Qaynananın son arzusu - ANIM

Qaynananın son arzusu - ANIM
20 aprel 2011
# 15:21
Layihə: Bizi tərk edənlər


Kulis.az-ın bu layihəsində yaxın keçmişdə vəfat etmiş görkəmli mədəniyyət adamları haqqında xatirələr yer alacaq. Bu gün anım günü olan xalq artisti Nəsibə Zeynalova haqda danışacağıq.


1999-cu il idi, səhnəmizin qaynanası, həmkarlarının anası hesab olunan Nəsibə xanım Zeynalova ağır xəstə idi. Nəsibə xanımın 83 yaşı vardı.

Vəziyyəti bir az yaxşı idi, amma bu nisbət xoş gələcək vəd etmirdi.

Bir il öncə dili tutulmuşdu, ayaqları sözünə baxmırdı, 1999-cu ildə isə yenicə ayaq açan uşaq kimi addım atır, bir-iki kəlmə danışıb, sonra xeyli susub istirahət etməli olsa da dili söz tuturdu. Bizim gəlişimizə görə nəvəsi Nəsibə onu yatağından qaldırıb geyindirdi. Nəsibə xanım həvəssiz halda qollarını qaldırıb qiyafəsini əyninə alarkən nəvəsi ilə balaca bir dialoqları oldu.


- Qızım, bayaq Moskva televiziyasında dedilər kir, göydən hansısa planet qopub yerə yaxınlaşır, 2000-ci ilə qədər hara düşə düşə.

- Düşsün də...

- Axı, mən sizdən narahat gedirəm. Mən getdim, bəs, planet sizin başınıza düşsün?

- Düşməz, bir əlac taparlar.


Nənə Nəsibə nəvənin arxayın cavabından bir az rahatlaşdı. Bu kiçik dialoq bir nənənin öz gələcək nəslindən, nəvə-nəticəsindən xırda narahatlığını əks etdirir, amma burda həm də xarakter var. Nənədən başqa, həm də bir insanın, şəxsiyyətin portreti... Bu insan ona verilən qısa zaman çərçivəsində nələr yaşamadı, yetimlik, aclıq, kasıbçılıq, sevinc, sevgi, göz yaşı, uğur. Bu qədər müxtəlif, paradoks təşkil edən hissləri yaşamaq hər kəsin qisməti olmur.

Atasının 60 yaşı olanda doğulmuşdu

Cahangir Zeynalov dövrünün çox tanınmış, məşhur sənətkarı olub. Adı Azərbaycan teatrı tarixinə yazılıb. 50-ni artıq arxada qoymuş sənətkara bir gün sənət yoldaşları irad tuturlar ki, sənin var-dövlətinə sahib çıxmaq, adını yaşatmaq, nəslini davam etdirmək üçün bir övladın yoxdur.

Bu barədə düşünməli olan Cahangir Zeynalovun yeganə övladı Nəsibə dünyaya gələndə onun yaşı 60-ı keçmişdi. Əslən Cənub Azərbaycandan olan Cahangir Zeynalov düşünür ki, gərək ailəsini aparıb ata-baba yurdunu onlara göstərsin. Gedirlər, bir müddət orda qonaq da qalırlar. Taleyin gərdişindən bu səfər İranda başlanan iğtişaşlarla eyni vaxta təsadüf edir.

Tifdən ölüm

Qayıdanda yolda gəmini saxlayırlar, arvad-uşağa rəhm edən sərhəd gözətçiləri onları buraxır, amma kişilər o cümlədən həmin gəmidə olan Cahangir Zeynalovun ailəsi 8 gün açıq dənizdəki gəmidə gecələməli olur. Bakıya tif xəstəliyi ilə qayıdan sənətkar çox keçmir ki, dünyasını dəyişir. Onda Nəsibə yeniyetmə yaşlarına qədəm basmışdı.

İlk işi fəhlə olub

Danışırdı ki, o vaxtdan onun ağır həyat tərzi başlayır. “Atam rəhmətə getdi, anam da bir savadsız qadın idi, bir müddətdən sonra evdə hər şeyi satıb qurtardıq, qaldıq ac-süsuz.”

Nəsibə gəzib dolaşıb zavodlardan birində fəhləliyə düzəlir. Tezliklə anasını da itirən qızın həyat üzünə bir də Şəmsi Bədəlbəyli ilə rastlaşdığı gün gülməyə başlayır. Onun istedadını zavodun özfəaliyyət dərnəyinin çıxışında görən Şəmsi Bədəlbəyli Nəsibəni Musiqili Komediya Teatrına işə götürür. Onun köməkliyi ilə Nəsibə xanım Bakı Teatr Texnikumunu da bitirir. Sənətə addım atdığı ilk günlər də onun üçün ağrılı-acılı günlər olur. Texnikumu bitirəndə 1941-ci il idi, bunu demək kifayətdir ki, səhnəyə yenicə atılmış bir qızın əzablı sənət yolu gözlərimiz önündə canlansın.

Bu əzabların bir gün sonu çatır.

Musiqili Komediya Teatrının çox uzun bir tarixi Nəsibə Zeynalovanın adı ilə bağlıdır. İndi həmin tarixi vərəqləyirik. Rəxşəndə “Qızılaxtaranlar”, Afərin “Rəisin arvadı”, Kəblə Fatma “Hacı Kərimin aya səyahəti”, Həmşəxanım, Xeyransa “Həmşəxanım”, “Sevindik qız axtarır”, Qızbacı “Hicran”. Sonuncu sonrakı illərin məhsuludur. Həm də çox uğurlu məhsulu.

Kinoda da Nəsibə xanım bir-birindən maraqlı obrazlar yaradıb. “Ögey ana”, “Böyük dayaq, “Qanun naminə”, “Bizim Cəbiş müəllim” filmlərində yaratdığı obrazların hər biri filmlərin adlarını çəkən zaman tamaşaçının gözləri önündə canlanır. Özünəməxsusluğu, yumoru, təbiiliyi ilə. Yaradıcılığı boyu isə onun qaynana obrazı izləyir, ən məşhuru istər kinoda, istərsə də teatrda Cənnət xala olmaq şərti ilə.

Həyat yoldaşı cəbhədə həlak oldı, yenidən evləndi

İlk həyat yoldaşının müharibədə həlak olan Nəsibə xanımın onsuz da əvvəldən cüzi işıq ucları görünən qaranlıq həyat yollarını zülmətə qərq etmişdi. Sonradan, bəlkə də şəxsi həyatını tamam arxa plana keçirib özünü yalnız sənətinə bağlayan aktrisanın yoluna bir insan çıxdı.

Nəsibə xanım ailə quranda 38 yaşı vardı, yoldaşının isə 27. Musiqiçi idi, qastrollarda bir yerdə olurdular. İlk vaxtlar Nəsibə xanımın ondan xoşu gəlmirmiş. Özbəkistan səfərində elə bil möcüzə baş verdi, gözü artıq onu izləyən bir nəfərə alışan Nəsibə xanım onun evlənmə təklifini qəbul etmədi. Bəhanəsi isə yaş fərqi idi. Qastrolun sonunda bütün diqqət və qayğı ilə, özü də çoxdan, lap çoxdan görmədiyi qayğıyla əhatə olunan aktrisa evlənməyə razılıq verdi.

Bakıya qayıdan kimi toy-büsat quruldu. İki sənət adamının gün-güzəranı çox gözəl keçirdi. Bəzən ayrı-ayrı qastrollara gedirdilər, həmin qastrollar hər ikisi üçün telefon dəstəyindən asılı keçirdi. Tamaşadan sonra yoldaşı Nəsibə xanımı hökmən qarşılayar evə artıq açıb qoyub getdiyi süfrə arxasına bir yerdə əyləşərmişlər. Oğlu Cahangir dünyaya gələndə də aktrisanın köməkçisi yoldaşı, kaman ustası Mütəllim olur.

Allah onu mənə çox gördü

Nəsibə xanım xatirələrində deyirdi: “Ailəmiz inam üstündə qurulmuşdu. Bir-birimizin qədrini bilirdik. Çox səmimi ailəm vardı. Bu səmimilik həyat yoldaşımdan gəlirdi. Mən xoş söz eşitməmişdim, atamı tez itirməyim anamı da elə bükmüşdü ki, dilindən xoş söz eşitməzdin. Nə xoş söz eşitdimsə, yoldaşımdan eşitdim. Allah onu da mənə çox gördü, tez aldı əlimdən. Onu itirəndən sonra xoş günlərimi də itirdim, əvvəlki pis günlərimi də xatırlamağa ondan sonra vaxt tapdım.”

Qiymətləndirilmirdi

Bu sözlərdə bir nisgil də duyulur. Arada ailəsinə başı qarışmış artıq sənətkar olan Nəsibə Zeynalova 50 illik yubileyi qeyd olunanda heç əməkdar artist də deyildi. Nəvəsi Nəsibə onun arxiv materiallarından elmi iş yazanda Nəsibə xanım özü də öz işləri ilə tanış olur. 83 yaşlı sənətkarın yanaqları boyu yaş axmağa başlayır. “İndi görürəm ki, gözəl sənətkar olmuşam, amma qiymətləndirilməmişəm”.

Bəlkə bu sözləri dedirdən yaşın kövrəkliyidir, amma onu da xatırladır ki, yubileyində tamaşaçılar arasından kimsə söz atır “Bəsdir teleqrama oxudunuz, oxuyun görək hansı fəxri ad verildi ona”. Yalnız ondan sonra Nəsibə xanım əməkdar artist fəxri adının dadını görür.

Son dəfə səhnəyə çıxmaq istəyirdi

Ömrünün son dövrlərində isə hərtərəfli sevgi, diqqətlə əhatə olunmasına rəğmən yoldaşını xatırlayıb ağlayırdı. Bir də güclə addım atdığı ayaqları ilə son dəfə Musiqili Komediya Teatrının səhnəsinə çıxmaq ən böyük arzusu idi. Son dəfə hər hansı bir rol oynamaq. Görünür, bu ömrünü səhnədə başa vuran bütün sənətkarların son arzusudur. Nəsibə xanım bu arzusuna qovuşa bilmədi.

Xoşbəxt nigahından isə dünyaya gələn Cahangir Novruzov da sənətkar oldu, babasının, atasının, həm də anasının yolunu davam etdirir. Onun qızı Nəsibə də sənət yollarında addımlayır, amma ondan əvvəlki nəslin keçdikləri yaradıcılıq yolunun araşdırmaçısı kimi.

Bu gün Nəsibə Xanım Zeynalovanın xatirə günüdür.

Ondan sonra nə göydən planet düşdü, nə də dünya dağıldı. Planet düşüb gələcək nəsilləri məhv edəcəyindən qorxduğu yerdən yalnız bir ulduz axıb söndü, vəssalam... Zaman-zaman ulduzlar axıb sönür, Qalan, hər şey öz yerindədir. Şair demiş “Göy belə göydür, qar isə ağdır”... O qorxulu planet də öz yerində.


Ramilə Qurbanlı
# 3767 dəfə oxunub

Oxşar xəbərlər

"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
"Kardeşlerim"in aktrisası yeni serialda

"Kardeşlerim"in aktrisası yeni serialda

09:30 21 noyabr 2024
"Safir" serialı “Emmy”yə namizəd oldu

"Safir" serialı “Emmy”yə namizəd oldu

09:12 21 noyabr 2024
Günahsız yerə edam edilən ana - Polis onun pulunu niyə oğurlamışdı?

Günahsız yerə edam edilən ana - Polis onun pulunu niyə oğurlamışdı?

09:00 21 noyabr 2024
Daha bir aktyor müharibədə öldü

Daha bir aktyor müharibədə öldü

16:24 20 noyabr 2024
# # #