Özündən yaşca böyük qadını sevdi və öldürmək istədi

Özündən yaşca böyük qadını sevdi və öldürmək istədi
9 oktyabr 2021
# 09:00

Kulis.az "Qırmızı və qara" romanı əsasında çəkilmiş eyniadlı filmin təhlilini təqdim edir.

Romanın süjeti: Fransada yerləşən bir şəhərciyin meri, özündənrazı və lovğa de Renal arvadı Luizaya xəbər verir ki, övladlarına mürəbbi götürməyə qərar verib. Bu, dülgər oğlu 18 yaşlı Jülyen Soreldir. O, bir neçə ildir ki, ilahiyyatı öyrənir və latıncanı əla bilir.

Napoleonun hərbi əməliyyatlarının iştirakçısı olmuş polk həkimi vaxtilə ona latınca və tarixi öyrədibmiş. Onun təsiri ilə Sorel Napoleona pərəstiş edir. O düşünür ki, Napoleon dövründə karyera qurmaq və məşhurlaşmaq onun üçün ən doğru yol olardı. Amma mövcud dönəmdə Sorel ona yol açacaq tək peşənin - keşişliyin olduğunu düşünür. O, şöhrətpərəst olsa da, cəmiyyətdə irəliləmək üçün hər şeyə dözməyi gözə alır.

Luiza ərinin mürəbbi götürmək fikri ilə əvvəl razılaşmasa da, Sorellə tanışlıq zamanı onun yaraşığından və bədbəxt görünüşündən təsirlənir. Tezliklə evdə hamı ona hörmətlə yanaşır. Özəlliklə, Sorelin latıncanı bilməsi hamıda heyranlıq doğurur. Arzusu Parisi fəth etmək olan Sorel öz məqsədlərini bacarıqla gizlədir. Luizanın qulluqçusu Eliza gənc adama vurulsa da, Sorel ona laqeyddir.

Zaman keçdikcə Luiza Sorelə aşiq olur. Sorel də onun hisslərinə qarşılıq verir. Bununla belə, qadının qəlbini fəth etmək Sorel üçün hər şeydən əvvəl bir özünütəsdiqdir, nəinki sevgi...

Eliza onların sevgi münasibətləri haqda de Renala xəbər versə də, Luiza ərini günahsızlığına inandıra bilir.

Sonradan Sorel abbat Şelanın məsləhətilə Bezansona, seminariyaya gəlir. Burada o, abbat Pirar ilə yaxınlaşır. Tezliklə Pirar Soreli, ona himayədarlıq edən markiz de La Molun köməkçisi işinə düzəldir. İşgüzarlığına görə markiz Soreli ordenlə təltif edir. Amma qızı Matilda ilə Sorelin evlənməsinə qarşıdır. Bununla belə, qızının təkidi ilə evliliyə razı olur.

Və markiz Sorel haqda məlumat toplamaq üçün de Renala yazır. Luiza cavab məktubunda onun karyerist olduğunu, məqsədinə çatmaq üçün hər vasitədən istifadə etdiyini qeyd edir. Bu məktubdan sonra markiz qətiyyətlə nikahın əleyhinə çıxır. Karyerası bitən Sorel Luizanı öldürməyə cəhd etsə də, qadın sağ qalır. Məhkəmə ona ölüm cəzası kəsir. Sorelə həbsxanada baş çəkən Luiza bu məktubu ona keşişin yazdırdığını deyir. Sorel anlayır ki, Luiza onun sevə biləcəyi yeganə qadındır. O, edam olunur. Bir neçə gün sonra isə Luiza ölür...

1830-cu ildə yayımlanan romanın əsas qəhrəmanı Sorel Stendalın alter eqosudur. Əsl adı Mari Anri Beyl olan yazıçı Stendal adıyla əsərlərini çap etdirir. O da Sorel kimi, anasını itirir, himayəsində qaldığı atası ilə münasibətləri alınmır. Babasını isə çox sevən yazıçı onun sayəsində Didronun, Volterin yaradıcılığı ilə tanış olur. Uşaqlıqda zorla "İncil"i oxutduqlarına görə, o da qəhrəmanı kimi din xadimlərinə, klerikalizmə nifrət edirdi. Stendal da latını yaxşı bilirdi. Napoleona rəğbəti olan yazıçı hərbidə xidmət eləmişdi. Müəyyən müddət İtaliyada yaşayanda general arvadı Matildaya vurulmuşdu. Erkən ölən bu qadın onun ürəyində dərin iz qoymuşdu.

Romanın süjetini isə Stendal qəzetdə çap olunan kriminal xronikadan götürmüşdü. Antuan Berte adlı cavan oğlan törətdiyi qətli inkar etmir. Kənd dəmirçisinin oğlu olan, dini təhsil alan Berte varlı bir adamın övladlarına mürəbbilik edirmiş. Berte ilə həmin zəngin adamın xanımı arasında nə baş verdiyi dəqiq bilinmir. Sonda Berte də edam olunur. Aşağı sinifdən olan gənc fransız kişilərin yüksək təbəqəyə malik qadınların məşuqu olması və ya onlarla evlənməsi nəticəsində sosial pillələrlə yüksəlməsi o dövr üçün tipik hal idi. Mənfəət üzərində qurulmuş münasibətlər sonradan konfliktli vəziyyətlərə səbəb olurdu. Və bu səbəbdən qaynaqlanan məhkəmə prosesləri həmin dövrdə geniş yayılmışdı.

Üç il sonra Stendal "Qırmızı və qara" romanını yazır. Roman daha çox yazıçının ölümündən sonra məşhurlaşır...

"Qırmızı və qara" psixoloji romanın ən yaxşı ilk nümunələrindən sayılır. Roman fərdin daxili aləminin araşdırılması, psixoloji təhlili ilə fərqlənir.

İlk dəfə bu əsər 1920-ci ildə italyan rejissoru Mario Bonnard tərəfindən ekranlaşdırılıb. İkinci dəfə əsəri yenə italyan rejissoru Cennaro Riqelli 1928-ci ildə çəkib. Amma filmi Almaniyanın kino şirkəti istehsal edib. Romanla o qədər də səslənməyən film təsvirlərinə görə kino mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilib.

Riqelli filmi yenidən bu dəfə İtaliyada lentə alır. Qeyd edim ki, adını çəkdiyim ilk iki film səssiz kino dönəminə aiddi. Riqellinin 1947-ci ildə çəkdiyi ekran əsəri isə romanın ilk səsli film versiyasıdır. Ancaq bu filmlər internetdə yerləşdirilmədiyindən onlar haqda məlumat verə bilməyəcəyik.

Ümumiyyətlə, "Qırmızı və qara" romanı daha çox televiziya filmi formatında çəkilib. 1976-cı ildə Sovetlər İttifaqında ekranlara çıxan eyniadlı, beşseriyalı televiziya filminin rejissoru Sergey Gerasimov idi. 1961- ci ildə fransız Pyer Kardinal, 1993-cü ildə ingilis Ben Bolt roman əsasında televiziya filmi çəkiblər. Roman sonuncu dəfə, 1998-ci ildə hələ ki fransız rejissoru Jan Danie Veraj tərəfindən ekranlaşdırılıb. Sadaladığım əsərlər televiziya filmi kimi çəkilib. Yəni televiziyanın texniki imkanlarını nəzərə alaraq çəkilir. Layihədə isə bir qayda olaraq, böyük ekran üçün nəzərdə tutulmuş filmə üstünlük verdiyimizdən, fransız rejissoru Klod Otan Laranın 1954-cü ildə çəkdiyi eyniadlı versiyasından danışacağıq.

Stendal romanda Napoleondan sonrakı dövrün hərtərəfli mənzərəsini yaradır. Rejissor isə əsasən Sorelin sevgi hekayələrinə fokuslanır. Və bu hekayələr fonunda onun xarakterini, kimliyini açmağa çalışır.

Film Sorelin məhkəmə prosesi ilə başlayır və fleşbək metoduyla onun hekayəsini əvvəldən izləyirik.

Sorelin (Jerar Filip) ən böyük problemi onun sevgisizlikdən əziyyət çəkməsidir. Əslində, onun şöhrətpərəstliyinin, sinikcə sosial statusunun yüksəltməyə, seçilməyə çalışmasının kökündə sevgisizlik dayanır. Sevgi çatışmazlığına səbəb isə onun uşaqlıqdan atasından aldığı travma, anasını erkən itirməsi, qayğıdan məhrum olmasıdır. Bu mənada romanda olduğu kimi, filmdə də freydsit motivlər əksini tapır. Çünki ana nəvazişi, qayğısı axtaran Sorelin Luizaya (Daniel Daryo) aşiq olması anasızlığının sublimasiyası idi. Onun səmimi sevgiyə, sevilməyə ehtiyacı şöhrətpərəstlikdən, hər hansı sosial statusdan daha vacib idi. Məhz buna görə də Luizanın məktubu nəticəsində karyerasının məhv olmasına rəğmən Sorel qadının onu sevdiyini biləndə xoşbəxt olur. Və onu gözləyən edamı daha mətanətlə qarşılayır. Beləliklə, kübar cəmiyyətdə tanınmaq, yüksək ad-san naminə hər cür hiyləgərlik etsə belə, əslində, Sorelin hekayəsinin paradiqmatik qatında təmənnasız sevgiyə ehtiyac dayanırdı.

Sorelin məhkəməsi, ölümqabağı əfv diləməməsi, keşişi qəbul etməməsi, tövbədən imtina etməsi, məhkəmənin ona ölüm cəzası kəsməsini törətdiyi cinayətlə yox, məhz aşağı təbəqədən olması ilə əsaslandırması - Kamyunun "Yad" əsərini, onun baş qəhrəmanı Mersonu xatırladır.

Amma Sorelin könüllü olaraq həyatdan imtinasının kökündə sinfi, sosial, mövcud quruluşa etiraz dayanır. Mersonun etirazı isə ekzistensionallıqdan doğur, onun üçün həyat, din, Tanrı anlam daşımır, ondan ötrü dünya həbsxanadır və o, absolyut azadlığa can atır.

"Yad" absurdizm fəlsəfi düşüncəsi müstəvisində işlənibsə, "Qırmızı və qara" psixoloji realist romandır.

Stendal kimi, rejissor da nəqlində sevgini önə çəkir: Sorelə yalnız Luizanın təmiz, təmənnasız sevgisi güc verir, onu mənəvi cəhətdən təmizləyir.

Başqa bir maraqlı obraz Matildadır (Antonella Lualdi). Romanda olduğu kimi, ekran versiyasında da Matilda obrazı mahiyyətində bir növ mazoxizmin əlamətlərini daşıyır. O, çılğın, əzablı bir eşq yaşamaq istəyir. Bunun üçün isə o, yalnız yoxsul təbəqədən çıxmış bir adamı sevə bilərdi. O, atasına qarşı gedir, bu nikaha iddia edir. Üstəlik, Sorelin ona qəzəbini görəndə onun ayaqlarına yıxılır. O, Soreli sonadək tərk eləmir, çünki əzablarından, Sorelə görə cəmiyyət qarşısında rüsvayçılığından həzz alır.


Qeyd edim ki, roman yazıldığı dövrdə, yaradıcılığı sayəsində ədəbiyyata, incəsənətə, psixiatriya elminə mazoxizm anlayışının daxil olduğu Leopold fon Zaxer-Mazox hələ doğulmamışdı.

..."Qırmızı və qara" filmi romanın fonu, bədii gücü ilə müqayisədə çox sönükdür. Rejissor filmdə öz "Qırmızı və qara"sını, bu əsərə fərqli bir baxışını təqdim edə bilmir. O, yalnız romanı üzdən, səthi şəkildə ekrana köçürüb. Ümumilikdə isə Klod Otan Lara kinoda aktyorlardan keyfiyyətli nəticə almasına, rəng həllinə, kinematoqrafik nəqlinə görə parlaq simalardan biri olub. Amma "Yeni fransız" dalğasının meydana gəlməsi ilə onun avtoriteti azaldı və əsasən kommersiya filmləri çəkməyə başladı.

Romanın adına gəlincə, ənənəvi olaraq belə hesab olunur ki, qırmızı və qara rənglər, personajın seçimini simvolizə edir. Yəni Sorelin karyera seçimində kilsə (ruhanilərin qara geyimini) və ordunu (zabitlərin qırmızı mundirini) nəzərdə tutur. Ümumiyyətlə isə romanın adı ilə bağlı müxtəlif ehtimallar irəli sürülsə də, son nəticədə ədəbiyyatşünaslıqda bu barədə birmənalı fikir formalaşmayıb.

Maraqlı bir faktı qeyd edim ki, Klod Otan Lara 1980-ci illərin sonunda Avropa Parlamentinin üzvü olub. Amma radikal millətçi baxışlarına görə qalmaqallı şəkildə istefa verib. Bundan başqa, o, vitse-prezidenti olduğu Fransa İncəsənət Akademiyasından siyasi baxışlarına görə çıxarılıb. Rejissor 2000-ci ildə vəfat edib.

# 5655 dəfə oxunub

Oxşar xəbərlər

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

10:24 22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

09:48 22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
"Kardeşlerim"in aktrisası yeni serialda

"Kardeşlerim"in aktrisası yeni serialda

09:30 21 noyabr 2024
"Safir" serialı “Emmy”yə namizəd oldu

"Safir" serialı “Emmy”yə namizəd oldu

09:12 21 noyabr 2024
# # #