Kulis.az İmir Məmmədlinin “Ar” və “Cinayət” essesini təqdim edir.
Çağdaş humanitar aləmdə ən yeni elmi sahə olan Kulturalogiyada dünya xalqlarının mədəniyyətləri, o cümlədən ədəbiyyatları, əgər belə demək mümkünsə, “vicdan aspekt”indən də öyrənilir, yəni mənəvi-tipoloji baxımdan təhlil və tədqiq olunur. Həmin üsula görə bəşər mədəniyyətini iki hissəyə bölürlər: “Ar mədəniyyəti” və “Cinayət mədəniyyəti”.
“Ar mədəniyyəti”nə o ədəbi və sənət əsərləri aiddir ki, onların qəhrəmanları hər hansı bir qərara gələrkən öz vicdanlarının səsinə deyil, elin səsinə və ənənəyə çevrilmiş sosialoji davranış qaydalarına riayət edirlər. Onların bütün hərəkətlərinə, davranışlarına və hər bir addımına artıq qəbul edilmiş adət-ənənələr, mənəvi gaydalar və xalqın gözü nəzarət edir. Bu cür qəhrəmanlar el-ulus qarşısında “avtoritet” önündə daim daxili hesabat verirlər.Hər hansı bir qərarı qəbul edərkən öz-özlərindən soruşurlar.Mən bunu belə etsəm,görəsən,el nə deyər? Xalq bunu alqışlayarmı?Yalnız cavab müsbət olanda, qərar qəbul edilir və hərəkətə gətirilir.
Bu cür mədəniyyətdə insanın özü, onun daxili vicdan səsi və şəxsi məsuliyyət hissi, demək olar ki, istisna olunur. Əxlaq meyarlarını qədimdən gələn adət və el tələbləri müəyyənləşdirir. Sözün kəsəsi, “ar mədəniyyət”ində insan vaxtilə qəbul olunmuş çərçivə içərisində dolanır, yəni, ilk baxışda o elə bir vəziyyətdədir ki, zahirən hərəkət edir, amma əslində yerləşdirildiyi çərçivə hüdudlarından kənara çıxa bilmir. El qarşısında onun üzü nə qədər ağdırsa, xalqın gözündə nə dərəcədə nümunəvidirsə, bir o qədər də qərar seçimində məhduddur.
Mənəvi-tipoloji aspektdən hələ öyrənilib təhlil olunmayan azərbaycan ədəbiyyatında “ar mədəniyyətinin” elementlərini xalqımızın məhəbbət dastanları içərisində öz layiqli yerini tutan “Əsli və Kərəm” də, nə qədər qəribə olsa da, Kərəmin obrazında (güman ki, başqalarında da) tapmaq olar. Fikrimizi əsaslandırmaq üçün, gəlin, həmin dastandan səciyyəvi bir bəndi xatırlayaq:
Ərzurumun gədiyinə varanda,
Onda gördüm, burum-burum qar gəlir
Dedim, Kərəm, gəl qayıdaq bu yoldan,
Dedi, xan oğluyam, eldən ar gəlir.
Gördünüz? Eşq əlindən dəli- divanə olmuş, bu səbəbdən ara-sıra od alıb yanan Kərəm, - qayıtsam, Əslisiz alışıb yanaram, odumu söndürə bilməzsiniz, yanıb kül olaram,- demir. Deyir, xan oğluyam, eldən ar gəlir. Yəni, eldən ar olmasa, qayıdardım. Qayıtsam, el nə deyər? Deməzmi,bu boyda Xan oğlu bir qızın arxasınca düşdü,niyyətinə çatıb istədiyini ala bilmədi, bir bu qədər əzab-əziyyətdən sonra əliboş döndü.
Xalqın gözü,elin sözü insanı yandıran,onu çöllərə salan sevgidən də təsirlidir, güclüdür. Buna görə də qəhrəmanın verəcəyi “hökmə” qeyd- şərtsiz təsir edir.Amma əslinə qalsa, kişi od alıb yanır,elin buna nə dəxli? El heç bu iztirabların fərqində deyil. Amma Kərəm ellə fərd arasında hökm sürən “davranış qaydası” adlanan razılaşmaya fədakarcasına əməl edir. Demək, Xan Kərəm də müəyyən mənada ar mədəniyyətinin təmsilçisidir.
“Cinayət mədəniyyətində” hər şey bunun əksinədir. Fərd hamılıqla qəbul olunmuş davranış qaydalarına qarşı çıxır, onun gəbul etdiyi qərarları və davranışını daxili vicdan səsi müəyyənləşdirir.Son nəticədə ictimai adət və oturuşmuş davranış qaydalarının tərəfdarı olan kütləylə fərd arasında ziddiyyət yaranır.El göz bəbəyi kimi qoruduğu yaşam etiketini pozduğuna görə onu öz içərisindən qovmağa, təcrid etməyə səy göstərir.
“Cinayət mədəniyyətindəki” “cinayət” toxunulmaz davranış çərçivəsinin pozulmasından ibarətdi.Bu halda əsas aparıcı qüvvə, hər şeyin mərkəzində duran amil şəxsiyyət və onun daxili iradəsidir. Belə insan kütlənin sərt şərtlərini nəzərə almadan öz daxili səsinin buyruğuna əməl edərək yeni davranış normaları tətbiq etməyə,öz əqidəsindən dönməməyə çalışır.Çox zaman o özü buna qurban gedir,amma dediyindən dönmür.
Şanlı ədəbiyyatımızda “cinayət mədəniyyətinin” nümayəndəsi kimi, yəqin ki, eldən ar edən Kərəmə qarşı Məcnun obrazını qoymaq olar. Məcnun elin fikrini, sözünü vecinə almır.O eşq əlindən çöllərə düşüb,Leyli deyə ölür, amma əqidəsindən dönmür. Elin ağsaqqallarının dediyi ilə oturub durmur, Kərəmin diliylə desək, eldən ar eləmir. Onun bütün davranışını,bütün hərəkərlərini könlündəki sevgi və öz qəlbinin səsi müəyyənləşdirir. Buna görə də el tərəfindən qınanır.
Yuxarıda qeyd etdiyimiz kimi ,Azərbaycan ədəbiyyətı mədəni - mənəvi tipologiya nöqteyi nəzərindən öyrənilməyib (bu,yəqin,Kulturologiyanın bir elm kimi təzə meydana gəlməsindədir), belə düşünürəm ki,ədəbiyyatşünaslığımızın bu sahəsi xam torpaqdır və hələ öz tədqiqatçılarını gözləyir.