Kənan HACI
Layihə - Ədəbiyyatın kulisi
Biz niyə və hansı məqsədlə Gəncəyə gedib çıxmışdıq, heç özümüz də bilmirdik. Bütün günü şəhərin kafelərində düd deyincə vurub şeir oxuyurduq və Bakıya qayıtmaq heç ağlımızın ucundan da keçmirdi.
İndi unutmuşam, Gəncənin hansısa səmtində məşhur bir kababxana vardı, hər dəfə yolumuz bu şəhərə düşəndə güzarımızı ordan salırdıq. Yenə bu xudmani kababxanada oturmuşduq, üçümüz də möhkəm kefli idik- Yafəs Türksəs, İman İlğım və mən. Yafəs qoca bir taksi sürücüsünü bu kafedə aldatmışdı; bütün Gəncəni köhnə, sınıq-salxaq “Jiquli”də dolaşandan sonra məhz bu kafedə binəvanın başını lüləkababla aldatmışdı və sonra onu şəhərin küçələrindən birində azdırıb üzü Goranboya səmt gedən maşınlardan birinə dürtülüb aradan çıxmışdı.
Üzü üzlər görmüş şair indi də İman İlğımın başını piyləyirdi, ona cavanlıqda yazdığı şeirləri təzə adıyla sırıyırdı, İman İlğım da arağın təsirindən xumarlanan gözlərini heyrətlə qarşısındakı adama zilləmişdi:
- Əəə, sən böyük şair imişsən! Vallah, böyük şair imişsən! Əjdahasan sən!
İman İlğım adamı əjdaha cildində görürdü və arada məni də dediklərini təsdiq eləməyə məcbur edirdi.
Sözü uzatmağa hacət yox. Yafəs adətinə uyğun olaraq, bizi də Gəncədə azdırdı və qəfildən qeybə çəkildi. Sərxoş şairin zülmünü çəkmək nə böyük müsibət imiş. İman İlğım iki ayağını bir başmağa dirəmişdi ki, Bakıya mütləq təyyarə ilə getməliyik, vəssalam! Deyirdim, İman, əvvəla, üstümüzdə şəxsiyyət vəsiqəsi yox, ikincisi, bu, avtobus deyil ki, minib yola düşəsən, bilet almaq lazımdır. Bizim bilet almağımız isə mümkün deyil. Kimə deyirsən? İman taksi saxlatdırıb maşını Gəncə aeroportuna sürdürdü, daha onunla mübahisə edəsi halım qalmamışdı. Bu prosesi nəql etmək çox uzun çəkəcək, qısaca olaraq deyim ki, bütün aerokassaları ələk-vələk edən İlğım suyu süzülə-süzülə qayıdıb maşına oturdu və sürücüyə avtovağzala sürməyi əmr etdi. Gəldik avtovağzala. Yol boyu İman İlğım Yafəsi yaş yuyub quru sərdi. Axşamüstü olduğundan Bakıya avtobus tapa bilmədik və İman yenə taksiylə getməyi məsləhət gördü. Dedim, İman, gəl bu gecə mehmanxanada qalaq, bir az özümüzə gələk, səhər avtobusla çıxarıq.
İman məni eşitmək belə istəmirdi. Xeyli mübahisə elədik, əsəblərim gərginləşmişdi, axırda mübahisə etməyin də mənasız olduğunu görüb kənara çəkildim. Axır ki, Bakıya gedən bir “Qazel”ə rast gəldik. Mingəçevirə qədər “Qazel”lə gəldik. Baxdım ki, İmanın rəngi ağarıb, halı özündə deyil. Mingəçevirə çataçatda avtobusun içinə qusdu. Arağın iyi salonu bürüdü, sərnişinlərin narazılığı başladı. Sürücüdən xahiş elədim ki, avtobusu saxlasın. Saxladı və dedi ki, düşün gedin, pulunuz da lazım deyil. Avtobusdan düşüb bir az gəzişdik, yenə İmanı dilə tutmağa başladım ki, bir yer tapıb qalaq, səhər gedərik. Artıq gecə saat on bir idi.
İman Mingəçevir parkında polis serjantı ilə mübahisə eləməyə başlayanda ürəyimdə dedim ki, vəssalam, işimiz bitdi, bizi xuliqan kimi tutub bölməyə aparacaqlar. Bir Allah bilir, onu hansı zülmlə oradan uzaqlaşdırdım. Sonra dedi ki, bu şəhərdə guya tanışları var, ciblərini eşələyib telefon kitabçasını çıxardı, telefon köşkünə girib bir neçə yerə zəng vursa da “tanışlarına” düşə bilmədi.
İman yaxınlıqdakı mağazaya girib özünə bir “Zolotoy bakal” aldı. QAZ- 31 markalı maşının sürücüsüylə danışıb bizi Bakıya aparması üçün “10 şirvana” razılaşdıq. İman sürücünün yanında, mən isə arxa oturacaqda yerimizi rahatladıq.
Bakıya gecə saat 4-də çatdıq. Bakıya çatınca İman sürücünün anadan əmdiyi südü burnundan gətirdi. Yazıq bəlkə ömründə belə cəncəl adama rast gəlməmişdi. Yol boyu “çibuş”u su əvəzinə başına çəkən İman hər 1 saatdan bir maşını saxlatdırıb aşağı düşürdü, siqaret yandırıb anlaşılmaz sözlər deyirdi. Bir ara siqaretin közü salonun içinə düşdüyündən az qala maşını yandıracaqdı.
Bakıya çatanda elə bil üstümdən dağ götürüldü. “20 yanvar” metrosu tərəfdə maşından düşdük və İman qayıtdı ki, şəhərdə yaxşı bar yeri bilirsən? Dedim ay İman, bu vaxt bar olar? Gəl, sağollaşaq, mən də gedim evə, it kimi yorğunam, yıxılıb yatım. İman söz eşitsəydi, dərdim nəydi?
Yadımdadır, “Gənclik” metrosu tərəfdə bir bara getdik. İman orda nə oyunlardan çıxdı, bunu sözlə demək mümkün deyil. İki qızı dizlərinin üstündə oturdurub başlarına pul səpən şair hələ də ayılmamışdı. Qızlar isə əzilib-büzülür, işvə-naz satırdılar. Mənsə divanda oturub pivədən qurtumla-qurtumlaya bu müsibətin nə vaxt bitəcəyini gözləyirdim.
Biz bardan çıxanda artıq səhər açılırdı...