Kulis.az İradə Musayevanın “Ceyms Coysda Dublinin Allahı olmaq iddiası...” yazısını təqdim edir.
Bir irlandiyalının vətəni tabutdur...
III məqalə
Mariya Ester Vaskes müsahibə zamanı Xorxe Luis Borxesə belə bir maraqlı sual verir: “Sənin üçün labirint mövzusu nə vaxt, harada və necə yaranıb?”
Borxesin cavabındakı bir məqam məni çox düşündürmüşdü. O “Krit labrinti”ndən çöz açmış və möhkəm yadımda qalan bir ifadə işlətmişdi: “labirintdə kiçik oyuqlara bənzər pəncərələr”... Labirintdən-çıxılmaz, başfırladan, adamı çaşdıran yolsuzluqdan inadla çıxmaq istəyənlər üçün həmişə bir pəncərə-xilas qapısı olurmuş sən demə: “-Yaxşı yadımdadır, hansısa kitabda dünyanın yeddi möcüzəsinin qravürası var idi, onlardan biri də Krit labirinti idi. Quruluşu daha çox öküz döyüşü üçün arenanı xatırladırdı, amma kiçik oyuqlar şəklində pəncərələri də vardı. O vaxt mən uşaq idim, fikirləşirdim ki, lupanı götürüb diqqətlə baxsam, Minotavrı (Qədim yunan mifologiyasında əri Minosa xəyanət edərək Poseydonun sehrinə düşüb müqəddəs öküzə aşiq olan Pasifayanın doğduğu nəhəng yarıadam, yarıöküz (öküzbaşlı, insanbədənli) varlıq-İ.M.) görə bilərəm. Həm də, labirint çaşqınlığın aydın simvoludur…”
Yunanların “Dedal və İkar” əfsanəsindəki qalada həbs olunmuş ata və oğulun pəncərə qarşısına quşlardan düşüb qalmış lələkləri toplayaraq özlərinə qanad düzəldib uçması, oradan çıxa bilməsi süjeti Borxesin və eləcə də bizim inandığımız “labirintlərdən çıxışın yolu (“pəncərə”, “lələk” və “uçuş”, “xilas”, “açar”, “mümkünlülük”) mütləq var”- məntiqini təsdiqləyir.
Coysun məqsədi oxucusunu labirintə salmaq olmayıb təbii ki, o öz şüur axarına özü istəsəydi belə sədd çəkə bilməzdi. Daha doğrusu, Coys özü də çox zaman öz düşüncələrinin axarında az qala itib-batırdı, mətndəki ideya, fikir, hadisələr sistemi, insan münasibətləri, zaman və məkan çərçivəliliyi və s. bu kimi labirintli dramatizmdən xilas ola bilmirdi. Homer də, Coys da ədəbiyyatda Allahın yatratdığı kainatın sözlə maketini qurmaq istəyirdilər...
Ədəbiyyat tariximizdə Krit labirintinə bərabər bir anlaşılmazlıq nümunəsi kimi səciyyələndirilən “Uliss”ə yanaşmada mütləq Borxesin o zaman aydınca gördüyü “kiçik oyuqlara bənzər pəncərələr”i yada salmaq zərurəti olmalıdır. Deməli, bütün labirintlərdə də qapı, pəncərə yolu olur. Sadəcə biz o kiçik pəncərələrin yerini yadımızda saxlamalıyıq. Daha doğrusu, o “çıxış” uğrunda mütləq mübarizə əzmi olmalıdır. Coysun “Uliss”ində də həmin “Krtit labirintindəki kiçik oyuğa bənzər pəncərə” yerləri var. Onu anlamaq üçün o bizə həmin balaca pəncərələrin qarşısına tökülən quş lələklərini nişan verən N qədər işarə göndərir. Buna inanmaq lazımdır... O zaman Coys düyünlərini açmaq, labirint dolanbaclarını asanca keçmək olur… Bunun üçün çoxlu suallar tərtib etmək gərəkdir həm də. Məsələn, Coysun həyatı, şəxsiyyəti, onun dünyagörüşünü formalaşdıran ictimai-siyasi, psixoloji mühit, əsərin yazılma şəraiti, tarixi, ədəbi fəaliyyətinə niyə Homerin bitdiyi yerdən yox, başladığı yerdən başlamaq qaçılmazlığı, Allahla bağlı öz-özünə verdiyi və Allahın özünə ünvanladığı suallar və s. haqqında…
“Uliss” romanını Birinci Dünya Müharibəsi dövrünün insanı yazıb. Düşüncəsi, müşahidələri, sosial-siyasi, mədəni-estetik baxışları çaşqınlıq, dağınıqlıq, psixoloji travmalar, şüur axınındakı partlayışlar və siyasi təlatümlər zamanının insanı. Dünyanı düşüncəsində modernizə edən, yeniləyən, ağlında çalxalayan, araşdıran, bəşəriyyətin taleyi, tarixi ilə bütün əqli potensialını səfərbərliyə alaraq maraqlanan bir yazıçı... Coys ətrafında daima heyvani instiktin qorxu hissi ilə əzilən, ənənəvi inanclar və günahkarlıq sıxıntısı içərisində çırpınan və özünün daxilində bar-bar bağıran insanın qolundan yapışıb ədəbiyyata gətirdi. Ədəbi-fəlsəfi düşüncə tarixində onun qədər sualı olan ikinci bir yazıçı tapmaq mümkün deyil. Və özəllik də ondadır ki, onun qəhrəmanları dünyada yox, dünya onun qəhrəmanlarının şüur mərkəzindədir.
Dünya sanki Blumun şüurundan keçib var olmaqdadır, insan onun müşahidələrinin, hiss və həyəcanlarının, məntiqinin mühakimə obyektinə çevrilir-istər ana bətnində, istərsə də məzarda, tabutda.
Qəbiristanda az qala ölülərlə də əylənən Blum çoxlu suallar çıxarır ortaya. Diğmanın meyiti basdırılan anda, üstünə torpaq töküləndə yenə anasını və oğlu Rudyni, eləcə də intihar etmiş atasını düşünür. Yenə “ola bilməz, o ölməyib, sağdır”- etirazı səslənir daxilində. “İnsan əbədidir, ölmür, şəklini, cism formasını dəyişir”- ideyasına dönür təzədən, amma gülməli bir təkliflə. Belə çıxır ki, dəfn mərasiminin qanunlarında dəyişiklik etmək lazımdır, yeni qanun çıxarmaq gərək... Qəbirqazanlar əllərindəki bellə tabutun üstünə iri-iri kəsək topalarını atanda Blum üzünü yana çevirir: “Bəlkə heç o ölməyib? Aman! Ya Rəbbim, nə faciəli durumdur bu! Yox, yox, canım, öldü. Öldü o şübhəsiz. Öldüyünə şübhə yoxdur. Bazarertəsi öldü. Əmin olmaq üçün ürəyini deşib bir elektrikli saat, ya da tabuta bir telefon yerləşdirərək, hava çəkən bir boru qoymaq haqqında qanun çıxarmaq lazımdır. Təhlükəsizlik məqsədilə. Ən azı üç gün...” Bir az sonrakı hissədə isə deyir ki, “Hər məzara bir qramafon qoyasan... Müqəddəs torpaqlar... Ölüləri dikinə dəfn etsəydilər, daha çox yer qalardı. Oturulu, ya da dizi üstə olmaz! Ayaqüstə necə? Yox, bir də görərsən üstündəki torpaq sürüşüb və hamısının da kəlləsi və haranısa göstərən əlləri çıxıb çölə...”
Və bu tragikomik ovqatda “ölülüər şəhəri”ndə (qəbristanlıqda) qəribə macəralar həvəsi keçir ağlından. “Burda bir dul qadın tapmaq lazımdır, kişilərin xoşuna gələn işdir bu, məzar daşları arasında eşq. Romeo! Bir zövq məsələsidir bu. Onsuz da ölümün ortasında yaşayırıq. Birləşən uclar... (Bu məqamda insanların göbək bağları, bağırsaqlarla bir-birinə bağlanışı fikrini yenidən anır-İ.M.) Zavallı ölüləri xəyal qırıqlığına uğratmaq, aclıqdan gözü qaralanlara qızardılmış dana ətinin qoxusu gəlir və onlar öz bədən üzvlərini gəmirməyə başlayırlar...” Coys dünyaya gəlməyi labrintə düşmək, girdaba düçar olmaq kimi mənalandırırdı. Oxucuya da bu həyatı sanki təkrar yaşatmaq istəyirdi. Elə bil üzünü bizə tutub ucadan deyir: Baxın necə çaşbaşlıqla, necə müticəsinə və axmaqlar kimi ana bətni və tabut arasında var-gəl edirik! Bizi aldadırlar, həyat, ömür bu deyil, daha doğrusu, bu olmamalıdır! Biz boşluqdayıq! Və Coys boşluğun romanını yazdı həm də... İnsan öz fövqə qalxan şüur nəzarəti ilə gördü ki, həm qədim, həm də müasir dünyanın yolçuluqları heç də fərqlənmir. Boşluqlara Uliss səyahəti uğursuzluqla bitmişdi... Coysun məntiqinə görə “göbək kəndiri”, bağırsaq ucları ilə bir-birinə calanan bəşəriyyət, əslində girdaba məhkumdur. Bu girdabın təşkilatçıları, səbəbkarı və qurbanı da özləridir. Coys ana qarnı və tabut simvolikası ilə böyük bir boşluğun təkrarlanan, uzanan sancısını göstərirdi. “Hindistanın bəzi dini cərəyanlarında təsadüf olunan girdab anlayışı mənə daha xoş gəlir. Bu girdabda başlanğıc və son yoxdur. Hər bir həyat özündən əvvəlkinin davamıdır, eyni zamanda özündən sonrakının rüşeymlərini daxilində yaşadır. Onlardan heç biri tamın, bütövün mücəssəməsi kimi çıxış edə bilməz. Əsrlərin təcrübəsindən yararlanan Ölümsüzlər respublikası dözümlülük, hər şeyə laqeyd, hətta deyərdim ki, nifrətamiz münasibət məsələsində kamilliyin zirvəsinə yüksəlmişdi. Onlar başa düşürdülər ki, sonu olmayan həyatlarında hər kəs hər şeylə üzləşə bilər. Özlərinin keçmiş, yaxud gələcək yaxşı əməlləri sayəsində hər biri sonda mərhəmət və şəfqətə layiq görülə bilər. Lakin eyni zamanda onların hər biri keçmiş, yaxud gələcəkdəki rəzillik və yaramazlıqları ucbatından istənilən xəyanət və alçaq əməli də törətməyə hazır idi”. (X. L. Borxes)
Coys “Uliss”də bir cəhənnəm yaratmaq istəmişdi, bəlkə. Qurani-Kərimdə kafirlərin ölə bilməmək məşəqqətinin təsvirinin təkrarını... Quran məntiqində belədir: kafirlər ölüb qurtara bilmir. Ölür, canlarının əzabdan qurtaracağını hiss etdikləri məqamda yenidən dirilirlər - ölmək üçün. Allaha yalvarırlar ki, onları birdəfəlik öldürsün. Amma mümkün deyil... Ölə bilməmək məşəqqəti... Sizif əməyi də bu cür əzab təkrarlarına misaldır. Coys da elə yazır: “şəhər-şəhər adamlar doğulur, ölmək üçün, ölür yenidən doğulmaq üçün...”
Coys öz ədəbiyyatında o qədər səmimi və maskasız görünür ki, bəzəksiz, poetikasız, məcazsız kimi təqdim edilən həyat... Lakin bunun da səbəbi müəllifin şüur axınına mane olmaq istəməməsidir. Bütün əsər sanki beyindən dilə, nitqə, qələmə qədərki yolda söylənir, nəql edilir, yazılır. Elə bil daxili, səssiz bir nitq, dil ilə... Həm də şüurla qələm arasındakı daha bir boşluqda...
Blum “ruhköçümü” haqqında düşünür daima. Atası, oğlu və özü –keçmiş, bu gün və gələcək... Dünəni və sabahı varlığında gəzdirən “bu gün”- Blum mövcudluğu... Ata intihar edib, oğul uşaqkən ölüb. Amma Blumun ruhunda yaşamaqda, var olmaqdadırlar. Coys üçün gələcək haqq-hesab, məşhər ədaləti qəbuledilən deyil. O hər şeyi bu günün məhkəməsində sorğulayır. Onun üçün yalnız “bu gün” adlı həqiqət mövcuddur. Bütün keçmişlər də, gələcəklər də “mən”də, bu günün “mən mövcudluğu”ndadır. Coys bu düşüncəni paralel olaraq həm Şekspirin “Hamlet” əsərindəki Hamletin atasının xəyalı ilə söhbəti, həm də buddist fəlsəfədəki karma qanunları ilə müqayisəli şəkildə izah edir. İnsan mövcud, real dünya və mənəvi-ruhi aləmi ilə ziddiyyətli bir ortamda həbs olunub. O keçmiş və indiki əməllərinin hesabını ödəməkdədir. Körpə uşaq faciəli şəkildə ölürsə cəzalanıbmı? Allaha sual verilir sanki: “Bu körpənin günahı nə idi?” Amma dünyanın ən qədim fəlsəfi şüur yozumlarında (məsələn, ilk fəlsəfi fikir abidəsi, hind fəlsəfi düşüncəsinin kitabəsi olan vedlərdə), eləcə də zen sistemində, karma qanunlarında, eradan əvvəl I minillikdə mövcud olmuş Upanişadlarda bu sualın cavabı var. Əvvəlki həyatındakı günahların, səhvlərin bədəli, əvəzidir... Heç bir günah cavabsız qalmır, yenidən doğuluş zamanında belə ödənilir. Qurani-Kərimdə “əməl, haqq-hesab tərəzisində bir misqal günah belə bədəlsiz qalmayacaq, heç kimə bir xurma çərdəyinin lifi qədər də haqsızlılıq yapılmayacaq”-qənaəti burda dolayısı ilə təsdiqlənir. Və Coys “Hamımız suç ortağıyıq!”-fikrini atır ortaya. Hamımız-əslində təkrar-təkrar özümüzdə, öz-özlüyümüzdə doğulan və ölən “mən”lər... Daima hərəkətdə olan, fırlanan, dönən Yer kürəsi kimi insan da öz ruhu, canı, qanı, genetikası ilə təkrar-təkrar dövr edir. “Əvvəlki həyat”-anlayışı düşündürür oxucunu... Hər kəsin “əvvəlki həyat” yaddaşı var və bu yaddaş formasında özünü axtarıb tapma, qiymətləndirmə, günahlandırma, cəzalandırma və ya utanc hissi ilə susma...
Sonra Coys o günahın və utanc hissinin ardınca çox uzaqlara yol alır, Adəmə və başqa peyğəmbərlərə qədər...
Blum öz varlığında insan nəslinin matəmini daşıyır sanki. Coys bu ovqatı romanın müxtəlif parçalarında, adi söhbətlər zamanı belə diqqətə çatdırır. Məsələn, yeməkxanada Davy Byrne ilə Nosey Flynn Blum haqqında danışanda, reklam toplayan bu adamın niyə bu qədər yaslı, dərdli və hüznlü görünməsi haqqında söhbət edirlər... Bütün roman üslubunda olduğu kimi, burada da ötəri dialoqlarda ciddi problematik suallar verilir. Ya da adi müşahidələrin təsvirində ciddi, düşüncəyə oyadıcı zərbə endirəcək qədər ağır suallar... İnsanların adi, ləzzətli qida kimi həzm etdiyi, iştahla yeməyə girişdiyi başqa canlıların –heyvanların taleyi, ölümü barədə də düşünməli oluruq. “Heyvan bazarında baltanın enib beyinlərinin parçalanmasını gözləyən o biçarə məxluqlar... Möö... Titrəşən zavallı danalar... Mee... Başları sallanmaqda... Bir qaynaşma, zarıltı... Qəssabların ləyənlərində bağırsaqlar tökülüb qalıb. “Qarmaqdakı bu döş ətindən versənə!”... Şırak... Dərisi soyulmuş kəllə və qanlı sümüklər... Soyularaq budlarından asılmış köpək balığının gözünə bənzər gözləri olan qoyunlar... Burunlarına tıxanmış qanlı kağızlardan, yerdəki otların üstünə burun suyu axan qoyunlar... Dərilər, içalat gedəcək. O parçaları dağıtma...
Dəliqanlı... zəif xəstələrə isti qan verirlər. Qan həmişə lazım olur. Riyakarlar... Buğu çıxandan sonra yalayarsan qanı... Əsil ləzzət... Ürəyi sıxılan vampirlər... Ah, acdım... “Davy Byrney”ə girdi. Buranın sahibi dürüst adamdır...”
Həm də “qurban qanı” deyilən bir vergi varmış... “Hər kəs sanki quzunun qanıyla yaxalanıb, Tanrı qurban qanı istəyir. Doğum, evlilik, şəhadət, mübarizə, bir binanın təməli, qurban, böyrək, yanana qədər... Kek rahiblərinin sunaqları. İlyas peygəmbər gəlir. Gəlir! Gəlir! Gəlir! Hamınıza ürəkdən “Xoş gəldin!” –deyirik...
Romanın qəbiristanlıq səhnəsində də Coys intonasiyası dəyişmir. Blumun şüur axınını tənzimləyən müxtəlif xarakterli fraqmentlər və adlar bir ideya ətrafında süjetlənə bilir. İsa peyğəmbər, Şekspir, Hamlet, Robinzon Kruzo, dəfninə yığışdıqları Diğnam və başqaları... Adlar sürətlə keçir düşüncədən, amma ölüm şəkilləri iz qoyur. Düşünür ki, adam kaş qəbrini özü qaza bilə... Ölüləri mütləq kişilər basdırır. Bir də qarışqalar. Amma Robinzon Kruzonu Cüma dəfn edib. “Bəli, Cüma basdırmışdı onu. Dərindən düşünəndə görəcəksən ki, hər cüma bir pərşənbəni dəfn edər, zatən. Ah, zavallı Robinzon Kruzo! Buna necə yol verə bildin? Heyrət edirəm, doğrusu... Zavallı Diğnam! Qutusunun-tabutunun içində yerüzündəki son yatışı...”
Blum köhnə dostu Diğnamı qutuda, tabutda gördü sonuncu dəfə, onun dəfnindən gəlir, əynində qara paltar... Yolda təsadüfən rastlaşdığı tanışı Mrs. Breenlə ötəri söhbətində başqa bir tanış qadını soruşur. Məlum olur ki, həmin qadın 3 gündür doğum evində sancı çəkir, qıvrıla-qıvrıla qalıb. Evdə də bir sürü uşaqları yol gözləməkdədir. Həkimlərin də dediyi kimi, çox əzablı bir doğuş gözləyir onu. Günün əvvəlində Blumu düşündürən Diğnamın –dünyadan gedən bir insanın tabut, qutu sonluğu indi dünyaya gəlmək istəyən, əzab içərisində ana bətnində, tabut kimi bağlı darlıqdan yer üzünə çıxmaq mübarizəsi müqayisə edilir. Bu iki məqam arasında günün xeyli hadisələri baş verdiyi göstərilir əsərdə. Yəni Coys üslubunun özəlliyi də budur. Kitabın 30-40 səhifə əvvəlki mesajı xeyli mütaliədən, hətta kitabı qatlayıb kənara qoyandan sonra sənin düşüncəndə mexaniki olaraq başqa ideyalarla əlaqələnir və müqayisə, analiz təfəkkürün işə düşür. 30-40 səhifə əvvəldə dediyi fikir davamını tamam başqa hadisə, başqa obraz və fərqli inikas formasında yenidən tapa bilir. Məsələn, Buck Mulligan nitqində yarımçıq qalan fikirlər bir az sonra Stiven və daha sonra Blumun danışığında ortaya çıxır.
Blum Breenlə sağollaşandan sonra da bu üç günlük insan əzabının ağrılarını sanki ruhunda hiss edir və düşündükçə elə hey başını bulayır, öz-özünə danışır. “Bu xəbər çox üzücü oldu...yazıq qadın... üç gün...”
Blum adi insan instinkti ilə bu sıxıntılardan qurtulmaq üçün birinci qarnını doyurmağı, yeməkxanaya dönməyi düşünür, amma fikir sicilləməsi beynində artdıqca artır yenə. Tabut darlığında qoyub gəldiyi Diğman aqibətli insan övladının ilk “tabut”, “qutu”, “qəfəs” başlanğıcına yol alır şüuru. Anasının qarnında ikiqat olmuş körpənin başını sağa-sola çırpa-çırpa çıxış yolu araması vəziyyətinin sancısını yaşayır sanki: “Qaça-qaça “Boltons Westmoreland House”-ni keçdi. Çay. Çay. Çay. Tom Kernandan öyrənməyi unutdum. Sss, çı, çı, çı... Sirkədə isladılmış dəsmalla başı sarıqlı, üç gündür yataqda qarnı burnunda fəğan edən bir qadını düşünürdü. Off, off! Dəhşətli bir şey... Uşağın başı böyüyəcək: Forseps. Qadının içində ikiqat olmuşdu, başını sağa-sola vura-vura kor-koranə çıxış yolu axtarır. Bu fikir məni məhv edir... Yaxşı ki Molly (Blumun arvadı-İ.M) doğuşlarını yüngül adlatdı. Bunun qarşısını alacaq nələrsə etmək lazımdır. Həyata gəlmək nə ağır bir işmiş...”
Coysun bu əsəri çap olunmağa başlayandan bir az sonra onun haqqında çox ziddiyyətli mülahizələr söylənməyə başladı. Müasirləri Coysu bağışlaya bilmirdilər. Elə bil şeytanın sirrini və insanın yataqdaca üstünü açmışdı. Ona az qala nifrət edirdilər bəzi müasir yazarlar, tənqidçilər. Ədəbiyyatda klassik məbədlər dağıdılmış və əlində sehirli çubuq bir şlyapalı sehrbaz tamaşaçıları çaşdırmışdı. Amma bütün bu etirazlarının sonunda, bizim xalq dililə desək, bir “adamın üstündə Allahı var” etirafı ilə istedadını təsdiqləyirdilər. Bunlardan biri də Arnold Bennett idi. O, Coysu xeyirxahlığın və insan təbiətinin nə odluğunu anlamayan, böyük şairlərə xas həssaslığa malik olmayan, insanları qəddar və mərhəmətsiz xislətli hesab edən yazıçı kimi qınayırdı. 1922-ci ildə “Merkur de Frans”da “Uliss” haqqında yazırdı: “Ceyms Coysun öz romanının mövzusu üçün hansısa müəyyən bir gün seçmiş olduğunu sübut eləyən əsaslı dəlillər yoxdur. Hər şeydən göründüyü kimi, onun xasiyyəti acı və ironikdir; belə düşünürəm ki, o, rastına çıxan adi günlərin ən adisini seçib götürməkdən kinli bir məmnunluq duymuşdur. Bəzən adama elə gəlir ki, müəllifin coğrafiya barədə heç anlayışı da yoxdur, ətrafda baş verənlərdən baş çıxara bilmir, sözün geniş mənasında xeyirxahlığın və insan təbiətinin nə odluğunu anlamır və böyük şairlərə xas olan həssaslığa malik deyildir. Ən betəri odur ki, perspektiv anlayışından o büsbütün məhrumdur. Ancaq bir sənətkar kimi mənim ona daha ciddi iradlarım var. Müəllif dünyanı miskin şəkildə görür, dünyanın sakinləri isə onun nəzərində qəddar və mərhəmətsizdirlər.
Bütün bunlara baxmayaraq Coys ədəbiyyatda çox böyük fenomendir. Bəzən o dedikcə orijinal olur. O, həyatı bütöv şəkildə görə bilmir, əvəzində iti baxışlarla onun dərinliyinə müdaxilə edir. Coys ustad sənətkardır, buna heç bir şübhə ola bilməz. Onun böyük səriştəsi, qeyri-adi yumoru var”.
Təbii ki, burada bir çox fikirlə razılaşmırıq. Coysun qəhrəmanları qəddar və mərhəmətsiz deyildi. Bir az yuxarıda Blumun doğuş ərəfəsində olan qadının və onun bətnindəki uşağın acılarına necə qəlbən yandığını göstərmişdim. Romanda yüzlərlə belə misallar, nüanslar var. Blum küçəni keçmək istəyən əliçəlikli cavan bir adamın kor olduğunu bilən kimi ona yardıma gedir. Əlbəttə söhbət bu kiçik qayğıdan, yardımdan yox, Blumun kor bir adamın dünyasına daxil olaraq az qala onun qədər bu çatışmazığı, fiziki qüsuru vücudunda hiss etməsindən, mənəvi olaraq acı çəkməsindən gedir. Başqalarının da ağrıları ilə yaşayacaq qədər rəhmli olmaq...
“Uliss”də haqqında bəhs etdiyimiz “boşluq” bir –iki nüansla bitmir. Bədii zaman boşluğun sonsuzluğunu artırmaq üçün bir günlük müddətə sıxışdırılıb. Bir kor adamın gördüyü, bəlkə əslində qaranlıq boşluq boyda və rəngdə gördüyü (yəqin ki heç görmədiyi) dünyada yaşayırıq. Qaranlıq boşluqda! Anamızın bətni, tabut boyda dar və əbədi boşluqlar arasında qaranlıq yolun yolçularıyıq biz! Heçliyi metrələyən, ömür hesab etdiyimiz Sizif məşəqqətinin təkrarları... Amma bu qara yolun yolçusu insanı Coys daxili əzəməti ilə təqdim edir. Sevgisi, rəhm hissi, şüuru olan bu varlığın, sanki Allahdan haqqını istəyir. Qiyaməti gözləmədən, elə indicə...
“- İndi Dawson Streetdəsən, -dedi Mister Blum. Moleswoth Street düz qarşındadır. Ora getmək istəyirdinmi? Qabağında heç bir maneə yoxdur.
- Sağ olun, cənab.
Mənim kişi olduğumu bildi...Yəqin səsə görə...
- İndi də sağa dönərsən...
Kor adam əsasını səkiyə çırpa-çırpa yoluna davam etdi”.
Blumun ürəyindəki Diğnam sonluğu, sancı çəkib doğa bilməyən qadın, başını ana bətnində divardan-divara çırpıb böyümüş başı ilə dünyaya qədəm basmaq istəyən zavallı körpə ağrılarına daha bir ağrı da əlavə olunur. Kor adamın sevincsiz, rəngsiz dünyasının boşluğu... “Yazıq cavan! O maşının orada olduğunu necə başa düşdü? Hiss edib yəqin. Bu cür adamlar alınları ilə görür sanki. Bir boşluq hissi... Hər hansı bir şeyin çəkisini və ya hissələrini qaranlıqdan da qara bir boşluqda duymaq... Qarşısındakı nəyisə götürsələr, hiss edərmi görən? Qəribə bir boşluq duyğusu... Görəsən, Dublini təsəvvüründə necə canlandırır səkilərə çırpıla-çırpıla gəzməklə? Çəliyi olmasaydı bir xətt istiqamətində gedə bilərdimi? Rahib olmağa hazırlaşan bir gənc kimi qansız və nurlu sifəti var. Penrose! Bu cavanın adı belədir... Gör nələri öyrənmək olar ondan... Barmaqlarıyla oxumaq, piano çalmaq...
...Bu adamların qoxu alma duyğusu çox güclü olur, hər tərəfləri iylə doludur, fərqli-fərqli qoxular... Hər küçəni bir cür qoxu ilə yadda saxlayırlar, elə adamları da... daha sonra yaz qoxuları, dadlar... Deyirlər ki, guya gözünü yumanda şərabın dadını tam hiss edə bilməzsən. Deyirlər heç qaranlıqda siqaret çəkmək də zövq verməz. Və bir qadınla sevişərkən də... Amma görməmək daha şəhvətli olar... Zavallı oğlan! Hələ çox cavandır. Nə pis işdir, qorxunc bir şey... Görəsən bu görməyənlərin, korların yuxuları necə olur? Həyat onun üçün ancaq xəyallardan, təsəvvürlərdən ibarətdir. Bu cür doğulmaq ədalətlidirmi? New Yorkda paraxodla gəzintiyə gedərkən yanan və boğulan o qədər qadın və uşaq... Qəzavü-qədər... Keçmiş həyatımızda işlədiyimiz günahların müqabilində olanlardır, deyirlər... Ruhköçümü...”
Coysun insanları, əksinə, humanist və insanın taleyinə yanan fədailər idi. Onlar şüur gücü ilə insanın taleyini, faciəsini, məşəqqətlərini çözməyə qalxmışdı. Daha doğrusu, insan öz ağlıyla sanki özü-özünə gün ağlamaq mücadiləsində idi. Romanda klassik anlamda insanlara praktik olaraq yardımda bulunan humanizm və mərhəmət obrazı görünməyə bilər. Lakin Coys 1914-cü ildə yazmağa başladığı romanında müharibəyə, mübarizəyə, qanın, ölümün ağzına atılmış insanların, talelərin yaradılış və “yoxolma” sualları ilə gəlmişdi ədəbiyyata. Romanda Blumun həmin düşüncələri Hamletin monoloqu məğzində və intonasiyasında səslənir. Doğulmaq, yaşamaq ölmək... Ölmək, yaşamaq, doğulmaq … Qədim fəlsəfi təlimlərdə, yuxarıda misal çəkdiyim karma qanunlarında da deyildiyi kimi, təkrar dirilmə, doğulma... Qurani-Kərimdə yazılan “qiyamət günü dirildiləcəksiniz!” –fikri əslində bir çox məqamlarda inkar yox, təhlil və analizlərlə təsdiq olunur. Bütün analizlərdən sonra Coys yenə soruşur: Həyat boşluqdan boşluğa yolçuluq deyilmi? İstər Odissey səfərində, istər öz “şüur axını” adlı atlıya qoşub səyahətə göndərdiyi qəhrəmanlarının yolçuluğunda bu nəticə əldə edilmirmi?
Həyat adlı mövcudluq bir boşluqdan (ana qarnından) digər boşluğa (qaranlıq məzara) qədərki yoldurmu? Coysun sualları ilə Şekspirin sualları qarışır az qala. Daha doğrusu, Blumla Hamletin monoluqundakı həyəcanlı və sarsıdıcı, əbədi suallar… “Tramvaylar bir-birlərini ötərək gedir, gəlir… Zənglərini çalır. Hər şey boşdur. Günlər keçib –gedir, amma heç nə dəyişmir. Polis dəstələri gah gedir, gah qayıdır. Tramvaylar gəlir, gedir. Bir -iki ağılsız avara boş-boş gəzinir… Diğnamı yudular, təmizlədilər… Mina Purefoy yatağında, qarnı şişmiş, içindəki körpə çəkilib çıxarılsın deyə inləyir. Hardasa hər saniyə birisi doğulur, hardasa başqa birisi həmin saniyədə ölür. Quşları yedirdiyi beş dəqiqə oldu… üç yüz adam eşşək cənnətini gözləyir, bir üç yüz adam da bu tərəfdə doğuldu və qanları yuyuldu, zatən hamısı İsanın qanıyla yaxalanır... Bir şəhərlik adam ölür gedir, başqa bir şəhərlik adam yenidən ölmək üçün doğulur. Gəlib bir az ləngiyir, yenə ölüb gedirlər… Sıra-sıra evlər, küçələr, kilometrlərlə səkilər… Tez-tez alınıb satılan, sahibi dəyişdirilən evlər…” (“Uliss)
“Ölmək… uyumaq… uyumaq? … Bəlkə də röyalar görmək? Budur işdə məsələnin çətin yeri…. Həyatın boranları keçdikdən sonra bu ölüm yuxusunda biz nələr görəcəyik? Budur yolun keçidini kəsdirən: budur bizi uzun həyat sürüntülərinə məcbur edən, buna görədir ki, fəlakət bu qədər sürəklidir. Yoxsa dünyanın bu zülm-fəsadına, hökmdarların təkəbbürünə, güclülərin təhqirinə, qaytarılmış, tapdalanmış, bir eşqin acı iztirablarına, qanunların boşluğuna, hakimlərin utanmazlığına, rəzillərin xidmətlərinə qarşı coşan nifrətlərə kim dayanmaq istərdi? Halbuki, xəncər (bir vurğu) bizi bunların hamısından əbədilik qurtara bilər. Acı həyatın ağır cəbrini nifrət və göz yaşları ilə kim daşımaq istərdi? Yalnız bir qorxu… orada nə olacaqdır? Orada o bilinməz (məchul) vadidə ki, oradan bu vaxta qədər kimsə qayıtmamışdır… İradə sarsılır və bizi bilinməz bir aləmə atılmaqdansa acı iztirablara dayanmağa məcbur edir. Qorxaq fikrin müdhiş etirafı, qəti bir iradənin iti boyası, təfəkküratın zülmətinə qarşı solur. Düşündükcə tələsik həyacanların cəsarəti sönür… fikir işə keçməyir. Sus… Ofeliya, gözəl pəri, öz dualarında mənim də günahlarımı xatırla”. (“Hamlet”)
Tarix, hətta onun ən möhtəşəm abidələri, məbədləri belə Blumun yaddaşında və baxış bucağında incəsənətin qürrələndiyi, amma insanlığın çöküşü kimi ifadə olunur. Bu böyük tarixi bizə kimlər yaratmışdır?-sualı çıxır ortaya. Müharibələri generallar, sərkərdələr, hökmdarlar deyil, sıradan döyüşçülər, çox zaman qorxaq, zorla döyüşə sövq edilən insanlar udur. Amma paqonlar, medallar başçıların çiyninə, yaxasına taxılır. Tarixin nəhəng sənət inciləri də elədir. Piramidaları, Babili, Çin səddini quru çörəklə soğan yeyən kölələr tikib. Onların əsəridir, əslində bu abidələr. Köləliyin, istismarın qürur deyil, utancverici şahidi tarix… “Çöldəki piramidalar soğan-çörək qarşılığında qurulub. Çin səddi, Babil kölələrin əsəridir”.
Blum küçədən əl-ayaq çəkilən vaxtda bu düşüncələrlə yol gedir... Günün bu zamanını heç sevmir. Canlılıq yoxdur, “özümü çeynənib qusulmuş kimi hiss edirəm”-deyə düşünür… Piramidalar, qalalar, saraylar tikən kölələr haqqında düşüncəsi beynindən tam silinib getməmiş, elə küçədəcə başqa bir ötəri ştrixlə bu istehzalı və məntiqi yanaşmanın həm də müasir şəklini təqdim edir müəllif. Qarşısından keçdiyi ev haqqında deyir: “Kollec müdirinin evidir. Möhtərəm Dr.Salmon: konserva sombalığı. Bu evdə yaxşıca konservləşdirib özünü. Eynən məzarlıq kilsəsidir sanki. Bu evin üstündə mənə pul versələr belə orda yaşamaram…”
“Uliss”dəki qəhrəmanların mimikası, jesti, yerişi, davranışı, geyimi müəllif təsvirindən başqa onların öz nitqlərinin hesabına da gözümüz önündə canlanır. Danışıqları o qədər təbii, canlı və emosional xarakterlidir ki, qulağımızda məhz o intonasiya ilə əks-səda verə bilir. Elə bil insanlarla deyil, şüur şəkilləri ilə tanış oluruq. Blumda daha çox etinasız və əsəbi ovqat qabarıqdır. Məsələn, Blum məzarlıqda fikrini dolaşdıran düşüncə konfliktindən sanki əlini yelləyərək çıxır: “Öləndən sonra sənə görünəcəm!”, “Ölümümdən sonra gözünə görünəcəm!”, “Xəyalım, ruhum öləndən sonra da səni rahat buraxmayacaq!”, Ölümdən sonra “cəhənnəm” deyilən bir o biri dünya var!. “O biri dünya” deyə yazmağı xoşuma gəlmədi. Mən də sevmirəm bunu. Hələ görəcək, dinləyəcək, hiss edəcək çox şey var! Yanındakı canlı, ilıq varlıqları hiss etmək!... Əşşi getsin o ölülər öz qurdlu yataqlarında yatmağa davam etsinlər...”
Qəbiristan səhnəsindəki təsvir və dəfn iştirakçılarının obrazı, portreti haqqındakı təqdim xarakterli işarələr, xüsusən Blumun düşüncələri insanı o qədər dərinliyə, o qədər uzaqlığa aparır ki, adam hətta bircə bu qəbristanlıq səhnəsindən Coysun daha bir 800 səhifədən də çox həcmi əhatə edən roman yaza biləcəyi hünərinə inanır.
Gözü məzarqazanlara sataşır və bu məqamda xəyalı, şüur seli Şekspirin “Hamlet” əsərindəki məzarçılara qədər məsafə qət edir. Amma real məqam isə çox adi dialoqla təqdim edilir: “-Sabah neçə cənazən var?-deyə soruşdu qəbristanlıq müdiri.
- İki,-dedi Corny Kelleher. On tamamda və on birdə.
Qəbiristanlıq müdiri kağızlarını cibinə qoydu”.
Coys qəbiristanlıq müdirini iribədənli, xoş niyyətli, xeyirxah adam kimi tanıdır bizə. Hər gün cənazələrin hesabatını aparan, onların torpağa, Coysun dili ilə desək, “əkilməsinə” qayda-qanunla riayət olunması işini tənzimləyən müdir obrazı...
Coysun mətn parçaları bir mövzuya tutunub qalmır. Ən kiçik hissədə belə dini-fəlsəfi, siyasi, ailə-məişət məzmunlu sosial durum və s. əks olunur. Məsələn, elə məzarlıqda belə bir düşündürücü siyasi altqatı olan cümlə işlədilir: “Bir irlandiyalının yuvası tabutdur...” Romanda İrland dili məsələsi, yəhudilərin dünya siyasətindəki mövqeyi və digər problem mövzulara işarələr saysız-hesabsızdır. Paytaxtı Dublin şəhəri olan İrlandiyada danışıq dili, hətta rəsmi dil iki adda olub: irland və ingilis. Coys irland dilini gözəl, heyrətamiz dil kimi dəfələrlə diqqətə çatdırır. “Hakim Mister Fitzgibbon, indiki Temyiz Məhkəməsi rəisi, bir danışıq aparmışdır, mübahisə mövzusu da İrland dilinin yenidən doğuşunu (o zamanlar bu bir yenilik idi) müzakirə edən bir məqalə idi.”
Romanda qırmızı bir xətlə keçən “yəhudi hegamonluğu” məsələsi var. Bu gün də dünyanı təəccübləndirən, C.Oruelin də dediyi kimi, “yuxarıdan idarə edən görünməz əl” mütləqiyyəti... Fitzgibbo danışıb qurtaran kimi Yohn F.Taylor cavab vermək üçün yerindən qalxır. Çox emosional çıxışda siyasi notlar daha dərinlərə, uzaqlara yönəlmişdi... “Siz yəhudilər nə üçün bizim mədəniyyətimizi, dinimizi və dilimizi qəbul etmirsiniz? Siz köçəri çobanlarsınız, biz isə uca bir qövmük. Sizin nə şəhərləriniz, nə də sərvətiniz var... Bizim şəhərlərimiz bəşəriyyətin qədim diyarı olub. Döyüş gəmilərimiz dünyanın dəryalarını, dənizlərini yara-yara dolaşır. Üst-üstə üç sıra kürəkli... Siz primitiv şəkildə mövcud olduğunuz halda bizim bir ədəbiyyatımız, bir dəyanət təşkilatımız, qədim bir tariximiz, hökumət, dövlət nümunəmiz var... Köləlik, qorxu və etibarsızlıq sizlərdədir... İsrail qüdrətsizdir, hələ uşaqlarınızın, gənclərinizin sayı çox azdır... Sizə bilirsiniz nə deyirlər? Yersiz-yurdsuz sərsərilər, günəmuzdçular... Amma bizim adımız gələndə dünya lərzəyə gəlir...”
“Qəzet çıxarılması prosesində bir gün...”-təsviri ilə Blum yeni mənzərə və məkana aparır bizi. 100 il öncəki mətbuat mənzərəsinin bu gün də dəyişilməməsi bizi heyrətləndirir. Bu günün tanış durumu deyilmi? Publisistikanın başının üstünü alan yalan, reklamlı, aldadıcı, əhəmiyyətsiz hay-küy, çaşdırıcı ideoloji təlimlər... “Həftəlik bir dərgini yaşadan şey reklamlarla bəzədilən mənasız yazılardır, rəsmi qəzetdəki köhnə xəbərlər deyil”. Qəzetin səhifələrinə yerləşdiriləcək materiallar əsasında yenə dünyanı “alt-üst” edir. Siyasi, coğrafi, tarixi, sosial, ailə-məişət və s. kateqoriyalı xəbərlərin adı və müəllifi guya qeyri-ciddi söhbətlərin məğzində, adi iş günü sitüasiyasında çözülür. Amma bu informasiyanın və materialın mahiyyəti, əslində əsrin qlobal obrazını tarixləşdirmək amacı güdür. Blum mətbəə şefinin başının üstündə dayanıb reklamları yerləşdirmək üçün məsləhətlər verir. Adi bir görüntü keçir göz önündən. Bir nəfər zəngin adamın iş reklamı haqqında qısa bir anlatma. Amma XX əsrin ilk 10 ilindəki ictimsi-siyasi, iqtisadi vəziyyəti bir ştrixlə anladan məqam: “-Baxın, bax burda iki açar. Bir dairə, bax burda da adı: Aleksandr Keyes - çay, şərab və kokain taciri, və s. Ona öz işini başa salırmış kimi danışmayım. –Siz daha yaxşı bilirsiniz, rəis, bu adamın dəqiq nə istədiyini. Qəzetin təpəsində yay kimi iri hərflərlə yazarsınız: Keyes müəssisəsi. Oldumu? Necə fikirdir, bəyəndinizmi? Mətbəə şefi əlini daha da altdakı qabırğalarına doğru apardı və yavaşca qaşımağa davam etdi. – Burda bizdən tələb olunan, -dedi, “Açarlar evi”ni diqqət mərkəzinə gətirməkdir. Bilirsiniz, rəis, bu Man Adası parlamenti... Məqsəd, Home Ruleu, yəni onun müstəqil, heç kimdən asılı olmaması məsələsini reklamlaşdırmaq... Başa düşürsünüz də, anladınız. Belə edə bilərsiniz”.
Jurnalistlərin pərdəarxası simasını diqqətə çatdıran xeyli məqamları da gözdən qaçırmır: “Bu qəzetçilər təzə bir işin ki iyini aldılar, geri dönməzlər qətiyyən. Fırıldaqdılar. Hansına inanacağını bilməzsən. Birinin dediyi o birisininkinə uyğun gəlməz. Bir də görürsən dalaşırlar qəzetlərində, bir-birlərini topa tutarlar. Sonra da görürsən ki, can-cigər dost imişlər...”
Qəzetsatan hay-küyçü uşaqlar da bu mövzuya bir az da rəng, canlılıq gətirir. Qəzetdəki şişirdilmiş, yalanlı-yalansız, reklamlı manşetlər kimi bu qəzeti əllərində silkələyən körpə uşaqların hay-harayı da sanki məhz XX əsrin ilk illərinin, 1904-cü ilin ictimai-siyasi, sosial mənzərəsinin bir fraqmenti kimi göründü. “İrish Catholic” və “Dublin Penny Journal” bürolarının hasarı yanında qəzetsatan uşaqların hücumuna məruz qalan Mister Blum dərindən nəfəs alaraq səsləndi: Mister Crawford! Bir saniyə!
- Teleqraf! Yarışlardan yazır!
- Nə var?- Myles Crawford addımlarını yavaşıdaraq dedi.
Qəzetpaylayan uşaqlardan biri Blumun üzünə tərəf səsləndi: Rathminesdə böyük fəlakət! Bir körpə ocaqda yanmışdır!”
10.08.2017.