Sayğıdəyər yazıçımız Kamal Abdullanın Kulis-ə verdiyi sonuncu müsahibəni oxudum və qəribədir ki, ondan bir gün əvvəl “Sirri-zəmanə” kitabından “Parisin seçimi” hekayəsini oxumuşdum. Onu da deyim ki, bu hekayə Kamal müəllimin ən çox sevdiyim hekayələrindəndir və mən bu hekayəni hər dəfə oxuyanda zövq alıram. Hekayənin möhtəşəm finalı hər dəfə oxuyanda məni heyrətə gətirir. Yazıçıya doğma olan yunan mifologiyasının usta variasiyalarından biri! Paris almanı yenə Heraya verir! Mahiyyətin kökündə Heranın ona verdiyi vəd dayanır. Yazıçının işarə və eyhamlarını anlayanlar süjetin kiçik dəyişikliyə uğramasının məqsədindən də agah ola biləcəklər.
Kamal Abdullanın müsahibəsində bir nüans diqqətimi çəkdi, “Yarımçıq əlyazma” haqqında o, belə deyir: “...mən hisslərin tarixindən yazmışam”. “Parisin seçimi” də məhz insan hisslərinin “tarixi ərazilərində” arxeoloji qazıntılar aparan yazıçının kəşfidir. Bu, mahiyyət etibarilə müəllifin yaradıcı təxəyyülünün məntiqi nəticəsidir. Düşüncəsini tənbəllik basmış yeni əsr insanları tarixin gedişatını sanki çarəsiz bir xəstəlik kimi qəbul ediblər. Bu insanlar “Mağara”da gizlənmiş həqiqətləri görə bilmirlər, maddi dünyanın əsiri olub qalıblar. Ona görə ki, “Mağaradan çıxmışıq, alaçıqdan isə hələ də çoxumuz çıxa bilməyib.” Yazıçı heç bu sirləri açmaq həvəsində deyil, o, sadəcə, sirrə gedən yolu nişan verir: “Get və axtar, tap!”
Sonuncu müsahibəsində yenə ipucu verir, Şərif Ağayarın “Bəhram kişi özü də bilmədən buddistdir: bunu düzmü müşahidə etdik?” sualına belə cavab verir: “Bəhram kişi buddist deyil. Ola bilər, mən buddistəm. Çünki, əslində, Bəhram kişi – Floberi xatırlasaq, – bu, mənəm”.
Vəng dağındakı çiçəkli yazının sirrinə agah olan Bəhram kişi, sən demə, müəllifin özüymüş! Mən romanı oxuyanda müəllifin özünü tapa bilməmişdim, amma Kamal müəllim deyəndə ki, Bəhram kişi odur, barmağımı dişlədim. Bu sirr də, elə almanın sirri də Vəng dağındadır, oxucu üçün əlçatmaz olan, yazıçının alınmaz qalasında!
Kamal müəllimin bütün romanlarının nəqletmə strukturunun özəyini məhz müəllif düşüncəsinin dinamizmi təşkil edir.
Postmodernizm həm də travestik düşüncə sistemidir, tabuların yıxılmasıdır. Bəlli həqiqətlərin yeni yozumudur. Amma çox təəssüf ki, bu dalğanın içində Kamal müəllimin təbirincə desək, “termin aludəçiliyi”nə uyanlar çox oldu və buna görə də son dövrlər Azərbaycan ədəbiyyatında iki-üç əsəri çıxmaq şərtilə, postmodern nəsr yaranmadı. Hələ on il bundan öncə səhv etmirəmsə, “Ədalət” qəzetində “Yarımçıq əlyazma və ya dağılan miflər” adlı yazı yazmışdım və həmin yazıda “Yarımçıq əlyazma”nı yeganə postmodern mətn adlandırmışdım. Bilmirəm Kamal müəllim həmin yazını oxuyub ya yox, amma indi bu müsahibəni oxuyanda həmin yazını xatırladım.
Kamal müəllim deyir: “Postmodernizm, əslində, birrəngli, yeknəsək ifadə və yanaşma forması deyil. Onun istiqamətləri, şaxələri var. Bir istiqamət, belə deyək, mətnlə “oynamaq”dır. Mən bəzi mətnlərimlə bu istiqamətdə, bəli, varam. Mövcud mətnlərin başqa, tanış olmayan interpretasiyası (kimi buna deşifrə deyir...), başqa məzmunun köhnə formada imitasiyası... “
Bəli, bizdə bu terminin istiqamətlərini, şaxələrini özündə ehtiva edən əsərlər yazılmadı. Kamal müəllimin yazdığı əsərlərdə məntlə “oynamaq” onun daxili stixiyasından irəli gəlir, o, heç də qarşısına postmodern mətn yazmağı məqsəd qoyan yazıçı deyil. Onun mətnləri hansı izmə aid olduğunu özü təyin edir.