Bağırovun evi kimlərə satılıb?

Bağırovun evi kimlərə satılıb?
23 oktyabr 2013
# 08:00

"Görəsən yenə nooldu! Allahın lənətinə gəlsin bu! Çağırtdırıb, bəlkə gələsi olmadım!"...

O illərin, 1936-37-ci illərin ziyalılarının hər gün yaşadıqları yaşantılar, həyəcanlar idi bu. Və nədənsə hətta öz evlərində belə bir adı dillərinə gətirməyi qorxurdular: Mircəfər Bağırov. Həmişə maraqlı gəlib mənə, nə səbəbdən, niyə bu adamın siyasi fəaliyyəti, şəxsiyyəti bu qədər qarışıq, dağınıq və müəmmalıdır.

Üzeyir Hacıbəyli ilə nərd oynayıb. Hər dəfə Moskvadan dönəndə söhbət elədiyi iki-üç adamdan biri olub Üzeyir bəy. Sovet hökumətinin düşməni olan Qaçaq Mayılla aşkar dostluq edib. 1918-ci ildə Quba qırğını zamanı daşnaklara və 11-ci qızıl orduya qarşı döyüşlərdə iştirak edib. Rəsulzadənin Lahıcda gizlənməsinə yardımçı olub, Quba “bazarkom”unu onun adından istifadə eləmək üstündə güllələyib, Səməd Vurğunun əmilərinin müsavatçı olmasına baxmayaraq onu da, bu partiyaya simpatiyası olan Hüseyn Cavidi də uzun müddət repressiyadan qoruyub. Əlağa Vahidə "özünü içki içən kimi göstər. Adının üstündən başqa cür xətt çəkə bilmədim siyahıda" xəbərini göndərib.

Oğlunu Böyük Vətən Müharibəsində iştirak etmək üçün cəbhəyə göndərib, şəhid olan övladına Sovet İttifaqı qəhrəmanı adının verilməsinə razı olmayıb. Cəlilabadda sıravi əsgərin xanımına sataşan məmuru güllələyib. Bundan başqa 1926-cı ildə Azərbaycandan etdiyi üçün, Xuruşovun qardaşını öldürüb-azərbaycanlıları təhqir elədiyinə görə, sonra da Azərbaycanlılardan ibarət Taqonroq diviziyasını yaradıb və.s. Çox şey sadalamaq olar.

Amma... Amması budur ki, bu insan ya o qədər böyük şəxsiyyətdir ki, biz onu araşdırıb başa çıxa bilmirik, ya da yenə də şişirdirik...

Bir də diqqətimi çəkən başqa bir maqam oldu. M.Bağırovun haqqında yazılan ittihamnamədə dövlət əmlakının mənimsənilməsi, vəzifəsindən sui-istifadə başda olmaqla daha ciddi ittihamlar var idi. Amma məhkəmə salonunda hakimə deyib ki, mən bu vəziyyətimdə belə hamınızdan təmizəm...

Qubada olmağım tam tanımadığımız Bağırovu bir az da tanımaq üçün bəhanə oldu mənə. Əslən qubalı olan bu insan necə yaşayıb, burda qohum-əqrəbadan kim var, kim yox... Çox qohumları var dedilər. Amma kimsə danışmaq istəmədi. Ona görə yox ki, Mircəfər Bağırova görə utanırlar. Əsla! Ona görə ki, ona layiq danışa bilməməkdən ehtiyat eləyirlər...

Axtarıb Mircəfərin Qubada doğulub boya-başa çatdığı evi tapdım. Adam ağlına belə gətirə bilmir ki, Azərbaycan Kommunist Partiyası MK baş katibi Mircəfər Bağırov Qubaya gələndə belə, doğulduğu, bu köhnə, sadə, üstündə yeriyəndə döşəməsindən zirzəmisi belə görünən bu evdə yaşayıb. Sonralar bu ev və həyətin bir hissəsi Bağırovun yaxınları tərəfindən satılıb. Bəs bu evdə indi kimlər yaşayır və buranı necə alıblar?

Bu barədə Səkinə nənədən eşidək. Səkinə nənə deyir ki, təzə gəlin gəlibmiş, qaynanası Bağırovun xalası qızı vasitəsi ilə həyətin bir hissəsini ucuz qiymətə alıb və onları bura köçürüb: "Biz də sonra bildik ki, bura Bağırovun doğulduğu, sonralar isə hər dəfə rayona gələndə yaşadığı ev olub. Günümüz gün deyildi. İki gündən bir əllərində müxtəlif aparatlar olan adamlar gəlirdilər, həyəti qatıb-qarışdırıb nəsə axtarırdılar. Sonra da hirslə sıxıb gedirdilər".

Səkinə nənə deyir ki, uzun illərdən sonra ona başa salıblar ki, bu adamlar "KQB"nin əməkdaşlarıdırlar. Və həyət əvvəllər M.Bağırova aid olduğuna görə zirzəmidə və ya həyətdə qızıl, başqa zinət əşyaları axtarırlar.

- Siz bu evi alanda onlardan nə qalmışdı?

- Vallah heç nə. Bircə köhnə daxıl vardı. Onu da əvvəllər qaynanam qorxusundan deyirdi ki, onun cehizliyidir. Əslində Bağırovlardan qalan idi.

- “Onlar qızıl axtarırdılar” dediniz o üzdən soruşdum...

- Qızım biz də baxdıq. İnana bilmirdik ki, heç nə yoxdu. Elə o vaxt biz bu evi alanda hamı deyirdi ki, o qızıl-zad gizləməmiş olmaz. Amma vallah yox idi, heç nə tapmadıq biz. O evi görürsən? (Əlini yarıaralı qalan qapıdan görünən dəmir hasarın o tayındakı xarabalığı dönmüş evə uzadır-J.M.). Ora bu evin bir hissəsi idi. Biz oranı ala bilmədik. Pulumuz çatmadı. Ora da onların idi. Həm də o biri hissəsində qohumları yaşayırdı. Qadın idi. Seyid ağa deyirdi rayon camaat. Həmin o "əliaparatlılar" gələndə elə qorxurdu ki, sonra uzun müddət özünə gətirə bilmirdik onu. Qorxurdu. Tək yaşayırdı. Tək də öldü.

Səkinə nənə ilə söhbətini bitirib həyəti tərk eləyəndə, maraq məni bürüdü. Hasarın bir hissəsindən dəmir parçasını aralayıb içəri baxdım. Çox ağır mənzərələr idi. Qubada bir şeyə də şahid oldum. Bağırovlara məxsus evlərin satıldığına. Təbii ki, maddi çətinlik və.s. problemlər üzündən.

"Onlar həmişə belə yaşayıblar. Sadə, kasıb, hamı kimi." Bunu isə Mircəfər Bağırovun məhkəməsinin sağ qalan iştirakçılarından olan Ali Məhkəmənin keçmiş hakimlərindən biri Cabir Kərimov deyir. 98 yaşlı keçmiş hakimin səhhətinə görə görünmək istəmədi kameralara. Sadəcə yaşadığı evin görüntülərini çəkdim. Cabir müəllim deyir ki, Mircəfər rayona gələndə elə çıxışlarında da, həmişə başı yuxarı, dik idi. Amma ilk dəfə o məhkəmədə o boyda insanı alçaldırdılar.

Cabir müəllim deyir deyir ki, 1937-ci il avqust ayının 5-də SSRİ NKVD-nin güllələnmə barədə çıxardığı qərarları üç nəfər müzakirə edir, imzalayırmış - SSRİ daxili işlər naziri Yejov, Stalin və Mikoyan. Mircəfər kimisə xilas etmək iqtidarında deyilmiş. Hətta buna baxmayaraq o yenə də Üzeyir Hacıbəyovu, Mikayıl Rəfilini böyük çətinliklə qorudu. Və bu cəhdlərinə görə, 1937-ci ildə onun özünü SSRİ prokurorunun müavini Mattuleviçin təqdimatı ilə həbs etdilər. 10 gün ev dustağı saxlanılıb. 1938-ci ildə daxili işlər naziri postuna keçən Beriya Bağırovun həbsi barədə qərarı ləğv edib. Anlaşılan Mircəfər Bağırovun özünü də repressiya qurbanı olmaqdan qoruyublar. Əslində qısa bir reportajda da onun kim olmasını ətraflı açıqlamaq mümkün deyil. Amma qısa təəssüratım o oldu ki, Mircəfər Bağırov əslində vətən xainindən daha çox vətənpərvər biri olub. Və məni bu təəssürata görə qınasalar belə o sadəcə zəmanəsiylə ayaqlaşıb... Amma ayaqlaşa bilibmi? Bu sualın cavabı hələ açıqdı məncə....

Jalə Mütəllimova

# 8452 dəfə oxunub

Müəllifin son yazıları

# # #