Corc, Qabriel və ya publisistikanı udan ədəbiyyatlar…

Corc, Qabriel və ya publisistikanı udan ədəbiyyatlar…
22 yanvar 2016
# 11:05

Kulis filologiya üzrə fəlsəfə doktoru, tənqidçi İradə Musayevanın “Corc, Qabriel və ya publisistikanı udan ədəbiyyatlar…” yazısını təqdim edir.

“…və haradasa naməlum yerdə bütün bu işlərə rəhbərlik edən beyin mərkəzi tam məxfi şəkildə fəaliyyət göstərirdi”.

(C.Oruell)

Bizim çağdaş ədəbiyyatımızdakı yazarların çoxu publisistlərdir… Təbii ki, söhbət yazıçı olub publisistika ilə məşğul olan insanlardan yox, məhz xislət və yaradıcı üslub baxımından publisistika məktəbinə aid olan müəlliflərdən gedir… Yazıçının ixtisası heç zaman oxucunu maraqlandırmır, o fizik də ola bilər, astronom da, mühəndis, həkim, pilot, rəssam və s. Problem üslubu qarışdırmaqdadır… Əlbəttə, elə buradaca səbrsiz və əsəbi oxucumun “Necə olur, pilot və mühəndis yazıçı ola bilir, amma jurnalist yox? Halbuki, jurnalistlikdən yazıçılığa, yazıçılıqdan da jurnalistliyə keçid yarım addımlıq məsafədir…” – sualını eşidirəm. Bəli, jurnalistə də, yazıçıya da çox zaman cəmiyyət eyni problemli mövzuları təklif edir və bu problemin çözülməsi, inikası, ifadəsi prosesində sərhədlər hiss olunmadan aradan götürülür. Azərbaycan və dünya ədəbiyyatından saysız-hesabsız misallar göstərə bilərik. Təkcə XX əsrin əvvəllərindəki bədii-publisistik mənzərə, “Molla Nəsrəddin” və “Fyuzat” məktəbinin nümayəndələrinin yaradıcılıq sferası –C.Məmmədquluzadə, Ə.Haqverdiyev, Ü.Hacıbəyov, Ə.Hüseynzadə və onlarla digər müəlliflərin ikili (publisist və yazar) fəaliyyətləri haqqında düşünmək bu məqamda öz sözünü deyir. Lakin və əslində C.Məmmədquluzadə, Ə.Haqverdiyev, Ü.Hacıbəyovun adı bizim yaddaşımızda ilk növbədə böyük bədii mətnlər yazarı, Ə.Hüseynzadənin adı isə ustad publisist, jurnalist kimi əks-səda verir… Təkcə Ə.Hüseynzadə yaradıcılığının miqyasını müəyyən etmək istəsək, görün nələrlə rastlaşacağıq: filosof, ədəbiyyat tənqidçisi , siyasətçi, həkim, rəssam, şair, türkoloq, tərcüməçi, müəllim, jurnalist… XX əsr Azərbaycan mətbuatı və publisistikası sahəsində müstəsna xidmətləri olmuş Ə.Hüseynzadə bu sahələrin hər birində mükəmməl nümunələr qoyub gedib. Fəqət, filosof, ədəbiyyat tənqidçisi , siyasətçi, həkim, rəssam, şair, türkoloq, tərcüməçi, müəllim kimi bilik və təcrübələrini jurnalisttək özünüifadədə əks etdirib...

Bu gün isə cavan yazarlarımızın, xüsusən, romançılarımızın böyük əksəriyyəti elə zənn edir ki, əsas məsələ sözünü, fikrini necə gəldi, oxucusuna çatdırmaqdan ibarətdir, hətta təcrübədən keçirib gördülər ki, həftəlik dolanışıq naminə “zorən yazılan” “köşə yazıları”nı uc-uca calayıb “postmodern roman” kimi də təqdim etmək olar… Bu məqalədə çatdırmaq istədiyim ideya və fikirləri konkret misallar, faktlarla məntiqləşdirmək üçün dünya ədəbiyyatına üz tutmaq istəyirəm, amma alim yoldaşlarımızın “qələm silkələməsindən” qorxuram. Çünki, hər dəfə “Bizim romanlarımız niyə dünyada tanınmır, oxunmur?” – dərdini çözmək istəyəndə göy mürəkkəblə yazdığım məqalələrə professor həmkarlarım (məsələn, prof. T.Salamoğlu, prof.T.Əlişanoğlu və b.) qırmızı mürəkkəblə yazılmış məqalələr sərgiləyirlər. Hətta mənim roman janrı ilə bağlı yazdığım 10 səhifəlik məqaləyə T.Salamoğlu təxminən 30 səhifəlik cavab yazdı və dərindən nəfəs alsa da, qələmi “qınına” – qələmdana qoymayıb məndən uzun müddət reaksiya gözlədi… Yəqin bundan sonra da mən hər iki ədəbiyyatşünas alimə qəlbimdə və vicdanımda olan dərin hörmət hissinə sığınaraq cavab yazmayacağam… Lakin yuxarıdakı sualın (“Bizim romanlarımız niyə dünyada tanınmır, oxunmur?”) cavabını çözmək narahatlığından doğan axtarışlar isə hər şeyə rəğmən davam edəcək…

Böyük azərbaycanlı ədib Ə.Hüseynzadə “Kuhi-Qaf və Simurq quşu” məqaləsində deyirdi ki, azad söz – azadlıq mələyidir, “pəriyi-hürriyyət”dir. Bu “Söz”ü Qafqaz dağlarına zəncirlə bağlanmış məşhur Prometey oduna bənzədirdi. Ə.Hüseynzadədən əvvəl də, sonra da buna bənzər müxtəlif fikirlər səslənib və biz bilirik ki, Prometey odu allahlardan insanların insan kimi yaşaması, var olması naminə oğurlamışdı. Həm Esxilin ideyasında, həm də dünya fəlsəfəsinin obyektində heç vaxt diqqət nə Prometeyin yaralarında, nə insanların oddan yararlanma rahatlığında, nə də allahların aldadılmasında olub. Diqqət odda və zəncirdə olub… Od- həqiqət, ədalət, azadlıq və vicdan simvolu olub, zəncir də zəncir… Odun- Azad sözün boynu həmişə kəndirdə, qolları zəncirdə olub. Esxilin və yenə dünya fəlsəfi düşüncəsinin qənaəti göstərir ki, Prometeyi nə qollarını yara eləmiş zəncir, nə də sinəsinin ətini parça-parça qoparan qartal dimdiyinin şaqqıltısı yandırmayıb, əlindəki od yandırıb, daha doğrusu, insanlara, (odu əldə edəndən sonra Prometeyi dağlarda ağır işgəncələr altında tək-tənha buraxan və həmin odun üstündə ət bişirib yeyən, həmin odun kənarında rəqs edib sevinən, sevişən nankor insanlara) ötürdüyü odun əlində qalan istisi yandırıb…

Bəli, “pəriyi-hürriyyət” –azadlıq mələyi “AZAD SÖZ” boyda böyüyəndə ƏDƏBIYYAT olur. Müasir dövrdə belə “pərilərin” eşqinə, sevdasına mübtəla olanlar üz tutur dünya ədəbiyyatına…

Corc Oruell təxəllüsü ilə tanınan ingilis yazıçısı Artur Erix Bleyerin peşəsi jurnalistika idi. Uşaqlıqda hekayələr yazsa da, siyasi baxışlarına görə solçu olan Oruell bir müddət London qəzetlərinin birinin müxbiri kimi fəaliyyət göstərmişdir. “Edam” (1931), “Paris və Londonla aşağı-yuxarı” (1933), “Birma günləri” (1934), “Fil ovu” (1936) kitablarını yazmışdı. İkinci kitabından başlayaraq bütün əsərlərini Corc Oruell təxəllüsü ilə çap etdirmişdi.

Oruelin müharibə və döyüş təcrübəsi vardı, hətta partizan dəstəsində vuruşmuş, döyüşlərin birində yaralanmışdır. Siyasətlə çox maraqlanırdı, nəinki maraqlanırdı, hətta onun siyasi uzaqgörənliyi sübut etdi ki, tarixi, ictimai-siyasi gedişata siyasi təfəkkürlü yazıçılar müddət və tarix qoya bilər, prosesi proqnozlaşdırmağı bacararlar… Məsələn, C.Oruelin və Q,Q,Markesin romanlarını oxuyan hər kəs bunu aydınca görər. Deməli, ədəbiyyatın yaşı tarixin ən ağır, böyük parçalarının (imperializm, sovetizm stalinizm və s.) yaşından çox ola bilir. Necə ki, sovetizm və stanilizm bitdi, 70 yaşında öldü, amma onu bədiiləşdirən və tarixiləşdirən ədəbiyyat -“1984” yaşayır və yaşayacaq. Əbəs deyil ki, fatehlər, müharibələr, İsgəndərlər, Çingiz xanlar, Teymurlənglər nə qədər təkəbbürlü, iddialı və hegomon xislətli olsalar da orduları, qılınc və şimşək sürətli atları ilə birlikdə yazıçı qələminin ucunda mum kimi əriyir, plastilin kimi şəkildən-şəkilə düşə bilir. Yazıçılıq qüdrətinin mahiyyəti də bundadır…

Corc Oruell İkinci Dünya müharibəsi illərində BBC telekanalında və “Observer” qəzetində işləmişdi. 1943-cü ildə sovet dövlətinin lideri İosif Stalin haqqında “Heyvanıstan” romanını yazır. Əsər 1945-ci ildə çap olunur və yazıçıya böyük şöhrət qazandırır. Yazıçı kimi məşhurluqdan sonra da o yenidən jurnalistlik fəaliyyətini davam etdirir. 1948-ci ildə isə dünyanın 70-dən çox dilinə tərcümə edilən və müəllifinə əbədi şöhrət qazandıran “1984” romanını yazır. Totalitar qaydalarla idarəetmənin insana və insanlıq tarixinə vurduğu sarsıntılı zərbələri Oruell incə və dəqiq müşahidələr, siyasi uzaqgörənlik, fəlsəfi və analitik təhlillər, ideyaverici və təlqinedici ştrixlər əsasında faş və ifşa edə bilmişdir. 1956 və 1984-cü illərdə roman iki dəfə ekranlaşdırılır. Mətbuatdan əldə olunmuş məlumata görə Böyük Britaniyada romanın üçüncü ekranlaşdırılmasına hazırlıq gedir.

“Qənaət rejimi işə düşmüşdü-Nifrət Həftəsinə hazırlaşırdılar. Mənzil yeddinci mərtəbədə yerləşirdi. Uinstonun otuz doqquz yaşı vardı. Sağ topuğunda damarların genişlənməsi nəticəsində əmələ gəlmiş varikoz yarasından əziyyət çəkirdi. Odur ki, pillələri asta-asta qalxır, arada dayanıb nəfəsini dərirdi. Bütün mərtəbə meydançalarında liftlə üzbəüz divara vurulmuş plakatdan ona eyni sifət baxırdı. Portret elə çəkilmişdi ki, addımını hara atsan şəkildəki adamın gözləri səni izləyirdi. BÖYÜK QARDAŞ SƏNƏ BAXIR – şəklin altında elə-belə də yazılmışdı.” (“1984”s.3)

Əsərin ikinci adı “Avropada sonuncu insan” idi. Sonuncu insan –insan kimi qalmaq istəyən yeganə şəxs… Müəllif bütün əsər boyu sübut etmək istəyir ki, insan digər canlılardan yalnız və yalnız şüuruna, düşünə bilmək qabiliyyətinə, iradə və əqidə möhkəmliyinə, azad söz sahibi olmaq xoşbəxtliyinə görə insan olur. Romanın qəhrəmanı Uinston Smit elə bir cəmiyyətdə və rejimdə yaşayır ki, insanlıq kriteriyalarına yaxın düşmək, ona sahiblənmək belə mümkün deyil. Dərdini, şikayətini, sıxıntını, sənə qarşı olan haqsızlıqları, şəri, böhtanı, zülmü aradan qaldırmaq üçün bircə dənə də istinad nöqtəsi qalmayıb.Üz tutulası insanlar məhv edilib. Həbsxanaya, sürgünlərə göndərilib, ya da yerindəcə güllələnib. Zorun bütün gücü insanın beyini, düşüncəsi, yaddaşı və iradəsi üzərində eksperiment aparmağa həsr edilib. Yalan, riya, saxtakarlıq vəba xəstəliyi kimi yayılıb. Xəfiyyələşmiş cəmiyyətdə üz mimikaları, jestlər belə səni ələ verər, satar … Müasir dillə desək, demək olar ki, hər tərəf “kameralaşdırılıb”. Lakin o bir dəftərçə alır, (hətta bu boş dəftəri alanda, əlində saxlayanda və evə gətirəndə -bütün bu proses boyunca qorxu hissi onu tərk etmir ) dilinə gətirə bilmədiyi düşüncələrini özü üçün olsa belə, hətta cırıb atası olsa belə yazmaq istəyir. Şübhə və qara ehtimallarsa onu rahat buraxmır, o qətiyyətlə inanır ki, hələ qələm dəyməmiş dəftərin özündə də təhlükə ola bilər. Onun ürəyindəki niyyətdən belə kiminsə xəbər tutacağı qorxusu ilə mübarizə aparır. Tez-tez də özünə təsəlli verir ki, ağ dəftərçəni çantasında gəzdirməkdə bir qanunsuzluq yoxdur axı… Ürəyində isə fikirləşir: artıq qanunlar özləri mövcud olmadığından, daha qanuna zidd heç nə qalmamışdı… lakin gündəlik aşkara çıxarılsa, onu edam cəzası, yaxşı halda isə, icbari əmək düşərgəsində iyirmi beş illik həbs gözləyirdi…

Corc Oruell üslubunda və təsvirlərində qəribə bir soyuqqanlılıq, eyni dərəcədə də qəribə emosionallıq, hərarət, çağırış və pafos var. Onun qəhrəmanı F.Kafkanın əslindən – insan kimi var olmadan çevrilmiş qəhrəmanından da miskin və əzilmiş durumdadır. Kafkanın Qriqoru qoxu və iyrənc maye ifraz edən həşərata çevriləndən sonra necə ki, elə hey əzilir, tez-tez ayaq altda qalır və arzuolunmaz bir artıqlığa çevrilir, Uinston da eləcə hər tərəfdən, hətta partiya qrfamonuna çevrilərək ərinə hörmət, sevgi və nəvazişini itirmiş arvadından belə soyuq, şübhəli, nifrət və qəzəb dolu münasibət görür. Bir əsas fərq var. Qriqor fizioloji olaraq heyvan çeşidinə dönsə də içindəki əzilmiş insanını həşərat girə biləcək boyda deşiklərdə gizlədir, qoruyub saxlayır, Uinston isə içindəki öldürülən, qanına qəltan edilən İnsanının yolunda hər an fiziki məhvini, ölümünü, “buxara çevrilməsini” göz önünə gətirir və bu itki ilə razılaşaraq təkcə özünün yox, bəşər övladının mövcudluğu yolunda mücadilə edir. O da Prometey kimi İnsanı xilas etmək naminə fizioloji varlığını könüllü təslim edir, mənəvi, ruhi bütövlüyünü isə qoruyur. Uinston öz içindəki heyvani, instiktiv qorxunu atmaqla alçaldılmış insanlar ordusundan sonuncu əsgəri, əsirlər bataqlığından bircə nəfəri də olsa diri -insan cildində çıxarmaq istəyir…

“Qəribə olsa da, saat zənginin səsi cəsarətini yenidən özünə qaytardı. O, həqiqət haqqında car çəkən, amma səsini heç kəsin eşitmədiyi tənha həyulə idi. Hətta belə olsa da, sözlərini dediyi, yazdığı müddətdə dünyada hansı prosesinsə arası kəsilməyəcəkdi. Sözünü heç kimə eşitdirə bilmirsən, amma ən azı normal insan kimi qalırsan, bəşər nəslinin irsini yaşadırsan, qoruyursan. Uinston masanın arxasına keçdi, qələmi mürəkkəbə batırıb yenidən yazmağa başladı. Gələcəyə, yaxud keçmişə-fikrin azad olduğu, insanların biri-birindən seçildiyi, tənha yaşamadığı, həqiqətin həqiqət kimi dərk edildiyi, var olanların heçliyə çevrilmədiyi dövrə - Tənhalar, yalqızlar dövründən, Böyük Qardaş və ikifikirlilik epoxasından - salamlar!” ( “1984”. s.11)

Müəllif Uinston Smitin yaşantıları, hiss və düşüncələri əsasında sübut edir ki, ən dəhşətlisi, təkcə hərəkət, söz və fəaliyyət yox, düşüncə və xatirələrə, arzulara da gözəgörünməz, lakin əslində, hamının başının üstündə, çiyinlərində, sağında və solunda nəfəs kimi hiss etdiyi nəzarətçilər təyin ediblər. “Helikopter leş üstündə uçan milçək kimi dövrə vurub bir anlığa havadan asılı vəziyyətdə qaldı, sonra gözdən itdi. Içərisində pəncərədən mənzillərə nəzarət edən patrullar vardı. Amma bu patrullar elə də qorxulu deyildilər. Fikir Polisindən özünü qorumaq lazım idi.(“1984”. s.2)

Bu romanda yüksüz bir cümlə təsəvvür etmək mümkün deyil. Hər cümlə mətinaltı olaraq üç-dörd cümlə törədir. Romanda qəribə bir mühit var. Və o mühitin ağıla gələn ilk adı budur : vakkum… oxucu da bunu aydınca duyur və bəzən boğulduğunu zənn edir. Kəskin sarkazm və siyasi hegomoniya arenasının hakimi olan bir rejimə parodiya ustalığı müəllifin hər cümləsində meydan oxuyur. “Binalarda nəhəng dövlət aparatının aralarında bölündüyü dörd Nazirlik yerləşirdi. Həqiqət Nazirliyi informasiya, təhsil, asudə vaxtın təşkili və incəsənət məsələləri ilə, Sülh Nazirliyi müharibə, Sevgi Nazirliyi ictimai asayişin mühafizəsi, Rifah Nazirliyi iqtisadiyyatla məşğul olurdu. Yenidildə Nazirliklər müvafiq şəkildə Həqnaz, Sülhnaz, Sevnaz və Rifnaz adlanırdı. Sevgi Nazirliyi həqiqətən də insanın canına qorxu salırdı. Binada yerli-dibli pəncərə yox idi. Uinston bir dəfə də olsun bu Nazirliyinin kandarından içəri ayaq basmamışdı. Içəri girmək nədir, heç yarım kilometrlik məsafədə onun həndəvərinə hərlənməmişdi. Rəsmi səbəb olmadan binaya düşmək mümkün deyildi. Həm də bundan ötəri tikanlı məftillərin, polad qapıların, gözəgörünməyən yerlərdə gizlədilmiş pulemyot yuvalarının bütöv bir labirintindən keçmək lazım idi. Hətta binanın bayır hasarına yaxın küçələrdə də ucu toppuzlu dəyənəklərlə silahlanmış, sifətdən qorillaya bənzəyən qara paltarlı təhlükəsizlik xidməti əməkdaşları keşik çəkirdilər”.( “1984”. s.2)

İnsanlardakı kədər, sevinc, qorxu, cəsarət, həyəcan, sevgi və nifrət kimi təbii hisslərin qeyri-ixtiyari proses kimi doğuşu yox edilib. Artıq canlılığın və insanolmanın bu səlahiyyətini də rejim mənimsəyib. İnsanın bütün hiss və düşüncələri “kameraların” qarşısında çılpaq vəziyyətdədir. Bütün bunların hamısı nəzarətdədir və tapşırıqla idarə olunur: “Uinstonun işlədiyi Sənədləşdirmə Departamentinin işçiləri kreslolarını kabinələrindən çıxarıb zalın ortasına, böyük teleekranın qarşısına düzürdülər. Bir az sonra Nifrət İkidəqiqəliyi başlayacaqdı”.(“1984”.s.4) Bəzi araşdırıcılar qeyd edir ki, romanın əsas qəhrəmanları Uinston Smitlə Culiyanın çalışdıqları Həqiqət Nazirliyinin prototipi vaxtilə Corc Oruelin özünün fəaliyyət göstərdiyi Böyük Britaniya İnformasiya Nazirliyi idi. Gördüyümüz kimi, İnformasiya nazirliyinin publisisti kimi çalışan müəllif sonradan dünyanın ən məşhur yazarlarından birinə çevrilir. Sən demə, bu illər ərzində gördüyü, şahidi və iştirakçısı olduğu siyasi-ictimai olaylar, eşitdiyi və yazıb-pozduğu bütün sosial, mədəni, ictimai-siyasi publisistik materialların cəmi bir işə, bir sahəyə xidmət edirmiş - ədəbiyyata, bədii mətnlərə… İsti və soyuq müharibələrin, siyasi çəkişmələrin, ictimai-iqtisadi formasiya kimi sosializmin və kommunizmin, siyasi güc kimi faşizmin obrazını, xarakter və mahiyyətini və ya mahiyyətsizliyini əks etdirən Corc Oruell bir yazıçı kimi daha çox insanın daxilində və xarici simasında aparılan anti-humanist eksperimentləri bədiiləşdirirdi. Onun zamanı, mühiti, cəmiyyəti, tarixi gedişatı qiymətləndirmək, ifadə etmək, təhlil etmək potensialı publisistik üslub üçün həddindən artıq idi. Müəllifin roman təfəkkürünün hüdudları ayrı-ayrı millətlərin, ölkələrin deyil, bəşəriyyətin və yer kürəsinin taleyini, aqibətini araşdırmaq gücündə idi. Onun totalitarzm ifşası bir ölkəyə aid deyildi, ümumiyyətlə onun –totalitarizmin modelina, qanunlarına qarşı idi…

Romanda aydınca görünür ki, nifrət aşılanır, yönləndirilir və hətta əmr olunur. Nifrət tapşırıq kimi yaradılır və nümayiş olunur. “Qoldsteyn öz görünüşü və fikirləri ilə də dərhal qorxu, qəzəb doğururdu. Ona bəslənən nifrət Avrasiya, yaxud Istasiyaya olan nifrətlə müqayisədə daha dəyişməz, hətta əbədi sayıla bilərdi. Çünki adətən Okeaniya bu dövlətlərdən biri ilə müharibə vəziyyətində olanda o biri ilə sülh sazişi bağlayırdı. Amma qəribə görünən başqa şey idi. Hamı Qoldsteyni aşağılasa da, hamı ona nifrət bəsləsə də, hər gün, bəlkə də gündə min dəfə təlimi rədd olunsa da, nəzəriyyəsinin daşı daş üstündə qoyulmasa da, mitinqlərdə, teleekranda, qəzetlərdə, kitablarda fikirləri cəfəngiyyat kimi gülüş və istehza hədəfinə çevrilsə də, daim ələ salınsa da, nüfuzu əsla azalmırdı. Həmişə onun tələsinə düşən, onun sözlərinə şirniklənən sadəlövh adamlar tapılırdı. Elə gün olmurdu ki, Fikir Polisi Qoldsteynin təsirinə qapılan, əmri ilə hərəkət edən casus və ziyankarları tapıb aşkara çıxarmasın. Qoldsteyn güclü gizli orduya, Dövləti devirməyə çalışan geniş sui-qəsdçilər şəbəkəsinə rəhbərlik edirdi. Şəbəkənin Qardaşlıq adını daşıdığı ehtimal olunurdu. Qoldsteynin bütün yaramaz fikirlərin məcmusu kimi şöhrət qazanan və gizli şəkildə yayılan kitabı haqqında pıçıltı ilə danışırdılar. Əsərin adını bilən yox idi. Adamlar onu, sadəcə, kitab adlandırırdılar. Amma ortalıqda gəzən söhbətlərin boş şaiyələr olduğunu da yaxşı başa düşürdülər. Mövzudan yayınmaq imkanı yarananda hər bir Partiya üzvü Qardaşlıq və kitab məsələsinə toxunmamağı daha üstün tuturduBəzən Uinston nifrətinin qətiyyən Qoldsteynə deyil, əksinə, Böyük Qardaşa, Partiyaya, Fikir Polisinə qarşı çevrildiyinin fərqinə varırdı. Belə məqamlarda küfr və qəzəb hədəfinə çevrilmiş bu tənha yadfikirlinin, yalan dünyasında sağlam ağıl və həqiqətin bu yeganə mühafizinin tərəfində dayandığını hiss edirdi. Bir saniyə sonra isə o, yenidən kütləyə qoşulur, Qoldsteyn haqqında deyilənlərin hamısını həqiqət kimi qəbul edirdi. Belə anlarda Böyük Qardaşa bəslədiyi gizli nifrət sitayişə çevrlirdi. Böyük Qardaş əlçatmaz büt kimi hamının və hər kəsin başı üzərində yüksılirdi”.(“1984”.s.6)

Uinstonun yaşadığı cəmiyyətin cəhalətə yuvarlanması, get-gedə müti, itaətkar və rəzil durum alması totalitar idarəetmənin işini xeyli asanlaşdırırdı. Çünki, əsərdə də deyildiyi kimi “cəhalət –qüvvədir”… Romandakı hadisələr 1984-cü ildə, totalitar Okeaniya dövlətinin əyalət şəhərlərindən olan Londonda cərəyan edir... Uinston daima düşünürdü ki, saysız-hesabsız həbslərə, etiraflara, edamlara baxmayaraq, Qardaşlığın mövcudluğuna əminlik quru nağıl deyildi! Uinston bir gün bütün deyilənlərin həqiqətə çevriləcəyinə inanırdı. Ertəsi gün isə əminliyi yoxa çıxırdı. Əlində dəlil-sübut yox idi. Hər cür yozula bilən, yaxud heç bir mənası olmayan ani baxışlar, kənar söhbətlərdən qulağa çatan kəsik - küsük sözlər, tualet divarlarındakı yarısıilinmiş yazılar, çətin ki, nəyinsə sübutu sayıla bilərdi. Hətta biri-birini tanımayan iki adamın qarşılaşarkən əllərini yüngülcə tərpətmələri də nəzərindən yayınmamış və bunu gizli salamlaşma zənn etmişdi….

“Gözləri yenə səhifəyə zilləndi. Sən demə bayaqdan bəri dərin fikrə dalsa da, əli özündən asılı olmayaraq işləyirmiş. Lakin bunlar bir az əvvəl yazdıqları kimi başı-ayağı bilinməyən, biri-birinə qarışmış dəhşətli cızmaqaralar deyildi. Qələmin ucu kağızın yumşaq səthində sürətlə hərəkət edir, eyni ifadəni iri çap hərfləri ilə biri-birinin altında ləzzətlə sıraya düzürdü: Rədd olsun böyük qardaş! Rədd olsun böyük qardaş! Rədd olsun böyük qardaş! Rədd olsun böyük qardaş! Rədd olsun böyük qardaş! Bu sözləri yaza-yaza səhifənin ortasına gəlib çıxmışdı. Lakin yazdıqları da vahimə hissinin aradan qalxmasına kömək etmədi. Əslində, cəfəng hərəkət etdiyini özü də anlayırdı. Belə şüarları kağıza köçürmək gündəlik tutmaqdan çox da təhlükəli deyildi. Amma yenə də korladığı səhifələri dərhal cırıb atmaq və ümumiyyətlə, bu işdən birdəfəlik əl çəkmək haqqında fikirləşdi”. (“1984”.s.10)

Corc Oruelin müşahidə istedadını və xarakterik, tipik cizgiləri dəqiqliyi ilə əks etdirmək bacarığını, insanın insana zülmünün çeşidləri içərisindən mətnin ideyasına uyğun olan variantları seçmək dəqiqliyini, fizioloji ölümlərdən öncə psixoloji ölüm mənzərəsinin kompazisiyasını qurması məharətini alqışlamamaq olmur. Hökmsüz, hakimsiz, azarsız-bezarsız öldürülür, yoxa çıxırdın, “mövcudluq faktın inkar olunurdu”, həmişəlik yaddaşlardan silinirdin. Artıq sən yox idin. Ləğv edilmişdin, yoxa çıxarılmışdın, öz aralarında dedikləri kimi, “buxara çevrilmişdin”…

“Bu işi həmişə gecə görürdülər. Həbs eləməyə gecələr gəlirdilər. Qəflətən yuxudan oyadırlar, kobud əl çiynindən yapışıb səni silkələyir, işığı düz gözünə salırlar. Sərt simalı adamlar yatağını dövrəyə alır. Əksər hallarda heç bir məhkəmə keçirilmirdi, həbslər barəsində məlumat verilmirdi. Adamlar bir qayda olaraq gecələr yoxa çıxırdılar. Adın siyahılardan silinirdi, gördüyün işlərlə bağlı xatırlatmalar hər yerdən pozulurdu, mövcudluq faktın inkar olunurdu, həmişəlik unudulurdun. Artıq sən yox idin. Ləğv edilmişdin, yoxa çıxarılmışdın, öz aralarında dedikləri kimi, buxara çevrilmişdin”.”(“1984”.s.9)

Əlbəttə, totalitarizm, diktator hegomonluğu, milyonları utopiya, xəyal ilğımında bilərəkdən heçliyə, uçuruma sürükləmək, insana həqarət və rəhmsizliklə yanaşma mövzusu Corc Oruelədək də işlənmişdi. Lakin “1984” romanı qədər cilalanmış fikirlər və başdan-başa “siyasi bədiyyat” ampulasında cərəyan edən səhnələr zənginliyi ikinci bir əsərdə olmamışdır.

“Onların sırasında Oldos Hakslinin “Heyrətamiz yeni dünya”, Yevgeni Zamyatinin “Biz”, Karen Boyun “Kallogen”, Rey Bredberinin “Farengeyt 451” əsərlərinin adlarını çəkmək mümkündür. Tanınmış rus yazıçısı Yevgeni Zamyatinin (1884-1937) satirik antiutopiyanın ilk və parlaq nümunələrindən sayılan “Biz” (“Mı”) romanı 1920-ci ildə çapdan çıxmışdı. Həyatını mühacirətdə başa vuran müəllifin əsərində Sovet Rusiyasının timsalında bəşəriyyətin başı üzərindən asılmış təhlükə-bolşevik totalitarizmi öz orijinal bədii əksini tapmışdı. Avropa və Amerikada dəfələrlə nəşr olunan roman yazıçının vətənində təxminən yetmiş illik fasilədən sonra, yalnız 1988-ci ildə işıq üzü görmüşdü. Zamyatinin romanında “Vahid Dövlət” adlandırılan totalitar cəmiyyətdə yaşayan mühəndis D-503-ün (burada insanların ad və soyadları yoxdur, onlar yalnız nömrələrlə işarələnirlər) həyatı təsvir olunur. Bu dövlət Xeyirxah adlı rəhbər tərəfindən idarə edilir. Onun sakinləri isə robotları xatırladır. Onlar hər gün “Dövlət qəzetini” oxuyur, Mühafizlər Bürosunun nəzarəti altında yaşayır, şüşə divarlı mənzillərinin kandarından kənarda baş verən hadisələrlə maraqlanmırlar. Cəmiyyətə müxalif mövqe tutan İ-300 adlı qızla tanış olana qədər bu həyat tərzi mühəndis D-500 üçün tamamilə məqbul görünür. Sonra isə hər şey sürətlə dəyişir. Qeyd etmək lazımdır ki, Corc Oruell rus həmkarının romanı ilə yaxşı tanış idi. Hətta 1946-cı ildə ingilis mətbuatında Zamyatinin əsəri haqqında ayrıca resenziya ilə çıxış etmişdi. 1944-cü il fevralın 17-də B.Struveyə göndərdiyi məktubda isə yazırdı: “Siz diqqətimi haqqında daha əvvəllər eşitdiyim “Biz” romanına cəlb etdiniz. Belə kitablar məni çox maraqlandırır, özüm də əvvəl-axır yazacağım bu tipli oxşar bir kitab üçün qeydlər aparıram”. “1984” romanında da Zamyatinin əsərində olduğu kimi, Sovet İttifaqının və Stalin rejiminin timsalında totalitar təfəkkürün, totalitar üsul-idarənin təsviri əsas yer tuturdu. Lakin bununla bir sırada siyasi baxışları etibarı ilə özünün demokratik sosialist olduğunu bəyan edən Corc Oruell romanın heç bir halda bütünlüklə sosializm sisteminə və ideyalarına qarşı çevrilmədiyini də xüsusi nəzərə çarpdırırdı. Ölümündın bir neçə ay əvvəl, 1949-cu il iyulun 25-də Fransua Hensona ünvanladığı məktubda Oruell bu məsələyə aydınlıq gətirərək yazırdı: “Sonuncu romanım sosializmə, habelə tərəfdarı olduğum Britaniya Leyboristlər partiyasına hücum kimi qəbul edilməməlidir. Mən kommunizm və faşizmin törətdikləri özbaşınalıqları göstərməyə çalışmışam. Kitabda yer alan səhnələrin Britaniyada cərəyan etməsinə gəldikdə isə bununla ingilis dilli irqin mahiyyət etibarı ilə başqalarından daha yaxşı olmadığını və əleyhinə ardıcıl mübarizə aparılmadığı təqdirdə totalitarizmin hər yerdə qələbə çalacağını diqqətə çatırmaq istəmişəm”. (V.Quliyev)

Doğrudan da “ingilis dilli irqin mahiyyət etibarı ilə başqalarından daha yaxşı olmadığını” cəsarətlə vurğulayan romançının bu mesajı bütün dünyaya səsləniş assosasiyası yaradır. Müəllif elə bədii priyomlarla mətn və süjet qurub ki,əsərdə fərdlər, şəxslər, kəslər deyil, cəmiyyət də deyil, zərərli və zəhərli ideologiyalar, sistem və quruluşlar, idarəetmələr ifşa olunur, açılır, siyasi mahiyyət etibarilə “qısır” damğası ilə möhürlənir… Yazıçı insan duyğularının hər kəsdə yaşanan hallarını yeri düşdükçə qəhrəmanlarına da yaşadır. “Cəza həmişə cinayətdən daha çox ziyan gətirir”- fikrində olan müəllif insanı mənən, ruhən əzmənin rəzilliyini bir çox səhnələrdə o qədər canlı və təsirli verir ki, İnsan olmanın şərəfini, qürurunu deyil, ağrısını və xəcalətini çəkməli oluruq. Məsələn, romanda ürəkparçalayıcı təsirli bir məqam var. Uinston bütün varlığıyla cəsarətli olmaq, nahaqqa, miskin və müti duruma etiraz etmək üçün özünü toplamağa və “möhtəşəm” bir addım atmağa hazırlaşır – gündəlik yazmaq və durum, mühit, ətrafında baş verən hadisələrə ağlının kəsdiyi kimi qiymət vermək… lakin qaranlıqdan qorxan uşağın özünüovutması kimi durmadan, ürək çırpıntıları ilə özünətəlqin məqamında qorxunun cəsarəti üstələdiyini görürük. Uinston gündəliyin ilk cümlələrini (Rədd olsun böyük qardaş!) yazıb və indi özü-özünü yenidən yaratmaq, insan kimi məhv olmaq təhlükəsinin qarşısını almaq üçün birnəfəsə bu sözləri təkrarlayır: “məni güllələyirlər bunun mənə heç bir dəxli yoxdur gülləni boynumun arxasından vuracaqlar bunun mənə dəxli yoxdur rədd olsun böyük qardaş həmişə gülləni boynun arxasından vururlar mənə dəxli yoxdur rədd olsun böyük qardaş. Stulun arxasına söykəndi. Belə vahiməyə düşməsindən özü də yüngülcə pərt olmuşdu. Bir an sonra isə ildırım vurmuş kimi yerində quruyub qaldı. Qapı döyülürdü. Deməli, gəldilər! Siçan kimi nəfəsini içinə çəkib gözləyirdi. İlk cəhddən sonra qapı açılmasa çıxıb gedəcəklərinə zəif də olsa ümid bəsləyirdi.. Yox, qapıya vurulan zərbələr təkrarlanmağa başladı. Belə vəziyyətdə ən axmaq hərəkət ləngiməkdir. Ürəyi təbil kimi şiddətlə döyünürdü”.(“1984”.s.9)

Romanda göstərilir ki, hər şey dumana bürünüb itir, aşkar yalanlara qarşı çıxmağa da heç kimdə cəsarət çatmır. Başdan-başa ağ yalandan ibarət göstəricilər də daxil olmaqla, hazırlanan materialların əksəriyyətinin gerçək dünya ilə qətiyyən əlaqəsi yox idi. Statistika özünün həm ilk, həm də dəqiqləşdirilmiş variantında eyni dərəcədə fantaziya məhsulu sayıla bilərdi. Çox vaxt göstəricilərin özünü də barmaqdan sorub çıxarmaq lazım gəlirdi.

Hamının gördüyü idarəetmədən kənarda, hardasa görünməz bir İdarə Aparatı fəaliyyət göstərirdi. “Və haradasa naməlum yerdə bütün bu işlərə rəhbərlik edən beyin mərkəzi tam məxfi şəkildə fəaliyyət göstərirdi. Bu mərkəz keçmiş irsin hansı hissəsini qoruyub saxlamaq, hansı hissəsini saxtalaşdırmaq, hansı hissəsini isə həmişəlik məhv etməklə bağlı siyasi xətti hazırlayır, görülən işləri əlaqələndirirdi”.(“1984”.s.21)

Bayağılıq hökm və əmrlər səviyyəsindədir. Daxili Partiyanın tanınmış üzvlərindən olan yoldaş Uayters adlı şəxs xüsusi fərqləndirilmiş və Ikinci dərəcəli "Şüurlu Xidmətə Görə" ordeni ilə mükafatlandır. “Şüurlu Xidmətə Görə” ordeni əslində təltif yox, təhqir hesab edilməlidir…

Yazıçı o qədər dərin qatlara enir ki, insanı heyrət bürüyür: sanki, totalitarizmin Əsasnaməsini, məcəllə maddələrini onun iştirakı ilə yazıb hazırlayıblar. Axı sistemə, onun qanunlarına və idarə edilməsinə yazıçı tərəfindən bu qədər bələdlik necə mümkün ola bilər? Bu məqamda müəllifin publisistik və siyasi fəaliyyətinin mahiyyətini də unutmamalıyıq. Corc Oruell boğulan, partlayan, dili daşa döndərilən, yaddaşı şumlanan insanın sözlə anatomiyasını yaradıb, onun portretini rəsm edib. Diqqət edin, insanların şüurlu yaşama və davranma prosesində əsas material, vasitə olan dil üzərində amansız soyqırım əməliyyatı aparılır. Dil birbaşa şüur aktıdır, dilsiz düşünmə və özünüifadə mümkün deyil. Və sistem bu rəzilliyi də insanın başına gətirir. Onun dilinin sözlərini, lüğət tərkibini azaldır, ixtisar edir, insanların başına gətirdikləri mənəvi təcavüzləri onun dilinə də tətbiq edirlər. Bu haradasa tam məxfi şəkildə fəaliyyət göstərən, naməlum yerdə bütün bu işlərə rəhbərlik edən beyin mərkəzinin tapşırığı və şeytani icadıdır: “- Lüğət üzərində iş necə gedir? - sözlərinin yaxşı eşidilməsi üçün Uinston da səsini qaldırmalı oldu. - Çox asta, - deyə Saym cavab verdi. - Indi sifətlər üzərində işləyirəm. Ləzzət verir. Yenidildən söhbət düşən kimi Saymın gözləri parıldadı. Kasasını yana itələdi, arıq əli bir tikə çörək götürüb pendir qıçasını üstünə qoydu və qışqıra-qışqıra danışmamaq üçün masanın üstündən Uinstona tərəf əyildi. - On Birinci Nəşr - son nəşrdir, - dedi. Biz dilə tamamlanmış şəkil veririk. Artıq başqa dildə danışılmayacaq. İşimizi sona çatdırandan sonra sizin kimi adamlar dili yenidən öyrənməli olacaqlar. Əminəm ki, fəaliyyətimizin əsas istiqamətinin təzə sözlər uydurmaq olduğunu düşünürsünüz. Qətiyyən elə deyil. Əksinə, biz sözləri məhv edirik. Hər gün onlarla, yüzlərlə sözü aradan götürürük. Biz dili sümüyə qədər bütün artıq ətdən təmizləyəcəyik. Iki min əllinci ildən əvvəl On Birinci Nəşrə daxil edilmiş heç bir söz köhnəlməyəcək. O, acgözlüklə çörəyindən ağızdolusu dişləm vurdu, çeynəyib uddu. Sonra əvvəlki pedant ədası ilə söhbətini davam etdirməyə başladı. Arıq, qarayanız sifəti canlanmışdı, gözlərindəki istehza ifadəsi yoxa çıxmışdı. Indi onlar daha çox xəyalpərvər adamın gözlərinə bənzəyirdilər. -Sözləri məhv etmək gözəl işdir. Zibillənmə ən çox fellərdə və sifətlərdə hiss olunur. Amma isimlərin içərisində də yüzlərlə artıq, mənasız söz var. Söhbət yalnız sinonimlərdən getmir, antonimlər də eyni vəziyyətdədir… Məsələn, bir sözün əksi olan başqa söz nəyə lazımdır? Axı, hər bir söz özündə əksini də ehtiva edir. Məsələn, “sevinc” sözü varsa “kədər”ə nə ehtiyac qalır? “Sevincsiz” də pis deyil, əksinə, daha yaxşı səslənir. Həm də “sevinc”in tam əksidir, “kədər” isə tamam kənar sözdür. Yaxud, götürək sifətin çalarlarını və dərəcələrini. “Yaxşı”- baxır kimin üçün yaxşıdır. Amma “müsbət” deyiləndə subyektivliyin hər cür təzahürü aradan qalxır. Əgər sizə “müsbət”in daha güclü çaları lazımdırsa, o zaman “gözəl”, “əla” və s. kimi yayğın sözlərə nə ehtiyac var? “Müsbətmüsbət”, yaxud “ikiqat müsbət” eyni mənanı daha yaxşı ifadə edir. Sifətin şiddətləndirmə dərəcəsinə ehtiyac yaranarsa, o zaman “üçqat müsbət” deyə bilərsiniz. Düzdür, hələlik biz köhnə və yeni formalardan paralel istifadə edirik. Lakin Yenidilin son variantında köhnə sözlərə, ümumiyyətlə, yer qalmayacaq. Nəticədə, “yaxşı” və “pis” məfhumlarının bütün dərəcələri altı, daha dəqiqi iki sözlə ifadə olunacaq. Bütün bunların nə qədər gözəl səsləndiyini hiss edirsinizmi, Uinston? Əlbəttə, ideya Böyük Qardaşa məxsusdur,-deyə o, azacıq fikrə gedəndən sonra sözünü tamamladı. Böyük Qardaşın adı çəkiləndə Uinston dərhal sifətinə sevinc ifadəsi verməyə çalışdı. Lakin entuziazm çatışmazlığı Saymın diqqətli nəzərlərindən yayınmadı. - Siz ürəyinizdə Yenidili çox da yüksək qiymətləndirmirsiniz, Uinston! - deyə o, kədərlə sözlərinə davam etdi. -Hətta bu dildə yazanda da köhnə dildə düşünürsünüz. Sizin Tayms-da çap olunan bəzi yazılarınıza baxmışam. Kifayət qədər yaxşıdırlar, amma diliniz-tərcümə dilidir. Görürəm ki, bütün yayğınlığına, lüzumsuz məna çalarlarlarına baxmayaraq, tam şəkildə Köhnədilə bağlısınız. Sözləri məhv etməyin gözəlliyini hələ də anlaya bilməmisiniz. Xəbəriniz var ki, Yenidil bütün Yer kürəsində sözlərinin sayı ildən-ilə azalan yeganə dildir? Uinstonun, təbii ki, bundan xəbəri yox idi. Deyilənlərə inanmasa da, öz aləmində üzünə maraq və rəğbət ifadəsi verərək gülümsəyə bildi. Saym yenə qara çörəkdən bir dişləm vurdu, tələsik çeynəyib uddu. Söhbətə qaldığı yerdən davam etdi. -Doğrudanmı siz Yenidilin əsas məqsədinin fikrin üfüqlərini mümkün qədər daraltmaq olduğunu başa düşmürsünüz?” (“1984”.s. 63)

Düşüncə, fikir üfüqlərini mümkün qədər daraltmaq üçün dili də əzmək, “suyunu çıxarmaq” lazım imiş… Əsərdə fikir, yaddaş, düşüncə nəzarətçilərinin qəribə məntiqi ilə rastlaşırıq: “Bu yolla biz fikri cinayətləri ümumiyyətlə qeyri-mümkün bir şeyə çevirəcəyik. Çünki cinayətkar fikirləri ifadə etmək üçün ümumiyyətlə, söz qalmayacaq. Açıqlanmasına ehtiyac duyulan hər bir anlayış tək bir sözlə ifadə olunacaq. Sözün daşıdığı məna qəti şəkildə müəyyənləşdiriləcək, yardımçı mənalar isə ləğv ediləcək və unutduralacaq. On Birinci Nəşrlə biz bu məqsədə daha da yaxınlaşacağıq. Lakin proses sizinlə mən həyatda olmayandan sonra da uzun müddət davam edəcək. Ilbəil sözlərin sayı azalacaq, ilbəil fikrin sərhədləri daralacaq. Aydın məsələdir ki, indinin özündə də fikir cinayətləri üçün əsas və səbəb yoxdur. Bu yalnız özünüintizam və reallığa nəzarət məsələsidir. Sonda isə buna da ehtiyac almayacaq. Dil mükəmməl hala gələndə inqilab da başa çatacaq. Yenidil - İngsosdur, İngsos - Yenidildir!-deyə Saym dua sözləri pıçıldayırmış kimi məmnunluqla dilləndi. -Uinston, heç ağlınıza gələrdimi ki, ən geci 2050-ci ildə indi danışdığımız dili anlayan bir nəfər də insan övladı həyatda qalmayacaq? - Yalnız, - deyə Uinston tərəddüdlə sözə başladı, amma tez də dayandı. "-Yalnız prollardan başqa!" - kəlmələrini dilinin ucundan qaytardı. Lakin deyəcəyi sözlərin mühafizəkar baxışlarla zidd səslənəcəyini düşünərək susdu. Saym isə artıq onun nə demək istədiyini anlamışdı. Laqeydliklə: - Prollar insan deyillər, -dedi. -2050-ci ildə, hələ bəlkə ondan da əvvəl Köhnədillə bağlı bütün bilgilər yoxa çıxacaq. Keçmiş dövrlərin bütün ədəbiyyatı məhv ediləcək. Çoser, Şekspir, Milton, Bayron yalnız Yenidil variantında mövcud olacaq. Həm də onların yalnız dilləri dəyişməyəcək, müəyyən dərəcədə özləri də əslində olduqlarının ziddinə çevriləcəklər. Hətta Partiya ədəbiyyatı da dəyişəcək. Hətta şüarlar da dəyişəcək. Əgər "azadlıq" məhfumunun özü ləğv ediləcəksə, o zaman "Azadlıq-köləlikdir" şüarını haradan götürəcəksiniz? Fikir mühiti tamamilə başqalaşacaq.

Bizim indi anladığımız mənada fikir olmayacaq. Inanclı adam fikirləşmir. Onun fikirləşməyə ehtiyacı yoxdur. İnanclı olmaq-şüursuz olmaq deməkdir. Uinston fikirləşdi ki, günlərin bir günü Saymı mütləq buxara çevirəcəklər. Çünki çox ağıllıdır. Hər məsələyə aydın münasibəti var, fikirlərini gözəl ifadə edir. Partiya belə adamları sevmir. Bir gün mütləq yoxa çıxacaq. Bu, sifətində yazılıb”. (“1984”.s.63)

“Sözləri məhv etmək gözəl işdir, hər gün yüzlərlə sözü aradan götürürük” – deməli, dilin də repressiya dövrü olub. Antonimlik, sinonimlik, çoxmənalılıq və s. bu kimi ifadə imkanlarının məhvi azad düşüncənin məhv edilməsi demək idi. İnsan artıq fikrini ifadə etmək üçün söz tapa bilməyəcəyi durumlara da salınacaq demək… Və həmin zamanda artıq onun fikri də olmayacaq yəqin və sadəcə şərti refleks və instiktiv istəklər dalınca qaçacaq, belə demək mümkünsə hürəcək, ya da ulayacaq…

Qorxu haçan başlanıb, əsrin hansı ilində?

Deməyə söz də tapmıram, hərdən ana dilində. (V.S)

Venesuela yazıçısı Migel Otero Silva yazırdı ki, bir dəfə Karlos Fuentes, Xulio Kortasar və Qarsia Markes Meksikada görüşürlər və Fuentes, Latın Amerikasının diktatorları haqqında – hər yazıçı öz ölkəsinin diktatoru haqqında bir fəsil yazmaq şərtilə, birlikdə kitab yazmağı təklif edir. Belə qərara gəlirlər ki, Fuentes – Porfirio Diasın, Qarsia Markes ötən əsrin Kolumbiya diktatorlarından hər hansı birinin, Varqas Lyosa – Legianın, Otero Silva (yəni mən) – Qomesin, Roa Bastos – Fransianın, Kortasar – Rosasa oxşayan uydurma bir diktatorun, Karpentyer isə Maçadonun obrazını yaratsın. Hətta Venesuelaya xəbər göndərib məndən Qomes haqqında fəsil yazmağımı da xahiş etdilər. Mən o xahişi yerinə yetirə bilmədim, bu günə kimi də Qomesdən bir sətir belə yazmamışam, çünki ona nifrət edirəm. Varqas Lyosa da, təklifi irəli sürən Fuentes də heç nə yazmadı. Bəziləri isə yazdılar, özü də fəsil yox, kitab yazdılar: Roa Bastosun “Mən, Ali”, Karpentyerin diktator Maçadonun müəyyən xarakterik cizgilərini ehtiva edən “Metodun yanlışlığı” və Qarsia Markesin “Patriarxın payızı” kitabları bu cür meydana gəldi. Beləliklə, təsadüfi bir söhbətin nəticəsi kimi ən azı üç roman yarandı.

(ardı var)

# 1371 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #