Kulis.Az Kazım Səlimovun tərcüməsində Stiven Kinqin “Dilənçi və Almaz” hekayəsini təqdim edir.
Müəllifin qeydi: Əsli hind pritçası olan bu kiçik hekayəti mənə ilk dəfə Skarsdeyldən (Nyu-York) olan cənab Surendra Patel söyləmişdi. Mən hekayətə sərbəst şəkildə dəyişikliklər etmişəm və ona görə də orijinal versiyanı – hindu ilahı Şivanın və onun arvadı Parvatinin əsas personajlar olduğu versiyanı bilənlərdən üzr istəyirəm.
Bir gün mələk Uriel üzündə kədər Allahın yanına gəldi.
“Nə olub?”, – Allah soruşdu.
“Çox kədərli səhnə gördüm”, – Uriel cavab verdi və sonra barmağı ilə göstərib: “Orda aşağıda”, – dedi.
“Yerdə?” – Allah soruşdu və gülümsədi. “Həə, orda kədər az deyil. Gəl baxaq.”
İkisi də əyilib baxdılar. Lap uzaqda, Çandrapurun ətrafında, cır-cındır içində, kənd yolunda zorla addımlayan bir adam gördülər. Adam çox arıq idi, əllərini və ayaqlarını yara qasnaqları basmışdı. Tez-tez itlər ona hürüb arxasınca düşürdülər. Amma o heç vaxt – itlər onun dabanından tutanda da – çevrilib əlindəki ağacla onları qovmurdu. Sadəcə axsayan sağ ayağını sürüyüb yoluna davam edirdi. Bir dəfə qəşəng, üzlərindən tox görünən uşaqlar böyük bir evdən çıxdılar və adam öz dilənçi kasasını onlara uzadanda gülərək onu daşa basmağa başladılar.
“Rədd ol burdan, murdar!”, – biri qışqırdı. “Get çöllüyə, orda da öl!”
Bu yerdə Urielin gözlərindən yaş axmağa başladı.
“Bəsdir, bəsdir”, – Allah onun çiyninə vurdu, “Mən elə bilirdim sən möhkəm materialdan düzəlmisən.”
Uriel gözlərinin yaşını silə-silə: “Hə, əlbəttə”, – dedi. “Mənə elə gəldi ki, aşağıdakı bu adam, Yer övladlarının taleyinə düşən bütün bədbəxtlikləri özündə cəmləşdirib.”
“Əlbəttə elədir”,– Allah cavab verdi. “Bu, Ramudur və bu, onun işidir. O öləndə yerini başqası tutacaq. Bu, şərəfli işdir.”
“Yəqin ki,”– dedi Uriel və gözlərini qapayaraq titrəməyə başladı. “Amma mən onun çəkdiyini görüb dözə bilmirəm. Onun əzabları mənim ürəyimi qaranlığa qərq edir.”
“Burada qaranlığa yer yoxdur”, – dedi Allah, – “ona görə də bu vəziyyəti dəyişmək üçün mən tədbir görməliyəm. Bura bax, mənim yaxşı mələyim.”
Uriel baxdı və gördü ki, Allah əlində tovuz quşunun yumurtası boyda almaz tutub.
“Bu boyda və bu əyarda almaz, Ramunu ömrü boyu yedizdirər və ondan sonra gələn yeddi nəsil törəmələrinə də bəs edər”, – əlavə etdi Allah. “Əslində bu, Yerdə olan ən dəyərli almazdır. İndi… gəl baxaq…” O, dizləri üstdə çöküb əlindəki almazı irəli uzadaraq iki nazik buludun arasından aşağı buraxdı. Almaz dəqiq atılmışdı və Allahla Uriel onun Ramu getdiyi yolun tən ortasına düşdüyünü gördülər.
Almaz o qədər böyük və ağır idi ki, əgər Ramu cavan olsaydı onun yerə dəyməyinin səsini mütləq eşidərdi. Amma son illər onun qulaqları ağır eşitməyə başlamışdı, elə ciyərləri, beli, böyrəyi də eyni vəziyyətdə idi. Yalnız gözlərinin işığı gəncliyində – iyirmi bir yaşında olduğu kimi qalırdı.
Ramu yolun təpəyə qalxan yoxuşu ilə getməyə səy göstərirdi. Böyük almazın təpənin o biri tərəfində, günəş şəfəqlərinin qaynayan dumanlığında bərq vurub, şəfəq saçdığından xəbərsiz idi. Ramu dərindən nəfəs aldı… sonra dayandı, əlindəki ağaca söykəndi və təngnəfəsliyi öskürək tutmasına çevrildi. O, iki əli ilə ağacından yapışıb öskürəyini yüngülləşdirmək istəyirdi ki, Ramunun özü kimi qocalmış köhnə və quru əl ağacı, xırçıltı ilə sındı və Ramu üzüaşağı tozun içinə yıxıldı.
Yıxıldığı yerdən səmaya baxır və Allahın belə qəddarlığına təəccüb edirdi.
“Mən bütün sevdiklərimdən çox yaşamışam, nifrət etdiklərimdən isə yox”, – Ramu fikirləşdi. “O qədər qoca və əcaibəm ki, itlər üstümə hürür, uşaqlar daş atırlar. Son üç ayda yemək tullantılarından başqa heç nə dilimə dəyməyib. Ailəmlə, dostlarımla bir süfrəyə oturmağım isə on ildən artıqdır olmayıb. Mən bu yer üzündə qərib yolçuyam, yaşamağa yerim də yoxdur. Bu gün yağışdan daldalanmaq üçün ağac altında və ya divara sığınıb yatacağam. Bədənimi yaralar basıb, belim ağrıyır, işəyəndə sidiyim qanla gəlir, amma belə olmamalıdır. Ürəyim də dilənçi kasam kimi boşdur.”
Ramu yavaş-yavaş ayağa qalxdı. Onun hələ də sərrast olan gözündən iyirmi addım məsafədə yolun tozunda gizlənmiş, dünyanın ən böyük almazından xəbəri olmadan başını qaldırıb mavi səmaya baxdı.
“Allahım, mən bədbəxtəm, mən Sənə nifrət etmirəm, amma Sənin nə mənə, nə də başqa insanlara dost olmadığından qorxuram”, – bunu deyib özünü bir az yaxşı hiss etdi və əyilib sınmış əl ağacının uzun parçasını yerdən götürərək, yoluna davam etməyə çalışdı. Gedə-gedə, özünə çox yazığı gəldiyi üçün və etdiyi naşükürlüyə görə özünü töhmətləməyə başladı.
“Şükür etməyə də səbəblərim var”, – dedi. “Əvvəla çox gözəl gündür, sonra da sağlamlığım pozulsa belə, gözlərim yaxşı qalıb. Kor olsaydım çox dəhşətli vəziyyətə düşərdim!”
Bunu özünə sübut etmək üçün Ramu gözlərini bərk-bərk yumdu və kor adamın əsa ilə getdiyi sayaq, əlindəki ağac parçasını yerə vura-vura qarşısındakı yola davam etməyə üz qoydu. Qaranlıq heybətli, boğucu və çaşdırıcı idi. Çox keçmədi ki, o, lazım olan istiqamətdə gedib-getmədiyini və ya yoldan kənara çıxıb-çıxmadığını da özünə aydınlaşdıra bilmədi. Yolun kənarındakı xəndəyə yıxılmaqdan ehtiyat edirdi. Əgər ora yıxılsa, qoca və kövrək sümüklərinin nə vəziyyətə düşəcəyi fikri onu çox qorxutdu. Amma kip yumduğu gözlərini açmadı və ayaqlarını irəliyə sürüməkdə davam etdi.
“Bu, səni naşükürlükdən qurtarmaq üçün lazımdır, qoca!”, – dedi öz-özünə. “Həyatının qalan hissəsini dilənçi olsan da, yaxşı ki, kor dilənçi olmadığın haqda düşünəcəksən, bu da səni məmnun edəcək.”
Ramu yolun hər iki tərəfində qazılmış xəndəklərin heç birinə yıxılmadı, amma təpəyə qalxıb o biri tərəfə aşağı enəndə yolun sağ tərəfinə meyl etməyə başladı. Və tozun içində bərq vuran böyük almazın lap yanından keçdi; sol ayağını almazdan yarım qarış məsafədə yerə basmışdı.
Daha bir qədər getdikdən sonra Ramu gözlərini açdı. Yay günəşinin parlaq şəfəqləri onun gözlərini qamaşdırırdı və ona elə gəlirdi ki, beynini də qamaşdırır. O, fərəh içində başını qaldırıb toz mavisi səmaya, toz sarısı çöllərə və getdiyi, tapdanmaqdan gümüşə çalan yola baxdı. Bir quşun sevinc cikkiltisi ilə ağacdan-ağaca uçub qonmasına tamaşa elədi. Və bir daha geri dönüb arxadakı böyük almazı görməsə də, bu an bədənindəki yaraları və belinin ağrısını unutmuşdu.
“Ya Rəbbim, gözüm gördüyünə görə sənə minnətdaram”, – qışqırdı. “Buna görə minnətdaram, ən azı buna görə! Bəlkə yoldan nə isə dəyərli bir şey tapdım – boş şüşəni da bazarda pula dəyişmək olar, bəlkə lap pul tapdım, qəpik də olsa. Amma əgər heç nə tapmasam da, baxa bilirəm, axtara bilirəm. Sənə minnətdaram ki, görürəm! Minnətdaram ki, Sən varsan!”
Bu sözləri deyib, almazı arxada qoyub, məmnunluq içində yoluna davam etdi. Allah əyilib almazı əlinə aldı və yenə götürdüyü yerə, Afrikadakı dağların altına qoydu. Sonra isə, sanki gecikmiş bir şey xatırladı (Allahın gecikmiş fikri olduğunu demək mümkünsə), əlini atıb vadidəki dəmirağacın budağını sındırdı və onu, almazı atdığı kimi Çandrapura gedən yola atdı.
“Fərq bundadır ki, – Allah Urielə dedi, – dostumuz Ramu bunu tapacaq və bu əlağacı ömrünün sonuna kimi ona qulluq edəcək.”
Uriel inamsız nəzərlə Allaha baxdı (ən azı, yəqin ki, hər kəsin – hətta mələyin belə – bu alov saçan üzə baxa biləcəyi qədər).
“Rəbbim, Siz mənə dərs verdiniz?”
“Bilmirəm, – Allah nəzakətlə cavab verdi, – verdimmi?”
Orjinaldan tərcümə: Kazım Səlimov 2014.