Məlik Dadaşov kimləri dəfnində görmək istəmirdi?
18 avqust 2012
07:00
Mərhum aktyor Məlik Dadaşovun qızı Gülnarə Dadaşovanın atası haqda xatirələrini təqdim edirik.
- Atam Məlik Dadaşov 1924-cü il iyunun 17-də Bakı şəhərində anadan olub. Bakıda məşhur olan ağşalvarlılardandır. Bizim soyadımız Dadaşov deyil, Xanbutayevdir. Ata babam Bakı xanlarının nəslindəndir. Sovet hakimiyyəti qurulandan sonra Xanlar sülaləsi Sovet rejimi tərəfindən təzyiqlərə məruz qaldığına görə babam Dadaş soyadını dəyişərək adını soyad kimi götürüb. Elə o vaxtdan da bizim nəslin soyadı Dadaşov gedir. 1937-ci ildə babam Yusif Dadaşovu Sibirə sürgün ediblər.
- Babanızın sürgün olunmasının səbəbi nə idi?
- Babamın şəxsi neft buruqları olub. Nobel qardaşları ilə işləyib. Babamda buruqların qanuni sənədləri vardı. Sonradan araşdırıb görüblər ki, sənədlər bizim ailəyə məxsusdur. Buna görə babamı sürgün ediblər. Həm də soyadına görə onları çox incidiblər. Babam sonradan bəraət alıb. Atamgil üç qardaş olublar. Böyük əmim, rəhmətlik Salman Dadaşov əvvəllər aktyor kimi çalışıb. Bəzi filmlərdə də çəkilib. Məsələn, “Onun böyük ürəyi” filmində Oqtay rolunu əmim Salman Dadaşov ifa edib. Uzun müddət Sumqayıt teatrının rəhbəri olub. Brilyant xanımın atası (Xalq artisti Brilyant Dadaşovanı nəzərdə tutur - red.) Süleyman əmim isə universitetdə riyaziyyat müəllimi işləyib. Süleyman əmi həm də gözəl musiqiçi idi, qarmonda, pianoda ifa etməyi bacarırdı. Atam uşaqlıqdan incəsənətə bağlı olub. Bunun əsas səbəbi atamın görkəmli aktyor Hüseyn Ərəblinskiylə qohum olması olub. Atam əvvəl Tibb Universitetinə daxil olur. Sonra necə olursa sənədlərini Teatr İnstitutuna (indiki Mədəniyyət və İncəsənət Universiteti) verir. Atamda musiqiyə böyük həvəsi olub. Pianoda, nağarada ifa edirdi. Sənədlərini Teatr İnstitutuna verəndən sonra Adil İsgəndərovun sinfinə daxil olur. 1945-46-cı illərdə Zaqatalad səhnə fəaliyyətinə başlayır və oradan da Dram Teatrına gəlir.
- Bildiyimə görə, atanız Zaqatala teatrında Rafael Dadaşovun anası Sofiya Hüseynova ilə tanış olur…
- Onlar Zaqatalada Sofiya xanımla bir yerdə çalışıblar. Görünür, bir-birini bəyənib, evləniblər.
- Ayrılıqlarının səbəbi nə oldu?
- Bu barədə dəqiq bir şey deyə bilmərəm.
- Atanızın ondan sonra bir evliliyi də olub.
- Bəli, bu izdivacdan mənim iki bacım dünyaya gəlib. Biri 1994-cü ildə xərçəng xəstəliyindən rəhmətə gedib. O biri bacım hazırda ailəsi ilə birlikdə Amerika Birləşmiş Ştatlarında yaşayır. Əlaqə saxlayırıq bir-birimizlə.
- Ananız, gözəl Dolares xanıma atanızın çox güclü məhəbbəti olub…
- (Gülür). Hə, elədir. Onların arasında çox güclü sevgi olub. Anamla atam 1964-cü ildə tanış olublar. Birlikdə İncəsənət Universitetində işləyiblər və 1966-cı ildə ailə qurublar. Atam anamdan 13 yaş böyük idi. Bu nikahdan yalnız mən doğulmuşam.
- Siz atanıza çox bənzəyirsiniz.
- (Gülümsəyir). Bunu hamı deyir.
- Atanız yaraşıqlı kişi olub.
- O, qadınlara qarşı çox diqqətli idi. Həmişə deyirdi ki, qadına nə qədər diqqət göstərsən, bir o qədər yaxşıdır. Qadına əl qaldıran kişiləri başa düşmürdü. Atam sözün əsl mənasında, kişi idi.
- Məlik Dadaşov kino tariximizdə unudulmaz obrazlar yaradıb. “Ölülər”də Şeyx Nəsrullah, “Dəli Kür”də Molla Sadıq, “Axırıncı aşırım”da Qəmlo… Və qəribədir ki, canlandırdığı obrazların hamısı mənfi obraz olub.
- Atam mənfi rollar ifa etsə də həyatda yaxşı insan idi. Oynadığı rolların tam əksi bir insandı. Qarışqanı belə incitməzdi.
- Atanızın ilk uğurlu rollarından biri də “Dəli Kür” filmimdəki Molla Sadıqdır. Həmin filmlə bağlı hər hansı bir xatirə danışa bilərsinizmi?
- Filmin çəkilişləri zamanı mən hələ anamın bətnində idim (gülür). Anam da atamla birlikdə çox vaxt çəkiliş meydançasında olurdu. Həmin filmdə belə bir epizod var: meyxana səhnəsində Cahandar ağanın bacısı Şahnigar atamın üzünə sillə vurmalı idi. Şahnigar rolunu gürcü aktrisası oynayırdı. Aktrisa ona şillə vururdu, amma yaxşı alınmırdı. Həmin epizod üçün bir neçə dubl çəkilir. Yenə də alınmır. Rejissor Hüseyn Seyidzadə deyir:
- Belə olmaz. Silləni bərk vurun.
Anam danışırdı ki, aktrisa belə cavab verib:
- Ürəyim gəlmir axı bərk vurmağa. On takoy dobrıy!
Rejissor deyib:
- Vur, ürəklə vur. Bu, filmdir, onsuz da onu vurmalısan. Bax, sonuncu dubldur.
Sonda aktrisa atamın üzünə güclü sillə vurur və çəkiliş uğurlu alınır.
- Məlik Dadaşovun kinoda yaratdığı ən mənfi rol zənnimcə, “Fəryad” filmindəki erməni generalı Xaçaturyan obrazı olub. Bildiyimə görə, Məlik müəllim bu rolu oynamaq istəməyib.
- Atam o rolu ifa etmək istəmirdi. Ümumiyyətlə, atam yaradıcılığı boyu iki rolu ifa etmək istəməyib. Biri bu erməni rolunu, biri də “Ölülər”də Şeyx Nəsrullahı. Şeyx Nəsrullahı ona görə oynamaq istəmirdi ki, özü son zamanlar namaz qılırdı. Deyirdi Allaha ibadət edirəm, amma “Ölülər”də Allaha qarşı çıxıram. “Fəryad” filmində isə düşmən obrazını oynamalı idi. Bu rolu heç oynamaq istəmirdi. Yadımdadır ki, Ceyhun Mirzəyev atama yalvarırdı ki, bu rol sizin üçün yazılıb. Atam onun sözündən çıxmadı və o obrazı yaratdı. Bu obraz sovet dövründəki general Baqramyanın obrazı idi. O da keçəl idi. Atamın da saçlarını qırxmışdılar. Atam əvvəl nə qədər çalışırdısa, alınmırdı. Deyirdi ki, ssenari üzrə mən həqiqi erməni düşməni obrazını canlandırmalıyam. Düşmən obrazını yaratmaq, özü də belə mənfi bir obrazı- çətin idi. Yadımdadır ki, çox əsəbiləşirdi, narahat olurdu. Ən pisi də o oldu ki, rola görə atamı Ermənistanda Milli Qəhrəman kimi qəbul etdilər. Atam AzTV-də çıxış elədi və o “addan” imtina etdi: “O adı heç vaxt özümə yaraşdıra bilmərəm. Bax buna görə də mən bu rolu oynamaq istəmirdim. Bilirdim ki, nəticəsi bu olacaq”. Atam bu obrazı necə gözəl oynamışdısa, ermənilər ona qəhrəman adı vermişdilər. Düşünürəm ki, bu onun ən uğurlu rolu idi.
- Atanız sonradan bunun xiffətini çəkirdi?
- Filmin premyerasında Ceyhun artıq rəhmətə getmişdi. Təqdimetmə Heydər Əliyev adına Sarayda oldu. Ailəlikcə hamımız premyeraya getmişdik. Tamaşaçılar bu obraza mənfi münasibət göstərdilər. Hətta arxamızda bir xanım oturmuşdu, atamın qulağı eşidə-eşidə söydü atamı. Təbii ki, atam buna görə çox pis olurdu. Evə gələndə məndən soruşdu ki, sənin fikrin necədir? Rus dilində dedim ki, “Tı takoqo podonka sıqral”. O da dedi ki, gör necə uğurlu alınıb ki, qızım üzümə “podonok” dedi.
- Necə düşünürsünüz, bu hadisə onun ölümünü tezləşdirdi? Qəddar və zalım düşmən obrazını yaratmaq aktyordan böyük cəsarət tələb edir.
- SSRİ Xalq artisti Nataliya Qundarevanın müsahibəsini dinləyirdim. O, maraqlı ifadə işlətdi. Dedi ki, “Biz aktyorlar Allah tərəfindən cəzalandırılmışıq, çünki, biz özümüzü oynamamağa məhkumuq. Min sifətə giririk”. Atam mənfi rolları oynayırdı, amma həyatda çox müsbət insan idi. Qundarevanın fikri yaddaşıma yazıldı. Həmin sitatı da atamın həyatı ilə bağladım və anladım ki, həqiqətən Qundareva düz deyib.
- Atanız həm də rejissor kimi fəaliyyət göstərib.
- Atam, həm Rus Dram Teatrında, həm də Azərbaycan Dövlət Dram Teatrında Sabit Rəhmanın “Nişanlı qız” pyesini səhnələşdirib. Tamaşa çox uğurla keçdi və neçə illər səhnədən düşmədi. Həmin tamaşa böyük tamaşaçı auditoriyası toplamışdı. Rejissor kimi özünü sınadı və uğurlu alındı. Ancaq sonra atamın qarşısına sərhədlər çəkildi. Ad çəkmək istəmirəm. Çünki, o insanlarin çoxu yoxdur həyatda.
- Təzyiqlər rejissorlar tərəfindən olurdu?
- Həm aktyorlar, həm də rejissorlar tərəfindən. Məlik Dadaşovu çox incidiblər. Bilmirəm, bu təzyiqlər bizim millətə məxsus olan paxıllıqdır, ya yox. Əslində, incəsənət aləmində paxıllıq hissi həmişə olub. İstedadlı aktyorların qarşısına həmişə çəpər çəkiblər. Onun hazırladığı və rol aldığı tamaşaları çox vaxt dondururdular. Atam bir çox əsərlərə əl atırdı ki, onu səhnələşdirsin, amma imkan vermirdilər. Buna görə inciyib neçə dəfə teatrdan çıxmışdı. O dərəcədə incik idi ki, ölümündən az əvvəl dili tutulmuşdu, danışa bilmirdi, travma almışdı, əli ilə işarə etdi ki, kağız verin.
… Bəzi adları da yazdı ki, onları mənim dəfnimə buraxmayın. Anam sözsüz ki, onun vəsiyyətini yerinə yetirdi, həmin insanları atamın dəfninə buraxmadı. Atamın cənazəsini Rəşid Behbudov adına Mahnı Teatrından götürdülər. Anam atamı çox sevirdi və həmin vaxt emosiyalarını cilovlaya bilmirdi. Onu başa düşmək olardı. Məlik Dadaşov kimi həyat yoldaşı itirmişdi.
- Atanıza təzyiq göstərən insanlar hamısı dünyasını dəyişib?
- Bəziləri sağdır. Onlar atamı işdən çıxardılar.
- İşdən çıxarmalarına səbəb nə idi?
- Adını çəkmək istəmirəm, o insan atamı guya yaşına görə təqaüdə göndərdi. Nə aktyor, nə də rejissor kimi qoymadı onu işləməyə. Amma yaxşı bilirdi ki, atam 70 yaşında olsa da, çox bacarıqlı, istedadlı aktyordur. Həyatda da, səhnədə də atam çox dinamik idi. Həm də sağlam idi. Yıxılmasaydı, bəlkə də indiyə kimi yaşayardı. Bir vaxtlar mən də aktrisa olmaq istəyirdim. Yadımdadır ki, orta məktəbi bitirən kimi sənədlərimi incəsənət sahəsinə vermək istədim, Moskvada Kinematoqrafiya İnstitutuna daxil olmaq istəyirdim. Bu institutu Mələk Abbaszadə, Səidə Əlibəyova kimi aktrisalar bitirib. Mən də o nəsildənəm, onlarla bir yerdə daxil olmalıydım. Atamdan xahiş etdim ki, ata, icazə ver mən də sənədlərimi verim oraya.
Atam üzümə baxıb, dedi:
- Qızım, görürsən mənim çəkdiklərimi?! Aktyorluq çətin sənətdir. Burada paxıllıqlar, dedi-qodular olur. Çox vaxt şəxsi həyatın da gətirmir. Gəl mənim məsləhətimə qulaq as, getmə bu sənətə.
Atamın məsləhətinə qulaq asdım və peşman deyiləm.
- Hazırda hansı sənətin sahibisiniz?
- Pedaqoji Universitetin uşaq psixologiyasını bitirmişəm. On iki il bu sahədə işləmişəm. ABA telekanalında çalışmışam. İndi Lider TV-də baş koordinatoram. Kadr arxasında oluram.
- Rafael Dadaşovla münasibətləriniz necədi?
- Aramızda həmişə gediş-gəliş, mehribançılıq olub. Rafael atam yerindədir. Onu çox istəyirəm. Yeganə bir qardaşım var. Atamın cavanlıq dövründə Rafael anadan olub. Bəlkə də atam o vaxt atalıq hissinin nə olduğunu bilməyib. Biz, fərqli böyümüşük. Atam Rafael üçün başqa bir ata olub, mənim üçün başqa. Mən atamın yaşlı vaxtında, 44 yaşında dünayaya gəlmişəm. Özüm də bu yaşda övlad dünyaya gətirmişəm.
- Atanız ona qarşı olan haqsızlığı evdə bildirirdi?
- Bu barədə daha çox anamla söhbətləşirdi. Anam onun həyat yoldaşı yox, həm də ən yaxın sirdaşı idi. Anam atamın nazı ilə oynayırdı. Onlar mənəvi cəhətdən də çox yaxın idilər, anamın da peşəsi teatrşünas-dilçi idi. Anam çox müdrik, intellektual insan idi. Onun məsləhətləri atama çox kömək edirdi. Hətta teatrda hansısa pyesi tamaşaya qoyarkən anam kitabxanadan pyesi alıb gətirirdi, oxuduqdan sonra atama məsləhət görürdü ki, sən bunu oxu, bəzi nüanslar var ki, onu dəyişə bilərsən. Onlar bütün tamaşaların üzərində birgə işləyirdilər. Bütün tamaşalara bir yerdə gedirdik. Mən teatrda, çəkiliş meydançalarında böyüyən insanam. O zamankı Mədəniyyət naziri Polad Bülbüloğlu Rus Dram Teatrından atamı çıxardanda o, çox əsəbiləşdi və xəstəxanaya düşdü. Mərkəzi Klinik Xəstəxanada neçə ay reanimasiyada, kardiologiya şöbəsində yatdı. Təzyiqi yüksək idi. Sağlam insan birdən-birə xəstələndi. Çoxları bilir ki, Rəşid Behbudov, Müslüm Maqomayev kimi insanlara qarşı da zamanında çox haqsızlıqlar olub.
- İstərdim atanızın son günlərindən danışaq. Hər hansı bir şikayəti var idi?
- Heç bir şikayəti yox idi. Sağlam insan idi. Atamı üzən həm də bacımın ölümü oldu. Yadımdadır ki, 1994-cü ildə böyük qızını itirəndə atam belə dedi: “Bundan sonra çox yaşayan deyiləm”. Dediyi kimi bacımdan iki il sonra rəhmətə getdi. Atamın ən sevimli övladları bacım və mən idim.
- Adı nə idi bacınızın?
- Bacımın adı Ayzənət idi. O, atamın ikinci nikahından doğulmuşdu. Onun anası avar idi. Və çox məşhur bir insanın - tanınmış idmançı Əli Süleymanovun qızı idi. Bacımın ölümündən sonra atamın təzyiqi qalxmağa başladı. Bir tərəfdən də ona qarşı olunan haqsızlıqlar təzyiqini qaldırırdı.
- Dediniz ki, atanız həm də travma almışdı. Travmanı necə almışdı?
- Atam Tədris Teatrında tələbələrlə “Arşın mal alan”ı məşq edərkən aşağıdan onlara baxırmış. Bu vaxt hansısa tələbə epizodun birini düz eləmir və atam ondan xahiş edir ki, bu yerini düz oyna, başım ağrıyır, mən səhnəyə qalxa bilmirəm. Atam çox emosional adam idi. Həmin epizodu göstərmək üçün pilləkənlərlə sürətlə yuxarı qalxarkən müvazinətini itirib yıxılır, burnunun yuxarı hissəsi zərblə səhnədəki stola dəyir. Çox güclü travma almışdı. Həkimlər onun güclü travma almasını bizdən gizlətmişdilər.
Cəmi altı gün xəstə yatdı. Eşidirdi, görürdü, amma danışa bilmirdi. Daha çox yazırdı və mən onun yazdıqlarını indi də saxlayıram.
- Necə düşünürsünüz, Məlik Dadaşova bu gün layiq olduğu qiymət verilir?
- Çox təəssüf ki, verilmir. İndiyə qədər bizi ancaq Kütləvi İnformasiya Vasitələri – telekanallar, qəzetlər, jurnallar yada salır. Sizə də təşəkkür edirəm ki, yada salmısınız. Onun doğum günündə, anım günündə radiolarda eşidirəm, jurnallarda, qəzetlərdə oxuyuram. 2007-ci ildə təşkilatçılığımla Azərbaycan Dövlət Dram Teatrında atamın xatirə gecəsi keçirildi. Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev bu işdə yaxından köməklik etdi.
- Hiss edirəm ki, ürəyiniz doludur. Bəlkə demədiyiniz nə isə qaldı?
- 15 ildir ki, atam yoxdur. Amma bilirəm ki, ömrümün axırına kimi atama qarşı sevgim yüksək olacaq. Çünki, biz onunla ata-bala yox, dost idik. Mənim üçün çox yaxın insan idi. Anama danışmadığım sirri atamla bölüşürdüm. Anam hətta hirslənirdi ki, sən qız övladısan, elə mövzular var ki, gərək açıqlamayasan atana. Hətta atamla söhbət eləyəndə anam otağa girən kimi biz söhbətimizi kəsirdik. Anam da deyərdi ki, hə, danışın, Dadaşovlar, danışın. Yəni bir-birimizə çox yaxın insan idik. O, həm də yaxşı ata idi. Qız övladının belə atası olanda və onu itirəndə sonradan ona çox çətin olur.
- Ən çox hansı anlarda atanızı yanınızda görmək istərdiniz?
- (Ağlayır) Həmişə, hər an, hər dəqiqə onu yanımda görmək istəyirəm. Nədənsə, çox gec-gec gəlir yuxuma.
- Sizin əkiz övladlarınız var. Biri qız, biri də oğlandır, eləmi?
- Bəli, uşaqlarıma valideynlərimin adlarını qoymuşam: Məlik və Dolares.
- Deməli onları yaşadırsınız?
- Əkiz olduğunu biləndən sonra belə qərar verdim və buna görə özümü çox xoşbəxt hiss edirəm.
“El” jurnalı
Südabə Sərvi

5930 dəfə oxunub
Oxşar xəbərlər
“Geri dönüş” filmi tezliklə nümayiş olunacaq
09:39
25 noyabr 2024
Aktrisa yeni serialda - "Kral kaybederse"
09:37
25 noyabr 2024
Ancelina Colinin rol alacağı yeni filmi bəlli olub
15:00
23 noyabr 2024
Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?
10:00
23 noyabr 2024
Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq
10:24
22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək
09:48
22 noyabr 2024