Rasim Balayev : “İttifaqa ehtiyac yoxdusa, desinlər, çıxaq gedək”

Rasim Balayev : “İttifaqa ehtiyac yoxdusa, desinlər, çıxaq gedək”
26 may 2011
# 13:44
Kulis.az-ın suallarını bu dəfə aktyor, xalq artisti, Kinematoqrafçılar İttifaqının birinci katibi Rasim Balayev cavablandırdı.

- Kinematoqrafçılar İttifaqının maddiyyat problemləri öz həllini tapa bildimi?

- Maddi problemlərlə neçə müddətdir əlləşirik. Amma hələ ki bir nəticə olmayıb. Sözün əsl mənasında iflic vəziyyətindəyik. Əvvəllər müxtəlif mənbələrdən maddi yardımlar alırdıq. Bu gün bunlar yoxdu. Aidiyyatlı təşkilatlara, hətta prezidentə də müraciət etmişik. Cavab yoxdur. Artıq bir ilə yaxındır gözləmə mövqeyində dayanmışıq. Hər halda ümid edirik ki, buna bir əncam çəkilər. Çünki ictimai təşkilatlar var, yazıçılar, bəstəkarlar, rəssamlar birlikləri. Hamısına müəyyən dərəcədə maddi yardımlar edilir, Kinematoqrafçılar İttifaqına isə yox.

- İşçilər bu halla bağlı etirazlarını bildirirlərmi?

- Onlar yavaş-yavaş getmək istəyirlər, bir neçəsini özümüz ixtisara salmışıq. Bəziləri maaşsız gəlib-gedirlər, içi mən qarışıq. Gözləyirik. Hələ ki, ümidlə yaşayırıq.

- Bəlkə dövlət qurumları belə hesab edirlər ki, Kinematoqrafçılar İttifaqına heç ehtiyac yoxdur?

- Yoxdursa, desinlər ki, sizin fəaliyyətiniz bizə lazım deyil. Sizin fəaliyyətinizi, tutalım, başqa bir qurum aparacaq. Biz də çıxaq gedək. Amma bunu da demirlər.

- Maddi problemlər hansı işlərin və ya lahiyələrin həyata keçirilməsinə maneə oldu?

- İl boyu plan tuturuq, müxtəlif tədbirlər keçiririk. Çox vaxt səfirliklərlə əlaqə saxlayıb, İranın, Fransanın, Rumınyanın, Macarıstanın və başqa ölkələrin filmlərinin həftələrini keçiririk. Sonra ayrı-ayrı sənət adamların yubileylərini qeyd edirik, gənc kinematoqrafçıların işlərinə baxıb müzakirə aparırıq. Düzdür, tez-tez böyük festivallar keçirə bilmirik. Amma “Şərq-Qərb” kinofestivalını məhz biz keçirirdik. Özü də bu mərhum Heydər Əliyevin sərəncamı əsasında. Təxminən 11 dəfə baş tutan festivalın keçirilməsi indi dayandırılıb. Deyilənə görə, “Nizami” kinoteatrını festival mərkəzi edəcəklər. Orda yenidən festival keçiriləcək. Yəni burada işlər çox olur. Maddi imkanlarımız olmadığına görə bu işlərin hamısını dayandırmışıq. Mən demirəm işlərin çox xərci var, amma az da olsa lazımdır. Həm də maddi durum yaxşı olanda, insanın tədbirlər planı daha da zənginləşir, yeni-yeni ideyalar yaranır. Amma olmayanda, adam iş barədə heç fikirləşmək istəmir.

- Keçək yaradıcılığınızla bağlı suallara. Sizin iştirakınızla çəkilmiş “Nəsimi”, “Babək”, “Dədə Qorqud” kimi filmlər milli televiziyalar vasitəsilə çox tez-tez yayımlanır. Və neçə-neçə nəsil bu filmlərə baxa- baxa böyüyüblər. Amma son filmləriniz, məsələn, “Cavid ömrü”, “Qala” eyni taleyi yaşamadı. Necə düşünürsünüz, niyə milli televiziyalar bu filmlərə belə ögey münasibət göstərir?

- Vaxtilə bu filmlərin əsas tamaşaçıları kinoteatrlarda olurdu. Sizin yadınıza gəlməz, “Nəsimi” filmi bir ay ərzində “Nizami” kinoteatrında üç zalda anşlaqla yayımlandı. Həmçinin o biri tarixi filmlər - “Dədə Qorqud”, “Babək”. Əvvəl bir televiziya vardı, hamı məcbur idi, nə yayımlanırsa, ona da baxmağa. İndi, maşallah, o qədər şou-mou proqramlar var ki, ola bilsin, filmlər yayımlanır, amma sizə rast gəlməyib. Artıq bizim filmlərin göstərilən yeri bircə televiziyadır. Kinoteatrlar da ki, bilirsiniz nə vəziyyətdədir. Bircəsi qalıb - “Azərbaycan” kinoteatrı, orda da ancaq Amerika filmləri göstərilir. Yəni bu mənada ancaq televiziya qalır, onlar da kefləri istəyəndə verirlər.

- Siz çox mürəkkəb, problematik obrazlar yaratmısınız. Bu obrazlara necə hazırlaşırdınız?

- Hazırlaşmaq deyəndə ki, mən artıq aktyorluğu bitirmişdim. Müəyyən təcrübəm vardı. Yəni kinoda təsadüfü adam deyildim. Hər filmin hazırlıq prosesi özünəməxsus olub. Məsələn “Nəsimi” filmini çəkməyə başlayanda, rəhmətlik Həsən Seyidbəyli (əli ilə şkafın üzərindəki 3 tablodan birini göstərərək “Bax, o lap sağdakı. O buranın birinci katibi idi. Həm də rejissor. Bax, bu stullarda-mebel dəyişməyib”, - deyə əlavə edir) ilə burda yığışıb filmin epizodlarının hamısını bir-iki ay məşq etdik. İlk işim olduğundan Həsən Seyidbəyli tam əmin olandan sonra təsdiq olundum. Çəkilişlər başladı. O biri filmlərdə də başqa cür. Bilirsiz ki, yoxlanış olur, bir rola bir neçə aktyoru yoxlayırlar. Həm “Dədə Qorqud”da, həm “Babək”də belə oldu. Məsələn, Babək xarakter etibarı ilə Nəsimi ilə çox fərqlidir. Bu rolu ifa edərkən qılınc oynatmalı, at çapmalıydım. Üzgüçülüyə getdim. O səbəbdən filmin hazırlığı bir neçə ay çəkdi.

- Nəsimi və Cavid. Hər ikisi şair olub. Rollara hazırlaşarkən onların əsərlərini oxuyurdunuz?

- Cavidin şəkli var. Az da olsa, xronikada görünür. Amma Nəsimi zamanında foto olmayıb. Mənim üçün əsas mənbə yazılmış ssenari idi, ordakı dialoqlar. Bir də təbii ki, onun şeirləri. Şeirləri oxuyub təxmin edirdik ki, Nəsimi belə olar, belə yeriyər, belə danışar. Amma Hüseyn Cavid yaxın keçmişdə yaşayıb. Düzdür, mən ola bilsin ki, bu obraza portret etibarı ilə o qədər də uyğun deyildim. Amma müəlliflər məni inandırdılar ki, biz bu rola portret oxşarlığı cəhətdən deyil, xarakter oxşarlığı kimi yanaşırıq. Ona görə görünüş oxşamasa da olar.

- Neçə ildir dublyajlarda iştirak edirsiniz?

- Mən çox dublyajda iştirak etmişəm. Vaxtilə kinostudiyada dublyaj şöbəsi vardı. SSRİ məkanında Azərbaycan ən çox dublyaj edən respublikalardan biri idi. Biz ildə 60 özbək, gürcü, moldavan və xarici filmləri dublyaj edirdik. Mən də əsas obrazları səsləndirirdim. Sonradan bu qurumlar dağıldı və ya bağlandı. İndi də dublyaj edirlər. Ancaq hiss edirəm ki, dubljayın vəziyyəti tamaşaçıların xoşuna gəlmir. Amma bəzi filmlər var. Eşitmişəm tamaşaçı razı qalıb. Məsələn, Yusif peyğəmbər haqqında filmi bəyniblər. Mən də bir neçə seriyasına baxdım. Doğrudan yaxşı dublyaj olunmuşdu. Amma ümumən camaat narazıdı, çünki eyni səslərdən istifadə olunur. Bir də görürsən ki, bir filmi ikicə insan səsləndirir. Sinxron tərcümə demək olar ki, yoxdur. Bu sahəyə maliyyə ayrılmalıdır. Bütün rolları ayrı-ayrı şəxslər səsləndirməlidir.

- Daha çox dublyaj olunmuş filmləri təkrar dublyaj edirlər. Yəni rus və ya türk dillərindən tərcümə.

- Bəli, bəli. Ssenaridə müəyyən psixoloji anlar olur. Aktyor əsəbilikə oynuyur. Amma onu səsləndirən rahat danışanda, aktyorun oyunu da itir. Dublyaj zamanı diktor mətni ilə tərcümə edilir, bu da effekt vermir. Aktyorun filmdəki vəziyyətinə uyğun olmaq üçün çox iş görmək lazımdır. Mətn yaxşı tərcümə olunmalıdır, müəyyən sözlərin ağıza düz gəlməsi üçün sinonimləri tapmaq gərəkdir. Bunların hamısı işdir. Bunları görməmiş yaxşı dublyaj etmək mümkün deyil.

- Ən son oxuduğunuz kitablar hansılardır?

- Sağ olsunlar yaxşı şair, yazıçı dostlarım var. Onların kitabların oxuyuram. Məsələn, bu gün mənə kitab bağışlayıblar. Bir azərbaycanlı Hindistanda neftin atası sayılır. Qəribədi, bu haqda heç bilmirdim. Gedib onu oxuyacam. Bəzən darıxanda elə Nəsimini, Füzulini, klassik ədəbiyyatımızı vərəqləyirəm. Əsas mətbuatı oxuyuram. Amma cavanlıqdakı kimi yox. Amma oxuyuram, demək olar ki, 30 ildən çoxdu yatmaq istəyəndə kitab oxuyuram. Mənə vaxtı ilə deyirdilər, bu, gözə ziyandı, amma oxumasam, yata bilmərəm vərdiş etmişəm. Bir səhifə də olsa oxumalıyam.

- Ən çox sevdiyiniz əsərlər hansılardır?

- Yaxşı əsərlərin hamısını çox sevirəm.

- Gənc aktyorların çox kitab oxumadıqları deyilir. Hətta bəziləri ancaq öz mətnini əzbərləyib, bütün ssenarini oxumur. Bu haqda nə fikirləşirsiniz?

- Mən gənclərin çoxunu yaxşı tanımıram, bilmirəm onlar necə edirlər. Amma bizim məktəb başqa cür idi. Mən Hüseyn Cavidin bütün pyeslərini oxumuşam. 80-ci illərdə Akademik Milli Dram teatrında onun “İblis” əsəri səhnələşdirildi. Mən Arif obrazını oynamışam. Bir adamın obrazın oynayanda, yaxud bir epoxa haqqında film çəkəndə oxuyurduq. Düzü, oxumaq adama istedad vermir, amma məlumatlı olmaq yaxşıdır. Oynadığın əsri mütləq bilməlisən. Məsələn, Babək haqqında müəyyən məlumatlar var idi. Çoxu ərəblərdən qalmışdı, onlar da Bəbəki heç yaxşı təsvir etməyiblər. 200 il sonra Hitleri rus ədəbiyyatından oxuyub kino çəkmək kimi. Mən gənc aktyorların iş prinsipini bilmirəm, amma siz deyən kimidisə, çox pis! Savadsız olub, yaxşı aktyor olmaq mümkün deyil.

- Özünüzü rejissor kimi sınamaq istəmisiniz?

- Yox rejissorluq barədə düşünməmişəm. Çünki bu sənət çox ağırdır. Ola bilsin, bəzi aktyorlar rejissorluq edirlər. Amma mən özümdə bu qabiliyyəti hiss etmirəm.

P.S: Son sualımı sağollaşarkən verdim. “İnternetdən istifadə edirsinizmi?” Aktyor gülümsəyərək, bir dəfə kompyuter gətirdilər, dedilər sizi də öyrədək. Mən də dedim ki, qalan ömrümü bu cihazın arxasında keçirmək istəmirəm”.

Günel SƏFƏROVA
# 1366 dəfə oxunub

Oxşar xəbərlər

Ancelina Colinin rol alacağı yeni filmi bəlli olub

Ancelina Colinin rol alacağı yeni filmi bəlli olub

15:00 23 noyabr 2024
Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?

10:00 23 noyabr 2024
Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq

10:24 22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək

09:48 22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
#
#
# # #