Şair öldü

Şair öldü
23 noyabr 2012
# 12:23

Kələntər Kələntərli də haqqa qovuşdu...

O, qədim kişi idi. Səməd Vurğunla araq içmişdi, Mehdi Hüseynlə dostluq etmişdi. Haqsız yerə tutulub uzun illər zindanda yatmışdı.

Azərbaycan radiosunda çalışırdı, neçə-neçə kitabı çıxmışdı. Amma bu şairin heç yerdə qeydiyyatı yox idi.

Yadıma gəlir, Mübariz Məsimoğlu ilə Vaqif Nəsib onu Bakıda harasa qeydiyyata salmaq üçün Pasport Qeydiyyat İdarəsinə nə qədər ayaq döydülər...

O, canlı tarix idi, onun sinəsində son 70 ildə Azərbaycan ədəbiyyatından gəlib keçmiş qələm adamlarının həyat hekayətləri yatırdı. Onun yaddaşı unikal hadisələrlə zəngin idi. Süleyman Rüstəm, Səməd Vurğun, Mehdi Hüseyn, Süleyman Rəhimov, Əli Kərim, Rəsul Rza və daha kimlər, kimlər haqqında o qədər xatirələri vardı ki! Bəzilərini qələmə almışdı.

Kələntər müəllimlə tez-tez görüşürdük. Bir ara bir-birimizə çox isinişmişdik, “Monolit” dövründə az qala hər gün onunla oturub araq içirdik. Onun menyusu dəyişməz idi: iki blinçik, bir “Fanta”, 250 qramlıq araq. Arağı həmişə “Fanta” ilə qarışdırıb içirdi. Mənə həmişə “covan jurnalist” deyərdi, onun bu ifadəsindən xoşum gəlirdi...

Həmişə “İstiqlal” küçəsində, Vahid Poeziya evində rastlaşanda kefini soruşurdum, baş barmağını qaldırıb “dəf kimi!” deyirdi. Çox səliqəli geyinirdi, ruhən çox cavan idi, gözəl xanımlara qarşı heç vaxt biganə qalmırdı, onlara kompliment deməyi xoşlayırdı.

Özü də tərif xoşlayan adam idi. Ömrünün ahıl çağında da cavanlıq eşqi onu tərk etməmişdi.

Hardasa iki-üç il olardı ki, Kələntər müəllimi görmürdüm. Bir-iki dəfə telefonla danışmışdıq, vəssalam. Sonra Mübariz müəllimdən soruşdum, dedi Kələntər müəllim bir az nasazlayıb, xəstədir.

İndi də bu qəfil ölüm xəbəri... Telefonumun yaddaşında dünyadan getmiş neçə dostun nömrəsi qalır. Mənə elə gəlir ki, o nömrələri silsəm, o adamları həmişəlik itirəcəyəm. Buna görə telefona nifrət edirəm. Kiminsə nömrəsini axtaranda qəfildən o nömrələr də ekranda görünür və mən əlimi “yes” düyməsinə basmaqdan güclə saxlayıram... Mən onları telefonumda diri saxlayıram... Bu, mənim üçün ən böyük təsəlllidir.

Telefonumdakı nömrələrdən biri də əbədi olaraq “dondu”. Daha heç vaxt bu nömrəyə - qoca dostuma zəng etməyəcəyəm...

Ruhu şad olsun!

# 3571 dəfə oxunub

Müəllifin son yazıları

# # #