Məhəmməd Əmin bəy, Ərəblinskini müsavatçılarmı öldürdü?

Məhəmməd Əmin bəy, Ərəblinskini müsavatçılarmı öldürdü?
6 yanvar 2016
# 12:21

Teatrşünas İlham Rəhimli “Cavabsız suallar” kitabında milli teatr tariximizlə bağlı, görkəmli sənətkarlara, ictimai xadimlərə maraqlı suallarla müraciət edib. Kulis Məhəmməd Əmin Rəsulzadəyə verilən sualları təqdim edir.

İctimai xadim, Azərbaycan Cümhuriyyətinin yaradıcılarından biri Məhəmməd Əmin Rəsulzadəyə xitab

Birinci sual

- Məhəmmədəmin bəy!

Çoxsahəli bədii yaradıcılıq fəaliyyətinizdə həmçinin pyes yazmış və teatrşünas kimi onlarla tamaşa haqqına resenziya çap etdirmisiniz. «İqbal» qəzetinin 14 dekabr 1914-cü il tarixli sayında Nəriman Nərimanovun «Nadir şah» («Nadir şah Əfşar» kimi də verilib) faciəsinin tamaşasına resenziya yazmısınız. Tarixdən bilirik ki, bu tamaşanı Hüseyn Ərəblinskinin yenicə təşkil etdiyi və çox az müddət fəaliyyət göstərdiyi «Müsəlman dram dəstəsi» hazırlayıb. Quruluşçu rejissoru və Nadir şah rolunun ifaçısı Ərəblinski olan tamaşa dekabr ayının 12-də Tağıyev teatrında (Şəhər teatrı da yazılıb) göstərilib.

Həmin tamaşaya həsr etdiyiniz məqalədə yazırsınız: «Hüseyn get-gedə, məəttəəssüf, artmaqda olan bir xasiyyətlərindən naşi layiqli bir Nadir şah tipi verə bilmədi. Artistlərdə əsəb çox dəfə həssas olur. Fəqət Ərəblinski bir parça əsəbdən ibarətdir. Başladımı, haman bir boyuna bağırıb-çığırıb gediyor. Bir «qramofonizm» hasil ediyor. Ax bu «qramofonizm» olmasa da Ərəblinskdə bir az aram və bir az «intonasyon – səsini dəyişmək» olsaydı o vaxt şəksiz ki, faciənin baş rolu olduqca mükəmməl çıxardı...».

Onu da çox haqlı olaraq qeyd etmisiniz ki, Nadir şahın ata sağdan minib sağdan da düşməsi çox yanlışdır. Bir qayda olaraq ata soldan süvar olarlar.

«Nadir şah»ı oynayan dəstə bir həftə sonra, dekabr ayının 19-da yenə Tağıyev teatrında osmanlı ədibi Şəmsəddin Saminin «Dəmirçi Gavə» qəhrəmanlıq faciəsini oynayıb.

Cənab Rəsulzadə!

Siz bu tamaşaya da resenziya yazmısınız və həmin məqalə «İqbal» qəzetinin 21 dekabr 1914-cü il tarixli sayında çap edilib.

Məqalədə yazırsınız:

«Qafqasiya türk səhnəsində (müsəlman səhnəsi demiyorum) bu xüsusda Ərəblinski ilə rəqabət edəcək ikinci birisini tapmazsınız...

Keçən tənqidimizdə Ərəblinskinin tələffüzündən şikayət etmişdik. Aktyor cənabları bu kərə bu vaxta qədər daha məlumunuz olmayan böyük xislətə dəxi malik olduğunu göstərdi. Aktyorumuzda nə qədər qüvvətli tənqidi-nəfs qüvvəti varmış. Tənqidimizin səmimiyyətinə inandığımızdan təsir edəcəyinə daima inanıyoruz. Fəqət doğrusu bu qədər səmimi bir əks icra edəcəyinə heç də ümid etməmişdik. Yaşa, dəyərli aktyor, yaşa, səhnəmizin ziynətini təşkil elə!»

Təbii ki, iki müxtəlif tamaşada aktyorun belə təzadlı oyunu ola bilər. Ancaq mən diqqəti məhz «əsəb» iradına yönəltmək istəyirəm. Çox əsəbi olan Ərəblinskinin öz daxili ovqatını səhnədən göstərməsi yolverilməzdir. Bu, öz yerində.

Ancaq və di gəl ki, Siz ona ağır ittiham vermisiniz: «qramofon». Hətta elə həmin məqalədə Abbasmirzə Şərifzadəyə xitaban yazmısınız: «...ona deməliyik ki, səsinin qeyri-təbiiliyinə indidən baxsın, çarəsini düşünsün, yoxsa o da Ərəblinski kimi ikinci bir «qramofonizm» vücuda gətirəcəkdir».

Sizə elə gəlmir ki, Qafqazda tayı-bərabəri olmayan aktyor kimi dəyərləndirdiyiniz Ərəblinskiyə «qramofon» damğası vurmaq son dərəcə ağır ittihamdır?

Əgər hansısa aktyor «qramofon»dursa, bu vərdişini bir həftəyə tərgidə bilərmi?

Əsla!!!

* * *

İkinci sual.

- Möhtərəm Məhəmmədəmin bəy!

Hüseyn Ərəblinski 1919-cu il mart ayının 4-də qətlə yetirildi. Görkəmli səhnə ustasının, rejissor və aktyorun dəfni mart ayının 7-də oldu. «İstiqlal» qəzeti 10 mart 1919-cu ildə yazır:

«...Cənazəsi martın 7-də, Hacıbəyli qardaşlarının ehsan etdikləri mərasimi-məxsusə qaldırılaraq, məzara götürülmüş və mütovfiyə ittihafən nitqlər irad edilərək dəfn olunmuşdur».

Cənazə aktyorun evindən qaldırılıb Təzə pir məscidinə aparılıb. Orada bir mitinq olub. Tabut və mafə güllərlə, əklillərlə bəzənib. Təzə pirdən musiqinin, oxunan nəğmələrin, xor dəstəsinin müşayiəti ilə Quberniski (indiki Nizami) küçəsində yerləşən «Müdiriyyət» binasının qabağına gəlinib. Dayanıblar. Sonra izdiham davam edərək Nikolayevski (indiki İstiqlaliyyət) küçəsinə dönərək «İsmailiyə» və Parlaman binalarının önündən keçiblər. Öndə musiqiçilər və xor dəstəsi gedib. Əza qafiləsi Müqəddəs Nina qızlar məktəbinni qarşısında dayanıb. Məktəbin ilahiyyat müəllimi Rza Zaki Lətifbəyov nitq söyləyib.

Dəfn mərasimində Üzeyir bəy Hacıbəyli, Nəcəf bəy Vəzirov, aktyorlar Abbasmirzə Şərifzadə, Kazım Ziya, Hacıağa Abbasov, Məmmədəli Sidqi, dramaturq Cəfər Cabbarlı, jurnalist Xəlil İbrahim, jurnalist və tədqiqatçı Salman Mümtaz (Əsgərov), kommunist Əliheydər Qarayev, hətta Azərbaycan aktyorlarına qənim kəsilmiş Opera Teatrının icarədarı Pavel Amiraqo, erməni aktyorlarının nümayəndəsi Voskanyan da çıxışlar ediblər. Məzar başında qocaman aktyor Mirzə Muxtar Məmmədov, Tiflis aktyoru İbrahim İsfahanlı qısa vida sözü söyləyiblər.

Dəfn mərasiminin «siyasi motiv» daşıya biləcəyindən çəkinərək Bakı qazisi Axund Əbdürrəhim Hadizadə, Bakı qubernatoru Rəşid bəy Axundzadə və şəhər qalabəyisi Əmircanov ora göndəriliblər. Onlar sona qədər izdihamın içərisində olublar...

Elədə isə nə üçün Azərbaycan hökumət nümayəndələrindən bir nəfər də olsun dəfn mərasimində çıxış etməyib?

Bəlkə heç matəmdə dövlət məmurlarından heç kəsin iştirakı olmayıb?

Rəhbərlik etdiyiniz parlamentdən də bir deputatın çıxışına rast gəlmədim.

Niyə?..

Nə səbəbə?..

Axı Hüseyn Ərəblinski, hələlik rəsmi açılışı olmasa da, Hökumət teatrının rejissoru və aktyoru idi.

Belə olan təqdirdə hökumət və dövlət nümayəndələrindən heç kəsin bu itkiyə ağrı-acısını bildirməməsi qəbahət deyilmi?

Bir sıra aktyorlar xatirələrində yazırlar ki, Hüseyn Ərəblinski «müsavat fitnəkarlarının əli ilə güllələnib». Bu sözlər sovet dövründə yazılıb və siyasi oriyentasiyasının «mahiyyəti» başa düşüləndir.

Bununla belə, vəziyyət də onu göstərir ki, Azərbaycan Cümhuriyyətinin, eləcə də, Milli Məclisin (həmçinin Milli Şuranın) rəhbərləri Hüseyn Ərəblinskinin dəfninə biganə qalıblar...

Bəlkə belə deyil? (Buna mən də inanmaq istəmirəm).

Bəs onda əsl həqiqət nədən ibarətdir?

# 1293 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #