Sarılıq

Sarılıq
18 oktyabr 2012
# 07:45

İkinci sinfə keçəndə bir gecə hövlnak yuxudan ayılıb gördüm ki, bütün bədənim od tutub yanır, dil-dodağım pörşələnir. Anam sirkəylə bədənimi ovxalayıb zoğallı çay içirsə də xeyri olmadı, səhərə qədər yerimin içində çapaladım. Səhər təcili yardıma zəng vurdular, Bilal doxtur gəlib gözlərimin içinə və dilimin üstünə baxıb diaqnozunu qoydu:

- Uşağı sarılıq tutub, tez xəstəxanaya aparın.

İyirmi bir gün Əmircandakı xəstəxanada yatası oldum. İlk dəfəydi ki, evdən ayrı düşmüşdüm, xəstəxanada qalmaq mənim üçün əsl məşəqqət idi. Dəhşətli dərəcədə darıxırdım, axşamlar ürəyim bu hissin ağırlığı altında sıxılırdı, yorğanı başıma çəkib için-için ağlayırdım, mənimlə bir palatada yatan uşaqlar, həkimlər məni heç cür ovuda bilmirdilər.

Mən uşaqlara qətiyyən qaynayıb-qarışmırdım, büsbütün özümə qapanmışdım və buna görə uşaqlar deyəsən mənim ağlıma şübhəylə yanaşmağa başlamışdılar, ya da elə zənn edirdilər ki, mən çox lovğayam, onları saymıram; mənə rişxənd edir, dolayırdılar, yatanda adyalı üstümdən dartır, başmaqlarımı götürüb hardasa gizlədirdilər. Bir yandan da palatanın ağır, dözülməz havası... Bütün bunlar mənə çox pis təsir edirdi, onsuz da pozulmuş əsəblərim daha da gərginləşirdi. Əlbəttə, mən bu haqda valideynlərimə heç nə demirdim, heç sonralar da demədim.

Həyətə çıxmaq qəti qadağan olunmuşdu, bura əməlli-başlı uşaq təcridxanası idi. Sonralar atam məni bir-iki dəfə həmin xəstəxanaya müayinədən keçmək üçün gətirdi, mənim bu köhnə binaya necə qorxu ilə baxdığım yadımdadır.

Valideynlərim hər gün səhərlər yanıma gəlsələr də düşünürdüm ki, onlar mənim varlığımı tamamilə unudublar. Sarılıq yoluxucu xəstəlik olduğundan valideynləri içəri buraxmırdılar, onlar uşaqlarını ancaq dəmir barmaqlıqlı pəncərədən görə bilirdilər. Təsəvvür edin, bu dəmir barmaqlıq uşağın psixikasını necə alt-üst, onun xoşbəxt dünyasını tar-mar edir. Bir gün atam, o biri gün isə anam gəlirdi, onlar gələndə mənə alma, südlü sıyıq, süd, peçenye gətirirdilər. Bunlardan başqa həkimlər evdən yemək gətirməyə icazə vermirdilər, çox vaxt südlü sıyığı da geri qaytarırdılar, ancaq xəstəxananın yeməyini yeyirdim. Ata-anama hər gün yalvarırdım ki, məni ordan çıxarıb evə aparsınlar.

Bir dəfə anam yanıma gəlmişdi, mənimlə görüşüb gətirdiklərini pəncərədən içəri ötürdü, həmişə olduğu kimi mənə darıxmamağı bərk-bərk tapşırandan sonra çevrilib getdi. Mən anama nəsə demək istəyirdim, o sözü ona deyə bilmədim. Heç vaxt yadımdan çıxmayacaq, pəncərədən qışqıraraq anamı çağırırdım, o isə məni eşitmədən uzaqlaşırdı. Ağlımı itirəcək dərəcədə çığırırdım, bütün həkimlər tökülüşüb gəldi, mənim balaca əllərimi pəncərənin dəmir barmaqlıqlarından qopara bilmədilər. Hönkürüb ağladım, axşam yatana qədər nə gözümün yaşı qurudu, nə də pəncərənin önündən çəkilmədim. O hadisə uşaqlığımın ən acı xatirəsidir, indinin özündə də mən o hadisəni həyəcansız xatırlaya bilmirəm.

İyirmi bir günün üzücü sıxıntılarından sonra nəhayət ki, məni xəstəxanadan çıxardılar. Mən olmadığım müddətdə atam evin eyvanını yüngülcə təmir elətdirmişdi, divarlara, pəncərələrə çəkilmiş boyanın iyi evdən tam çəkilib getməmişdi. Yadımdadır, evə girən kimi qeyri-ixtiyarı hönkürdüm, anam məni qucaqlayıb dedi ki, şükür Allaha, daha sağalmısan, niyə ağlayırsan?

Ağladıqca sanki xəstəxanada içimə yığılmış qüssə, nisgil əriyib gedirdi. Atam bunu başa düşmüşdü, anam məni ovutmağa çalışarkən ona “dəymə, uşağın ürəyi dolub, qoy ağlasın”,- dedi. Amma belə deməsinə baxmayaraq, onun da qəhərləndiyini görürdüm.

O günlər nə qədər uzaqda qalıb! Evdən, valideynlərindən ilk dəfə ayrı düşmüş uşağın sarsıntıları çoxuna yaxşı tanışdır. O vaxt mən hələ onlardan nə vaxtsa əbədi olaraq ayrılacağım haqda düşünməyi belə bacarmırdım. Belə şeylər mənim uşaq ağlımın sərhədləri xaricindəydi.

Xatirələr gözlərim önündə heç bir qanun-qaydaya, nizama tabe olmadan, xronologiyaya əsaslanmadan, lap irəli şığıyıb geri çəkilən dalğalar təki canlanır. Bəzən hansısa xırda detal bu dalğaya qarışıb itir, onu tutub saxlaya bilmirsən, gözündən yayınır.

Sarılıq xəstəliyinə tutulmağımın qısa tarixçəsini çoxdan unutmuşdum. Son günlər xəstə yatanda bu acı xatirəni yenidən xatırladım...

# 2118 dəfə oxunub

Müəllifin son yazıları

# # #