Kəramət Böyükçöl
Azərbaycanın ucqar bir kəndində yaşamaq mənim ən böyük arzumdur. Ancaq hər dəfə bu barədə düşünəndə qarşımda dağ boyda bir sual dayanır. Kənddə necə dolanacağam, nə yeyib, nə içəcəyəm? Sonra fikirləşirəm ki, toyuq-cücə saxlamaq olar, mal-qoyun otarmaq olar, kartof-soğan əkə bilərsən... Elə deyilmi? Əsas odur ki, kənddə məni narahat edən, ürəyimi sıxan heç bir ictimai-siyasi məsələ yoxdur. Kaş heç işıq da olmasın; nə televizora baxa bilim, nə də internetə girim.
Hər şeydən xəbərsiz, adi məişət qayğıları ilə yaşayan kənd adamı olmaq istəyirəm. Yorulmuşam. İstəyirəm qəşəng bağım olsun, orda özümə bir daxma, toyuqlarıma hin düzəldim. Balaca bir itim də olsun, heç kimə hürməsin, qapıma gələn oğrulara yol göstərsin, canavara quzularımın yerini, tülküyə cücələrimin yuvasını nişan versin. İnanın, o kəndin itini də, canavarını da, çaqqalını da bəsləyərəm, təki rahat olum. Təki ölkəmdə baş verən iyrənc hadisələri eşitməyim, iyrənc adamların üzünü görməyim. Çünki əsəblərim pozulur, cəmiyyətlə mənəvi dünyam arasında hasar çəkə bilmirəm deyə hər şey anındaca mənə təsir edir, özümü ələ almaqda çətinlik çəkirəm. Bacarmıram.
Dostlarım məsləhət görür ki, imtahan verim, kənddə müəllim işləyim. Yox, qəti istəmirəm! Çünki dərs deyəcəyim məktəbin də balaca bir Azərbaycan olduğunu bilirəm. Bakıda əsən küləklər bilirəm ki, o məktəbdən yan keçməyəcək. Məktəbdə seçki qutularını görən kimi yenə əsəblərim pozulacaq. Direktorla sözümüz düz gəlməyəcək, davamız düşəcək, bilirəm. Direktor bütün dərsləri mənim belimə yükləyəcək, hamilə arvadların hamısının dərsini mən deyəcəyəm. Axırda direktorun məndən zəhləsi gedəcək, kəndin bütün çaqqallarını, itlərini, canavarlarını üstümə qaldıracaq. Kənddə mənə şər atdıracaq. Direktora görə ağacların da hamısı mənimlə düşmən olacaq, yağış həyətimə yağmayacaq, günəş həyətimə düşməyəcək, ay bizim evin pəncərəsində görünməyəcək.
Müəllim də işləmək istəmirəm. Onsuz da kənd yerində adama pul az lazım olur, toyuq-cücə, mal-qoyun, əkdiyim kartof-soğan mənə bəsdir. Qoyunlarıma da tapşıracağam ki, özlərini yaxşı aparsınlar, inəklərimə deyəcəyəm ki, ağıllı olsunlar.
Kəndin havası da təmizdir. Uşaqlarım sağlam böyüyər. Dəfələrlə evdə həyat yoldaşımla plan qurmuşuq, o da deyir, kəndə getmək əla fikirdir. Hətta bir dəfə gəlib gördüm yoldaşım bir otaqlı evimizdə yekə kənd salıb. Kitabları üst-üstə yığıb bir daxma düzəldəndən sonra yanında inəklərimiz üçün pəyə də tikib. Dörd metr eni, üç metr uzunu olan bir otaqlı evi böyük bir kənd kimi təsəvvür edib. Guya oğlum da uzanıb həyətimizdə özünü əməlli-başlı günə verir, xoşallanır.
Söz düşmüşkən, mənim oğlum ayrı bir aləmdir. Anası hər gün əzizləyir. Deyir, balam böyüyüb ingiliscə danışacaq, dərslərini ingiliscə oxuyacaq, balam xaricdə təhsil alacaq, balam İspaniyada yaşayacaq, balam Amerikada işləyəcək, balam azarlayan kimi təyyarəyə oturub Almaniyaya gedəcək. Gülürəm. Anasına deyirəm ki, kənddə oğlumuzu bu cür əzizləyərsən: balam böyüyüb çoban olacaq, balam böyüyüb it dilini biləcək, canavarla, çaqqala danışacaq, balam böyüyüb kitab-zad oxumayacaq, balam böyüyüb məktəb-zad hərləməyəcək, balam böyüyüb xəstəxananın yerini tanımayacaq, balam yer belləyəcək, balam böyüyüb kartof-soğan əkəcək, balam böyüyüb torpaq olacaq...