Kənan Hacı
Oxucunu xilas edən bestseller
Mütaliə yazıçı üçün vacib şərtdir. Xüsusən də sistemli mütaliə. Adını unutduğum məşhur bir yazıçı müsahibələrindən birində demişdi ki, mən çox oxuduqca az yazmağı öyrəndim. Həqiqətən də yazıçılıqla məşğul olan kəs gündəlik oxu vərdişinə yiyələnmədən ortaya samballı bir əsər qoya bilməz. Mütaliə yazıçını həmişə formada saxlayır, düşüncə sistemini sürətləndirir.
Yazıçı olmayan, amma intellekt sahibi olan, oxuduğu əsərin cəmiyyətə hansı mesajlar verdiyini anlayan istedadlı oxucular da var. Amma təəssüf ki, onların da sayı yaxşı yazıçıların sayı qədərdir, yəni çox azdır.
Bir qism adamlar isə mütaliəyə istirahət kimi baxırlar. Onların böyük əksəriyyəti dedektib janrında yazılan əsərləri ya da süjeti hind filmlərinin eyni olan ağlamalı sevgi romanlarını oxuyurlar. Hansısa Universitetdə filologiya üzrə təhsil alan tanış bir qız məndən xahiş etmişdi ki, ona Paulo Koelyonun “On bir dəqiqə” romanını tapım. Kitabı oxumaq üçün ona verdim, səhəri günü kitabı gətirdi ki, oxuya bilmədim. Dedim niyə? Filologiya üzrə təhsil alan qız nə desə yaxşıdır? “Çox çətin dili var, başa düşmək olmur”. Bu qızı cəlb edən sadəcə, əsərin adı olub. Beş-on səhifə oxuyandan sonra anlayıb ki, əsər onun yemi deyil. Təsəvvür edin, Universitet tələbəsi olan bu qız Koelyonu başa düşmürsə, Markesi, Folkneri, Kafkanı necə anlayacaq? Doğrudan da dəhşətə gəldim. Halbuki Koelyo çox rahat oxunan ən tirajlı yazıçılardandır. Əminəm ki, bu qız dünyada ən çox oxunan başqa bir yazıçının, yapon yazıçısı Murakaminin “Kafka sahildə” əsərini oxuyub heç nə başa düşməyəcək. Bizdə hazırlıqlı oxucu çox azdır. Filologiya üzrə təhsil alan tələbələrin də ədəbiyyat üzrə bilikləri yetərincə deyil və onlar yüngül ədəbiyyata meyl edirlər. Təsəvvür edin ki, onlar hətta bestseller əsərləri də çox çətin qavraya bilirlər.
Mən hansısa ağır əsəri oxuyub bitirdikdən sonra zehni yorğunluqdan xilas olmaq üçün adətən bestseller oxuyuram. Dəfələrlə bestseller oxuduğuma görə mənə irad tutublar. Amma bu, mənim zehni yorğunluğumu çıxaran yeganə üsuldur. Ötən ilin yayında İstanbula yola düşməzdən əvvəl Dostoyevskinin kifayət qədər iri həcmli olan “Yeniyetmə” romanını oxumuşdum. Dostoyevski çox çətin həzm olunan yazıçıdır və xüsusən “Yeniyetmə” ideyalar bolluğu ilə, kəskin süjetlərlə insanın başını gicəlləndirən bir əsərdir.
Əsəri oxuyub bitirdim və yol çantamı hazırlamağa başladım. Həmişə yola çıxanda çantama bir neçə kitab qoyuram. Bu dəfə ingilis yazıçısı David Nikolsun “Bir gün” əsərini və Radişşevin “Peterburqdan Moskvaya səyahət” kitabını götürdüm. Sonuncu kitab XVIII əsr çar Rusiyasının iç üzünü açdığı üçün zamanında qadağan olunub və müəllifi edam cəzasına məhkum edilib. Sonra edam cəzası Sibirə sürgünlə əvəz edilib. Kim oxumayıbsa, mütləq tapıb oxusun. Olduqca qiymətli əsərdir.
Amma istirahət müddətini David Nikolsun “Bir gün”ü ilə keçirdim və beynim gərginlikdən xilas oldu. Roman universitet tələbələrinin Müqəddəs Svitin günündə təsadüfən tanış olan iki gəncin bir günündən bəhs edir. Tanış olduqları günün səhərisi onlar ayrılırlar və hərəsi öz həyatını qurmaq yoluna qədəm qoyurlar. Bundan sonra müəllif iyirmi il ərzində iki insanın bir gününü, həmin tanış olduqları Müqəddəs gündə anlatmaqla romanı davam etdirir. “Yeniyetmə”dən sonra bu əsər beynimdə yaranmış tıxacı seyrəltdi. Radişşevin kitabını isə İstanbul Hava Limanında oxuyub bitirdim.
Son günlərin gərginlikləri, şəxsi həyatımda yaranmış problemlər məni çox yordu. Amma həyat bütün gücüylə üstümə gəlsə də mütaliəyə bir gün də olsun, ara verməmişəm. Son günlərdə Henri Müllerin “Cənnətdə bir iblis” romanını oxudum və Miller sözün həqiqi mənasında məni silkələdi. İndiyədək Milleri oxumadığım üçün özümü şiddətli şəkildə qınadım. Mən həyatı bütün çılpaqlığı ilə təsvir edən yazıçıları çox sevirəm. Tolstoy, Dostoyevski, Turgenev, Hüqo, Maksim Qorki, Andrey Platonov, Somerset Moem, Dovlatov bu tipli yazıçılardır. Henri Milleri özüm üçün indi kəşf etdim və təəssüf edirəm ki, indiyə qədər onun əsərlərini oxumamışam. “Cənnətdə bir iblis” romanı insan xarakterinin təsvir edilməsi baxımından Millerin ən yaxşı əsəri hesab olunur. Əsərin qəhrəmanı Konrad Morikan dünya nəsrində tayı-bərabəri olmayan bir tip, obrazdır. Bu adamın xudbinliyi yırtıcı intellektini də üstələyir, o, hamını, yer üzünün bütün insanlarını özünə borclu sayır və bu anormal xarakter onu səfalətə, sonda isə məhvə sürükləyir. Millerin qüvvətli qələmi Morikanın faciəsini o qədər mükəmməl təsvir edib ki, sadəcə, heyrət edirsən. Uzun müddətdir ki, özümə gələ bilmirəm. Dünyada bu cür insanlar da varmış. Morikan kimi. Bu obraz mənə Somerset Moemin “Ay və qara şahı” romanındakı rəssamı xatırlatdı.
Bir insanın daxilində dahilik və xudpəsənd, alicənablıq və rəzillik, istedad və qəddarlıq bir araya necə sığa bilər? Yazıçı bütün bu fərqli xüsusiyyətləri özündə birləşdirən bir obraz yaradıb. Morikan məhz belə bir tipdir.
“Cənnətdə bir iblis” əsəri məni depressiyaya saldı və bu depressiyadan xilas olmaq üçün yenə bestseller oxumaq ehtiyacı yarandı. Bu dəfə Seselia Ahernin “Xatirələr üçün təşəkkürlər” romanı əlimə keçdi və əsəri bir göz qırpımında oxudum. Başgicəlləndirici kollajlarla, bədii priyomlarla zəngin olan bu əsər mənim ruhi halıma az da olsa, tarazlıq gətirdi. Əsərin süjet xəttini nəql edib oxucunu yormaq fikrim yoxdu. Sadəcə, onu demək istəyirəm ki, bestseller sadəcə, oxucunu xilas edir.