“80-cilər” niyə “itirilmiş nəsil” deyil?

“80-cilər” niyə “itirilmiş nəsil” deyil?
7 mart 2016
# 13:19

Azərbaycan ədəbiyyatında “itirilmiş nəsil” varmı və ya iki əsrin arasında unudulan insanlar...

Amerika ədəbiyyatını “Ulduzlar kəhkəşanı” adlandıran Meksika yazıçısı Karlos Fuentes Uilyam Folkneri “optimizm və qələbə diyarı olan bir ölkədə yeganə məğlubiyyət romançısı” adlandırırdı və yazırdı ki, yeni dövrdə faciə təkcə ədəbiyyatdan deyil, ümumiyyətlə, dünyadan qovuldu. Xristian optimizmində və sonrakı varlanmış, hedonist və sənayeləşmiş cəmiyyətdə faciəyə yer yox idi. Hər şey şən olmalı idi. Xristianlıq anlayışında xilaskarlıq və nicat var idi, dünyəvilik anlayışında isə inkişaf. Və biz unutduq ki, tarix optimizmə zəmanət vermir. XX əsr bizi ayıltdı və bizə dedi ki, tarix optimizmə və inkişafa zəmanət vermir. Dostoyevski bunu anlamışdı, Uilyam Bleyk bunu anlamışdı, Markiz de Sad və Klayst da həmçinin. Lakin həmin xoşbəxtlik və utopik idealın qalası olan Amerika qitəsində (“biz kəşf olunmuşuq ki, dünyanı xoşbəxt edək”) biz çətinliklə utopik vədləri bir kənara qoyub insan nəslinin faciəsi ehtimalını qəbul edə bilirik. Və mən həqiqətən əminəm ki, Qərb yarımkürəsində bu mümkün faciəni qəbul edən yeganə yazıçı Uilyam Folkner olub.

Tarix bəşər cəmiyyətini nəsillərə, zamanlara bölür: əsrlərin adamları, yarıməsrlərin, onilliklərin və s. Bu xronologiyada, aydındır ki, keçmiş daha dəqiq görünür. Məsələn, XX əsrin əvvəllərinin – ilk onilliklərin Azərbaycan cəmiyyəti bu gün bütün ictimai-siyasi, sosial-iqtisadi və ədəbi-intellektual xarakterizədə mükəmməlliklə izah edilə bilər.

Nəsillərin faciəsi isə bütün zamanlarda intellektual elitanın marağında eyni həssaslıqla əks olunmayıb. Məsələn, XX əsrin əvvəllərində dünyada, xüsusən, Amerika ədəbiyyatında və mədəni-intellektual düşüncəsində “itirilmiş nəsil” konsepsiyası özünə yer etdi. “Siz hamınız itmiş nəsilsiniz”. İlk dəfə bu sözləri bədii ədəbiyyata Ernest Heminquey gətirmişdir, amma bu fikir ona deyil, digər Amerika yazıçısı Gertruda Stayna məxsusdur. Heminqueylə söhbət zamanı o, müharibədən qayıtmış sürücüsündən narazılığını məhz belə ifadə etmişdi – Une generation perdue. Ömrünün əhəmiyyətli hissəsini Fransada yaşamış və elə oradaca vəfat etmiş Stayn bu sözləri fransızca söyləmişdi... Heminqueyin “Fiesta” romanının epiqrafına çıxarılmış bu fikir sonradan az qala ədəbi bir təyinə çevrildi. Erix Mariya Remark, Riçard Oldinqton, Frensis Skot Fitscerald, Anri Barbüs, Şervud Anderson, Ernest Heminqueyin özü və bir çox başqaları 18-19 yaşındaykən müharibənin od-alovundan keçmiş, ölümün düz gözünün içinə baxmış və bəxti gətirib sağ-salamat evinə dönmüş gəncləri əsərlərində təsvir edərkən məhz belə adlandırmışlar. Həmin gənclər Birinci Dünya Müharibəsindən geri dönəndə ölüb-öldürməkdən başqa əllərindən bir şey gəlmir və heç kim də onların bu halına acımırdı. Cismən cavan olsalar da, mənən qocaydılar. Özlərini tapa bilmir, özü kimiləri axtarır, bəzən tapır, bir çox hallarda isə içkiyə qurşanıb əyyaşlıq edirdilər. Dünyadan və həyatdan küskündülər.

Ötən əsrin 20-ci illərində adlarını sadaladığım dünyaca məşhur yazıçıların hamısı həmin bu “Une generation perdue”yə parlaq əsərlər həsr etmişlər. Amma sonradan ədəbiyyatdakı bu “cərəyan” tədricən yoxa çıxdı”. (Şıxlı E.)

Bəli, XX əsrin I yarısında dünyaca məşhur yazarlar zamanlarının bu faciəvi taleli insanlarını obyekt kimi analiz və təhlil etməkdən, onların ruhi-psixoloji sarsıntılarını bədiiləşdirməkdən qürur duydular. Bu mütəfəkkirlər müharibənin, siyasətin, müəyyən mənada cəmiyyətin zərbələrindən sarsılmış və gəncliyini, gələcəyinə olan ümidlərini itirmiş insanı zamanın və insanlıq tarixinin ən ağır itkisi hesab edirdi. Və onlar öz yaradıcılıqları ilə sübut etməyə çalışırdı ki, bu talelərin uğursuzluğunda hər kəs günahkar ola bilər, və yaxud, onların gələcəyi üçün hamı məsuliyyətlidir... İtmiş talelərini yenidən qazanmaq uğrunda mübarizə aparan yeni xarakterli insan gəlmişdi dünya ədəbiyyatına. İstər, E.Hemenqueyin, istər U.Folknerin, istərsə də G.Staynın, E.M.Remark və Ş.Andersonun romanlarında...

Ömürlük həbs cəzasına məhkum olan N.Hikmət həbsxanada bu sözləri tez-tez təkrarlayırdı: Məsələ əsir düşməkdə deyil, məsələ təslim olmamaqdadır! E.Hemenqueyin “Qoca və dəniz” əsərinin qəhrəmanı isə bu ideyanı bir az fərqli şəkildə belə ifadə edirdi: “İnsan məğlub olmaq üçün yaranmayıb. İnsanı məhv etmək olar, amma məğlub etmək yox!” Özlərini “itirilmiş nəsil”in adamları hesab edən gəncliyi ədəbi-mədəni düşüncə sahibləri məhz belə bir çağırışla sakitləşdirir və inamla davam etməyə səsləyirdi.

Biz bu gün zamanımızdan, zamanımızın insanlarından, ətrafımızda baş verən mənəvi tənəzzül və deqradasiyalardan, bəlkə XX əsrin əvvəllərində dünya ədəbi düşüncəsi tərəfindən yekdilliklə qəbul edilən “itirilmiş nəsil” insanlarının faciəsindən də ağrılı tale yaşayan XXI əsr Azərbaycan insanının, xüsusən, gəncliyinin psixoloji sarsıntılarından yazmaq istəmirik. Bu insan - əslində çox doğma olan - Qarabağ müharibəsinin şiddətini və məğlubiyyətini, “keçid” dövrü itkilərinin kasıbçılığını, dünyaya kortəbii inteqrasiya fəsadlarından doğan rəzaləti varlığında yaşadan, şəxsiyyət kimi özünəxəyanətdə ittiham olunan, tərəddüdlər və seçimlər xaosunda başını itirən, ya da bazar iqtisadiyyatı girəvəsindən yararlanıb “maddi xoşbəxtlik” əldə edən, eyş-işrət, həzz, firavan həyat əyləncələri ilə ağıl və nəcib hisslər təlabatından doğan məsuliyyəti unutmuş komformist - insan sanki bizim ədəbiyyatımız üçün yaramır, bu insan bizim əllaməçi romanistlərin sevgi və xəyanət macəraları ilə dolu süjetlərinə, onların yağ kimi axan “sosialist təhkiyələrinə”, ya da postmodernizm adına sırıdıqları yamsılama əllaməçiliyinə uyuşmur. Bu insanlardan yazmaq, bu insanları sənətin, ədəbiyyatın, fəlsəfənin obyekti kimi tədqiq etmək o qədərmi çətindir? Hər gün, hər yerdə qarşımıza çıxan bu insanları niyə görməzlikdən gəlirik? Halbuki, ofislərdə hər gün salamlaşır, metro və avtobuslarda çiyin-çiyinə dayanır, ekranlarda izləyir, toyda, yasda, liftdə, parkda – hər yerdə üz-üzə gəlirik... Niyə hər gün üz-üzə gəldiyimiz bu insanların gözlərinin içinə baxmaq, onların qəlbini, ürəyini, ruhunu, əxlaqi-etik mahiyyətini “müayinədən” keçirib, xarakter və mənəvi simasını müəyyənləşdirmək, onların acılarını, sevinc və kədərlərinin mahiyyətini açıb onları zamanımızın insanı kimi tarixiləşdirmək, ədəbiləşdirmək və əbədiləşdirmək kimi missiyanı çiynimizdən atırıq. İki əsrin qovşağında itən insanlar, əslində əsil “itirilmiş nəsil” hesab olunmalıdır. Daha kədərlisi isə odur ki, bu insanlar ədəbiyyatda da öz ədəbi talelərinə qovuşa bilmədilər, bu simalarını, bədii obrazlarını da itirdilər...

Qərb ədəbiyyatının “itirilmiş nəsillər” qalereyasındakı obrazlara aludəçiliyimiz bizi 100 il əvvəlin müharibələrinə, iqtisadi böhran və mənəvi tənəzzüllərinə bənd edib saxlamaqdadır. Biz də bu gün həmin nəsli kədərlə xatırlayır və onlara həsr edilmiş romanları “ah”, “uf”-larla oxumaqda davam edirik. Buna etirazımız yoxdur, amma niyə öz insanımızın sənət cizgilərini yaratmaqda acizik...

Bu gün arzulamadığı həyatı yaşamaq məcburiyyətində olan, əqidəsi, prinsipləri, məsləki yolunda ölmək imkanı belə olmayan faciə qəhrəmanları var ki, onların bədii obrazı XXI əsr dünya ədəbiyyatına yeni “itirilmiş nəsil” çeşidi təqdim edə bilər. Elə bir insan nəsli ki, onun bu ağır dramatizmində dünya da öz günahını, antihumanist, yalana, təcavüz və zorakılığa söykənən siyasətinin qara üzünü görə bilər... Biz niyə qəbul etmək istəmirik ki, Azərbaycanda sovet hakimiyyətinin süqutu, Qarabağ müharibəsi, bazar iqtisadiyyatının öyrəşmədiyimiz tərəfləri və kapitalizmin amansız, insan münasibətlərindəki ali, humanist nüanslara dağıdıcı zərbələri insanımızı, onun mənəvi-intellektual səviyyəsinin parametrlərini dəyişdi. Bu insanların içərisində günəmuzd fəhlələr də var, tablosunu küçədə divara söykəyib alıcı gözləyən rəssam da, kitabını çap etdirmək üçün əsərinin mənfi qəhrəmanının prototipinə sponsorluq üçün ağız açan yazarlar da, özünü yandıran qazilər, intihar edən, körpülərdə, tavanlarda ipdən sallaşa qalan gənclər də, bədəni ilə alver edib dolanışıq qazanan qadınlar, zorlanan körpələr də, döyülən qocalar, əxlaqsız hacılar da... Televiziya kanallarının, mətbuatın, açıq-aşkar, gecə-gündüz bar-bar bağırıb həvəslə təqdim etdiyi bu olayların qəhrəmanları haqqında danışmaq, onları yaxından tanımaq ədəbi düşüncəmizdən qorxu ilə keçir. Azərbaycan ədəbiyyatı bütün tarixi boyu öz obyektiv, uzaqgörən və prinsipial yanaşması ilə zamanını qabaqlayıb. Bəs bu gün?!

Yaşadığı cəmiyyətin, müşahidə etdiyi insanların psixoloji simasını müəyyən edən yazar həm də bu mövzuda şəxsi təcrübəsindən istifadə edir. E. Heminqueyin cəbhədə yaşadıqları onun qəhrəmanlarının taleyində çox təbii boyalarla əks olunurdu. Hər cür siyasətdən uzaq, sadə, xeyirxah və konkret köməkləri ilə diqqəti cəlb edən E.M.Remark və onun qəhrəmanları isə özünü, həyat süjetinin qırılmış anından sonrakı hissələrini tapıb bərpa etmək istəyən insanlarla üz-üzə dayanırdı. “İtirilmiş nəslin” nümayəndələrinin müharibədən sonra yazdıqları əsərlərin süjeti oxşar strukturlu əsərlər silsiləsini təşkil edir.

Bizim ədəbiyyatda bu anlayış haqqında, demək olar ki, ancaq 80-ci illərin yazarları danışırlar. Yəni, onlar 60-cılar kimi diqqəti cəlb etmədiklərinin acığını bu “itirilmiş nəsil” ifadəsi ilə çıxırlar. Və çox zaman da “bizi görmədilər”, “göstərmədilər”, “görməzlikdən gəldilər” kimi giley-güzar...

Bəzən tənqidçi və nəzəriyyəçilər isə bir az da ifrata vararaq, ümumiyyətlə, bu nəsil haqqında “ölü doğulmuş nəsil” ifadəsini də işlətməli olur...

Bu prinsiplə yanaşsaq, N.Gəncəvi “kuliminasiyasından” sonra Nizami məktəbinin davamçıları (A.Ərdəbili, N.Tusi, Ə.Təbrizi, M.Əvhədi və b.), M.Füzuli zirvəsindən sonra Füzuli məktəbinin davamçıları (S.Təbrizi, Məsihi, Q.Təbrizi, Fədai və b.), M.F.Axundov intibahından sonra onun yolunu bir növ təkrarlayan N.Vəzirov, Ə.Haqverdiyev və başqaları, “Molla Nəsrəddin” kimi yeni üslub, ədəbi məktəb davamçıları da “itirilmiş nəsil” hesab edilməlidir...

Bu prinsiplə yanaşılsa, mühacir yazarları, repressiya olunanları və başqa bu kimi ağrılı taleliləri də “itirilmiş nəsil” adlandırmaq lazım olardı...

Bizim yazarlar unudur ki, “itirilmiş nəsil” ifadəsi sırf ədəbi tale anlayışını ifadə etmir. Bu cəmiyyətdə baş verən tarixi-siyasi hadisələrin zədələdiyi, yaraladığı insanlara aiddir. Canlı, real həyatın qalmaqallı tale yaşayan insanlarına. Dünya və xüsusən, Amerika ədəbiyyatında bu ifadə müəlliflərə (məsələn, E.Hemenquey, U.Folkner və s.) də ona görə şamil edilirdi ki, onlar həmin insanların prototipi kimi çıxış edirdi və ya əksinə... Bu müəlliflərlə qəhrəmanlarının tale oxşarlığı az qala ekvivalent idi. Onlar roman qəhrəmanları və onların həyatdakı prototipləri ilə eyni taleni, eyni düşüncə, aqibət və mübarizə üsullarını bölüşürdülər. U.Folkneri “Əsgər mükafatı” əsərinə görə qınadılar, ittiham etdilər. Boyunun balaca olduğuna görə hərbi xidmətə aparılmayan U.Folkner yaşamadığı səhnələri canlandırmaq istəmişdi. Ədəbi tənqid və oxucu bu “saxtakarlığı” həzm edə bilmədi... Hətta Folkner dühası belə bu qeyri-səmimi nüansa görə ittiham olundu. (Bizim bəzi yazarlar kabinetdən çıxmadan müharibə səngərlərində “qan eləyir”... sonra da dava edir ki, müharibə mövzusu ilə bağlı tədris proqramlarında, dərsliklərdə adım birinci yazılsın...)

“Cəbhəyə gedə bilmədiyinə və tale etibarı ilə “itirilmiş nəsil”ə mənsub olmadığına baxmayaraq, Folkner müharibədən şikəst qayıdan və bunun əvəzində öz həmvətənlərindən heç təşəkkür belə almayan bir əsgərin həyatından bəhs edən “Əsgər mükafatı” romanını yazır. Yazıçının öz həyat təcrübəsinə yad bir material əsasında işlənən və onun ədəbi nailiyyətləri sırasına daxil edilməyən bu roman, təbii ki, eyni mövzuda yazılmış digər əsərlərlə – nə Heminqueyin “Əlvida, silah”, nə də ingilis yazıçısı Riçard Oldinqtonun “Qəhrəmanın ölümü” romanları ilə müqayisə edilə bilməz. Folkner özü də bu eksperimentin süniliyini dərhal dərk edərək, bu mövzudan, bu yoldan birdəfəlik əl çəkir. Folkner hər hansı bir ədəbi cərəyana, bu və ya digər ədəbi məktəbə aid olunmaq istəməsə də, bütün mümkün ədəbi məktəblərdən keçir, müxtəlif istiqamətlərdə öz gücünü sınayır”.(T.Vəliyev)

Ədəbiyyatımızın “80-ciləri” yaradıcılığa diqqət anlamında özlərini “itirilmiş” hesab etsələr də, onlar bu və ya digər şəkildə (istər ədəbi nəsil, istərsə də fərdi dəst-xətt baxımından) ümumi ədəbi prosesdə öz sözlərini və izlərini qoyublar. "80-cilər ədəbi nəsli 60-cıların kölgəsində qalıb" - gileyini dəfələrlə eşitmişik. Unuduruq ki, subyektiv yanaşma və ədəbi haqsızlıq bir və ya bir neçə insana qarşı ola bilər. Ədəbiyyatşünaslığın və oxucuların “sözü bir yerə qoyub” bütöv bir ədəbi nəslə qarşı qərəzli yanaşma mövqeyində dayanması mümkün deyil...

"Düzdü, 60-cı illər fenomeni var. Bunun üçün xüsusi situasiyalar olur. Məsələn, ikinci cahan müharibəsindən sonra dünyada böyük sosialist hərəkatı başladı. Sonra müəyyən yumşalmalar oldu. Belə bir hərəkatda yeni yazarlar nəsli ortaya çıxdı. Əslində, bütün dünyada belə oldu. Fransada Sartr, Rusiyada Yevtuşenko varıydı. Tutalım, 2000-ci ildən bu günə kimi Azərbaycanda nə dəyişib ki, yeni ədəbi nəsil formalaşsın? Heç nə! Ona görə də ədəbi nəsillər bölgüsünü qəbul etmirəm. Bir də ki mən hesab eləmirəm ki, 80-cilər dediyiniz yazıçılar itmiş ədəbi nəsildir. 80-lərdə kifayət qədər ciddi imzalar var". (E.Zal)

İstənilən ədəbi nümunədə müəllif siması obrazda əks olunur və oxucu bu obraz vasitəsilə həm də tanıdığı insanların cizgilərini axtarır. Yazar da oxucusunda bu obrazın xarakterik əlamətlərini arayır. Yazıçı və oxucu münasibətlərinin görüş yeri olan bədii mətndə isə ən gərəkli sima bizim yuxarıda da haqqında söhbət açdığımız müasirimiz olan çeşid-çeşid insanlardır. R.Bart yazıçı – oxucu münasibətlərinin ortaq nöqtəsi haqqında yazırdı ki, sosial sima kimi müəllif artıq çoxdan ölüb, o artıq nə vətəndaş qismində, nə emosianal, nə bioqrafik kimlik qismində mövcud deyil. Keçmişdə ona verilən bütün imtiyazlardan məhrum olması azmış kimi, bundan sonra həm də əsərləri üzərindəki o böyük atalıq hakimiyyətini də itirmiş olur. İndi onun əsərlərinə ədəbiyyat tarixçilərinin, müəllimlərin, gündəlik ictimai rəyin etdiyi əlavələr, ondan bəhrələnmələr, əsərdən oğurlanmış fikirlər, onu hər cür müəlliflik haqqından məhrum edir. Artıq onun nə mətn yaratmaq, nə də nəql etdiklərini daima yeniləmək kimi bir hakimiyyəti yoxdur. Və bununla belə mən hələ də səbirsizliklə müəllifdən yeni mətn gözləyirəm, eynilə mənim ona lazım olduğum kimi, onun siması da (ancaq qətiyyən nə şəkli və nə də proyeksiyası deyil) mənə lazımdır. Əlbəttə ki, bu münasibətdə hər ikimiz öz simamızı “yapmamalıyıq”, əsl nüsxəni ortaya qoymalıyıq. 80-ci illərdə də bizim ədəbiyyatda müəllif və oxucu “öz simasını” yox, “ortaq sima” olan zamanın insan qalereyasından nümunələr təqdim edə bildi. "Mənə elə gəlir, məsələnin bu cür qoyuluşunda dəqiqləşdirməyə ehtiyac var: çünki 1980-ci illərdə ədəbiyyata gələn, ilk yazılarını ictimaiyyətə təqdim edən yazıçılar arasında kifayət qədər ciddi və parlaq imzalar, tanınan qələm adamları var. Məsələn, Saday Budaqlı, Səfər Alışarlı, Hüseyn Əfəndi, Akif Səməd, Vəli Xramçaylı, Elçin Hüseynbəyli, Eyvaz Əlləzoğlu, Həmid Herisçi, Əjdər Ol, Sabir Sarvan, Saday Şəkərli, Akif Əhmədgil, Murad Köhnəqala, Zahid Sarıtorpaq, Səməd Qaraçöp, Nəriman Əbdülrəhmanlı, Orxan Fikrətoğlu (siyahını xeyli davam etdirmək də mümkündür) kimi imzaları ictimaiyyət məhz 1980-ci illərdə tanıdı və bunlar ədəbiyyatda yeni hava yaratmağa qadir olan istedadlı insanlardır. Söhbət daha üzdə olan, hamının tanıdığı imzalardan gedirsə, Azərbaycan ədəbiyyatının ən populyar nümayəndəsi Çingiz Abdullayev də ədəbiyyatın qapısını 1980-ci illərdə aralayanlardan biridir. 1980-ci illərdə tənqid və ədəbiyyatşünaslıq sahəsində, publisistikada dərin yeniləşmə prosesi gedirdi. Yaddaşlarda parlaq iz buraxmış "Gənclik" - "Molodost" jurnalı da məhz "80-cilərin" tribunası idi. "İtirilmiş nəsil" ifadəsini isə ilk dəfə hələ 1988-ci ildə "Gənclik" jurnalında mən səsləndirmişdim və sonradan bu mövzuya fərqli yanaşmalar oldu, müxtəlif yozumlar verildi. Əslində, rus publisistikasından təbdil edilmiş bu ifadə o vaxt (elə indi də) öz dəyərlərinə laqeyd yanaşan Azərbaycan cəmiyyətinin diqqətini ədəbiyyata və sənətə yeni qədəm qoyan gənclərə cəlb etmək məqsədi daşıyırdı... Ancaq təəssüflər olsun ki, sonrakı onilliklərdə cəmiyyət yalnız 1980-ci illərin ədəbi nəslini deyil, digər lazımlı dəyərlərini də köklü-köməcli itirdi. Bu gün "bestselleri" 500 tirajla çap olunan, ayda bir kitabdan ən yaxşı halda 5-6 nüsxə satılan bir cəmiyyətdə 80-ci illərdən əvvəlki və sonrakı nəsilləri də, elə klassikamızı da "itkin düşənlər" sırasına aid etmək mümkündür". (M.Osmanoğlu)

Doğrudur, hətta eyni bir ədəbi nəsil çərçivəsində eyni dərəcədə əhəmiyyət daşıyan yaradıcılıq fəaliyyətləri olub ki, (bəzən də daha artıq) digərlərinə nisbətən kölgədə qalıb. Daha dəqiq desək, kölgədə saxlatdırılıb (məsələn, 60-cıların ən istedadlı nümayəndələrindən biri, S.Əhmədli faktı...)

S.Əhmədli, F.Kərimzadə və digər daha əhəmiyyətli və orijinal qələm sahibləri var ki, onları da yuxarıdakı meyarlarla yanaşsaq, “İtirilmişlər” kimi səciyyələndirməliyik... Onların adı ancaq vicdanımız dillənəndə səslənir... Bir neçə cümləlik təəssüflənmələrdə...

80-cilər içərisində 60-cıların ədəbi üslubi istiqamətini davam etdirənlər də oldu, yeniliyə can atanlar da. Sadəcə, onlara artıq “60-cılar” kimi yeni ədəbi proses mərhələsi kimi yox, davamçılar kimi yanaşıldı. Nisbətən sonra gələnlərin isə (90-cı illərin əvvəlləri) yenilikçi kimi cəhdləri danılmazdır. Şairlərdən Rasim Qaraca, Murad Köhnəqala, Həmid Herisçi, Qəşəm Nəcəfzadə, nasirlərdən Eyvaz Əlləzoğlu, Rafiq Tağı və başqaları 90-cı illərdə 80-cilər kimi tanınanlar idi. Əslində 60-80-ci illər Azərbaycan ədəbiyyatı özü sərhədləri bilinən konkret bir mərhələ hesab edilməlidir. İdeya və sənətkarlıq məsələlərində yeni yaradıcılıq mühiti prinsipial dəyişikliklər hesabına baş vermişdir. Xüsusilə də, 60-cı illərdə ədəbiyyata gəlmiş yazarlar tarixi fürsətdən vaxtında yararlanıb öz əsərlərində sosial - mənəvi sıxıntını əks etdirməyə başladılar. Zamanın ictimai-siyasi hadisələri ilə birbaşa əlaqəli olan ədəbiyyat sosialist yanaşmadan, tendensiyalı ədəbiyyat yaradıcılığından uzaqlaşmağa meyl göstərdi, mövzuya və problemə qlobal, ümumdünya kontekstində yanaşmaq missiyasını reallaşdırdı. Nə qədər qısqanclıqla yanaşılsa da, 60-cı illər yeni ədəbi nəsli ümumən Azərbaycan ədəbiyyatının yeni istiqamətə, yeni bir mərhələyə qədəm qoymaq prosesində müstəsna xidmət göstərdi. Bu yeni baxış Azərbaycan ədəbiyyatının dönüş nöqtəsi oldu. Xalqın artıq ağrıya çevrilmiş böyük problemlərini görmüş, duymuş, onun iç dünyasını adi insanların obrazlarını yaratmaqla əks etdirmiş yazıçıların həcmindən asılı olmayaraq irili – xırdalı əsərləri bu baxımdan zəngin ideya-bədii xüsusiyyətlərə malikdir. 80-cilər isə bu prosesdə qanuni və zəruri həlqə idi...

"Mənim haqqımda "itkin düşüb" deyirlər. Bilmirəm haqqımda harda axtarış elan olunub xəbərim yoxdur. Mənim ədəbi nəslimi "ölü nəsil" adlandırırlar. Şəxsən mən özümü canlı, diri hesab edirəm. Mən bu söhbətləri ciddi hesab etmirəm. Bizim nəsildən çox güclü imzalar yetişib. Mən hətta Ramiz Rövşəni də 80-cilər hesab edirəm. Çünki onun populyarlığı məhz bu illərə təsadüf edir. Səfər Alışarlı, Nəriman Əbdürrəhmanlı, Əlisəmid Kür kimi çox gözəl yazıçılarımız var. Əgər yeni nəsil bunları tanımırsa bu artıq onların günahıdı. 60-cıların açdığı ədəbi cığırı bizim nəsil genişləndirib, böyük bir trasa çevirdilər və 90-cılara ötürdülər. Mən bir daha deyirəm ki, 80-cilər ədəbi nəslini nə ölmüş, nə də itirilmiş hesab etmirəm" (Z.Sarıtorpaq).

İstənilən fərdi yaradıcılıqda da, məktəb və ədəbi cərəyanlarda da hədəf İnsandır. Obyektin - ictimai-siyasi, sosial və fəlsəfi tədqiqat materialı İnsanın mahiyyətini xarakterizə edən xislət, xasiyyət, psixologiya, ideya və arzular, əqidə, məslək prinsiplərini öyrənən sənət növü məhz ədəbiyyatdır. Kompleks şəkildə analiz edilən İnsandır.

Biz zamanımızın yaradıcı şəxsiyyətlərinin maraq dairəsindən uzaqlaşdırılmış “itirilmiş nəslə” diqqəti yönəltmək istədik. Əlbəttə, ədəbiyyat süjet və kompozisiyasını insan üzərində qurur, rəssamlar insanın şəkilini çəkir, bəstəkarlar sevgi, ayrılıq və kədər nəğmələrini insana həsr edir, psixoloqların araşdırması da onunla bağlıdır. Bu siyahını istənilən qədər uzatmaq olar. Fəqət, bizi narahat edən boşluğa düşmüş, missiyasızlaşmış, gəldiyi və gedəcəyi yerin konturlarını cızmağı bacarmayan insanın itmiş taleyidir... Bu insanları macəralarda, postmodernik oyun və xaoslarda, klassik nağıl süjetlərində və ənənəvi hadisəpərəstlik üslublarında əritmək, xərcləmək olmaz. Bu insanların öz ədəbiyyatı olmalıdır, öz zamanlarına, talelərinə, həyat tərzlərinə, düşüncə və xislətlərinə uyğun. Mənim zamanımın insanları... Biz onları sevə-sevə anlamağı, başa düşməyi bacarmalıyıq... Yalançı kədər, süni optimizm oyunlarına girmədən onların dramını yaratmaq lazımdır... Onda yeni yaradıcılıq üslubu, yeni ədəbi nəsil və yeni –yeni yazıçılar da yetişəcək. Əziz yazarlar, indiyə qədər romandan-romana sürüyüb dondan-dona saldığınız qəhrəmanların yaxasından əl çəkin, ətrafınıza baxın... Onlarla ədəbi qəhrəman ola biləcək, yazıçı qələmi dəyməyən pak, bakirə insan çeşidləri var . Biz bu insanları sizə göstəririk, siz onları tanıyırsınız, qələminizi onlara uzadın və ya onları qələminizə gətirin. Bu insanlar təbii mühitin –ictimai, siyasi, tarixi gedişatın canlı sonluqları, nəfəs alan, danışan, yeriyən şahidləridir... Kolumbiya yazıçısı Qabriel Qarsia Markes “Anlatmaq üçün yaşamaq” avtobioqrafik romanında yazırdı ki, mən “itirilmiş nəsil” adlandırılan ispandilli yazarları oxuya-oxuya Markes oldum...

# 2604 dəfə oxunub

Müəllifin son yazıları

# # #