Kulis.az İradə Musayevanın “Müstəqillik, müstəqillik, müstəqillik...” məqaləsini təqdim edir.
(AMEA-nın Nizami adına Ədəbiyyat institutunun hazırladığı “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” ikicildliyi haqqında)
Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun hazırladığı iki cilddən ibarət “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabının təntənəli təqdimatı oldu. Sevindiricidir... Axır ki, 25 illik ədəbi xronikanın mənzərəsi aydınlaşacaq, bu adda (“müstəqillik ədəbiyyatı”), bu çeşiddə yaradıcılıq tariximizin əsil mahiyyətini, seçilmişlərini tanıyacağıq!-deyə fərəhləndik. 1800 səhifəlik nəfis tərtibatlı kitaba çoxlu suallarım vardı. İkicildliyin elmi redaktoru akademik İsa Həbibbəyli, məsul redaktoru isə filologiya elmləri doktoru, professor Tehran Əlişanoğludur.
Kitab İ.Həbibbəylinin “Müstəqilliyin şərəfli yolu və müstəqillik ədəbiyyatı” adlı irihəcmli məqaləsi ilə açılır. Yəqin ki, müstəqilliyimizin şərəfli və kəşməkəşli yolundan, bu yolun ağrısını və sevincini özündə əks etdirən və ya arzuladığımız kimi əks etdirə bilməyən ədəbiyyatının mahiyyətindən, xarakterindən danışılacaqdı bu giriş məqaləsində. Məqalənin adı bunu diktə edirdi... Amma belə olmur... İsa müəllim ilk cümlələrdəncə millət kimi formalaşmağımızın tarixinə toxunur. Onun təqdimatından belə çıxır ki, biz son 25 ilə qədər millət ola bilməmişik, sadəcə “dünyada az tanınan toplum” kimi səciyyələnmişik: “Azərbaycan xalqı bir zaman tərkibində olduğu sovet dövlətinin asılılığından qurtarıb, üçrəngli bayrağını Birləşmiş Millətlər Təşkilatının binasında ən yüksəklərə qaldırmış, bu ümumdünya təşkilatının tədbirlərinə rəhbərlik etmək səlahiyyətlərinə qədər ucalmışdır. Xalqımız ictimai-iqtisadi və mədəni inkişafının yüksək tempi ilə bir zamanlar dünyada az tanınan bir toplumdan hazırda dünyanın hər tərəfində qəbul edilən, örnək göstərilən millətə çevrilmişdir”. (s.3) Akademikin millət kimi yaşımızı 25 ilə endirən bu təəssüfdoğurucu qənaəti çoxlu suallar yaratdı bir anda: minilliklərlə yaşı ölçülən ədəbi, tarixi abidələrimizin sahibi biz deyildikmi? Axı qəbilə, tayfa, qaraçı dəstəsi assosiasiyası yaradan “toplum” ifadəsi bu millətin yaşı bir yana, yaratdığı misilsiz mədəniyyət, sənət nümunələrinə belə yaraşdırılmır. Lap son 100 ili götürək: Ə.Hüseynzadəni, M.Ə.Rəsulzadəni, H.Cavidi, C.Məmmədquluzadəni, M.Ə.Sabiri, Ü.Hacıbəylini, Ə.Şıxlinskini və onlarla, bəlkə daha çox mütəfəkkiri, milli qürur simvolu ola bilən millət fədaisini “toplum”mu yaratmışdı? Sovet dövrü dediyimiz zamanda biz millətlikdən çıxmışmıydıq? Bəs Q.Qarayev, F.Əmirov, S.Vurğun, R.Rza, M.Abdullayev, T.Salahov və yenə onlarla, yüzlərlə tarixə imza qoyan yaradıcı şəxsiyyətləri necə, “toplum”mu yaratmışdı?
Həmin məqalədə 25 illik qısa bir dövrü əhatə edən müstəqillik ədəbiyyatını İ.Həbibbəyli qəribə bir məntiqlə iki yerə bölür: “Bütövlükdə, müstəqillik dövrü ədəbiyyatını iki mərhələyə ayırmaq lazım gəlir:1) Sovet ədəbiyyat düşüncəsindən müstəqillik dövrünə “keçid ədəbiyyatı” kimi xarakterizə olunan 1990-cı illər; 2) XXI əsrdən başlayaraq müstəqillik zəminində tam ifadəsini tapan müasir dövr ədəbiyyatı”. (s.14)
Deməli, ədəbiyyat tarixində mərhələlər artıq 10, 15 il miqyasına qədər kiçilib. Axı ədəbiyyatda mərhələ adətən tarixin, ictimai-iqtisadi formasiyaların, sosial-siyasi mənzərələrin, qlobal hadisələrin və intibahi dəyişikliklərin, fəlsəfi-estetik, mənəvi-intellektual təkamüllərin yenilədiyi, forma və mahiyyət etibarilə kəskin dəyişdiyi zamanların-daha böyük, bəzən əsrlərlə, bəzən bir neçə onilliklərlə hesablana bilən zamanın çərçivəsində müəyyənləşir. Əldə olan faktlara əsasən desək, yaşı 1000 ili keçən yazılı Azərbaycan ədəbiyyatını 10 illik bölgülərə məruz qoymaq onun xarakterini, miqyasını, diapazonunu kiçiltmirmi? Hələ adın mahiyyətinə diqqət edin: 1-“keçid ədəbiyyatı”, 2-“müasir dövr ədəbiyyatı”...
Daha sonra oxuyuruq: ”Müasir Azərbaycanı iki on il əvvəlin parçalanmaq, dağılmaq, vətəndaş müharibəsinə yuvarlanmaq təhlükəsi qarşısında qalmış ölkə ilə müqayisə etmək çətindir”. (s15)
İ.Həbibbəyli və T.Əlişanoğlu müstəqillik ədəbiyyatının nümayəndəsi kimi kitaba daxil etdikləri yüzlərlə müəllifi də həmin “iki on ilin” sərhədində ayırır, hərəsini bir mərhələyə şamil edir. Hətta belə çıxır ki, məsələn hansısa yazıçı romanının birini 1998-ci ildə, o birisini 2003-cü ildə yazıbsa bu adam özü də ikimərhələli müəllif olur. Yəni, ədəbiyyat tarixinin iki mərhələsində yazıb yaratmış kimi səciyyələnir. Əgər o adamın, məsələn, Anar, Elçin kimi sovet dövründə də yazdıqları varsa, artıq onlar olur üçmərhələli yazar...
İ.Həbibbəyli həmin proqram məqaləsində kitabın tərtibat prinsipini də həmin meyarla konturladıqlarını əvvəlcədən açıq-aşkar elan edir: “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı iki mərhələdə inkişaf etdiyi üçün təqdim olunan bu kitabda da mərhələli tədqiqat və təhlilə əsaslanılmışdır. Birinci mərhələni əhatə edən 1990-cı illər ədəbiyyatı sovet hakimiyyətinin son illərindən müstəqillik dövrünə “keçid əlamətləri” ilə səciyyələnir. Bu dövr ədəbiyyatının əsas mövzuları: 1) İstiqlal və 20 yanvar mövzusu; 2) Qarabağ müharibəsi mövzusu; 3) sosial böhran və dekadans mövzusu; 4) avanqard sənət-mövzularıdır”. (s17)
Ədəbiyyatda mərhələ bölgüsü prinsipinin mövzularla (özü də bu qədər məhdudlaşdırılmış ampluada) müəyyənləşməsi faktına indi rast gəldim...
Və daha maraqlı açıqlamalar növbəti hissələrdə verilir. Bədii ədəbiyyata akademik, hətta ideya konturu da cızır. Bədii düşüncə hüdudsuzluğunda yazıb–yaratmalı olan müəlliflərə konkret ideya diktəsi şüar kimi səslənir. Belə çıxır ki, bizim ədəbiyyatda bədii əsərlərin ideyası azərbaycançılıq və multikultural dəyərlərə söykənməlidir, daha doğrusu, artıq “söykənib”: “İdeya əsası Azərbaycançılıq və multikultural dəyərlərə söykənən, bədii keyfiyyətlərini klassik Azərbaycan və modern dünya ədəbiyyatı zəminində sintez edən bu ədəbiyyat, hər şeydən əvvəl, müasir Azərbaycanın obrazını yarada bilmiş, dünyaya tanıtmışdır. Eyni zamanda, hazırda müasir dünya ədəbi prosesinin kontekstində inkişaf edən Azərbaycan ədəbiyyatı milli-mənəvi dəyərlərə ağırlıq verməklə yanaşı, beynəlxalq miqyasda ədəbiyyatda gedən proseslərə inteqrasiya edərək dünya ədəbiyyatının bir hissəsinə çevrilməkdədir”. (s. 23)
“Keçid dövrü”ndə janr münasibətləri baxımından müşahidə olunan müəyyən qeyri-differensiallıq, ətalət mexanizmi müstəqillik tendensiyalarının inkişafı ilə aradan qalxmış, müasir Azərbaycan ədəbiyyatında demək olar ki, bütün ədəbi növlərdə janr yaddaşının oyanması faktı qeydə alınmışdır”. (s. 23)
“Yazıçılar janrından asılı olmayaraq cəmiyyətin və insanın dərin qatlarına doğru daha çox diqqət yetirmiş, sosial və mənəvi problemlərə xeyli dərəcədə geniş müstəvidə nəzər salmışlar”. (s. 24)
“Azərbaycan şeiri dünya ədəbiyyatında cərəyan edən estetik-fəlsəfi təmayüllərə nüfuz etməyə doğru inkişaf etməyə başlamışdır”. (s.25)
Doğrudanmı, bu günün Azərbaycan şeiri dünya ədəbiyyatının cərəyanına, hətta estetik-fəlsəfi təmayülünə (!-İ.M) nüfuz etməkdədir? Bəs kimlərin timsalında?
Biz bu kitabda daha çox müstəqilliyimizi yalnız və yalnız öyən, alqışlayan, tərifləyən şüarçı tezisləri oxumalı deyildik. Bu kitabda akademik və məsul redaktorun (eləcə də kitabdakı materialların xeyli hissəsinin müəllifinin) fundamental, elmi, analitik təhlil və müqayisələri ilə səciyyələnən, sözün həqiqi mənasında “müstəqillik dövrü ədəbiyyatı”nın obrazını, portretini görməli, tanımalı idik. Kitabda “müstəqillik” sözü bəlkə on min dəfə təkrarlanır, “ədəbiyyat” kəlməsi də həmçinin. Amma bu anlayışların əlaqəsi, birlikdə ifadə etdiyi məna və məzmun aydın olmur, pafos, şablon təkrarlar ilğımında öz qənaətlərimiz də az qala itib-batır.
Kitabda “Müstəqillik dövrü ədəbiyyatı” adına yazılacaq və bəzi hallarda bəlkə də yazılmağa layiq olmayacaq imzaların sayı-hesabı bilinmir. Etiraz doğurmamaq, heç kimin xətrinə dəyməmək üçün hamının adını “anmaq” səxavətliliyi, əslində, kitabın ciddiliyi haqqındakı təsəvvürümüzü ilk səhifələrdəcə alt-üst etdi. Səhifə-səhifə ad sadalamaları ilə həcm, cild yaradan məsullar bilməli idi ki, böyük bir tədqiqat mərkəzinin, institutun bu xarakterli ədəbiyyatı təqdimatında bizi maraqlandıran, düşündürən, bizim üçün yenilik ola biləcək elmi-nəzəri əsaslandırmalara söykənən fundamentallıq olmalı idi. Məlum məqalələrin toplanıb sadəcə ön sözlərlə kitablaşması hələ sualın cavabı deyil. Onlarla portretlər oldu ki, kitabda onların haqqında diletantlıq səviyyəsində yazılar gedib. Halbuki həmin şair və yazıçılar haqqında dəyərli monoqrafiya və məqalələr yazanlar var ki, onlar, sadəcə ədəbiyyat institutunun işçisi deyil. Yəqin ki, bu yanlış yanaşmanın cavabı belə izah olunacaq: kitab ədəbiyyat institutunun əməkdaşları tərəfindən hazırlanıb. Amma bu əməkdaşlar da çox hallarda elə o kənarda qalan əsil tədqiqatçıların kitablarından bol-bol “bəhrələnib”...
İlk iradlarımızdan biri məhz mövzuya –bu adda kitab hazırlamaq ideyasını reallaşdırmaq məqsədinə yaradıcı yanaşa bilməmək faktı ilə bağlıdır. “Hazır məhsulları”, müxtəlif insanların müxtəlif zamanlarda yazdığı məqalələri toplu halına gətirmək zəhmətini qiymətləndirsək də, bu 1800 səhifəlik kitab haqqında heyrətli çıxışların, alqışların səmimiliyini, əlbəttə, qəbul edə bilmədik...
Ardı var...
06.11.16