Tarixi Zəfərin uğurlu ekran təcəssümü: 5 il ərzində çəkilən “44” bədii filminin premyerası oldu

Tarixi Zəfərin uğurlu ekran təcəssümü: 5 il ərzində çəkilən “44” bədii filminin premyerası oldu
13 oktyabr 2026
# 10:09

Bakıda Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbəyə həsr olunan “44” bədii filminin premyerası keçirilib. Beş il ərzində ərsəyə gələn ekran əsərinin çəkilişlərində minlərlə insan, o cümlədən 2500 hərbçi iştirak edib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, oktyabrın 12-də Heydər Əliyev Mərkəzində təqdim olunan film Vətən müharibəsi dövründə Azərbaycan hərbçilərinin qəhrəmanlığını, xalqın birliyini və torpaqların azadlığı uğrunda mübarizəsini əks etdirir.

Premyeradan əvvəl filmin çəkiliş prosesinə dair statistik göstəricilərin yer aldığı videoçarx nümayiş etdirilib. Ardınca Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellasının ifasında filmin saundtreki səsləndirilib. Musiqi Azərbaycanın Zəfərə gedən yolunu əks etdirən sənədli xronika ilə müşayiət olunub.

Bir kursantın gözü ilə təqdim olunan müharibə hekayəsi

“44” filmi hərbi əməliyyatlarla yanaşı, sevgi, şəxsi sınaqlar və insan talelərini birləşdirən qəhrəmanlıq dramıdır.

Ekran əsərinin əsas qəhrəmanları Xüsusi Təyinatlı Qüvvələrin zabiti Rəşad Xəlilov, Azərbaycanda çalışan türkiyəli həkim-ortoped Zeynəb Özdəmir və xüsusi əməliyyat qrupunun komandiri polkovnik Ramazan Kərimovdur.

Filmdə xüsusi təyinatlıların keçdiyi döyüş yolu, hərbçilərin fədakarlığı və müharibənin insan həyatına təsiri ön plana çıxarılıb.

Beşillik hazırlıq, 130-dan çox çəkiliş məkanı

Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) və Bakı Media Mərkəzinin dəstəyi ilə ərsəyə gələn filmin istehsalı ümumilikdə beş il davam edib.

Bu müddətin iki ili ssenarinin hazırlanmasına, bir ili çəkilişlərə hazırlığa, 14 ayı çəkiliş prosesinə, daha bir ili isə post-prodakşn işlərinə sərf olunub.

Filmin daimi yaradıcı, aktyor və inzibati heyəti 455 nəfərdən ibarət olub. Layihəyə müxtəlif sahələr üzrə 198 mütəxəssis cəlb edilib.

Çəkilişlərdə 2500 hərbçi, Xüsusi Təyinatlı Qüvvələrin 42 döyüşçüsü, əsas rollarda 32, epizodik rollarda isə 1143 aktyor iştirak edib. Kütləvi səhnələrə 2000-dək iştirakçı cəlb olunub. Aktyor heyətində Vətən müharibəsi iştirakçıları da yer alıb.

Azərbaycanlı aktyorlarla yanaşı, Türkiyənin tanınmış aktrisası Özge Gürel də filmdə rol alıb. Aktyorlar çəkilişlərdən əvvəl Xüsusi Təyinatlı Qüvvələrin təlim-məşq bazasında hərbi-taktiki hazırlıq keçiblər.

Çəkilişlər Bakı, Abşeron, Ağdam, Cəbrayıl, Füzuli, Goranboy, Gəncə, Xocalı, Xocavənd, Xızı, Lerik və Şuşada, ümumilikdə 130-dan çox məkanda aparılıb.

Döyüş səhnələrində 150-dən çox hərbi texnikadan istifadə olunub

Filmin diqqətçəkən məqamlarından biri genişmiqyaslı hərbi əməliyyatların canlandırılmasıdır.

Çəkilişlərə tanklar, piyadaların döyüş maşınları, reaktiv yaylım atəş sistemləri, artilleriya qurğuları, döyüş helikopterləri, pilotsuz uçuş aparatları və digər hərbi vasitələr daxil olmaqla 150-dən çox texnika və xüsusi avadanlıq cəlb edilib.

Döyüş səhnələrinin hazırlanması üçün müxtəlif növ 300 min təlim və döyüş patronundan, yüzlərlə təlim sursatından, pirotexniki vasitələrdən və xüsusi kaskadyor avadanlıqlarından istifadə olunub.

Ümumilikdə 112 saatlıq çəkiliş materialı üzərində bir il montaj işləri aparılıb. Nəticədə 2 saat 38 dəqiqə davam edən ekran əsəri hazırlanıb.

13 ölkədən mütəxəssislər iştirak edib, süni intellektdən istifadə olunmayıb

Filmin istehsalında Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Avstriya, Belarus, Böyük Britaniya, Gürcüstan, İran, Qazaxıstan, Polşa, Rusiya, Türkiyə, Ukrayna və Estoniyadan olan mütəxəssislər müxtəlif mərhələlərdə iştirak ediblər.

Xüsusilə diqqətçəkən məqam odur ki, filmin kompüter qrafikası ukraynalı mütəxəssislərlə birlikdə Estoniyanın “UMP” studiyasında hazırlanıb və bu prosesdə heç bir süni intellekt məhsulundan istifadə edilməyib.

Rəng korreksiyası, rəqəmsal görüntü emalı və masterinq işləri isə Polşanın Dolby Vision sertifikatlı “FixaFilm” studiyasında həyata keçirilib.

Filmin musiqisinin ilkin yazılışı ABŞ-dəki “New York Production Studios”da aparılıb. Daha sonra musiqi Bakıda Əməkdar artist Eyyub Quliyevin dirijorluğu ilə simfonik orkestrin ifasında lentə alınıb. Yekun miksinq və masterinq işləri Böyük Britaniyanın “AIR Studios” studiyasında görülüb.

Musiqi tərtibatına ümumilikdə 394 saat, səs tərtibatının son korreksiyası və Dolby Digital 5.1 formatında hazırlanmasına isə 450 saat sərf olunub.

Filmin görmə imkanları məhdud tamaşaçılar üçün tifloşərhli versiyası da hazırlanıb.

Premyera nümayişi üçün Almaniya-Avstriya birgə şirkəti “Lang AG”dən xüsusi proyeksiya ekranı alınıb, Almaniyanın “BIG cinema” şirkətindən isə müasir kinoproyektor icarəyə götürülüb. Bu texnologiyadan Azərbaycanda belə miqyaslı bədii filmin nümayişi üçün ilk dəfə istifadə olunduğu bildirilir.

Filmin yaradıcı heyəti və nümayiş tarixi

“44” filminin bədii rəhbəri Anar Ələkbərov, quruluşçu rejissorları İsmayıl Səfərəli və Maksim Smetana, ssenari müəllifləri Anar Ələkbərov və İsmayıl İman, prodüseri Orman Əliyevdir.

Quruluşçu operator Oleksandr Pozdnyakov, montaj rejissoru Elşad Rəhimov, bəstəkar Ruslan Ağababayev, səs rejissoru isə Teymur Kərimovdur.

Filmin gələcəkdə xarici ölkələrdə nümayişi və beynəlxalq kinofestivallarda iştirakı nəzərdə tutulur.

# 134 dəfə oxunub

Oxşar xəbərlər

Özge Gürel:  "Bu işə başlayarkən çox qorxurdum"

Özge Gürel: "Bu işə başlayarkən çox qorxurdum"

10:26 13 oktyabr 2026
"Uşaqlara qarşı ən qorxunc günah..." –  Robert Pattinson yeni qalmaqallı filmindən danışdı

"Uşaqlara qarşı ən qorxunc günah..." – Robert Pattinson yeni qalmaqallı filmindən danışdı

14:07 12 oktyabr 2026
İzabel Yüpper süni intellekt qorxusundan danışdı:  "Hələ ki, ekrandakı öz üzümdür"

İzabel Yüpper süni intellekt qorxusundan danışdı: "Hələ ki, ekrandakı öz üzümdür"

12:02 12 oktyabr 2026
"Oskar" tarixində ilk:  Oliviya Uayld yeni rekorda imza atmağa hazırlaşır

"Oskar" tarixində ilk: Oliviya Uayld yeni rekorda imza atmağa hazırlaşır

16:45 10 oktyabr 2026
"Netfliks"in qalmaqallı serialı üçüncü mövsümlə qayıdır:  "Ovçu qadınlar"da oyun qaydaları dəyişir

"Netfliks"in qalmaqallı serialı üçüncü mövsümlə qayıdır: "Ovçu qadınlar"da oyun qaydaları dəyişir

13:30 8 oktyabr 2026
"Disney+"dan Asiya bazarına böyük hücum:  Qlobal layihələr, animelər və iddialı planlar

"Disney+"dan Asiya bazarına böyük hücum: Qlobal layihələr, animelər və iddialı planlar

13:00 8 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər