Təyyarədəki gözəl qız... - İlqar Kamilin hekayəsi

Təyyarədəki gözəl qız... - İlqar Kamilin hekayəsi
29 aprel 2020
# 18:28

Kulis.az İlqar Kamilin "Uçuş" hekayəsini təqdim edir.

Elə bil mıx üstündə oturmuşdu, bərk narahatdı; sağa baxdı, sola çöndü, arxasına çevrildi, qəribədir, ondan başqa heç kimin heç nə vecinə deyildi, elə oturmuşdular, elə bil restoranda ofisianta nəsə sifariş verib arın-arxayın gözləyirdilər. Bu onu nisbətən sakitləşdirdi: heç kim qorxmursa demək ki, qorxulu bir şey yoxdur!

Amma çox çəkmədi, yenidən xof bürüdü canını: birdən partlasa, birdən ortadan qırılsa... axı üç yüzə yaxın adamı cəmi iki saatın içində Kinkong kimi necə ovcuna alıb dünyanın bu üzündən o üzünə qoymaq olar axı! İndiyə kimi eşitdiyi bütün təyyarə qəzaları slayd-şou kimi dolaşdı-gəzdi beynində, hiss etdi ki, ürəyi bulanır. Soyuq tər basdı canını. Ay zibil, indi qaytaracaq, neyləsin? Bir çarə tapmaq lazım idi. Tez gözlərini yumub belə qara günlər üçün saxladığı xatirələrinin içindən ən gözəli, ən baş qatanını seçdi: bacısının toyudu... şaqqanaq çəkə-çəkə rəqs edən qohumları... musiqi nömrələri... səs-küy... Xatirə köhnəlmişdi-nədi, işə yaramadı, həyəcan artıqca artırdı.

Axı o niyə belədi? Niyə əfəldi? Niyə qorxaqdı? Yox, məsələ qorxaqlıq deyil, sadəcə bu onun ilk uçuşudur deyə belə həyəcanlıdı. Həyatı da ilk dəfə yaşayırlar da, heç bu qədər stres keçirmirlər, qorxmurlar... Yox, yalan deməsin, qəbul eləsin, burda başqası yoxdu ki! O, qorxağın, tırsığın yekəsidi.

Oxx, etiraf nə gözəl şeymiş - bir az yüngülləşdi.

Stuardessa təhlükəsizlik qaydalarını izah edəndə ona elə gəldi ki, qızın əlindəki kağız səmavi kitab, özü də hansısa mələkdi. Kitab Quranı, Quran da Allahı xatırlatdı, içinə bir ovuc sərinlik səpələndi, amma burda hislər bir-birini yaman tez-tez əvəzləyirdi: həyəcan, qorxu, yüngüllük, yenidən qorxu, yenə hüzur, yenidən həyəcan...
"Hörmətli sərnişinlər, təyyarəmiz uçmağa hazırdı" - Əlahəzrət gözəgörünməzin xəbərdarlığı köksünü qabartdı, ayaqlarını yerə, dirsəklərini kreslosunun qoltuqlarına sıxdı, sıxdı, sıxdı... Ağzını elə möhkəm yummuşdu ki, sanki başının üstündə diş həkimi dayanmışdı və ondan israrla ağzını açmasını tələb edirdi. Diş həkimi... uşaqlığı... anası... qorxanda anasının göyərçin əllərindən tutması... toxtaması... Köks ötürdü: Kaş indi də anası yanında olaydı, kişi balam, deyəydi, qorxma, qorxma, ana canı, çox ağrıtmıyacaq!

Budur, iki üzü gülər mələk göy arabalarını da qabaqlarına salıb yemək-içmək paylamağa başladılar. Əla! Yarım saat da belə qatacaq başını. Kolanı bir nəfəsə içdi, paketi səliqəylə açdı: çörəyin arasında neçə dilim kolbasa vardı. Yəqin, halal deyil, burda halal kolbasa nə gəzir? Bəlkə yeməsin? Əşşi, göyün yeddinci qatındadılar e, din-şəriət yer üçündü, vursun cana, vurdu da, heç nə olmadı, amma qəfil ona elə gəldi ki, səmanın bu ənginliklərində Allaha daha yaxındı; qəribə hiss idi, Allahı lap başının üstündə hiss elədi, utandı...

Birdən təyyarə kələ-kötür yola girmiş maşın kimi atıllıb düşməyə başladı, yenidən əlahəzrət gözəgörünməzin səsi duyuldu: “hörmətli sərnişinlər, təyyarəmiz hava sıxlığı ilə rastlaşıb, lütfən təhlükəsizlik kəmərlərinizi bağlayın”. Yenə tufan qopdu, dəniz coşdu... Budur, diş həkimi, uşaqlığı... anası... göyərçin əlləri... hiss elədi ki, qarnı agrıyır. Biyabırçılıq! Nəsə etməliydi, xatirələr də işə yaramırdı, ay Allah, ay Allah, ay Allah...

Gözü sağdakı sırada əyləşən qıza sataşdı: ilahi, o necə gözəl idi. Azacıq toxtadı. Bu bir saat ərzində nə cür olmuşdu ki, onu görməmişdi? Bir də baxdı, bir də baxdı... hiss etdi ki, getdikcə qızın gözəlliyi bütün varlığına hakim kəsilir. Amma sevinci qısa çəkdi: “niyə axı bu qız onun deyil, bir başqasınındı?” İçinə qəribə bir nisgil çökdü: axx, görəsən hansı bəxtəvərin sevgilisi, nişanlısı, ya da xanımıdı? Niyə axı, niyə də, niyə bu gözəl onun deyil...? Onun deyilsə demək, başqasınındı. Başqasınındısa... fətva verdi: demək baxmaq olmaz! Dərhal nəfsi işə qarışdı: yox, əşşi, bizim olmayan o qədər şey var ki, heç başqasının da deyil və biz onlara sevə-sevə baxırıq, hətta aşiq də oluruq. Məsələn, günəş, ay, yağış... ardınca da belə bir qənaətə gəldi: ifrat dərəcədə gözəl olan şeylər heç kimə məxsus deyil, ipsizdi, sahibsizdi, demək ki, hamınındı.

Cürətləndi, dönüb qıza bir də baxdı. Yox, bu mahnı sözləri filan deyildi, qızın uzun, nazlı kiprikləri gerçəkdən də ox idi və dayanmadan qəlbinə sancılırdı. Bəs ağ, nazik burnu, bəs bəyaz, uzun boynu... yəni bu qız da insandı, filankəs də? Yox, heç vaxt inanmaz ki, Allah bu qızı da hamı kimi torpaqdan, gildən yaradıb.

Baxdı, yenə baxdı: qızın uzun, şabalıdı saçları, piyano dillərinə bənzəyən nazik barmaqları, əlləri... görəsən kimin ovcunundu bu əllər, ilahi, hansı bəxtəvərin? Naməlum sevgilini xəyalında canlandırmağa başladı: hündürboy, enlikürək bir oğlan – yüz faiz! Başqa cür olsa, qardaş canı, qız Allahın lənətinə gələr. Belə gözəlliyi yalnız elə yaraşığa, elə gücə-qüvvətə tapşırmaq olar, yoxsa hər yoldan ötən sahiblənmək istəyəcək.

Bax gör zalımın qızı necə arın-arxayın əyləşib, bəs necə? Elə güclü sevgilisi olan, əstəgfirullah, heç Allahdan da qorxmaz. Qız ona məhəl qoymadıqca o öz qənaətində daha da qətiləşirdi: hə də, o boyda yaraşığı qoyub bu aranqutana niyə baxsın ki?

Qız da elə bil daş idi, kəssək idi, yəni adam dönüb baxmaz ki ya, bu bayaqdan mənə marıtdayan varlıq kimdi, nədi? Bəlkə canavardı, səni yemək istəyir. Yox e, adam böyründə bir həşərat da olsa reaksiya verər axı, bu isə... hiss elədi ki, get-gedə əsəbiləşir və budur, təyyarənin yer üçün darıxmış təkərləri hava limanının asfaltına toxundu, salondakıların alqış səslərinin ardınca əlahəzrət gözəgörünməzin sevinc dolu səsi bir də, və yəqin ki, son dəfə duyuldu: "hörmətli sərnişinlər, təyyarəmiz uğurla eniş etdi".

Onunsa gözü hələ də qızdaydı. Qız çantasını çiyninə keçirib, qulağında telefon, ehmalca ayağa qalxdı. Yəqin, sevgilisiylə danışır. İndi görəsən nə qədər darıxıb qızçün. Darıxar da, bəxtəvər, belə dilbərçün kim darıxmaz ki!

Təyyarədən endilər, qızı çıxışa qədər müşayiət elədi, əlbəttə ki, girişmək, tanış olmaq üçün yox, bu onsuz da mümkün olan şey deyildi. Sadəcə yaraşıqlı sevgilisini, o Allahın bəxtəvərini görmək istəyirdi. Gördü də. Qız qaçıb şarf qollarını qarşıdakı oğlanın boynuna doladı, dodaqlarından öpdü...

Nə, necə yəni...? Dəhşətə gəldi. Sısqa, qarabuğdayı, şəlpəqulaq bir oğlan idi. Gözlərini döyüb mat-mat baxdı. Elə pis əsəbiləşdi ki. Sanki qız ona xəyanət etmişdi, lap əməlli-başlı aldatmışdı onu, "bu necə ola bilər axı!" – dedi bir neçə dəfə, sarsıldı, çantasını yerə qoyub çömbəldi və dili özündən xəbərsiz hansısa şairin bu misralarını zümüzümə elədi:


Ovçu bilmirdi,
tüfəng bilmirdi,
güllə bilmirdi:
bu quş dimdiyində
ac balalarına yem aparırdı.
Allah ki bilirdi.

# 4371 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #