Kulis.az yazıçı Kəramət Böyükçölün Ağ partiyanın sədri Tural Abbaslının saytımıza verdiyi müsahibədə onun haqqında səsləndirdiyi fikirlərlə bağlı cavab yazısını təqdim edir.
Tural Abbaslı ilə mən eyni nəslin adamlarıyıq. O, idarə olunan bir siyasi partiya rəhbəridir, mən isə heç özü-özünü idarə eləyə bilməyən azad yazar. Heç istəməzdim ki, prinsipial məsələlərdə onunla fikir ayrılığımız olsun. Amma təəssüf ki, mövcud vəziyyətdə başqa cür mümkün deyil.
Dostum Tural Abbaslı mənim haqqımda deyir ki, Kəramət siyasi şantajla məşğuldur. Elə buradan başlayaq. Turaldan əvvəl bu şantaj sözünü ancaq keçmiş sevgililərimdən eşitmişəm. Onlar məndən ayrılıb ərə gedəndə, yaxud özlərinə başqa sevgili tapanda, dözməmişəm, ürəyim partlayıb, demişəm, gedib münasibət qurduğun oğlana deyəcəm ki, sən mənim sevgilim olmusan, mənlə öpüşmüsən, mənlə sevişmisən... Onda həmin qızlar qayıdıb ki, məni şantaj edirsən? İndi də Tural Abbaslı deyir bu sözü. Çünki mən onun "yatıb-durduğu" adamları cəmiyyətə çatdırmaqla, insanların gözünü açmaqla məşğulam. Bu şantaj, əlbəttə ki, bir qadına qarşı olursa, pisdir və mən təbii ki, keçmiş sevgililərimin heç birini şantaj edəsi də deyildim. Bu, sadəcə, gənc və təcrübəsiz, ayrılığı həzm edə bilməyən bir oğlanın narahatlığı, həyacanından başqa bir şey deyildi. Amma ictimai-siyasi proseslərdə Turalın şantaj dediyi sözünün əsl adı maarifçilikdir.
İkincisi, Tural deyir ki, Kəramət statuslarını layk toplamaq üçün yazır. Mən deputatlığa namizədliyimi irəli sürdüyüm vaxt seçicilərimlə görüşlərdə demək olar ki, ancaq "şantaj"la məşğul olurdum. Adamlara deyirdim ki, siz bir vətəndaş olaraq öz səsinizin qədrini bilmirsiniz, seçkiyə, səsə, bülletenə dırnaqarası baxırsınız, məntəqəyə getməyə ərinirsiniz, amma sizin deputatınız o qədrini bilmədiyiniz, dırnaqarası baxdığınız səsi aparıb Bakıda, xaricdə pulla, maşına, evə, villalara, mülklərə çevirir.
İndi layk da insandır, səsdir. Tural Abbaslı kimi siyasətçilər o laykları bülleten kimi pula çevirməklə məşğuldur. Çünki Azərbaycanda elə bir mühit formalaşıb ki, nə ağılla hesablaşan var, nə istedadla, nə intellektlə. İndi ancaq laykla, yəni ətrafındakı kütlə, ictimai rəyə təsir gücünlə hesablaşırlar.
Tez-tez deyirlər ki, filankəs özünü satdı. Heç kim özünü satmır. Hamı ətrafına topladığı insanları satır. Mən öz layklarımı, yəni məni izləyən insanları satmaq kimi bir niyyətim olsaydı, bunu çoxdan etmişdim. Mən o insanların meyxanasını tənqid edirəm, aşıqlarını ələ salıram, atalar sözləri və bu günə kimi inandıqları, dəyər hesab etdikləri nəsnələri tənqid edirəm, hətta, bir az da irəli gedib cəmiyyətə avam, nadan, cahil, hətta əsəbləşib "tupoy" da deyirəm, amma o adamları satmıram.
Mən Turalı heç vaxt yalan danışmaqda ittiham etməmişəm. Onu sadəcə həqiqəti axıra kimi demədiyinə görə tənqid etmişəm. Bu cür siyasi fəaliyyət isə hələ də pula “Məmməd” deyən, Razi Nurullayevi müxalifətçi hesab edən, qoyun deyəndə inciyib qoç deyəndə xoşallanan kütlənin başını qatmaqdan başqa bir şey deyil.
Əlavə olaraq, mən heç vaxt siyasətlə məşğul olmaq istəməmişəm. Çünki Azərbaycan kimi ölkələrdə əsl siyasətlə məşğul olmaq üçün adamda böyük iradə, dözüm olmalıdır. Bu isə məndə yoxdur. Mən sadəcə bu ölkədə öz işimlə məşğul ola bilmirəm və buna etiraz edirəm deyə kənardan siyasi proseslərin içində görünürəm. Ölkədə kitab almaq, kitab satmaq mədəniyyəti yoxdur. Sovet dövründə olduğu kimi, sənin bir kitabının qonorarı ilə növbəti kitabı yazana qədər rahat yaşamaq imkanın yoxdur.
Bilmirəm, Tural Abbaslı bu şeyləri anlayır, ya yox, amma görünən odur ki, lazımı adamlar yüz faiz anlamır. Anlasaydılar, məni "Çöl" romanım çap olunanda və ölkənin ən ciddi adamları o əsər haqqında yüksək sözlər deyəndə, görərdilər, bir statusuma 5-10 min layk gələndə yox.