Feminizmə üç güllə və ya Avropa fəlsəfəsinin “çakra”ları - Aydın Talıbzadə

Feminizmə üç güllə və ya Avropa fəlsəfəsinin “çakra”ları - Aydın Talıbzadə
9 yanvar 2026
# 12:00

Kulis.az Aydın Talıbzadənin "Feminizmə üç güllə və ya Avropa fəlsəfəsinin “çakra”ları" yazısını təqdim edir.

Kilsə divarları arasında kobud, solğun seks. Erotik heç nə. Emosionallıq sıfır həddində. Moizədən sonra keşiş təntiyə-təntiyə cins öküz funksiyasını yerinə yetirir. Qadın gözlərini zilləyib qucağında övladını tutmuş Məryəm Ana heykəlciyinə tamaşa edir. Nifrətin, ağrının, hikkənin bir qırıq şəhvətlə qarışdığı nöqtə.

Dünyanın bütün sevgiləri öldürülüb.

Aurora Rodriqes Karbaleyra sevgi düşmənidir, kişilərsiz steril bir cəmiyyət qurmaq uğrunda öz xisləti və ətrafı ilə brutal mübarizədədir: varlı bir ailədə doğulub, hüdudsuz davranış sərbəstliyi görüb, çoxlu kitab içində böyüyüb və bir gün də yevgenika təlimi barədə eşidib: sonra oxuyub öyrənib ki, yevgenika (yuceniks) seleksiya yolu ilə daha mükəmməl, daha sağlam, daha intellektual insan yaratmaq fəlsəfəsidir.

Öyrənib və bu ideyanın əsiri, dəlisi olub: yevgenika Auroranın fiks ideyasına çevrilib və o, gələcəyin ideal qadınını yetişdirmək iddiası ilə plan cızıb, xəyalında “Hildeqart proyekti”ni hazırlayıb. “Hildeqart layihəsi”ndə ideal qadın dişilikdən, yəni doğub-törəmək missiyasından azad maşın-robot timsalıdır, sevgidən məhrum avtomatik mexaniki insandır, cəmiyyətin idarə olunma prosesinin aktiv mübariz lideridir. Niyə proyektin adı Lüsi, Sofiya, Martina deyil də, Hildeqartdır? Burada bir məna varmı?

Son dərəcə ilgincdir: iş bu ki, ispan dilində “Hild” sözü alman kökənli hesab edilir və “savaşçı qadın” mənasında anlaşılır: “qart” (gard) isə “bağ, çəpərlənmiş ərazi” deməkdir. Onda belə çıxır ki, “Hildeqart” kriptoqramdır, yəni şifrələnmiş mətndir, xəbərdarlıqdır: özündə “amazon qadın” ideyasının yeni modifikasiyasını ehtiva edir.

Layihənin icrası yolunda Aurora Rodriqesin ilk addımı bir erkək tapıb hamilə qalmaqdır. Filmdə bu erkək kilsədən sifariş edilir: keşiş Aurora üçün damazlıq heyvandır, vəssalam. Bu qadına nə kişi lazımdır, nə sevgi, nə ər, nə də seks.

İfrat radikal feminizm, amansız feminizm. Bu feminizmin “çakra”ları Froyd”, “Nitşe”, “Marks” adlanır.

“Froyd çakrası” cinsiyyət orqanlarındadır, “Nitşe çakrası” qəlbdədir, “Marks çakrası” beyindədir: biri hissiyyatı, o biri mənəviyyatı, digərisə ağlı eyhamlaşdırır.

Mən indicə “Qırmızı bakirə (“La virgen roja”) filmini anons elədim azərbaycanlı seyrçilər üçün.

XX əsr qərbli düşüncələrinin “ləpələndiyi” sosial-fəlsəfi okeandır: bu okeanda bütün gəmilər və qayıqlar, sən demə, altşüur səviyyəsində qərinələr boyunca həmişə Süni Zəkaya, avtomatik mexaniki insana doğru üzüb...

Süni Zəka Avropa fəlsəfəsinin son dayanacağıdır.

Baxın, maraqlı ola bilir hamıya bu film: hətta dəhşətə də gətirə bilir kimlərisə. Çünki uydurma deyil, fantaziya deyil, real faktların bədii kino poetikasına uyğun təqdimidir: janr etibarı ilə cüzi kriminal elementləri qarışmış sosial dramdır.

Məsələ bu ki, həqiqətən, ötən əsrin 15-ci ilindən İspaniyada Aurora adlı bir qadın düz 1933-cü ildə tamamlanacaq “Hildeqart layihəsi”ni gerçəkləşdirməyi planlaşdırır: ləyaqətli cəmiyyət qurmaqdan ötrü təmiz, saf, ideal qadın tərbiyə etmək məqsədilə Hildeqartı dünyaya gətirir və hələ erkən yaşlarında qızına söyləyir ki, onun atası yoxdur. Fikir verin, Ata qaçmayıb, Ata itməyib, Ata ölməyib, məhz yerli-dibli olmayıb! Hildeqarta cocuqluğundan kişilərə qarşı nifrət, inamsızlıq aşılanır: onların etibarsızlığı, vəfasızlığı uşağın beyninə yeridilir.

Bununla belə Aurora Rodriqes öz proyekti üçün təsadüfi birisilə yox, məhz ruhanilə, insanların daxili dünyasına “rəsmi vəsiqə almış” bir keşişlə intim əlaqədə bulunmağı tərcih edir, proyektinin təməl müstəvisi üçün kilsəni seçir, kilsəyə gəlir, diləyini kilsədən istəyir: başqa sözlə, kilsədən hamilə qalır!

Fenomenal!

Epizod simvolikdir. Düzü, bu, mənim yozumumdur, mənim fakta münasibətimdir, mənim faktı semantikləşdirmək cəhdimdir.

Auroranın versiyası, daha doğrusu, öz seçimini, davranışını əsaslandırması isə bir başqadır: o, ana olmaq üçün elə bir kişidən donor kimi yararlanmaq istəyir ki, heç vaxt uşağa sahiblənməyə cəhd etməsin, atalıq iddiası irəli sürməsin, tərbiyə prosesinə qarışmasın. Bu yöndə keşiş ən uyğun anonim namizəddir.

Onda məntiqi şəkildə digər bir sual ortaya çıxır: niyə məhz keşiş; məgər bu tip kişini avaralar, səfillər, kriminal ünsürlər arasından sövdələşmə yolu ilə tapmaq və ya hər hansı bir jiqolonun xidmətindən faydalanmaq olmazdımı?

Təbii ki, olardı.

Ancaq...

... Aurora öz proyektinin antixristian qayəsinə rəğmən, mənim söylədiklərimə rəğmən yenə də kilsəyə pənah gətirib. Bu kontekstdə onun ana – layihə rəhbəri olmaq niyyətilə kilsəyə təşrif buyurması bir neçə cür mənalanır.

Əvvəla: kilsə bütün hallarda ruhsal başlanğıcın mərkəzidir, Qərb fəlsəfəsinin ideya mərkəzidir; deməli, hər bir proyektdə kilsənin imzası mütləqdir!

İkincisi, burada Məryəm Ana konseptinin də, “Madonna və Fahişə” kompleksinin də cizgiləri aşkardır: Aurora özünü haradasa Məryəm Ana ilə identifikasiya eləyir, keşişi şərti Müqəddəs ruh bilir, bu tarixçənin müasir versiyasını düşünür, tanrı-oğulu tanrı-qıza dəyişdirməyi fikirləşir. Ona görə Auroranın filmdə keşişdən hamilə qalmağı ilə bağlı səsləndirdiyi səbəb mənim təfsirimə heç bir qırıq da kölgə salmır.

Və nəhayət, üçüncü: hər bir qadının öz gələcək övladının yaxşı genlərə malik olmasını arzulaması tam normaldır. Aurora Rodriqes altşüur səviyyəsində düz eləyib ki, anonim Ata kimi keşişi seçib. Bu elə həm də təqribən öz proyektini xaç suyuna salmaq, proyekt üçün kilsədən izn almaq kimi çözülür.

Əslində, Aurora mahiyyətcə xristianlığa zidd addım atır: anlayır ki, nikahdan kənar uşaq doğmaq xristianlıqda yasaqdır. Di gəl, heç cür anlamır ki, selektiv prosesin yaxşılaşdırılmasında Kişi – Ata faktoru mühüm həlledici amildir. Bunu anlamaması Aurora Rodriqesin məşum səhvidir: elə bir səhvidir ki, onun layihəsini fiaskoya uğradacaq!

Hərçənd onun şəxsi faciəsini şərtləndirən əzəli günahı budur ki, Aurora qızına bir ana sevgisilə duyğusal yanaşmır. Bu qadının analıq hissləri birdəfəlik korşalıb, “susub” deyə o, qızı ilə empati qura bilmir. Doğma qızı Hildeqart onun üçün kukladır, layihədir, ictimai laboratoriyada istifadə etdiyi kolba qədər dəyəri olan bir nəsnədir: Aurora özünü yalnız proyektin rəhbəri, ideoloqu kimi qavrayır, daha ana kimi yox. Onun fikrincə cəmiyyəti korlayan, dağıdan seks və sevgidir. Sevgi və seks yoxdursa, iddia, rəqabət həməncə ölür, həyat sönür, insan robotlaşır. Hildeqart gərək robota, avtomatik mexaniki insana çevrilsin ki, Auroranın layihəsi reallaşsın. Müasirliyin də kodlarının rudimentləri boylanır buradan: avtomatik mexaniki insan – Süni Zəka...

Düşünəndə ki, bu müdhiş proyekt tarixin gerçəyi olub və onun başlanğıcı I Cahan Savaşı ilə, tamamı isə Adolf Hitlerin hakimiyyətə gəlməsilə üst-üstə düşüb, həməncə heyrətlənirsən; heyrətlənirsən ki, insan cəmiyyətində zaman-zaman necə də mənhus küləklər əsib. Auroranın “avtomatik mexaniki insan” ideyası Hitlerin “təmiz qanlı millət” yaratmaq təşəbbüsü ilə səsləşmirmi? Təsadüf? Əsla. Əksinə, qanunauyğunluq! Səbəb də bu ki...

...Feminizm sosial utopiyadan cücərərək kommunizm və faşizmlə qonşulaşır. Onların üçü də həmişə oxşar leksikonda, oxşar patetikada danışır, üçü də ideal cəmiyyəti hədəfləyir: elə bir cəmiyyəti ki, orada hər şey saat mexanizmi kimi işləsin, əmrlərin icrası anındaca yüzfaizli dəqiqliklə gerçəkləşsin, emosiyalar maksimal şəkildə cilovlansın. Öz məqsədlərinə çatmaq üçün feminizmin də, kommunizmin də, faşizmin də rəsmən bəyan edilməmiş aktual iş metodu həmişə kastrasiya, yəni axtalamaq, məhrum etmək olub. Çağdaş dönəmdə çipləşdirmə-robotlaşmanın, klonlaşdırmanın, Süni Zəkanın dominantlığı məhz həmin dalğanın, yəni feminizm, kommunizm və faşizmin nanotexnologiyalar üzərindən daha sivil və daha qəddar variantda təzahürü kimi görünür mənə: ideal qul-robota doğru irəli!!!

Lakin mən ona məəttələm ki, nə əcəb, dünya kino ictimaiyyəti belə bir sosial filmi “görməyib”: ya da görüb görməməzlikdən gəlib, seyrçi diqqətini filmə doğru yönəltməyib? Filmin heç bir ödülü-filanı yoxdur; haqqında xüsusi bir reklam da, məxsusi bir yazı da rastıma çıxmadı, bəzi komment və qeyd çərçivəsindən o yana getməyən qısa həcmli rəyləri nəzərə almamaq şərtilə. Təəccübləndim. Çünki ispaniyalı kinorejissor Paula Ortizin 2024-cü ildə çəkdiyi “Qırmızı bakirə” filmi düşdüyü festivallarda ən azı iki nominasiya üzrə ödülə namizəd göstərilə bilərdi: biri “ən yaxşı ssenari”, biri də “ən yaxşı aktrisa” nominasiyasında.

Filmin Klara Roket və Eduard Solaya mənsub ssenarisi xarakterlərin təbii inkişafını təmin etmək naminə süjetin faktlarını həm monoloji təhkiyənin, həm də dialoqların dinamika və mahiyyətilə qüsursuz şəkildə, ilmə-ilmə bir-birinə düyünləyir.

Burada hadisə Aurora Rodriqesdir, onun şəxsiyyətidir, ideyasıdır.

Mahiyyətcə film epik səciyyə daşıyır və Auroranın, – qatil-ananın, – məhkəmə salonunda Avropa filosoflarının portretləri fonunda qarğa soyuqqanlığı ilə söylədiyi təhkiyəsi, daha dəqiq desəm, monoloq-etirafı əsasında strukturlaşdırılır.

Əgər biraz müqayisəli və obrazlı desəm, Aurora Rodriqes süjetin Adolf Hitleridir: sərtdir, dönməzdir, rəhm bilmir, aqressivdir, zəhmlidir, təcavüzə meyllidir, ölümdən qorxmur, ideyanı insandan daha dəyərli sayır, prinsip və qaydalarla yaşayır. İspan aktrisası Nacva Nimrinin arıq qadın fakturası, hərəkətlərinin cəldliyi və qrafikliyi, zil qara saçları, mazut qaralığında iri bəbəkləri, özündən razı əsilzadə baxışları, münasibətini mimika konkretliyilə dəqiq yansıtması onun yaratdığı personajın iç dünyasının tam “oxunmasına” imkan verir. Bununla yanaşı aktrisanın Aurorası bir qadın kimi zahirən çox zərif, eleqant və incədir, qəşəngdir, effektlidir. Lakin bütün hallarda rejissorun film konsepsiyası içrə Nacva Nimri qaraqaş, irigözlü xanım Aurora Rodriqesi ağıllı və təhlükəli qarğa kimi rəsm edir, onu ayıq-sayıq qarğa plastikasında oynayır.

Paula Ortiz də kinonun bütün təsvir vasitələrilə bu konsepti qabardır.

İki gənc qadın tennisçi kortda ağ geyimdə yarışır. Kamera (operator Pedro Xota Markes) elə kortun içindən dönüb seyrçilərlə dopdolu tribunanı göstərir: azərkeşlər ötən əsrin 20-30-cu illərinin dəbinə uyğun ağ yay libaslarında, ağ kanotye şlyapalarda, ağ panamalarda və ağ yelpiklərlə sərinlənə-sərinlənə stadionun tribunalarında əyləşiblər. Bu “Ağ geyimli adamlar” kadr-tablosunun tən ortasında iki qara paltarlı qadın görünür qarğa kimi: Aurora və qızı Hildeqart Rodriqes Karbaleyralar... “Hamının acığına, hamının ziddinə, hamının əleyhinə öz eqosunu ortaya qoymaq”, “heç kəslə hesablaşmamaq”, “özgə rəyindən asılı olmamaq” konseptləri kadrın strukturundan və geyimlər dissonansından aydın oxunur, sərhədsiz eqoya güzgü tutur. Bütövlükdə film Auroranın zədəli, eqosal ruh və yaşantılarının vizuallığı kimi də təsnif edilə bilər: hətta bu cür də söyləmək olar ki, aktrisanın oynadığı personajın fakturası, dünya qavrayışı, ünsiyyət manerası haradasa filmin poetikasını müəyyənləşdirir.

Məncə, son dönəmlərin ən uğurlu qadın rollarından biri hesab etmək olardı aktrisa Nacva Nimrinin Aurorasını... Mümkün ki, Qərbin kino mütəxəssisləri mən düşünən kimi fikirləşməyiblər nədənsə...

Bax, bu “nədən” sualı mənə rahatlıq vermədi və elə ona görə yazdım bu məqaləni.

Bəlkə onlar feminizmə ya da Avropa fəlsəfəsinin “çakra”larına dəyən güllələrdən ehtiyatlanıb qorxublar?

Həmin güllələri Aurora Rodriges öz qızına atıb onu öldürəcək bir gün...

Amma hələ o məqama çatmağına çox var.

Hildeqart anadan olan kimi Aurora “gələcəyi qadınlar qurmalıdır” konseptinə uyğun qızını feminist ruhda, yevgenika (yuceniks) təlimləri, onun praktikası əsasında tərbiyələndirməyə, cəmiyyətə mükəmməl bir fərd çıxarmağa çalışır.

8 aylığında dil açmış Hildeqart 2 yaşında ikən artıq sərbəst oxumağı bacarırdı, 3 yaşında yazı yazmağı, 4 yaşında mətni makinada çap etməyi öyrənmişdi, 8 yaşında altı dil bilirdi və anasının fəlsəfədən ən ağır suallarını cavablandırırdı. Məsələn, yuceniks – yevgenika nədir, Nitşe fəlsəfəsinin bünövrəsində nə dayanır, onu ekzistesialistlərin sələfi saymaq mümkünmü? Marksın düşüncələrinin təməli hansı sosial ideyalardan oluşur?

Beləliklə, tibb, hüquq elmlərini öyrənmiş bu qız 17 yaşında İspaniyanın ən gənc vəkili kimi tanınır, 18 yaşında Hildeqart bir vunderkind düşünər, yazar kimi cəmiyyətin sosial “dalğaları” arasına atılır: təbii ki, anasının şəstlə, hikkə ilə, öz ideyasına sonsuz inamı ilə açdığı qapılardan... Hildeqartın feminist ruhlu məqalələrisə sürətlə populyaşır, fikirləri oxucuları valeh edir, kitabı qısa bir müddətdə bestsellərə çevrilir: şöhrət onu bərk-bərk “qucaqlayır”. Redaktorlar, siyasətçilər, xüsusilə də sosialistlər onunla aktiv şəkildə maraqlanmağa, ünsiyyət yaratmağa başlayırlar...

BİRİNCİ AZAD QADININ ÖLÜMÜ

VƏ YA

HÜZNLÜ ZANBAQ GÜLÜ

Hildeqart doğulanda anası onu dünyanın “birinci azad qadını” kimi, cəmiyyətə işıq saçacaq birisi kimi əllərinə götürüb yuxarı qaldırmışdı.

Lakin bir gün, o gün ki, Aurora və Hildeqart stadion tribunasında iki məğrur, özündənrazı qara qarğa kimi əyləşib tennis oyununa azerkeşlik edirdilər, bax, həmin gün onlara İspaniyanın sosialist partiyasının fəallarından biri, boz kepkalı cavan oğlan Abel Velilla (Patrik Kriado) yanaşır və Hildeqartı (Alba Planas) partiya yığıncağında ispan qadınlarının vəziyyəti və hüquqları ilə bağlı söz söyləməyə dəvət edir. Aurora Rodriqes etirazını bildirir bu təklifə: deyir ki, Hildeqart siyasətçi yox, alimdir. Gənc qızın isə könlü var: anasından başqa daha kimlərləsə ünsiyyətdə olmağa can atır. Hətta aktrisa Alba Planasın Hildeqartı Auroranın gözündən yayınıb baxışlarını Abelə “bağışlayır”. Bu, filmin süjetində “libido” mərhələsinə keçidi işarələyir.

Bütövlükdə filmin vizual cərgəsinə Froydun psixoanalizi kontekstində mənalandırıla biləcək simvollar dağıdılıb. Onlardan biri də zanbaq gülüdür. Burada zanbaq gülü həm qadınlığın, həm bakirəliyin simvolu kimi qavranılır. Filmin ilk qaranlıq kadrlarının üstündə belə bir mətn səsləndirilir: “əgər qadınlar analığın ali mahiyyətini dərk etsəydilər, bu vəzifəni gözlərini ulduzlara zilləyərək icra edərdilər” və rejissor bunun ardınca ekranda zanbaq gülünün qırmızı ləçəklərinin gözəlliyindən həzz alırmış kimi onları aramla, nümayişkəranə seyrçilərə göstərir.

Filmin süjetinin “libido” və ya “Froyd” mərhələsinə tam paralel olaraq “Marks” mərhələsi də addımlayır. Çox maraqlı bir məqamdır: libido Hildeqartı çəkib birbaşa sosialist partiyasının yığıncağına aparır: orada, – nitqlərin, şüarların, çaparaq müzakirələrin xaos təəssüratı oyatdığı bir yerdə, – Hildeqart (Alba Planas) öz səsi, sözü, cəsarəti, inamı ilə ürəkləri və beyinləri fəth edir: hərçənd onun özünün diqqət mərkəzində Abel Velilladir; kimi ki Hollivudun ulduz sənətçisi Tom Kruza bənzər aktyor Patrik Kriado küçədə böyümüş inqilabçı fəhlə balası, ədalət axtaran məhəllə boksçusu plastikasında oynayır.

Yaşamaq və daha yaxşı həyat uğrunda mübarizə aparmaq həvəsilə bir-birinə vurulan gənclərin qarşısını Aurora Rodriqes alır, onları elə hey bir-birindən uzaqlaşdırmağa çalışır. Çünki ehtiyatlanır: ehtiyatlanır ki, əgər Hildeqart sevərsə, ərə gedərsə, onun proyekti, inanılmaz səyləri, arzuları, ömrünün ideyası quru palçıq kimi ovxalanıb yerə tökülər. Ona görə də Hildeqartı güdməyə, onu yığıncaqlardan yayındırmağa, qızının gününü qara əskiyə bükməyə başlayır.

Bu arada kriminal, nəhayət ki, bir balaca “tumurcuqlayır”: Aurora qeyri-rəsmi xəfiyyədir, Hildeqartla Abel isə sevgi cinayətkarları... O, sevgililərin məxfi məktublarını ələ keçirib sobaya atır, qızına qarşı zor tətbiq edir, Hildeqartı alçaldır: deyir, “səninki olan həm də mənimkidir”, yəni övladının şəxsi məkanına, intim yaşantılarına da hakim kəsilir, qadağaları sərtləşdirir, iclaslara getməyi yasaqlayır; qərar verir ki, onunla gecələr bir çarpayıda yatacaq, ayaq yoluna da qızını tək buraxmayacaq. Və bunu evin məğmun, sakit, başıbəlalı, lakin ləyaqətli introvert qulluqçusu Makarena (Ayşa Vilyaqran) eşidir və tablamır: dayə funksiyasını gerçəkləşdirib Hildeqartla Abelin görüşünə yardımçı olur.

“Qırmızı bakirə” filminin fakturası, – anturaj, işıq, rənglər, geyimlər, – əla işlənilib və XX əsrin ilk dekadaları üçün xarakterik atmosferi Auroranın daxili aləminə, fikirlərinə uyar bir formatda yansıdır: məkan XX yüzülin əvvəllərində tərcih edilən konseptlərə uyğun quraşdırılıb. Rənglər içində ağ, qara, boz dominantdır: filmin rəng ahəngində, dəhlizlərdə, evlərin qapılarında gizli qorxu, hədə və həyəcan gizlədilib sanki. Lakin bu tutqun fon, nəhayət ki, Hildeqartın görüşə geydiyi uzun, birətə, şux qırmızı paltarın parlaqlığı ilə “partladılır”. Bu bir tərəfdən Auroranın proyektinə qızı Hildeqartın atdığı gizli bomba kimi, ideya dəlisi, despot, diktator anaya qarşı məxfi üsyanı, etirazı kimi semantikləşir.

Digər tərəfdən isə qırmızı paltarda Hildeqart əsl zanbaq gülüdür: o, gerçəklikdən qopub ömründə ilk dəfə romantika dalğalarında səyahətə çıxır, sevgi görüşünə gedir. Libido və ağıl birləşib qəlb olurlar, yəni “Nitşe çakra”sında görüşürlər. Nitşe deyirdi, bunu Hildeqarta anası öyrətmişdi, “insan özündə xaosu daşımağı bacarmalıdır ki, rəqs edən ulduzu doğa bilsin”.

Bu “xaosu” Hildeqarta sevgi bəxş elədi, anasının onun içində körpəliyindən bəri qurduğu nizamı, düşüncələr sahmanını, fəlsəfə qəsrini dağıtdı. Budur, Hildeqart Abellə bir kafedə şəhərin axşam həyatını yaşayırlar. Musiqi, vermut, xanım müğənninin pəsdən işvəkar səs modulyasiyaları, aram rəqs, baxışların qığılcımı, əllərin təması: sonra isə ani bir küçə öpüşü və qəfil kilsə zəngi: bu, Hildeqartın Kilsə-Ataya dönüşünü yoxsa onun özünü bir qadın kimi kəşf etməsini rəmzləşdirir?

Vəssalam, yalnız bu qədər: ayrılıq və evə qayıdışın, Aurora ilə mümkün qarşılaşmanın həyəcanı...

Hərçənd Hildeqartın ayıq-sayıq “polisi” bugünlük məşğuldur. Məsələ bu ki, Auroranın bir vaxtlar vunderkind pianoçu kimi yetişdirmək istədiyi insan şəhərə qayıdıb konsert verir və onu musiqi gecəsinə dəvət edir. Filmdə bu iki görüş paralel montajda təqdim edilir. Görüşlərin paralelliyinin “müəllifi” isə Makarenadır: daş kimi dözümlü, daş kimi lal olmasına rəğmən onun bir dayə kimi Hildeqarta sevgisi və rəğbəti var; sanki onu öz qızı bilir.

Hildeqart evə “uçur”, Auroranın isə ovqatı təlxdir: onun ilk “vunderkind pianoçu” proyekti uğursuz alınıb. Aurora Rodriqes konsertdə istedadla yox, əyyaş xalturaçı ilə qarşılaşıb.

Fiasko!

Ana və qızın evə qayıdışı yenidən paralel montajda. Aurora tələsir, narahatdır, qızının onu aldadacağından ehtiyatlanır, təşvişini boğazında tutub irəliləyir. Evə girən kimi duyuq düşür, Hildeqartı yuxulu vəziyyətdə yataqda tapsa belə, yenə heç cür rahatlanmır, şübhələrini kənara tullamır. Çünki yad qoxular duyur otaqda. Tez divar dolabını açıb qırmızı paltarı görür, paltarı götürüb qoxulayır və həməncə tər, ətir, vermut iyi burnunu çalır. Hər şeyi əlüstü başa düşür, ancaq heç bir reaksiya bildirmir.

Ertəsi gün qızını vannaya salıb çimizdirəndə Aurora ona bunları söyləyir: “Çox düşünmüşəm, bütün ölkədə olduğu kimi bizim evdə də həyat dəyişəcək. Gələn həftə Abel Velillanı şam yeməyinə dəvət etmişəm. Mən səni gerçək dünyadan ona görə uzaq tutdum ki, sən lider olasan. Dünyanın güclü liderlərə ehtiyacı var”. Sonra isə Hildeqartın bədəninin müxtəlif nahiyyələrini qəfil ovuclayaraq ona Froydun, Nitşe və Marksın harada məskunlaşdığını bir daha xatırladır.

Getdikcə aydınlaşır ki, Aurora Rodriqes təbiətə və cəmiyyətə müdaxilə etmək iddiası, insanlara tanrı kimi tale müəyyənləşdirmək iddiası ilə xəstələnib, Qərb fəlsəfəsilə silahlana-silahlana əsl diktatora çevrilib və dəqiqəbir öz balaca qadın tapançasına əl atır. Aurora hətta onların yaşadığı mərtəbənin divarlarına müəyyən ədəbsiz sözlər, antifeminist çağırışlar yazanlara da tapança tuşlamağa hazırdır və bu həvəslə bir dəfə qapını açanda görür ki, qarşısındakı təqribən 10 yaşlı uşaqdır...

Aurora ifrat feminizmdən faşizmə addımlayır.

Başqasının yaşamaq hüququna təcavüz eləyəndə sən dözümsüz olursan və faşizmi çağırırsan. İdeyalar və prinsiplərlə yaşayanda sən çərçivə dışında qalanları inkar edirsən, yavaş-yavaş faşistə dönürsən.

Qərb fəlsəfəsi eqo və faşizmi gücləndirir, Şərq fəlsəfəsisə eqo və faşizmi zərərsizləşdirir. Birinci şəxsiyyəti düşünüb mülahizə yürüdür, ikinci – heçliyi.

Auroranın təşkil etdiyi çox kasıb, bəzəksiz-düzəksiz adi qonaqlıqda Hildeqart və Abel “xoşbəxtlik süfrəsi”nə elə təzəcə əyləşmişkən qapı bərkdən döyülür: yox, döyülmür, həyasızcasına, nadancasına çırpılır. Makarena qapıya göndərilir və içəriyə polislər daxil olurlar. Abel Velilla çoxsaylı qarətlərdə, zorlamalarda, anarxist qruplarda iştiraka görə ağır bir cinayətkar qismində tutuqlanır. Şübhə yoxdur ki, Abelin həbsi Auroranın növbəti oyunudur. Bunu Hildeqart da bilir və anındaca Abel uğrunda bütün varlığı ilə mübarizəyə başlayır, həqiqəti bərpa etməyə çalışır, pul dünyasında azadlığın olmadığını düşünən Makarenanı doğruları gedib polisə söyləməyə çağırır.

Və sonuncu şam yeməyi. Ana ilə qız üzbəüzə. Dialoq alınmır. Yalnız qarşılıqlı ittihamlar. Aurora hərdənbir şorbanı qaşıqlayıb içir: yox, içmir, şorbanı əsəblərinin üstünə atır sanki: qapqara bəbəkləri ikrah, nifrət “qusur”. Hildeqart da sinirlidir, onun gözləri isə qıp-qırmızı qızarıb: sərt bir şəkildə bəyan eləyir ki, Abel azadlığa buraxılan kimi onlar birlikdə Londona gedəcəklər. Bu bəyanat-iddia Auroranı hiddət astanasına gətirir: çünki Hildeqartın getməsilə hər şey bitəcək, bütün proyekt məhv olacaq, onun absurd, əbsəm ideyaları unudulacaq.

Elə buna görə də Auroradan qəti etiraz...

Ana ilə qız arasında bu anti-ünsiyyət vizual cərgədə bir qadın heykəli üzərində əmələ gələn qopuqların görüntüsü və çırtıltısı ilə müşaiyət olunur. Qədim yunan heykəlləri üslubunda düzəldilmiş bu qadın heykəli filmdə bir neçə dəfə görünüb vizual cərgənin refreni və dialoqların mahiyyətinin obrazı qismində qavranılır. Heykəl mifologeminin kadra daxil edilməsilə filmdə mənalar polifonizminin hüdudları biraz daha genişlənir. Bir tərəfdən o, mədəni arxetip kimi olumla ölüm sərhəddini fiksə eləyir, varlıq və yoxluq arasındakı vəziyyəti simvollaşdırır, sənətin təqlidi mahiyyətini, əbədi gözəlliyini işarələyir. Digər tərəfdən isə bu heykəl assosiasiyalar zəncirində Piqmalionun Qalateyası ilə qonşulaşır. Hildeqart da haradasa Auroranın Qalateyasıdır, onun yaratdığı əsərdir. Aurora Hildeqartın Abel Velilla ilə bərabər London səyahətinə “yox” deyəndə heykəlin qəlbində, yəni “Nitşe çakrası”nda qopuq əmələ gəlir.

Hildeqart dözə bilmir, anasını faşist adlandırır, onu sevgisizlikdə, eqoizmdə suçlayır; deyir ki, sən insanlığı inkar edirsən, qadınları inkar edirsən, sən özün öz ideyalarının düşmənisən; və bir də onu deyir ki, əslində, sən kişi kimi rəftar eləyirsən, kişi kimi davranıb mənə sahiblənməyə, məni özünə tabe etdirməyə çalışırsan, sən heç kimi sevə bilmirsən. Elə bu an heykəlin “Froyd çakra”sında ikinci qopuq yaranır.

Hildeqart masanın arxasından qalxır, qamətini düzəldir, yuxarıdan anasını nifrətlə süzərək səslənir: “Bugündən etibarən mən özüm qərar qəbul eləyirəm. Bugündən etibarən mən azadam”. Və dialoq bitir: heykəlin qafası çiynindən qopub düşür. Ana ilə qız bir-birinə “şirin yuxu” diləyib sakitcə ayrılırlar.

Aurora birbaşa qulluqçunun otağına gedir. Makarena işdən azad edilib, əvəzinə evə yaşlı bir qadın gətirilib. Aurora ona tapşırır ki, gedib iti gəzdirsin: özü isə silahı götürüb qızının yataq otağına keçir. Tapança Auroranı dəhşət dolu gözlərlə müşahidə edən Hildeqarta tuşlanır.

Dünyanın bütün sevgiləri öldürülüb: iltifat, rəhm olmayacaq.

Atəş...

İlk güllə Hildeqartın “Froyd çakra”sına atılır.

Atəş...

İkinci güllə “Nitşe çakra”sına dəyir.

Atəş...

Üçüncü güllə “Marks çakra”sına sıxılır.

Kamera Hildeqartın meyitini yataqda buraxıb sükuta və qaranlığa bürünürək asta-asta arxaya çəkilir.

Auroranın buz kimi soyuq, etinasız səsi: “Mən ifrat dərəcədə onu sevirdim də, ona nifrət də eləyirdim”...

Kamera sükuta və qaranlığa bürünürək asta-asta arxaya çəkilir.

“Mənim qızıl ortam avtomatik mexaniki insandır”...

Kamera sükuta və qaranlığa bürünürək asta-asta arxaya çəkilir.

Məhkəmə. Aurora Rodriqes Karbaleyra Qərb filosoflarının portretləri önündə izahat verir. Xeyr, bu qadın izahat verməyi, əsla, özünə sığışdırmaz. Ona görə də məhkəmə qarşısında peşmanlamış cinayətkar kimi yox, özünə arxayın ittihamçı kimi dayanır: “Siz bilmədiniz ki, mən öz işığı olan planetəm. Siz heykəltəraşla onun əsəri arasında mövcud zərif əlaqəni görməyi bacarmadınız”. Ardıyca isə etiraf: “Heykəltəraş öz yaratdığında balaca bir qüsur aşkarlayan zaman əsərini həməncə məhv edir. Eyni şeyi mən də Hildeqartla elədim. O mənim əsərimdi. “Hildeqart proyekti” çökdü: onu davam etdirməkdə artıq heç bir məna yox idi”.

Film heç hara tələsmir, qışqırmır, hay-küy qoparmır. Rejissor da kinotəhkiyənin ritmini, kadrların rəng harmoniyasını heç bir vəchlə dəyişmir: bir tale elə bil ki bir günə sıxışdırılıb bir gün kimi davam edir. Yalnız əsəblərin, eqoların, ideyaların cərəyan dövriyyəsində gərginlik ara-sıra yüksəlib möhkəm qığılcımlar törədir. Üç güllə həmin bu qığılcımların zirvəsi olur.

Hildeqartı güllələyən Aurora, əslində, Qərb fəlsəfəsini güllələmişdi.

Hitler də kitabları yandırtmışdı.

Amma bu üç güllə də filmi “səksəndirmir”, onun poeziyasını dağıtmır, harmoniyasını pozmur.

Kamera asta-asta matəm prosesinə göz qoyur. Bu, epiloqdur. Filmin özü də bir bütövcə kimi “insanlıq üçün matəm” qismində təsnif oluna bilər.

Güllələnmiş Hildeqartı ağ yataq geyimində katafalkın üstünə uzadıb dəfn etməyə aparırlar. Kamera öncə onun meyitini yuxarıdan bir xeyli müşahidə edir.

Nəfəssiz zərif məxluq, çəlimsiz bakirə qız...

Hildeqartın “Froyd çakra”sı zanbaq gülü ilə qapadılıb.

Alnında isə köz bağlamış qurşun yarası.

Kamera izdiham içinə enir: matəmdə qərq olur. Kadrlara bir misteriya ruhu hakim. Onunla vidalaşmağa kütlə yığışıb. Hamı hüznlü, pəjmürdə. Çoxlarının əllərində zanbaq gülü. Kamera filmdən tanıdığımız personajların üzünü maksimal yaxın məsafədə portretləşdirir. İzdiham içində Abel Velillanın da ağlar gözləri görünür. Makarena da buradadır. Deməli, Hildeqart öz sonuncu gününü nahaq yaşamayıb: günahsız bir insanı azadlığa qovuşdura bilib. Onun oxucuları da, naşirləri də, hətta ilk redaktoru Quzman (Pepe Viyela) da buradadır: fanatları əllərində Hildeqartın “Gəncliyin seksual inqilabı” adlı kitabını tutub yavaşca addımlayırlar. Bu, vunderkind qızın son üç ildə yazdığı 16 kitabdan yalnız biridir...

Kadrarxası həzin qadın səsi izdihama ispanca ağı-laylay söyləyir sanki...

Katafalk irəliləyir, yerə düşmüş zanbaq güllərini təkərlərinin altına alıb xırçıltı ilə əzir. Əskərlər təbilləri ağır marş ritmində döyəcləyirlər.

Faşizm yaxınlaşır...

O həmişə hər yerdədir: məqam axtarır leqallaşmağa...

1933-cü ildə Hildeqaqrtın qətli elə faşizmin təzahürü idi. Faşizm bütün digər “izm”lərdən fərqli daim mövcuddur: çünki eqodan qidalanır və insan xislətində cücərə bilir. Aurora Rodriqesin uğursuz təcrübəsi göstərdi ki, hətta ideya naminə mübarizə zamanı belə hiss etmədən faşizmə yuvarlanmaq mümkün.

İfrat feminizm də faşizmlə sonuclanır.

Hərçənd faşizmə doğru yol Avropa fəlsəfəsindən keçir, onun bətnindən, cövhərindən doğulur. Elə ona görə də Auroranın öz qızına atdığı güllələr birbaşa Qərb fəlsəfəsinə açılan güllələrdir, ideyalara açılan güllələrdir.

Əlbəttə ki, belə cəsarətli və müdhiş filmi Qərbin kino tənqidçiləri təhlil edə bilməzdilər.

Nədən ki, bu təhlil Avropa düşüncə tərzinin fiaskosuna imza atmaqdan ibarət olacaqdı.

Nədən ki, Hildeqart proyekti, yəni avtomatik mexaniki insan proyekti müasirliyin Süni Zəka, robot-heykəl-maşın proyektinin variantından başqa bir şey deyildi.

Nədən ki, xisləti ideya və ya proyektlə dəyişmək fikri nonsensdir.

Xislət yalnız nurlanma ilə aliləşir.

Paula Ortizin teatral kinotəhkiyəsi, situativ intonasiyaları, ispan ruhu ilə “rənglənmiş” kadrları, danışıq və pıçıltını, qışqırıq və hənirtini flamenko üslubunda səbrlə “rəqs etdirməsi” Aurora Rodriqesin şəxsi psixoloji dramı ilə Hildeqartın faciəvi ölümünü bədii müstəvidə sosial-kulturoloji kollaps səviyyəsinə qaldırır.

“Qırmızı bakirə” filmi dünya ictimaiyyətinə çox ciddi xəbərdarlıqdır: insanı itirmək təhlükəsi var!

# 280 dəfə oxunub

Oxşar xəbərlər

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

Zəlimxan Yaqubun yetimləri - Şərif Ağayar

18:21 9 yanvar 2026
"Qarabağ hadisələrinin qızğın məqamı olsa da..." - Paracanov "Aşıq Qərib"i niyə çəkdi?

"Qarabağ hadisələrinin qızğın məqamı olsa da..." - Paracanov "Aşıq Qərib"i niyə çəkdi?

17:44 9 yanvar 2026
“Sarı gəlin” İranda erməni mahnısı kimi təqdim edildi - Agentlikdən münasibət

“Sarı gəlin” İranda erməni mahnısı kimi təqdim edildi - Agentlikdən münasibət

17:00 9 yanvar 2026
Teleradio Akademiyası treninqlərə start verir

Teleradio Akademiyası treninqlərə start verir

16:34 9 yanvar 2026
AMEA-da yeni şöbə yaradılacaq

AMEA-da yeni şöbə yaradılacaq

16:07 9 yanvar 2026
35 yaşında güllələnən Əməkdar artistimiz kimdir?

35 yaşında güllələnən Əməkdar artistimiz kimdir?

15:46 9 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər