Qadını pisdir deyə narkotikaya qurşananlar

Qadını pisdir deyə narkotikaya qurşananlar
18 oktyabr 2019
# 12:01

"Hər atılmış qadın deyir ki, içirdi, döyürdü, xəyanət edirdi. Lakin heç kim demir ki, bunun arxasında nələr durub? "Niyə bəs onu seçdin?" sualına isə cavab "əvvəl o normal insan idi" cavabını verirlər. Onda özün özünə sual ver: "Sən normal insanın başına nə oyunlar açdın ki, yazıq içməyə, döyməyə və xəyanət etməyə başladı? Bəlkə səbəb sənsən? Lakin heç bir qadın bunu etiraf etmir.”

Sərdar Cəlaloğlunun fikirləridir, bəli, kişi eqomuzu bəsləyən, qəşəng fikirlərdir, amma yanlışdır, döyənə yekə bir haq verməkdir, söyənin əlinə sanballı arqument təqdim etməkdir.

Qadına şiddət birmənalı şəkildə qınanmalıdır, ammasız-filansız. Bu gün dünya heyvanı döyməyin cinayət olduğunu müzakirə edərkən Cəlaloğlu qadını (oxu: insanın ən zərif növünü – red.) döyməyin psixoloji qatlarını açır, əmma axtarır, haqq qazandırır. Əzizim, qadını abırsızlıqdan əri deyil, arı qorumalıdır, eləcə də kişini.

Necə yəni qadın pis oldu deyə mən də narkotikaya qurşandım? Necə yəni qadın filan sözü dedi deyə mən də onu şillələdim? Sözdü bu? Bəraətdi? Siz camaaatı nəyə çağırırsız? Siz nəyi təbliğ edirsiz?

Onda kimin kimə gücü çatırsa salsın təpiyinin altına! Biz meşədə yaşamırıq, axı. Fikir verirəm, bu fikirlər neçə gündü bəh-bəhlə paylaşılır səhifələrdə, nədən ki, əlimizə arqument verib, eybəcərliyimizə haqq qazandırıb.

Bəlkə kimsə yapdıqlarından utanırdı, bəlkə kimsə vicdan əzabı çəkib dəyişəcəkdi, Sərdar bəy gəldi su səpdi hamısının qəlbinə: döyün, utanmayın, qoy onlar utansın!

Mən deyirəm, haqq olmaq HEÇ KİMƏ kobud olmaq bəraəti vermir, Cəlaloğlu isə deyir ki, haqq olmaq kişiyə canavar olmaq bəraəti də verir.

Bəs təmkin, bəs səbir, bəs alicənablıq?

Bəs bunları kim təbliğ etsin?

# 2966 dəfə oxunub

Müəllifin son yazıları

# # #