Əllərimin ciblərimə yük olduğu vaxtlar idi. Özünü “postmodernist şair” adlandıran Yafəs Türksəs məni öz qanadı altına almasaydı, kim bilir, bu yazını yazmaq mənə qismət olacaqdımı? Hər günümü sonuncu gün kimi yaşayırdım və hər axşam kəndə qayıdanda dəniz kənarında yerləşən köhnə ev kaha kimi ağzını açıb məni udurdu və səhər yenə qaytarıb dəmiryol stansiyasına atırdı...
Belə boz günlərdən birində Yafəslə şəhərdə dolaşırdıq. Cibimizdə siçanlar “Yallı” gedirdi. Yafəs təklif etdi ki, yol kənarındakı kafelərdən birində oturub çay içək, həm də fikirləşək, görək, hardan bir az cibxərcliyi tapırıq. Xudmani bir kafeyə daxil olduq, Yafəs küncdəki masalardan birində oturub nahar edən bazburutlu kişini görüncə gözləri parıldadı, əyilib astaca qulağıma pıçıldadı:
- İşimiz düzəldi! İndicə naharı bunun boynuna qoyacağam.
Soruşdum ki, bu kişi kimdir? Türksəs yenə asta tonla “qardaşağadı” dedi və ərklə onun masasına yaxınlaşdı.
- Salam, ey gözəl insan!
Adam başını qaldırmadan yeməyinə davam etdi. Yafəs üzlülüyünə salıb masaya doğru əyildi: - Əli məllim, nuş olsun!
Bahalı kostyumundan, parıldayan ayaqqabılarından, qolundakı qızıl saatdan biznesmen, ya da vəzifəli şəxs olduğu güman edilən adam başını qaldırıb təəccüblə bizi süzdü və nəzakət xətrinə “əyləşin” dedi. Şair buna bəndmiş kimi dərhal stul çəkib oturdu və mənə də göz-qaş elədi ki, əyləşim. Adam yeməyini yeyib qurtarana qədər başını qaldırmadı. Yafəs isə elə hey bir ucdan üyüdüb tökürdü:
- Əli məllim, işlər nətərdi? Siz ziyalı qədri bilən insansınız. Allah sizin canınızı sağ eləsin! Biz də şair babayıq, sizin kimi dostların hesabına yaşayırıq...
Adam sakitcə: - Mən Əli müəllim deyiləm, - dedi və ofisiantı çağırdı. Ofisiant masaya yaxınlaşdı və adam yenə də başını qaldırmadan kasanı qaşıqlaya-qaşıqlaya dedi:
- Bunlara iki pors piti ver.
Ofisiant “başqa nə yeyəcəklər?” deyə soruşdu. Yafəs əlüstü araq sifariş verdi. Yemək yeyən adam deyəsən artıq sonuncu tikəsini çeynəyirdi. Yafəsə nə qədər him-cim eləsəm də xeyri olmadı. “Əli məllim, sizin hesabınıza bir araq içə bilərik?”,- deyə səsini ucaltdı. Ofisiant hələ də gözləyirdi. Adam bu dəfə başını qaldırıb ofisianta tərs-tərs baxdı:
- Nəyi gözləyirsən? Eşitmədin nə dedilər?
Ofisiant cəld çevrilib getdi. Çox narahat idim. Adamın bizə bu cür, qəribə (əslində qəribə deyildi, təbii idi) münasibəti məni sıxırdı. Ac qalmağa razı idim, təki burdan çıxıb gedəydik. Yafəs isə iştahasını itiləməkdəydi.
Nə başınızı ağrıdım, yemək gəldi, yanında da soyuq rus arağı. Bu dəfə də Yafəs dilini dinc saxlamadı:
- Əli məllim, bəlkə biznən bir yüz vurasan?
Adamın deyəsən bu dəfə səbri tükəndi və əllərini masanın küncünə dayaqlayıb:
- Ay kişi, mən Əli müəllim deyiləm. Yeməyinizi yeyin! – dedi və qalxıb zalı tərk etdi.
Yafəs araq şüşəsinin ağzını aça-aça tövrünü pozmadan:
- Ə, deyəsən bunu Əli məllimnən səhv salmışam eeee... – dedi.
Nahar
15 oktyabr 2012
10:55
2332 dəfə oxunub