaqlıq artıq yoxdur.
Qırmızıpapaq qız yoxdur.
Mikki tale güzgüsü ilə çoxdan üzləşib.
O, kukladır.
***
Dövrün beynəlmiləl Bakısı filmdə uğurla əks olunub. Pioner qalstuku taxmış Sovet Bakısının atmosferini canımda hiss etdim.
Yalnız filmdə rusdilli dialoqların çoxluğunun yaratdığı sünilik qeyd edə biləcəyim mühüm iraddır.
***
Bir adamı ölümündən sonra kəşf etməyim çiyinlədiyim günahlarımdan biridir.
İlk dəfədir, bir sənət adamını ölümündən sonra tanıyıram.
Həmişə həyatı ömrün qərib çağında qürub etmiş sənət adamlarını ölümlərindən əvvəl kəşf etməyimə sevinmişəm.
Çingiz bahar ömrümdə bu müstəvidə ilk istisnam oldu.
Təəssüf içindəyəm. Günahımı birnəfəsə yazdığım mətnlə yumağa çalışdım.
***
Çingizin filmlərindən ötrü senzurabazlarla apardığı mübarizələri, ona yaradılmış süni maneələri, bütün olanlardan sonra kuklaya çevrilməklə razılaşmayıb həyatdan geri çəkildiyini oxudum.
Onların niyyəti məlumdur.
Bəs, biz?
Ölkə üçün nələrsə edən insanları niyə itiririk?
Bu, hamımızın sualıdır.