Xalq şairi, hamımızın sevimlisi Musa Yaqub haqq dərgahına qovuşdu. Ondan ayrılmaq bizim üçün dərin kədər, ədəbiyyatımız üçün böyük itkidir.
İki il əvvəl ustad şairin "İndi bildim nağıldı..." kitabını böyük maraqla oxumuş və onun haqqında "Musa Yaqubu oxuyarkən..." adlı bir esse yazmışdım. İndi həmin o yazını xatırlayıram:
Bu dünya nə gözəl olur Allahım...
...Misal, cüt durnanın işıqlı göldən
Uçub dan yerinə qalxmağı kimi.
Bir həzin yağışın sübhün gözündən
Baharlı çəmənə yağmağı kimi...
Bu səmimi təəccüb kimə məxsusdur - dünyalar görmüş bir fikir və söz sahibinə, yoxsa bir uşağa?!
Bir din-iman sahibinə, yoxsa bir zövq və səfa əhlinə?!
Öz gözünə özü də inanmayan, təəccüb içində şübhə və marağı, heyranlıq və minnətdarlığı, borc və günahı sığışdıra bilən bir dərvişə, yoxsa sözün şəhdi-şövqi ilə həmzəban olan şairə, yoxsa Buynuz deyilən bir cənnətməkandan təkcə ətrafına deyil, təkcə sevgili Azərbaycana deyil, bütün dünyaya baxa bilən, baxmaq azdır, dünyanı görə bilən Musa Yaqubamı?! Amma bu üçü də bir Allah bəndəsində cəm olmayıbmı?! Dərviş - Şair - Musa Yaqub. Elədir, cəm olub.
Onu oxuduqca təəccübünün həddi-hüdudu olmur. Heyranlığının, sevginin, minnətdarlığının da həmçinin".
Biz təkcə şair itirmədik, həm də dost-şair, doğma-şair, dərviş-şair itirdik. Və bir qəlb həmdəminə əlvida dedik.
Bir neçə il əvvəl xanımını itirmişdi. Ömür-gün yoldaşının əbədi gedişinə yazdığı şeiri də xatırlayıram.
Bir gözə dəymədən gözdən itənim,
Bir gizli baxt ilə əhdə yetənim!
Durub iki dünya üz-üzə, gəlmə
Bir daha göstərib möcüzə gəlmə.
Bir yol qovşağında bəlkə görüşdük -
Mən sizə gəlirəm, sən bizə gəlmə.
Qovuşdu gözdən itən ömür gün yoldaşı ilə. Əl-əlbət ki, ruhu şaddır, könlü xoşdur dərviş Musanın.
Ailə üzvlərinə, doğmalarına, bütün ədəbiyyatımıza dərin hüznlə başsağlığı verirəm. Uca Tanrıdan ruhuna əbədi rahatlıq diləyirəm!