Kənan Hacının şeirləri
Yarımçıq qalmış alın yazısı
Taleyin o üzündə bir axşam var,
Dibinə tökülür ulduzları,
İçimdəki işığı da yeyib qurtardım o axşam,
Qartımış ümidi dişim kəsmədi,
Qəfildən sən gəldin,
Gözlərində işıq gətirdin,
Sonuncu payızda
Ürəyim yarpağını tökəndə
Yarpaqlardan bir ev tikdin,
Hər axşam işıq daşıdın o evə,
Ürəyimin qapısını
Təbəssümünlə döydün hər axşam.
Taleyin o üzündə bir dəniz var,
Dibinə tökülür balıqları,
Komasına hər axşam
əliboş qayıdan balıqçı kimi qayıdıram o dənizdən…
Taleyin bu üzündə bir nağıl var,
Belə başlar:
Biri yoxdu, biri vardı,
Leylisindən ayrı düşmüş Məcnun vardı,
Yarımçıq qalmış alın yazısını
Tamamlamağa ömrü çatmadı…
Bilirəm, gülüb deyəcəksən:
Axı belə şeir olmaz…
Dəvəm ölsə də bilirəm,
Daha məndən ərəb olmaz…
15 fevral 2013
Uzun sürən xəstəlik
Aldada bilmirəm özümü daha,
Məni fitə basır şirin yalanlar.
Şəklini duz kimi basdım yarama,
Kara gəlməyəndə acı dərmanlar.
Kəndirin gücü yox məni boğmağa,
Nəfəsim sivişib çıxır ilgəkdən.
Bu, dar ağacıdı yoxsa tərəzi,
Cəzam yüngül gəlir qəbahətimdən.
Sevgi uzun sürən bir xəstəlikdi,
Bəlkə də ən sağlam xəstənəm sənin.
Sevgiyə əl basıb and içirəm ki,
Hər vaxt qoruyacam özümdən səni!
18-19 fevral 2013
***
Əvvəl saatın neçə olduğunu unudasan,
sonra ayın tarixini,
sonra ayı, ili,
sonra saymağı unudasan,
onda yaşın da hesabını itirəcəksən,
kəsirləri unudasan,
kəsilməz onda sevgin,
suyu yadırğaya dilin-dodağın,
odu unutsan, yandırmaz səni
ayrılığın atəşi,
sahildə qağayıların sağlığına içib keflənəsən
və özünü qağayılara yem edəsən...
nə qədər gec deyil bitir bu işi,
yoxsa bunu sənin əvəzinə
zaman edəcək...
27 fevral 2013