“Lukresiya Borcia” - Viktor Hüqonun pyesi

<b>“Lukresiya Borcia” - <span style="color:red;">Viktor Hüqonun pyesi </b>
11 sentyabr 2017
# 17:30

Kulis.az Həmid Piriyevin tərcüməsində Viktor Hüqonun “Lukresiya Borcia” pyesini təqdim edir.

İştirak edirlər:

Donna Lukresiya Borcia

Don Alfonso d`Este

Cennaro

Qubetta

Maffio Orsini

Ceppo Liveretto

Don Apostolo Qazella

Askanio Petruççi

Oloferno Vitelloçço

Rustiqello

Astolfo

Knyaginya Neqroni

Rahiblər

Xidmətçilər

Əsgərlər

Gözətçilər

Venesiya və Ferrara – 15..

Birinci pərdə

Təhqir dalınca təhqir

Birinci hissə

Venesiyada Barbariqo sarayının qabağı. Gecə. Arabir səhnədən maskalar keçir. Həzin musiqi eşidilir. Hər tərəfdə yaşıl ağaclar var. Səhnənin dərinliyində arabir maskaların və musiqiçilərin üzdüyü qayıqlar keçən Zuekka kanalı görünür. Uzaqda ayın işıqlandırdığı Venesiya görünür.

Birinci şəkil

Gözəl geyinmiş cavan oğlanlar əllərində maska dayanıb söhbət edirlər. Qubetta, Cennaro, hərbi forma geyinmiş don Apostolo Qazella, Maffio Orsini, Askanio Petruççi, Oloferno Vitelloçço, Ceppo Liveretto.

Oloferno – Bizim günlərdə elə qorxulu hadisələr olur ki, artıq bu dəhşətli və sirrli hadisədən danışmırlar.

Askanio – Hə, qaranlıq adamların qaranlıq işi.

Ceppo – Hadisənin necə olduğunu mən bilirəm. Mən onu ögey qardaşımdan – kardinal Karrialedən eşitmişəm. Bunu ondan yaxşı heç kim bilə bilməz. Siz kardinal Karrialenin kardinal Riario ilə VIII Karla qarşı müharibə haqqındakı mübahisəsini bilirsiniz?1

Cennaro – Ah, Ceppo yenə də bizə öz hadisələrini danışır. Mənə qalanda, onsuz da qulaq asmıram. Onsuz da yorulmuşam.

Maffio – Belə hadisələr səni maraqlandırmır, Cennaro. Tamamilə aydındır ki, sən macəra axtaran qəhrəmansan. Sən sənə təsadüfən verilən adı daşıyırsan. Nə ananı tanıyırsan, nə də atanı. Əsilzadə nəslindən olmağın qılınc tutmağından məlum olur. Amma bircə şey dəqiqdir – sən şir kimi döyüşürsən. Biz silah qardaşlarıyıq və and içirəm ki, bunu sənin xətrinə dəymək üçün demirəm. Sən mənim həyatımı Riminidə qurtarmısan, mən də səninkini Viçensedə. Biz and içmişik ki, həm təhlükəli vaxtlarda, həm də sevgi məsələlərində bir-birimizə yardımçı olaq, düşmənlərimiz də eyni olsun, lazım gəlsə bir-birimizçün qisas alaq. Astroloq bizə demişdi ki, biz eyni gündə öləcəyik və buna görə ona on qızıl vermişdik. Biz səninlə dost deyilik, biz qardaşıq. Amma sən xoşbəxtsən ki, sadəcə Cennarosan, sənin qabağını nə nəslinin adı, nə də şərəfi kəsir. Sən xoşbəxtsən! Nə olur, nə oldu – sənin üçün hamısı bir deyilmi? Dava eləməyə əsgər, kef eləməyə qadın olsa bəsdir. Sənin – doğma şəhəri, doğma ailəsi olmayan, alayın tərbiyələndirdiyi birinin ailə və şəhər söhbətləri nəyinə lazımdır? Amma bizim üçün, Cennaro, hər şey başqa cürdür. Biz zamanımızın qorxulu hadisələrində iştirak etməliyik. Atalarımız və analarımız da iştirak ediblər və demək olar ki, hamımızın ailə yaraları hələ də qanayır. Ceppo, danış görək nə bilirsən.

Cennaro – (oturacaqda oturub yatmağa hazırlaşan görkəm alır) Ceppo danışıb qurtaranda məni oyadarsınız.

Ceppo – Belə, min dörd yüz doxsan...

Qubetta – (səhnənin dərinliyindən) Doxsan yeddi.

Ceppo – Düzdür, doxsan yeddinci ildə, çərşənbə günündən cümə axşamına keçən gecə...

Qubetta – Yox, çərşənbə axşamından çərşənbəyə...

Ceppo – Haqlısınız. Harada qalmışdım? Həmin gecə, Tibredə, mallarını qorumaq üçün qayığında uzanmış hansısa qayıqçı qorxulu bir şey gördü. Bu hadisə San-Ceranimo kilsəsindən aşağıda, çayın sahilində baş verdi. Səhər saat beş olardı. Qayıqçı gördü ki, kilsənin solundakı yolda nə edəcəklərini, hara gedəcəklərini bilməyən iki adam peyda oldu, sonra daha ikisi, sonra da üçü – cəmi yeddi nəfər. Onlardan ancaq biri atlı idi. Gecə zülmət idi. Tibrə baxan evlərin cəmi birinin pəncərəsindən işıq gəlirdi. Onlar çaya yaxınlaşdılar. Atlı arxasını Tibrə çevirəndə qayıqçı gördü ki, atın üstündə ayaqları bir tərəfə, əlləri bir tərəfə sallanan kişi meyidi var. Dörd nəfər yolda keşik çəkərkən iki nəfər meyidi götürdü, yellədib çaya atdı. Meyid suya düşəndə atlı nəsə soruşdu, piyadalar “Bəli, monsinyor” deyə cavab verdilər. Onda atlı Tibrə tərəf çevrildi və suda nəyinsə üzdüyünü görüb onun nə olduğunu soruşdu. Dedilər ki, bu mərhum monsinyorun plaşıdır. Piyadalardan biri plaş suda batanacan ona daş atdı. İş qurtarandan sonra onlar San-Cakomoya gedən yolla getməyə başladılar. Qayıqçının gördüyü bunlardır.

Maffio – Dəhşətli hadisədir! Onların çaya atdıqları adam deyəsən vacib adam imiş. Atın üstündə oturmuş adam və onun dalında meyid – qorxulu mənzərədir.

Qubetta – Atın üstündəkilər qardaş idilər.

Ceppo – Siz səhv etmirsiniz, sinyor de Belverana. Meyit Covanni Borcia idi, atlı isə Çezare Borcia.2

Maffio – Borcialar – iblislər ailəsidir. Ceppo, deyin görək qardaş qardaşı nəyə görə öldürmüşdü?

Ceppo – Sizin sualınıza cavab verməyəcəyəm. Səbəb o qədər iyrəncdir ki, deməyin özü də məncə günahdır.

Qubetta – Mənsə deyərəm. Valensiyanın kardinalı Çezare, Qandianın hersoqu olan qardaşı Covannini ona görə öldürüb ki, hər ikisi eyni qadını sevirdi.

Maffio – O qadın kim idi?

Qubetta – (yenə də səhnənin dərinliyindən) Onların bacısı.

Ceppo – Bəsdirin, sinyor de Belverana. Bizim yanımızda o vəhşi qadının adını çəkməyin. İndi elə ailə tapılmaz ki, o qadın ona zərbə endirməsin.

Maffio – Onun deyəsən uşağı var idi?

Ceppo – Hə, o uşağın atası Covanni Borcia idi.

Maffio – İndi o uşaq böyümüş olar.

Oloferno – O uşaq itib.

Ceppo – Ya Çezare Borcia onu anasından oğurlaya bilib, ya da anası ondan – məlum deyil.

Don Apostolo – Əgər anası uşağı gizlədirsə düz edir. Valensiyanın kardinalı Çezare Borcia Valantimanın hersoqu olandan sonra iki qardaşı oğlunu, Skvlaççinin knyazı Qifri Borcianın oğullarını və öz ögey qardaşı kardinal Françesko Borcianı öldürüb3. Qohumları öldürmək onda ehtirasa dönüb.

Ceppo – Hə, o yeganə Borcia olmaq və papanın bütün var-dövlətinə sahiblənmək istəyir.

Askanio – Ceppo, adını çəkmək istəmədiyiniz həmin bacı isə elə həmin vaxtlarda naməlum səbəblərə görə Müqəddəs Siksta kilsəsinə qaçıb və orda gizlənib.

Maffio – Bu hadisəni görən qayıqçının adı nə idi?

Qubetta – Corco Skyavone.

Maffio – (Askanioya pıçıltı ilə) Bu ispan italyanların işindən, onların özündən daha yaxşı xəbərdardır.

Askanio – (pıçıltı ilə) Bu sinyor de Belverana mənimçün də şübhəlidir. Amma üzə vurmayaq, burda görünür nəsə sirr var.

Ceppo – Ah, sinyorlar, sinyorlar! Biz hansı zəmanədə yaşayırıq? Müharibələrin, vəbanın və bu Borciaların hökm sürdüyü bədbəxt İtaliyamızda kim öz həyatından heç olmasa bir-iki günlük arxayın ola bilər?

Don Apostolo – Cənablar, bir halda ki, biz sağıq, onda Venesiya respublikasının Malatosda üzərində qələbəsini və Riminini almasını təbrik etmək üçün Ferrara hersoqunun yanına göndərəcəyi səfirlikdə iştirak etməliyik4. Biz Ferraraya haçan gedirik?

Oloferno – Deyəsən birisigün. Bilirsiniz, hər iki sədr seçilib – Topolonun senatoru və Qrimaninin rəisi.

Don Apostolo – Bizimlə kapitan Cennaro da olacaq?

Maffio – Əlbəttə, onunla mən heç vaxt ayrılmırıq.

Askanio – Sizə deməliyəm ki, orada bizsiz artıq ispan şərabı içirlər.

Maffio – Saraya gedək. Ey, Cennaro! (Ceppoya) Biz danışanda o doğrudan da yatıb.

Ceppo – Qoy yatsın.

Qubettadan başqa hamısı gedir.

İkinci şəkil

Qubetta, sonra donna Lukresiya, yatmış Cennaro

Qubetta (tək) – Hə, mən onlardan çox bilirəm. Onlar pıçıltıyla bunu etiraf elədilər. Mən onlardan çox bilirəm, donna Lukresiya məndən çox bilir, Valantino hersoqu donna Lukresiyadan çox bilir, şeytan Valantinna hersoqundan çox bilir, papa VI Aleksandr isə şeytandan da çox bilir. (Cennaroya baxır) Bu cavan möhkəm yatır!

Donna Lukresiya maskada girir. Yatmış Cennaronu görür, yaxınlaşıb heyranlıqla ona baxır.

Donna Lukresiya – (yan tərəfə) O yatır! Deyəsən bu bayram onu sıxıb. O necə də gözəldir! (Çevrilir) Qubetta!

Qubetta – Sinyora, yavaş danışın. Burada mən Qubetta deyiləm, qraf de Belveranoyam, bastiliya əsilzadəsi. Siz Neapollu dama markiza de Pontekvadratosunuz. Biz heç tanış olduğumuzu da göstərməməliyik. Axı özünüz belə əmr etmisiniz. Siz burada öz evinizdə yox, Venesiyadasınız.

Donna Lukresiya – Haqlısınız, Qubetta. Amma burada bu cavandan başqa heç kim yoxdur. O da yatıb. Biz bir az danışa bilərik.

Qubetta – Sizin üçün necə uyğundursa, zati-aliləri. Sizə bir məsləhət də verməliyəm – maskanı çıxartmayın. Sizi tanıya bilərlər.

Donna Lukresiya – Nə olsun? Onlar məni tanımasalar, mən heç nədən qorxmamalıyam. Di gəl tanısalar, onda onlar qorxmalıdırlar.

Qubetta – Biz Venesiyadayıq, sinyora. Burada düşməniniz az deyil və hamısı da azadlıqdadırlar. Əlbəttə ki, Venesiya respublikası sizə ziyan gəlməyinə razı olmaz, amma sizi təhqir edə bilərlər.

Donna Lukresiya – Sən haqlısan. Mənim sadəcə adım qorxu yaradır.

Qubetta – Buradakılar ancaq venesiyalılar deyil; Romadan, Neapoldan, Rumıniyadan, Lombardiyadan, İtaliyadan gələnlər var.

Donna Lukresiya – Və bütün İtaliya mənə nifrət edir! Sən haqlısan! Amma dəyişmək lazımdır. Mən dünyaya ancaq pislik etməyə gəlməmişəm. İndi bunu əvvəlkindən daha çox hiss edirəm. Qubetta!

Qubetta – Sinyora?

Donna Lukresiya – İndi sənə əmr edəcəklərimi dərhal Spolettaya çatdırmalısan.

Qubetta – Əmr edin, sinyora. Dörd çapar həmişə hazırdır.

Donna Lukresiya – Qallaçço Aççaolinin başına nə gəldi?

Qubetta – O hələ də zindanda asılmağını gözləyir.

Donna Lukresiya – Bəs Qifri Buondelmante?

Qubetta – Siz hələ öldürmək əmrini verməmisiniz.

Donna Lukresiya – Bəs Manfred de Kurçsola?

Qubetta – Hələ öldürülməyib.

Donna Lukresiya – Bəs Spadakappa?

Qubetta – Əmr etdiyiniz kimi pasxa günündə ona zəhər veriləcək. Bu altı həftədən sonra olacaq – indi axı karnavaldır.

Donna Lukresiya – Bəs Pedro Kappa?

Qubetta – Hələ ki o Pezarın yepiskopu və konsleridir, amma bir ay keçməz, sümük torbasına dönər. Müqəddəs atamız papa sizin şikayətinizə görə onu həbs edib və Vatikanda etibarlı yerdə saxlanılır.

Donna Lukresiya – Qubetta, müqəddəs ataya tez yaz ki, mən Pedro Kappanın bağışlanmasını xahiş edirəm! Qubetta, qoy Aççaydini də buraxsınlar! Manfred de Kurçolonu da! Buendelmanteni də! Spadakannanı da buraxsınlar!

Qubetta – İcazənizlə, sinyora! Nəfəsim kəsildi! Eşitdiklərimə inanmıram! Aman tanrım! Mərhəmətə bax! Mən bu mərhəmət ümmanında batıram! Mən bu qədər xeyir işin içindən çıxa bilmərəm!

Donna Lukresiya – Əgər mən buna görə pul ödəyirəmsə, səninçün yaxşı və ya pis işin nə fərqi?

Qubetta – Yaxşılıq eləmək pislik eləməkdən çətindir. Əgər siz mərhəmətli olmağa qərar vermisinizsə, onda mən bədbəxtin axırı nə olacaq?

Donna Lukresiya – Qulaq as, Qubetta, sən ki mənim ən köhnə, ən inanılmış dostumsan.

Qubetta – On beş ildir ki, mən sizin köməkçiniz olmaq şərəfinə nail olmuşam.

Donna Lukresiya – Onda de görüm, Qubetta, mənim köhnə, inanılmış dostum, həyatını dəyişmək istəmirsən? İstəmirsən ki, bizə indiyə qədər tez-tez lənət oxuduqları kimi, bundan sonra da xeyir-dua oxusunlar?

Qubetta – Belə görürəm ki, siz dünyada ən xeyirxah adam olmaq istəyirsiniz.

Donna Lukresiya – Bəs bizim qorxulu əməllərimiz hələ sənə əziyyət vermir?

Qubetta – O qədər də yox. Düzdür, mən Spoletonun küçələrindən keçəndə hansısa abırsızların dediklərini eşidirəm: “Hm! Qubetta gedir. Qubetta – Zəhər. Qubetta – Dar ağacı!” Axı mənim adıma çoxlu qorxulu ləqəb qoşublar. Bunların hamısını deyirlər. Deməslər də gözlərindən oxumaq olur. Nə olsun? Papanın əsgəri kilsə mərasimlərində iştirak etməyə öyrəşdiyi kimi, mən də buna öyrəşmişəm.

Donna Lukresiya – Bəs sən qorxmursan ki, sənə və mənə qoyulan bu dəhşətli adlar məhəbbət yaratmaq istədiyimiz ürəklərdə nifrət yarada? Bəlkə sən, Qubetta, dünyada heç kimi sevmirsən?

Qubetta – Bilmək istəyərdim ki, siz, sinyora, kimi sevirsiniz.

Donna Lukresiya – Sən heç bunu bilə də bilməzsən. Amma mən səninlə səmimi olacağam. Sənə atamdan, ərimdən, qardaşlarımdan, oynaşlarımdan danışmayacağam...

Qubetta – Daha kimi sevmək olar?

Donna Lukresiya – Başqa sevgi də var.

Qubetta – Belə de! Bəlkə tanrıya məhəbbətdən xeyirxah olmaq istəyirsiniz?

Donna Lukresiya – Qubetta! Qubetta! Sənə desəm ki, İtaliyada, bu qorxulu cinayətlərlə dolu İtaliyada, təmiz, xeyirxah, mətanətli, döyüşçü sinəsində döyünən mələk ürəyi tapılıb, mənə - yazıq, aləmə qorxu saçan, göylərin günahlandırdığı, bədbəxt hökmran, ruhu ölüm əzabına məhkum olmuş mənə ancaq ümid etmək qalır ki, bu qürurlu və təmiz ürəkdə özümə qarşı bir damcı nəvaziş, bir damcı hörmət oyada bilim və haçansa onu öz sinəmin üstündə yüngül və sevincli döyüntülərlə döyünməyə məcbur edim, onda, Qubetta, nə üçün keçmişimi tezliklə batırmağa, adımdakı palçığı yumağa, məni başdan ayağa bürümüş ləkələri təmizləməyə, İtaliyada göründüyüm iyrənc və qanlı vücudumu xeyirxahlıq saçan vücudla dəyişməyə tələsdiyimi başa düşərsən?

Qubetta – Aman tanrı, sinyora, siz bu gün kiminlə görüşmüsünüz?

Donna Lukresiya – Lağ eləmə. Bu fikirlər məndə çoxdan yaranıb, amma sənə demirdim. Cinayət burulğanına düşmüş adam istədiyi vaxt oradan çıxa bilməz. İçimdə iki mələk – xeyirxah və pis mələklər mübarizə aparırdı, məncə xeyirxah mələk üstün gələcək.

Qubetta – Əgər belədirsə - te Deum Laudamuz, magnificat anima mea Dominum!5 Bilirsinizmi, sinyora, mən daha sizi anlaya bilmirəm və bir neçə vaxtdır siz mənimçün sirrli varlığa çevrilmisiniz. Bir ay əvvəl sizi göyərçin kimi sevən və pələng kimi qısqanan əriniz don Alfonso d`Este ilə vidalaşıb Spoletoya gedəcəyinizi deyirsiniz; beləliklə, siz tezliklə Ferraranı tərk edib gizlincə Venesiyaya gəlirsiniz, xəbərdarlıq etmədən, hansısa neapollu xanım adı altında maskalanırsınız və məni də hansısa ispan adını götürməyə məcbur edirsiniz. Sonra məndən ayrılırsınız və əmr edirsiniz ki, sizə yaxınlaşmayım. Sonra bayramlara, konsertlərə, ballara, axşam yeməklərinə getməyə başlayırsınız və tanınmamaq, nəzərdən yayınmaq üçün karnavaldan istifadə edib maska ilə gəzirsiniz, mənimlə də ancaq gecələr, xəlvət yerlərdə danışırsınız və axırda da etiraf edirsiniz! Mənə edilmiş etiraf! Bəyəm bu heyranedici, sehirli deyil? Sözün düzü, bu karnaval həddini aşdı. Başımı itirməyə başlamışam. Bu dəyişkənliyin səbəbi nədir?

Donna Lukresiya – (onun əlindən tutub yatmış Cennaronun yanına gətirir) Bu cavanı görürsən?

Qubetta – Birinci dəfə görmürəm və tanıyıram; siz onu Venesiyaya gəldiyiniz və maska taxdığınız gündən izləyirsiniz.

Donna Lukresiya – Onun haqqında nə deyə bilərsən?

Qubetta – Onu deyə bilərəm ki, o skamyada uzanıb yatıb, amma sizin mənə danışdıqlarınızı eşitsəydi, ayaq üstdə də yatardı.

Donna Lukresiya – Səncə o yaraşıqlıdır?

Qubetta – Gözləri bağlı olmasaydı daha yaxşı olardı. Gözsüz sifət pəncərəsiz saray kimidir.

Donna Lukresiya – Bilsən ki, onu necə sevirəm!

Qubetta – Bu artıq sizin qanuni əriniz don Alfonsonun işidir6. Onu da deməliyəm ki, əbəs yerə vaxt itirirsiniz. Bildiyim qədər, bu cavan oğlan Fyammetta adlı bir qıza dəli kimi vurğundur.

Donna Lukresiya – O qız da bunu sevir?

Qubetta – Deyilənə görə, hə.

Donna Lukresiya – Lap yaxşı! Elə çox istəyirəm ki, o xoşbəxt olsun!

Qubetta – Qəribədir. Sizi qısqanc bilirdim.

Donna Lukresiya – (Cennaroya baxaraq) Necə də gözəl üz cizgiləri var...

Qubetta – Məncə o kiməsə oxşayır.

Donna Lukresiya – Kimə oxşadığını demə... Çıx get.

Qubetta gedir. Donna Lukresiya Cennaroya heyranlıqla baxır və iki nəfər maskalı adamın səhnəyə çıxıb gizləndiyini və onu güddüyünü görmür.

Donna Lukresiya – (elə bilir təkdir) Bu odur! Nəhayət ki, bircə dəqiqəlik də olsa ona qorxusuz baxa bilərəm! Mən onu belə yaraşıqlı təsəvvür etmirdim! Aman tanrı! Mənə onun nifrətini layiq bilmə - dünyada sevdiyim hər şey onda cəmləşib! Maskanı çıxarta bilmərəm, amma göz yaşlarımı silməliyəm.

Maskanı çıxartır ki, gözlərini silsin. Maskalı iki nəfər sakitcə danışırlar. Hələ ki, o Cennaronun əlini öpür.

Birinci – Bəsdir, Ferraroya qayıtmaq olar. Mən Venesiyaya onun xəyanətkar olduğunu görməyə gəlmişdim və gördüklərim bunu sübut etdi. Bəsdir. Burada daha artıq qalmaq olmaz, Ferraroya qayıtmaq vaxtıdır. Bu cavan onun oynaşıdır. Onun adı nədir, Rustiqello?

İkinci – Adı Cennarodur. O əsgərdir, qorxmazdır, bicdir, kimliyi və hansı nəsildən olduğu bilinmir. İndi o Venesiya respublikasına xidmət edir.

Birinci – Elə elə ki, o Ferraraya gəlsin.

İkinci – Onsuz da gələcək. O, birisigün Topdo və Qrimani senatorlarının başçılığı altında Ferraraya gələcək sədirliyin heyətindədir.

Birinci – Yaxşı. Mənə çatan xəbərlərdən əmin oldum. Kifayətdir, gedə bilərik.

Gedirlər.

Donna Lukresiya – (Cennaronun qabağında diz çökür) Aman tanrı! Məndə olan dərd qədər ona sevinc ver!

Cennaronun alnından öpəndə o ayılır.

Cennaro – (Lukresiyanın əlindən tutur) Öp!.. Qadın! And içirəm, əgər siz kraliça, mən də şair olsaydım, onda məşhur fransız şairi Alen Şartyenin başına gələn macəra təkrarlanardı7. Sizin kimliyinizi bilmirəm, mənsə adi əsgərəm.

Donna Lukresiya – Buraxın məni, sinyor Cennaro.

Cennaro – Yox, sinyora.

Donna Lukresiya – Kimsə gəlir. (qaçır, dalınca Cennaro)

Üçüncü şəkil

Ceppo, sonra Maffio gəlir.

Ceppo – (əks tərəfdən gəlir) Mən kimi gördüm?! Bəli, bu odur! Bu qadın Venesiyadadır! Ey, Maffio!

Maffio – (gəlir) Nə olub?

Ceppo – Mən sənə inanılmaz bir şey deməliyəm. (Maffionun qulağına nəsə pıçıldayır)

Maffio – Əminsən?

Ceppo – Labbia sarayında yox, məhz Barbariqo sarayında olduğumuza əmin olduğum kimi.

Maffio – O Cennaro ilə danışdı?

Ceppo – Hə, Cennaro ilə.

Maffio – Qardaşım Cennaronu xilas etmək lazımdır.

Ceppo – Gedək o birilərinə də deyək.

Gedirlər. Səhnə bir müddət boş qalır. Ancaq kanalda qayıqların üzdüyü görünür. Cennaro və maska taxmış donna Lukresiya gəlir.

Dördüncü şəkil

Cennaro, donna Lukresiya

Donna Lukresiya – Bura qaranlıqdır və heç kim yoxdur. Maskanı çıxarta bilərəm. İstəyirəm, Cennaro, siz mənim üzümü görəsiniz. (Maskanı çıxartır)

Cennaro – Siz necə də gözəlsiniz!

Donna Lukresiya – Cennaro, mənə bax və de ki, dəhşətə gəlmirsən!

Cennaro – Sizə baxanda dəhşətə gəlim? Nə danışırsınız, sinyora? Əksinə, mən hiss edirəm ki, ürəyimdə sizə qarşı nəsə yaranır.

Donna Lukresiya – Cennaro, sənə elə gəlir ki, məni sevə bilərsən?

Cennaro – Nə üçün də yox? Amma sinyora, əvvəlcədən deməliyəm ki, mənimçün daha üstün olan qadın var.

Donna Lukresiya – (gülümsəyərək) Bilirəm, balaca Fyammetta.

Cennaro – Yox.

Donna Lukresiya – Bəs kim?

Cennaro – Anam.

Donna Lukresiya – Anan! Sənin anan, Cennaro? Sən ananı çox sevirsən?

Cennaro – Baxmayaraq ki, onu heç vaxt görməmişəm. Bu deyəsən sizi təəccübləndirdi. Nədənsə mən sizə açılmaq istəyirəm. Qulaq asın, mən sizə indiyəcən heç kimə - hətta silah qardaşım Maffio Orsiniyə də danışmadığım sirrimi danışacağam. Qəribədir, birinci dəfə gördüyün adama etibar edirsən. Amma mənə elə gəlir ki, siz mənimçün birinci dəfə gördüyüm adam deyilsiniz. Mən ailəsini tanımayan əsgərəm; Kalabriyada, balıqçı ailəsində böyümüşəm və özümü onun oğlu bilmişəm. On altı yaşım olanda o mənə dedi ki, atam deyil. Bir az sonra bir adam gəldi və mənə məktub verdi. Onu mənə anam yazmışdı – görmədiyim, incə, gözəl, mehriban təsəvvür etdiyim anam! Bütün ruhumla sevdiyim anam! Bu məktubda heç bir ad yazılmasa da, tanınmış nəsildən olduğumu və anamın çox bədbəxt olduğunu öyrəndim. Yazıq anam!

Donna Lukresiya – Mehriban Cennaro!

Cennaro – Həmin gündən xoşbəxtliyi davada axtarmağa başladım. Əgər mən dəyərli nəsildənəmsə, bunu qılıncımla sübut etməliyəm. İtaliyanın hər yerində oldum. Hara gedirdimsə elə birinci gün yanıma qasid gəlirdi. Həmişə də eyni qasid. Anamdan məktub gətirirdi və yazdığım cavabı alıb gedirdi. O mənə heç nə demirdi və mən də heç nə soruşmurdum; o lal-kardır.

Donna Lukresiya – Deməli, sən ailən haqqında heç nə bilmirsən?

Cennaro – Mən bilirəm ki, anam var, bilirəm ki, o bədbəxtdir, bilirəm ki, onun göz yaşını görməyə ömrümü, təbəssümünü görməyə ruhumu verə bilərəm! Bildiklərim bunlardır.

Donna Lukresiya – O məktublar hanı?

Cennaro – Mən onları sinəmin üstündə saxlayıram. Biz döyüşçülər tez-tez sinəmizi qılınc qabağına veririk. Ana məktubundan daha etibarlı qalxan isə ola bilməz.

Donna Lukresiya – Xeyirxah ürək!

Cennaro – Onun yazısına baxmaq istərdiniz? Bu onun məktublarından biridir. (Məktublardan birini çıxartıb öpür və donna Lukresiyaya verir) Oxuyun.

Donna Lukresiya – (oxuyur) “Mənim Cennarom, mən təyin edəcəyim gün çatmayanacan mənim kimliyimi öyrənməyə çalışma. Mən çətin vəziyyətdəyəm. Mən mərhəmətsiz qohumların əhatəsindəyəm. Onlar atanı öldürdükləri kimi səni də öldürərlər. Sənin varlığın məndən başqa hamı üçün sirr olmalıdır. Əgər sən onun haqqında bilsəydin susa bilməzdin. Sən cavansan və səni hər tərəfdən əhatə etmiş təhlükəni görmürsən. Bəlkə də sən cavanlıq dəliqanlılığının təsirilə onların qabağına çıxardın, ya hərəkətinlə, ya da hansısa sözünlə kim olduğunu onlara bildirərdin və inan ki, bundan sonra heç iki gün də yaşamazdın. Yox! Yox! Anan olduğunu və ananın gecə-gündüz səni qoruduğunu bilmək bəsindir. Mənim Cennarom, mənim oğlum, sən dünyadakı ən əziz varlığımsan”. (donna Lukresiya dayanıb göz yaşını udur)

Cennaro – Necə də hissiyyatla oxuyursunuz! Elə bil oxumursunuz, danışırsınız. O! Siz ağlayırsınız! Siz mehribansınız, sinyora və mən sizi ona görə sevirəm ki, siz anamın məktubunun təsirindən ağlayırsınız. (Məktubu ondan alıb öpür, sonra yenə sinəsində gizlədir) Görürsünüz, mənim beşiyim ətrafında cinayət baş verib. Yazıq anam! İndi başa düşdünüzmü nə üçün məni sevgi macəraları və intriqaları məşğul etmir? Mən ancaq anamın fikriylə yaşayıram. O! Anamı azad etmək, ona qulluq etmək, onun qisasını almaq, təsəlli vermək – necə də gözəldir! Sevgi haqqında sonra fikirləşərəm! Elədiklərimin hamısını anama layiq olmaq üçün edirəm.İ mperator qılıncı kimi təmiz və bənzərsiz qılıncımı anamın ayaqları altına qoyacağım günü gözləyirəm. Bilirsiniz, sinyora, mənə o rəzil Lukresiya Borciaya xidmət etmək üçün böyük pullar təklif etdilər. Amma mən imtina etdim...

Donna Lukresiya – Cennaro! Cennaro! Pis adamlara da mərhəmət edin! Siz axı onların ruhunda nələr baş verdiyini bilmirsiniz.

Cennaro – Mərhəmətsizlərə qarşı mərhəmət göstərə bilmərəm. Bu barədə danışmayaq, sinyora. Bir halda ki, mən sizə öz haqqımda danışdım, siz də mənə özünüzdən danışın.

Donna Lukresiya – Mən sizi sevən qadınam.

Cennaro – Adınız nədir?

Donna Lukresiya – Daha heç nə soruşmayın.

Əllərində məşəllə Ceppo və Mafio girir. Donna Lukresiya tez maskanı taxır.

Beşinci şəkil

Həminkilər, Maffio Orsini, Ceppo Liveretto, Askanio Petruççi, Oloferno Vitelloçço, don Apostolo Qazella, qadınlar, nökərlər.

Maffio – (əlində məşəl) Cennaro, sevgidən danışdığın qadının kim olduğunu bilmək istəyirsən?

Donna Lukresiya – (tərəfə) Mərhəmət et, tanrım!

Cennaro – Baxmayaraq ki, hamınız dostlarımsınız, amma and içirəm ki, kim bu qadının maskasına toxunsa, onu öldürərəm. Qadının maskası kişinin üzü kimi müqəddəsdir.

Maffio – Bunun üçün qadının da qadın olmağı vacibdir. Onu təhqir etmək istəmirik, sadəcə adını deyəcəyik. (donna Lukresiyaya tərəf bir addım atır) Sinyora, mən sizin nökərlərinizin yatanda boğub öldürdükləri hersoq de Qravinanın qardaşı Maffio Orsiniyəm.

Ceppo – Sinyora, mən sizin əmrinizlə Vatikanın zindanlarında çürüyən Liveretto Vitellinin qardaşı oğlu Ceppo Liverettoyam.

Askanio – Sinyora, mən sizin şəhərə hakim olmaq üçün öldürdüyünüz Sena hakimi Pandolfo Petruççinin ögey qardaşı Askanio Petruççiyəm.

Oloferno – Sinyora, mən sizin Pombinodakı qalasını almaq üçün bayramda zəhərlədiyiniz Yaqo d`Appianinin qardaşı oğlu Oloferno Vitelloççoyam.

Don Apostolo – Sinyora, siz üçüncü əriniz Alfonso Araqonsun əmisi Françesko Qazellanı pilləkanda öldürtdünüz. Mən don Apostolo Qazellayam, birincinin əmisi oğlu, ikincinin oğlu.

Donna Lukresiya – Aman tanrı!

Cennaro – Bu qadın kimdir?

Maffio – Sinyora, biz kimliyimizi sizə dedik. İstəyirsinizsə sizin də kimliyinizi deyək.

Donna Lukresiya – Yox, yox, sinyorlar, mərhəmət edin! Onun qabağında yox!

Maffio – (onun maskasını çıxartır) Maskanı çıxartın, sinyora, görək hələ də utanıb qızara bilirsinizmi?

Don Apostolo – Cennaro, sevgidən danışdığınız bu qadın yüzlərlə adamı zəhərləyib.

Ceppo – Bir çox cinayətlərin baisidir. Sonradan biri digərini öldürən qardaşlarının ikisi ilə də günah iş tutub.

Donna Lukresiya – Mərhəmət edin!

Askanio – Hətta Roma papası olan atasıyla da yatıb!

Donna Lukresiya – Dayanın!

Oloferno – Olsaydı öz uşaqlarıyla da yatardı.

Donna Lukresiya – Bədir! Bəsdir!

Maffio – Cennaro, onun adını bilmək istəyirsən?

Donna Lukresiya – (Cennaronun əllərindən tutur) Onlara qulaq asma, mənim Cennarom!

Maffio – Bu – Lukresiya Borciadır!

Cennaro – (Onu itələyir) O!

Hamısı – Lukresiya Borcia?

Donna Lukresiya huşunu itirib Cennaronun ayaqlarına yıxılır.

İkinci hissə

Ferrarada meydan. Sağda sarayın eyvanı və çıxış qapısı. Eyvanın altında daşdan yonulmuş gerb, onun da altında böyük hərflərlə “Borcia” yazısı. Solda qapısı meydana açılan ev. Fonda evlər və kilsə zəngləri.

Birinci şəkil

Donna Lukresiya və Qubetta

Donna Lukresiya – Axşam üçün hər şey hazırdır, Qubetta?

Qubetta – Bəli, sinyora.

Donna Lukresiya – Onlar ancaq beş nəfərdirlər?

Qubetta – Bəli.

Donna Lukresiya – Qubetta, onlar məni rəhmsizcə təhqir etdilər!

Qubetta – Mən orada olmamışam.

Donna Lukresiya – Onlar rəhmsiz idilər!

Qubetta – Onlar sizin adınızı qışqıra-qışqıra dedilər?

Donna Lukresiya – Qubetta, onlar adımı demədilər, üzümə çırpdılar!

Qubetta – Elə balın ortasında?

Donna Lukresiya – Cennaronun qabağında.

Qubetta – Əgər belədirsə, onda onların Venesiyadan Ferraraya gəlməyi axmaqlıqdır. Amma gəlməyə də bilməzdilər.

Donna Lukresiya – O! Cennaro indi mənə nifrət edir, günahkarsa onlardır! Mən qisas alacağam!

Qubetta – Bunu eşitməyimə şadam. Şükürlər olsun ki, insansevərlikdən əl çəkdiniz! İndi özümü daha yaxşı hiss edirəm. Baxın, sinyora: göl adanın əksidir, zirvə quyunun əksidir, dərə körpünün əksidir, mən də yaxşı adamın əksi olmaq şərəfinə nail olmuşam.

Donna Lukresiya – Cennaro onlarladır. Bax ki, ona heç nə olmasın.

Qubetta – Biz yaxşı adama dönsəydik, bu vəhşilik olardı.

Donna Lukresiya – Təkrar edirəm, Cennaroya heç nə olmasın.

Qubetta – Ürəyinizi buz kimi saxlayın.

Donna Lukresiya – Mən yenə də onu görmək istəyərdim.

Qubetta – Siz ki, onu hər gün görürsünüz. Satın aldığınız qulluqçusunun hesabına o sizin eyvanınıza baxan evdə məskunlaşıb və siz hər gün onun pəncərə qabağından gəlib getməyinə baxırsınız.

Donna Lukresiya – Mən onunla danışmaq istəyirəm, Qubetta.

Qubetta – O da asandır. Astolfonu göndərin, onu harada və haçan gözləyəcəyinizi ona çatdırın.

Donna Lukresiya – Mən belə də eləyəcəyəm. Amma o gələcək?

Qubetta – Gedin, sinyora, o deyəsən indi o biri alçaqlarla buradan keçəcək.

Donna Lukresiya – O əvvəlki kimi səni qraf de Belverana zənn edir?

Qubetta – Onlar məni başdan-ayağa ispan zənn edirlər. Mən onların dostuyam. Mən onlardan borca pul götürmüşəm.

Donna Lukresiya – Pul? Nə üçün?

Qubetta – Onları əldə saxlamaq üçün. Belə ki, kasıb görünmək və iblisin quyruğundan tutmaq ispanlara məxsus xüsusiyyətdir.

Donna Lukresiya – (tərəfə) Aman tanrı, Cennaronu bəlalardan qoru!

Qubetta – Buna görə də, sinyora, ağlıma bir fikir gəldi.

Donna Lukresiya – Nə fikir?

Qubetta – Məncə ondan yapışıb o yana-bu yana dartdıqları üçün iblisin quyruğu çox möhkəm olmalıdır.

Donna Lukresiya – Hər şeyi zarafata salırsan.

Qubetta – Xasiyyətimdir.

Donna Lukresiya – Deyəsən gəlirlər. Dediklərimi yadından çıxartma.

Eyvanın altındakı balaca qapıdan saraya girir.

İkinci şəkil

Qubetta tək

Qubetta – Cennaro kimdir axı? Onun nəyinə vurulub? Gözəlçəmizin bütün sirrlərinə bələd deyiləm, amma burada marağımı saxlaya bilmirəm. O ki mənə bu sirrini demədi, onda özündən küssün, mən ona kömək eləməyəcəyəm. Başa düşmürəm, Rodriqo Borcianın və Vanessanın qızı olasan, damarlarında papanın qanı axsın, belə xasiyyətin olsun. Sinyora Lukresiya platonik hisslərə qapılır! Mən daha heç nəyə inanmayacağam – lap papa VI Aleksandrın Allaha inandığını desələr də! (Qonşu küçəyə baxır) Bu da bizim cavan axmaqlarımız. Bunların ağlına bax ki, Ferrara hersoqinyasını təhqir edəndən sonra durub Ferraraya gəliblər. Onların yerində olsaydım, Venesiya səfirliyində olmaqdan boyun qaçırdardım. Cavanlar belədir də... Başa düşmürlər ki, atıldıqları yer canavarın ağzıdır.

Cavanlar gəlirlər: əvvəlcə onları yaxşı güdmək üçün dirəyin dalında dayanmış Qubettanı görmürlər. Onlar bərkdən danışırlar.

Üçüncü şəkil

Qubetta, Cennaro, Maffio, Ceppo, Askanio, don Apostolo, Oloferno.

Maffio – (yavaşdan) Kim nə deyir desin, amma məncə sinyora Lukresiyanı o cür təhqir edəndən sonra Ferraraya gəlməməliydik.

Don Apostolo – Bəs neyləməliydik? Bizi senat göndərib. Bəyəm onun əmrinə tabe olmamaq olar? Göndəriblər, gəlməliyik. Amma Lukresiyanın həqiqətən də qorxulu düşmən olduğunu təkzib etmirəm. O burada hakimdir.

Ceppo – Səncə, Apostolo, o bizə nə edə bilər? Bəyəm biz Venesiya respublikasında xidmətdə deyilik? Bəyəm biz səfirlikdən deyilik? Bizim başımızdan bircə tük əskik olsa, bu artıq doja müharibə elan etməkdir8.

Cennaro – (onlardan aralı, söhbətə qoşulmayaraq, fikirli) Mənim anam! Mənim anam! Sənə necə kömək edə bilərəm?

Maffio – Ceppo, başındakı tüklərə toxunmadan da səni qəbrə qoymaq olar. Borciada elə zəhərlər var ki, balta və ya xəncərdən daha yaxşıdır və onun vasitəsilə səssiz-səmirsiz kimi istəsən aradan götürmək olar. VI Aleksandrın Bəyazidin qardaşı Zizimini o dünyaya necə göndərdiyini xatırla9.

Oloferno – Və neçə-neçə başqalarını!

Don Apostolo – Bəyazidin qardaşına qalanda, o əhvalat həm maraqlı, həm də qorxuludur. Papa ona deyib ki, Karl şam yeməyində səni zəhərləyib. Zizimi inanıb Lukresiya Borcianın gözəl əllərindən zəhərə qarşı məhlulu alıb içir. İki saat sonra isə Bəyazid qardaşından azad olur.

Ceppo – Görünür, bu türkün siyasətdən heç başı çıxmırmış.

Maffio – Hə, Borciada elə zəhərlər var ki, adamı bir günə və ya bir ilə öldürə bilər, ona necə sərf eləsə. Bu zəhərin təsirindən şərab daha dadlı olur və şüşəni böyük məmnuniyyətlə içib qurtarırsan. Elə bilirsən sərxoşsan, amma əslində ölüsən. Və ya birdən-birə adam başlayır asqırmağa, dərisi çopurlaşır, gözləri çevrilir, saçları ağarır; o daha getmir, sürünür, nəfəs almır, xırıldayır, gülmür, yatmır, gündüzün günorta vaxtı günün altında soyuqdan əsir; cavan olsa da qoca görünür. Bir neçə vaxt əzab çəkəndən sonra ölür. Və o öləndən sonra camaat onun bir il əvvəl Borcianın yanında bir stəkan kipr şərabı içdiyini xatırlayır. (Çevrilir) Cənablar, budur, qabağımızdakı Montefetrodur, bəlkə də siz onu tanıyırsınız; o buranın sakinidir, onun da başına bu cür əhvalat gəlib. Bax, odur, küçənin axırında. Ora baxın.

Səhnədən plaşa bürünmüş, çox arıq, qoca bir kişi əsə-əsə, dirəklərdən tuta-tuta keçir.

Askanio – Yazıq Montefetro!

Don Apostolo – Onun neçə yaşı var?

Maffio – Mənimlə yaşıddır – iyirmi doqquz.

Oloferno – Mən onu keçən il görəndə bizim kimi sağlam və qıvraq idi.

Maffio – Üç ay əvvəl o papanın Belvedır üzümlüyündə nahar edib.

Askanio – Dəhşət!

Maffio – Borcianın bu cür naharlarında ağlasığmaz şeylər danışırlar!

Askanio – Orada zəhər hökmdardır.

Maffio – Baxın, cənablar, bizdən başqa heç kim yoxdur. Camaat hersoqun sarayına da yaxınlaşmaqdan qorxur. Elə bil içəridə gecə-gündüz hazırlanan zəhər divarlara da hopub.

Askanio – Sinyorlar, səfirlər dünən hersoqun qəbulunda olublar. Birinci vəzifəmiz bitmək üzrədir. Səfirliyin tərkibində əlli nəfər var. Bizim olmamağımız heç bilinməyəcək. Məncə Ferraradan getsək yaxşıdır.

Maffio – Elə indicə.

Ceppo – Cənablar, sabah da getmək olar. Bu gecə knyaginya Neqroni məni şam yeməyinə dəvət edib. Orasını da deyim ki, mən ona dəlicəsinə vurulmuşam və onu Ferraranın ən gözəl xanımından qaçdığımı fikirləşməyə qoymaram.

Oloferno – Bu gecə kyaginya Neqroni səni şam yeməyinə dəvət edib?

Ceppo – Hə.

Oloferni – Məni də.

Askanio – Məni də.

Don apostolo – Məni də.

Maffio – Məni də.

Qubetta – (gizləndiyi yerdən çıxır) Cənablar, məni də.

Ceppo – A-a! Bu da sinyor de Belverana. Nə olar? Biz ora bir yerdə gedib gecəni şən keçirəcəyik. Salam, sinyor de Belverana.

Qubetta – Tanrı yardımçın olsun, Ceppo!

Maffio – (Ceppoya pıçıltıyla) Ceppo, məncə ora getməsək yaxşı olar. Neqroni sarayının hersoq sarayıyla əlaqəsi var. Bir də bu sinyor de Belveranadan gözüm su içmir.

Ceppo – (pıçıltıyla) Ağlını itirmisən, Maffio? Neqroni – möhtəşəm qadındır, deyirəm axı, mən ona vurulmuşam. Belverana isə - yaxşı adamdır. Mən onun ailəsi haqqında öyrənmişəm. Mənim atam onun atasıyla Qrenadada bir yerdə vuruşub, min dörd yüz həştadıncı ildə.

Maffio – Bu hələ onun atanın dostunun oğlu olduğunu sübut etmir.

Ceppo – Özünüz bilərsiniz, istəmirsiniz getməyin.

Maffio – Siz getsəniz, mən də gedəcəyəm.

Ceppo – Necə olmalıdırsa, elə də olacaq! Bəs sən, Cennaro, bizimlə getməyəcəksən?

Askanio – Neqroni səni dəvət etməyib?

Cennaro – Yox, knyaginya deyəsən məni saymayıb.

Maffio – (gülümsəyərək) Qardaş, belə olan halda hansısa gözəlin görüşünə gedəcəksən.

Ceppo – O gecə Lukresiyanın sənə dediklərini bizə də de. O deyəsən sənə görə ağlını itirib. O sənə həqiqəti danışıb. Balda özünü azad hiss edirdi və əlinə düşən fürsəti qaçırtmayıb. Qadınlar ürəyə daha tez yol tapmaq üçün maskadan istifadə edirlər.

Bir dəqiqə əvvəl eyvana çıxmış donna Lukresiya onlara qulaq asır.

Maffio – Sən də onun eyvanıyla üzbəüz ev tutmusan. Ax, Cennaro, Cennaro!

Don Apostolo – Bu, dostum, təhlükəsiz deyil. Deyilənə görə Ferrara hersoqu onu yaman qısqanır.

Oloferno – Cennaro, boynuna al, Lukresiya Borcia ilə münasibətlərinizdə irəliləyiş var?

Cennaro – Cənablar, bir də mənimlə o dəhşətli qadından dasnışsanız, qılıncları işə salmalı olacağıq.

Donna Lukresiya – (eyvandan, tərəfə) Heyif!

Maffio – Zarafat edirik, Cennaro. Amma məncə, onun hədiyyəsini gəzdirirsənsə səninlə ondan danışmaq olar.

Cennaro – Nə demək istəyirsən?

Maffio – (Cennaronun şərfini göstərir) Bəs bu şərf?

Cennaro – Mənə onu Fyammetta göndərib.

Maffio – Sənə elə gəlir. Lukresiya əmr edib ki, sənə belə desinlər. Bunu Lukresiya öz əlləriylə səninçün toxuyub.

Cennaro – Əminsən, Maffio? Kimdən eşitmisən?

Maffio – Şərfi sənə verən qulluqçudan. Lukresiya onu pulla ələ alıb.

Cennaro – Lənət olsun! (Şərfi boynundan açıb yerə atır və tapdalayır)

Donna Lukresiya – Heyif! (gedir)

Maffio – Hər halda pis qadın deyil.

Ceppo – Hə, amma onun gözəlliyində də vəhşilik var.

Maffio – O iblis portretli qızıl dukatdır.

Cennaro – Bu Lukresiya Borcianı görüm lənətə gəlsin! Deyirsiniz bu qadın məni sevir? Nə olar, lap yaxşı! Qoy bu da onun cəzası olsun. O mənim ürəyimi bulandırır. Bilirsən, Maffio, həmişə belə olur. Səni sevən qadına soyuqqanlı qalmaq olmaz. Onu ya sevmək lazımdır, ya da nifrət etmək. Beləsini necə sevəsən? O bizi daha çox güddükcə, biz ona daha çox nifrət edirik. Bu qadın məni rahat qoymur. Mən nə günah eləmişəm ki, Lukresiya Borcianın sevgisinə layiq olmuşam? Bu bəyəm eyib, fəlakət deyil? Sizin o qadının adını dediyiniz gecədən bu yana nə halda olduğumu bilə bilməzsiniz. Əvvəllər Lukresiya Borcia mənə uzaqdan bütün İtaliyanı qorxuya salan qorxunc ruh kimi görünürdü. İndi bu qorxunc ruh mənimdir, gəlib başımın üstündə dayanıb. Məni sevir, yatağıma girmək istəyir. Anamın canına and olsun, bu qorxuludur! Maffio, o sənin qardaşın sinyor de Qravinanı öldürüb. Nə olar, mən sənin qardaşını əvəz edirəm və onun qisasını alacağam! Budur onun sarayı, zəhər sarayı, xəyanət sarayı, satqınlıq sarayı, qətl sarayı, bütün cinayətlərin sarayı, Lukresiya Borcianın sarayı! O! Əgər mən onun üzünə damğa vura bilmirəmsə, heç olmasa sarayının divarına vuraram. (Eyvanın altındakı Borcia yazısının birinci hərfini xəncərlə çıxartır, yerində orcia qalır)

Maffio – O neyləyir?

Ceppo – Sinyora Lukresiyanın adından bir hərfin əskik olması, Cennaro, başının çiyinlərinin üstündən əskik olması deməkdir.

Qubetta – Sinyor Cennaro, sabah buna görə şəhərin yarısını sorğu-sual edəcəklər.

Cennaro – Əgər günahkarı axtarsalar mən gizlənməyəcəyəm.

Qubetta – (tərəfə) Elə bunu istəyərdim! Görək sinyora Lukresiya indi nə edəcək?

Artıq bir neçə dəqiqədir ki, qara geyimli iki adam meydanda gəzişib onlara göz qoyur.

Maffio – Cənablar, orada iki nəfər şübhəli adam bizə maraqla baxır. Məncə ehtiyyatla uzaqlaşsaq yaxşıdır. Yenə axmaqlıq eləmə, qardaşım Cennaro.

Cennaro – Arxayın ol, Maffio. Əlini ver! Cənablar, sizə əyləncəli gecə arzulayıram! (Evinə girir)

Qalanları gedir.

Dördüncü şəkil

İki nəfər qara paltarlı

Birinci – Burada neyləyirsən, Rustiqello?

İkinci – Sənin getməyini gözləyirəm, Astolfo.

Birinci – Doğrudan?

İkinci – Bəs sən burada neyləyirsən, Astolfo?

Birinci – Mən də sənin getməyini gözləyirəm, Rustiqello.

İkinci – Sənə kim lazımdır, Astolfo?

Birinci – İndicə o evə girən kişi. Bəs sənə?

İkinci – Mənə də o lazımdır.

Birinci – Ay səni!

İkinci – Onu neyləyirsən?

Birinci – Hersoqinyanın yanına aparacağam. Bəs sən?

İkinci – Mən də onu hersoqun yanına aparacağam.

Birinci – Ay səni!

İkinci – Hersoqinyanın yanında onu nə gözləyir?

Birinci – Yəqin ki, məhəbbət. Bəs hersoqun?

İkinci – Yəqin ki, dar ağacı.

Birinci – Necə olsun? O ki eyni vaxtda hersoqinyanın yanında sevgidən zövq alıb hersoqun da yanında dar ağacından asıla bilməz axı.

İkinci – Bu da dukat. Oynayaq görək kimə qismət olacaq.

Birinci – Elə olsun.

İkinci – Əgər uduzsam, hersoqa deyəcəyəm ki, quşu qəfəsdə tapmadım. Hersoqun işləri məni az maraqlandırır. (pulu atır)

Birinci – Arakəsmə.

İkinci – (Yerə düşən pula baxır) Qartal.

Birinci – O dar ağacının olmalıdır. Apar onu. Əlvida.

İkinci – Əlvida.

Birinci gedən kimi ikinci eyvanın altındakı qapıdan girir və dörd əsgərlə qayıdıb Cennaronun girdiyi evin qapısını döyür.

İkinci pərdə

Ailə münaqişəsi

Birinci hissə

Ferrara hersoq sarayında salon. Qızıl işləməli divar örtükləri: XV əsrin sonları italyan zövqündə mükəmməl mebel. Üstündə gerb şəkli olan qırmızı hersoq taxtı. Yanında qırmızı örtüklü stol. Divarda böyük qapı. Sağda balaca qapı. Solda başqa balaca qapı, divar örtüyü ilə örtülüb, bilinmir. Bu qapının dalında döşəmənin altına gedən pilləkan görünür.

Birinci şəkil

Don Alfonso gözəl geyimdə. Rustiqello da eyni rəngli paltarda, amma bir az ciddi.

Rustiqello – Zati-aliləri, əmriniz yerinə yetirilib. Başqa əmriniz?

Don Alfonso – Bu açarı al. Numa qalereyasına get. Xanaları saymağa başla. Birinci fiqur mənim ulu babalarımdan olan Yupiterin oğlu Herakldır. İyirmi üçüncü xanada qızıl suyuna çəkilmiş əjdahanın ağzında kilid görəcəksən. Bu yer Ludovik Moronun əmriylə düzəldilib. Açarı ora sal. Xana fırlanacaq. O gizli şkafdakı büllur sinidə biri qızıldan, o biri isə gümüşdən olan iki qrafin və iki badə var. Gümüş qrafindəki adi sudur. Qızılda xüsusi şəkildə hazırlanmış şərabdır. Sən, Rustiqello, sinini götürüb qonşu otağa gələcəksən. Əgər sən camaatın qorxudan dişləri bir-birinə dəyə-dəyə haqqında danışdıqları Borcianın ağ və parıltılı toz halında olan, romorant şərabını sirakuz şərabına çevirə bilən məşhur zəhəri haqqında eşitmisənsə, əminəm ki, qızıl qrafinə toxunmayacaqsan.

Rustiqello – Gedə bilərəm, zati-aliləri?

Don Alfonso – Dayan. Sonra sən ən yaxşı qılıncını götürüb qapının dalında elə dayan ki, bizim danışdıqlarımızı eşidəsən. Mən gümüş zınqırovu çalan kimi içəri girərsən (stolun üstündəki zınqırovu göstərir). Sən onun səsini tanıyırsan. Əgər mən sadəcə “Rustiqello!” çağırsam, sən siniylə gələrsən, yox əgər zınqırov çalsam, qılıncla.

Rustiqello – Oldu, zati-aliləri.

Don Alfonso – Sən əvvəlcədən qılıncı qından çıxartıb hazır saxla ki, lazım olsa vaxt itirməyəsən.

Rustiqello – Oldu.

Don Alfonso – Rustiqello, iki qılınc götür, biri sına bilər.

Rustiqello maskalanmış qapıdan çıxır. Sağdakı qapıdan xidmətçi girir.

Xidmətçi – Hersoqinya zati-aliləri ilə danışmaq istəyir.

Don Alfonso – Gəlsin.

İkinci şəkil

Don Alfonso, donna Lukresiya

Donna Lukresiya – (hirslə girir) Sinyor, bu ki alçaldıcıdır, biabırçılıqdır. Bu barədə bilirsinizmi, don Alfonso? Kimsə mənim adımı, nəslimin gerbi altında yazılmış adımı biabırçı şəkildə korlayıb. Harada? Sizin sarayınızın divarında. Bunu günün günorta çağı eləyiblər. Kim edib? Bilmirəm, amma bu ağlasığmaz bir şeydir. Və indi, İtaliyanın ən iyrənc yerinin – sizin Ferraranın sakinləri sarayın qabağına yığışıb mənim alçaldılmış adıma və nəslimin gerbinə baxıb lağ edirlər, elə bil küçə tamaşasıdır. Don Alfonso, yəqin bununla barışacağımı güman etmirsiniz. Gündə yüz dəfə ölüb yerə girməkdənsə bir bıçaq zərbəsiylə özümü öldürməyi üstün tutaram. Burası da düzdür ki, sizin Ferrarada mənimlə qəribə davranırlar! Sizin isə, məncə kefiniz yerindədir. Həyat yoldaşınızın alçaldıldığı və hamı tərəfindən lağ edildiyi heç vecinizə də deyil. Mən ədalət tələb edirəm, sinyor hersoq. Məhkəmə qurmağınız lazım gələcək. Bu elə-belə şey deyil, sizi əmin edirəm. Bəlkə siz fikirləşirsiniz ki, mən alçaldılmağa layiqəm və ərim məni qorumamalıdır? Yox, yox, zati-aliləri, kim evlənirsə, o qoruyur, kim ərə gedirsə, o dəstəkləyir. Mən belə fikirləşirəm. Hər yeni gün mənə yeni həqarətlər gətirir, sizi isə belə görürəm ki, bu bir o qədər də maraqlandırmır. Bəlkə mənə yaxılan palçıqdan siz də batmırsınız, don Alfonso? Tanrı xatirinə, heç olmasa azacıq hirslənin, ömründə bircə dəfə mənə görə hirsləndiyinizi görüm! Hərdən məni sevdiyinizi deyirsiniz. Onda mənim qürurum sizin üçün qiymətli olmalıdır. Siz qısqanırsınız? Onda mənim gözəl adımı da qısqanın. Mən sizin üçün gör nə qədər iş görmüşəm, mən sizə qızıl qızılgülü və müqəddəs atanın xeyir-duasını, Sena, Rimini, Çezeu, Sroleto və Pombinan kimi şəhərləri vermişəm – qalalarınızın sayından da çox şəhərləri, sizi İtaliyanın ən güclü hökmdarı etmişəm! Bəs siz nə üçün mənim alçaldılmağıma, bütün Ferraranın məni barmaqla göstərib ələ salmağına göz yumursunuz? Elə bil mən sizin arvadınız yox, adi bir qulluqçuyam, ya da nökər! Sizə xəbərdarlıq edirəm, əgər siz bu cinayəti törətmiş canini elə bu gün tapıb cəzasına çatdırmasanız, mən papaya şikayət edəcəyəm, hal-hazırda on beş minlik ordu ilə Forlidə olan Valantinna hersoquna şikayət edəcəyəm. Əgər bunları istəmirsinizsə, onda zəhmət çəkib taxtınızdan durun.

Don Alfonso – Sinyora, haqqında danışdığınız cinayətdən xəbərim var.

Donna Lukresiya – Necə? Cinayəti bilirsiniz, canini isə hələ tapmamısınız?

Don Alfonso – Canini də tapmışıq.

Donna Lukresiya – Şükür tanrıya! Əgər tapılıbsa, onda nə üçün tutulmayıb?

Don Alfonso – O tutulub, sinyora.

Donna Lukresiya – Tutulubsa, onda nə üçün hələ cəzalanmayıb?

Don Alfonso – O cəzasına çatacaq, mən əvvəlcə sizin təklifinizi eşitmək istəyirdim.

Donna Lukresiya – O haradadır?

Don Alfonso – Burada.

Donna Lukresiya – Burada? İstəyirəm o qəddarcasına cəzalansın, başa düşürsünz, sinyor? Axı bu hakimiyyəti təhqir etmək deməkdir. Bu cür hallarda belə şey fikirləşdiyi üçün başı, yerinə yetirdiyi üçün əlləri kəsirlər! Deməli o buradadır! Ona baxmaq istəyirəm.

Don Alfonso – Bu çətin deyil. (Çağırır) Batista!

Xidmətçi girir.

Donna Lukresiya – Zati-aliləri, hələ ki onu gətirməyiblər, xahiş edirəm söz verəsiniz ki, o kim olur olsun, yerliniz ya qohumunuz, o buradan sağ çıxmayacaq.

Don Alfonso – Sizə söz verirəm. Eşidirsiniz, sinyora, sizə söz verirəm!

Donna Lukresiya – Əlbəttə eşidirəm. Lap yaxşı. Onu bura gətirin! Özüm onu dindirəcəyəm! Aman tanrı! Mən ferraralılara nə etmişəm ki, məni belə təhqir edirlər?

Don Alfonso – Cinayətkarı gətirsinlər.

Böyük qapıdan iki əsgər tərk-silah edilmiş Cennaronu gətirirlər. Həmin Vaxt Rustiqello əlində sini ilə pilləkandan çıxıb sinini pəncərənin qabağına qoyur, qılıncını siyirib qapının dalında dayanır.

Üçüncü şəkil

Həminkilər və Cennaro

Donna Lukresiya – (tərəfə) Cennaro!

Don Alfonso – (ona yaxınlaşıb təbəssümlə) Onu tanıyırsınız?

Donna Lukresiya – (tərəfə) Bu Cennarodur! Aman tanrım! (Cennaroya baxır)

Cennaro üzünü çevirir.

Cennaro – Zati-aliləri, mən adi əsgərəm və sizə sual vermək istəyirəm. Zati-alinizin əmrilə məni evimdən həbs edib bura gətiriblər. Məndən sizə nə lazımdır?

Don Alfonso – Bu səhər, cənab kapitan, sizin yaşadığınız evlə üzbəüz hakimiyyəti təhqir edən cinayət törədilib. Bizim hersoq sarayının divarında həkk olunmuş sevimli arvadım donna Lukresiyanın adı təhqir olunub. Biz canini axtarırıq.

Donna Lukresiya – O cani deyil! Anlaşılmazlıq olub, don Alfonso. O günahkar deyil!

Don Alfonso – Haradan bilirsiniz?

Donna Lukresiya – Mən buna əminəm. Bu cavan venesiyalıdır, ferraralı deyil. Belə olan halda...

Don Alfonso – Bu nəyi sübut edir?

Donna Lukresiya – Bu hadisə səhər olub. Mənə məlumdur ki, bu səhər o Fyammettanın yanında olub.

Cennaro – Yox, sinyora.

Don Alfonso – Görürsünüz, sinyora, siz pis məlumatlandırılmısınız. İcazə verin ondan soruşum. Deyin görüm, kapitan Cennaro, bu hadisəni siz törətmisiniz?

Donna Lukresiya – (həyəcanlı) Necə istidir! Nəfəsim kəsildi! Hava! Mənə hava lazımdır! (Pəncərənin qabağına gedir, Cennaronun yanından keçəndə ona pıçıldayır) De ki, sən eləməmisən!

Don Alfonso – (tərəfə) O ona nəsə pıçıldadı.

Cennaro – Don Alfonso, məni lap körpəliyimdən böyüdən və möhkəm, sağlam olmağım üçün həmişə dənizdə çimizdirən balıqçılar mənə bu qaydanı öyrədiblər. Bu qaydaya əməl edəndə tez-tez həyatını təhlükəyə atırsan, amma vicdanın təmiz qalır. O qayda budur: “Dediyini elə, elədiyini de”. Hersoq Alfonso, mən axtardığınız adamam.

Don Alfonso – (Donna Lukresiyaya) Mən sizə söz vermişəm, sinyora, hersoq sözü.

Donna Lukresiya – Mən sizə təklikdə iki söz deməliyəm.

Hersoqun əliylə etdiyi işarədən sonra əsgərlər Cennaronu qonşu otağa aparırlar.

Dördüncü şəkil

Donna Lukresiya, don Alfonso

Don Alfonso – Nə lazımdır, sinyora?

Donna Lukresiya – Don Alfonso, mənə o cavanın ölməməyi lazımdır.

Don Alfonso – Bir neçə dəqiqə əvvəl hirsdən ağlaya-ağlaya yanıma gəldiniz, cinayətkarın başını məndən istədiniz, mənə söz verdirdiniz ki, o buradan sağ çıxmayacaq. İndisə onun buraxılmağını istəyirsiniz. Heç nə başa düşmürəm.

Donna Lukresiya – Sinyor hersoq, mən bu cavanın ölməyini istəmirəm.

Don Alfonso – Sinyora, mənim kimi adamlar verdikləri sözün yerinə yetirilməmiş qalmağını xoşlamırlar. Sizə söz vermişəm – indi onu pozmalıyam? And içmişəm ki, cinayətkar öləcək və o ölməlidir. Tanrı şahiddir. Söz onun üçün edam növü seçə bilərsiniz.

Donna Lukresiya – (şən və incə görünməyə çalışaraq) Ah, don Alfonso, don Alfonso, doğrudan da biz boş şeylərlə məşğuluq. Mən doğrudan da ağılsızam, bu belədir. Nə etməli? Atam məni ərköyün böyüdüb. Uşaq yaşlarımdan nə istəmişəmsə olub. On beş dəqiqə əvvəl istədiyimi indi istəmirəm. Siz ki bilirsiniz, don Alfonso, mən həmişə belə olmuşam! Mənimlə üzbəüz oturun və ər arvad kimi, iki mehriban dost kimi incə və səmimi söhbət edək.

Don alfonso – (yalançı mehribanlıqla) Donna Lukresiya, siz mənim qəlbimin qadınısınız və mən özümü sizin yanınızda görməkdən xoşbəxtəm. (Onun yanında oturur)

Donna Lukresiya – Ümumi dil tapanda necə yaxşı olur! Bilirsinizmi, Alfonso, mən indi də sizi, evliliyimizin birinci günü – mənim qardaşım hersoq Valantinna və sizin qardaşınız kardinal İppolito d`Este ilə birlikdə Romadan qayıtdığımız gün sevdiyim kimi sevirəm. Mən müqəddəs Pyotr divarındakı eyvanda dayanmışdım. İndi də sizin şahanə görkəminizi, qızıla tutulmuş möhtəşəm atınızı xatırlayıram.

Don Alfonso – Siz özünüz, sinyora, elə gözəl idiniz ki...

Donna Lukresiya – Sinyor, mən sizdən danışanda siz məndən danışmayın. Şübhə yoxdur ki, Avropanın bütün şahzadə qızları mənə həsəd aparır – axı bütün xristian aləmində sizin kimi cəngavər yoxdur. Doğrudan da mən sizi on səkkiz yaşlı qızın məhəbbətilə sevirəm. Siz ki, Alfonso, mənim sizi sevdiyimi bilirsiniz? Ümid edirəm, buna heç vaxt şübhə etməmisiniz. Düzdür, hərdən soyuq və ya hirsli oluram, neyləyim, təbiətim belədir. Qulaq asın, Alfonso, əgər məni buna görə məzəmmət etsəniz, düzələ bilərəm. Bir-birini bizim kimi sevmək gözəldir! Əlinizi mənə verin, məni öpün, don Alfonso! Qəribədir ki, biz – dünyadakı ən gözəl hersoqluğun sahibləri, bir-birini sevən iki adam, hansısa venesiyalı muzdlu kapitana görə mübahisə edirik. Onu qovlamaq və bir daha yada salmamaq lazımdır! Qoy hara istəyir, getsin, doğrudur, Alfonso? Şirlər hansısa siçana görə hirslənməyəcək ki. Bilirsinizmi, zati-aliləri, hersoq tacı Ferraranın ən yaraşıqlı kişisinə verilməli olsaydı, siz birinci yeri tutardınız. İcazə verin mən özüm sizin adınızdan Batistaya tapşırıq verim ki, Cennaronu Ferraradan ən qısa vaxtda qovdursun!

Don Alfonso – Tələsməyin.

Donna Lukresiya – (yalançı şənliklə) Mən daha bu barədə düşünmək istəmirəm. İcazə verin, sinyor, bu işə istədiyim kimi son qoyum.

Don Alfonso – Bu iş mənim istədiyim kimi qurtaracaq.

Donna Lukresiya – Don Alfonso, sizin ki, ona ölüm istəməyə səbəbiniz yoxdur.

Don Alfonso – Bəs sizə verdiyim söz? Hökmdarın sözü müqəddəsdir.

Donna Lukresiya – Qoy bunu camaata desinlər. Biz ki, sizinlə, Alfonso, bunun belə olmadığını bilirik. Müqəddəs ata Fransa kralı VIII Karla söz verdi ki, Zizimini öldürməyəcək, amma öldürdü. Hersoq Valantinna verdiyi sözə görə həmin o VIII Karla əsir oldu, amma imkan tapan kimi qaçdı. Siz özünüz Petruççiyə söz verdiniz ki, Senanı ona qaytaracaqsınız. Amma qaytarmadınız. Nə üçün də qaytaraydınız? Bəs nə! Hakimiyyət tarixi bu cür hadisələrlə doludur. İstər krallar, istərsə də camaat hər dediyinə əməl etsəydilər, yaşaya bilməzdilər. Öz aramızdır, Alfonso, verdiyin anda ancaq məcbur qaldığın vaxt əməl etmək lazımdır.

Don Alfonso – Donna Lukresiya, and...

Donna Lukresiya – Mənə zəif bəhanələr gətirməyin. Mən o qədər də axmaq deyiləm. Yaxşısı, əzizim Alfonso, deyin görüm Cennaroya kin saxlamağınızın səbəbi nədir? Yoxdur? Elədirsə onun həyatını mənə bağışlayın. Sizin üçün hamısı bir deyilmi? Təhqir olunan ki, mənəm.

Don Alfonso – Elə sizi təhqir elədiyinə görə onu bağışlamaq istəmirəm, əzizim.

Donna Lukresiya – Əgər siz məni sevirsinizsə, imtina etməzsiniz. Bəlkə mən xeyirxahlıq etmək istəyirəm? Xalqın məhəbbətini belə qazanmaq olar. Sizin xalqınızın məni sevməyini istəyirəm. Xeyirxahlıq hakimi İsa Məsihə oxşadır. Alfonso, biz də xeyirxah hakimlər olaq. İtaliyada qaniçənlər onsuz da çoxdur. Buna son qoyaq, əzizim Alfonso. Cennaronu buraxın.

Don Alfonso – Əzizim Lukresiya, bacarmaram.

Donna Lukresiya – Bacarmazsınız? Nəyə görə siz bu kapitanın həyatını mənə bağışlaya bilməzsiniz? Bu ki, sizin üçün heç nədir.

Don Alfonso – Soruşursunuz, nə üçün?

Donna Lukresiya – Hə, nə üçün?

Don Alfonso – Ona görə ki, bu kapitan sizin sevgilinizdir!

Donna Lukresiya – Aman tanrı!

Don Alfonso – Ona görə ki, siz onun dalınca Venesiyaya qaçmışdınız! Ona görə ki, onun dalınca cəhənnəmə də qaçarsınız! Ona görə ki, siz onun dalınca düşəndə mən sizi güdürdüm! Ona görə ki, maskanın altında tövşüyə-tövşüyə onun dalınca canavarın ov dalınca qaçdığı kimi qaçdığınızı gördüm! Ona görə ki, şübhəsiz, siz artıq ona təslim olmusunuz, sinyora! Ona görə ki, çirkinlik, vicdansızlıq, iyrənclik həddini aşıb! Və mənim tapdalanmış qeyrətimin qisasını almaq vaxtım çatıb! O qisası elə alacağam ki, çarpayımın ətrafında qan çayı axsın! Eşidirsiniz, sinyora?

Donna Lukresiya – Don Alfonso...

Don Alfonso – Kəsin səsinizi. Bundan sonra sevgililərinizi daha yaxşı qoruyun, Lukresiya! Yataq otağınızın giriş qapısında kimi istəyirsinizsə saxlayın, amma çıxış qapısında mənim cəlladım dayanacaq!

Donna Lukresiya – Zati-aliləri, and içirəm!

Don Alfonso – And içməyin. And – qara camaat üçündür. Mənə tutarsız bəhanələr gətirməyin.

Donna Lukresiya – Bir biləydiniz...

Don Alfonso – Bəsdir! Mən sizin bütün ailənizə - Borcialar ailəsinə və sizə, dəlicəsinə sevdiyim sizə nifrət edirəm! Sizin qardaşınız Çezare, doğuluşdan üzündə qan ləkələri olan Çezare, öz qardaşı Covannini öldürən Çezare məni dəhşətə gətirir. Məni sizin ananız Roza Vanossa dəhşətə gətirir. Qoca ispan fahişəsi, əvvəllər onunla Valans əylənirdi, indi Roma əylənir! Bəs sizin yalançı qardaşınız uşaqları – Sermonetto və Nepi – düzdür, yaxşı hersoqdurlar, amma oğurlanmış torpaqlarda! İcazə verin qurtarım! Sizin atanız Roma papası da məni dəhşətə gətirir! Özü Roma papasıdır, amma sarayı türk sultanı Bəyazidin hərəmxanası kimi gözəl qadınlarla doludur, yaxşı adamları həbsxanaya göndərir, quldurları isə kardinal edir! Onun kardinallarının qırmızı paltarlarını görən kimi istər-istəməz fikirləşirəm ki, bunlar kardinallardır, yoxsa katorqa dustaqları?

Donna Lukresiya – Zati-aliləri! Zati-aliləri! Sizi and verirəm İsa peyğəmbərə və müqəddəs Məryəmə! Sizi and verirəm atanızın və ananızın adına – bu kapitana rəhm edin!

Don Alfonso – Bax, buna deyərəm sevgi! Bir saat gözləyin, sonra onun meyiti ilə nə istəsəniz edərsiniz.

Donna Lukresiya – Cennaroya rəhm edin!

Don Alfonso – Mən qərarımı dəyişməyəcəyəm.

Donna Lukresiya – (ayağa durur) Onda özünüzü qoruyun, mənim dördüncü ərim don Alfonso d`Este.

Don Alfonso – O, məni qorxutmayın, sinyora! Şükür tanrıya, sizdən qorxmuram! Mən sizin bicliklərinizi bilirəm. Adını xatırlamadığım, bəlkə heç sizin də xatırlamadığınız ispan əsilzadəsi olan birinci əriniz kimi məni zəhərləməyinizə şərait yaratmayacağam! İkinci əriniz, Pezarın hökmdarı sarsaq Conami Sforsa kimi məni qovlamağınıza da imkan verməyəcəyəm! Üçüncü əriniz Alfonso Araqonski kimi meşədə boğulmağıma da imkan verməyəcəyəm! Sakit! Mən kişiyəm, sinyora. Bizim nəsildə Herakl adını daşıyanlar çox olub. Göylərə and olsun! Mənim şəhərimdə özüm kimi qorxmaz əsgərlər çoxdur və Neapol kralı kimi toplarımı da atamız papaya satmamışam.

Donna Lukresiya – Siz mənim kim olduğumu unudursunuz.

Dona Alfonso – Sizin kim olduğunuzu gözəl bilirəm, bununla bərabər, harada olduğunuzu da bilirəm. Siz Roma papasının qızısınız, amma Romada deyilsiniz, siz Spolettonun hakimisiniz, amma Spolettoda da deyilsiniz, siz Ferrara hersoqu Alfonsonun arvadı və qulluqçususunuz və siz Ferraradasınız!

Donna Lukresiya o danışdıqca hirslə dal-dalı gedir və kresloya oturur.

Don Alfonso – Ah, bu sizi təəccübləndirdi, ya qorxutdu, sinyora? Amma indiyəcən mən sizdən qorxurdum. Qoy hər şey tərsinə olsun. Sizin sevgiliniz isə öləcək.

Donna Lukresiya – (zəif səslə) Məntiqlə fikirləşin, don Alfonso. Bu adam məni təhqir edibsə mənim sevgilim ola bilməz.

Don Alfonso – Nə üçün də olmasın? O bunu qısqanclıq, ya da hirs ucbatından eləyə bilərdi. Mən bilmirəm axı... Mən istəyirəm ki, ölsün. Sarayda çoxlu əsgər var və hamısı mənə tabedir. O buradan qaça bilməz. Siz, sinyora, mane ola bilməzsiniz. Mən sizə onun üçün ölüm növü seçməyi tapşırmışdım. Tapdınız?

Donna Lukresiya – (əllərini yellədərək) Aman tanrı! Aman tanrı!

Don Alfonso – Cavab vermirsiniz? Onda əmr edəcəyəm ki, onu elə yerindəcə qılıncla deşik-deşik etsinlər.

Qapıya tərəf gedir. Donna Lukresiya onun əlindən tutur.

Donna Lukresiya – Dayanın!

Don Alfonso – Bəlkə siz özünüz ona bir badə sirakuz şərabı süzəsiniz?

Donna Lukresiya – Cennaro!

Don Alfonso – O ölməlidir!

Donna Lukresiya – Amma qılıncla yox.

Don Alfonso – Mənimçün fərqi yoxdur. Bəs hansı yolla?

Donna Lukresiya – O birisi.

Don Alfonso – Amma diqqətli olun – çaşmayın, onun üçün qızıl qrafindən süzün. Hər ehtimala qarşı özüm də burada olacağam. Sizi tək qoyacağımı fikirləşməyin.

Donna Lukresiya – Necə istəyirsiniz elə olsun.

Don Alfonso – Batista!

Xidmətçi girir.

Don Alfonso – Onu gətirin.

Donna Lukresiya – Siz əclaf adamsınız.

Beşinci şəkil

Həminkilər, Cennaro və əsgərlər

Don Alfonso – Mən nə eşidirəm, sinyor Cennaro? Səhərki hərəkətinizi pis niyyətlə yox, sadəcə, hirsinizi soyutmaq üçün etmisiniz. Hersoqinya sizi bağışlayır. Siz özünüz də, deyilənlərə görə, mərdsiniz. Əgər belədirsə, onda sağ-salamat Venesiyaya qayıda bilərsiniz. Tanrı istəmir ki, mən Venesiya respublikasını igid əsgərsiz, ümumilikdə xristian aləmini əlində etibarlı qılıncı olan etibarlı döyüşçüsüz qoyum.

Cennaro – Buna şadam, zati-aliləri. Doğrusu mən bunu gözləmirdim. Xeyirxahlıq hakimə yaraşır və tanrı bu dünyada xeyirxahlıq edənə o dünyada xeyirxahlıq göstərər.

Don Alfonso – Kapitan, deyin görək respublikaya xidmət etmək sərfəlidir? İldə nə qədər maaş alırsınız?

Cennaro – Zati-aliləri, vəziyyətim pis deyil. Mən əlli adamı öz hesabıma geyindirirəm. Respublika mənə ildə iki min qızıl verir, hərbi qənimətlər və təsadüfi gəlirlər də olur.

Don Alfonso – Mən sizə dörd min qızıl təklif etsəydim, mənə xidmət edərdiniz?

Cennaro – Mümkün deyil. Hələ beş il də respublikaya xidmət etməliyəm. Mən artıq özümü bağlamışam.

Don Alfonso – Nə ilə?

Cennaro – Sözlə.

Don Alfonso – (yavaşdan donna Lukresiyaya) Onlar da söz saxlaya bilirmiş. (Bərkdən) Gəlin bundan danışmayaq, sinyor Cennaro.

Cennaro – Mən həyatımı qurtarmaq üçün özümü alçaltmadım. Bir halda ki, zati-aliləri həyatımı bağışlayır, onda sizdən sirr saxlamayacağam. Zati-aliləri iki il əvvəl Faensının mühasirəsini xatırlayır. Sizin atanız, zati-aliləri hersoq Erkole d`Este, Valantinna hersoqunun iki oxatan əsgəri tərəfindən mühasirəyə alındığı və ölüm təhlükəsiylə üz-üzə qaldığı vaxt naməlum əsgər tərəfindən xilas edilir.

Don Alfonso – Hə, elədir. Həmin əsgəri sonra tapmadılar.

Cennaro – O əsgər mən idim.

Don Alfonso – Bu, məncə mükafata layiqdir. Kapitan, siz qızılla dolu bu kisəni qəbul edərsiniz?

Cennaro – Respublikaya xidmətə girəndə biz başqa hökmdardan mükafat almayacağımıza dair and içmişik. Əgər zati-aliləri icazə versə, mən kisəni qəbul edib bu cəsur əsgərlər arasında bölərdim.

Don Alfonso – Buyurun. (Cennaro kisəni alır) Əgər belədirsə, əcdadlarımızın adətinə görə siz mənimlə bir badə sirakuz şərabı içməlisiniz.

Cennaro – Məmnuniyyətlə, zati-aliləri.

Don Alfonso – Atamı xilas etdiyinizə görə icazə verin şərabı hersoqinya özü süzsün.

Cennaro baş əyir və qızılları bölmək üçün əsgərlərə yaxınlaşır.

Don Alfonso – Rustiqello! – Rustiqello sini ilə gəlir. – Sinini stolun üstünə qoy. (Donna Lukresiyanın əlindən tutur) Sinyora, görün bu adama nə deyirəm. – Rustiqello, yenə qapının dalında dayan və qılıncı hazır saxla, əgər zınqırovun səsini eşitsən, gəl. Get. -

Rustiqello gedir. Qapının dalında dayandığı görünür.

- Sinyora, bu cavan oğlan üçün şərabı qızıl qrafindən süzəcəksiniz, unutmayın.

Donna Lukresiya – (zəif səslə, halsız) Hə... Əgər siz indi nə etdiyinizin fərqinə varsaydınız, nə qədər hissiz olsanız da dəhşətə gələrdiniz.

Don Alfonso – Unutmayın, qızıldan. Nə oldu, kapitan?

Cennaro pulu bölüb onların yanına qayıdır. Hersoq gümüş qrafindən badəsini doldurub içir.

Cennaro – Məni utandırırsınız, zati-aliləri.

Don Alfonso – Sinyora, sinyor Cennaroya şərab verin. Neçə yaşınız var, kapitan?

Cennaro – (badəsini götürüb hersoqinyaya uzadır) İyirmi.

Don Alfonso – (gümüş qrafini götürmək istəyən hersoqinyaya qıçıltı ilə) Qızıldan, sinyora!

O əli əsə-əsə qızılı götürür.

Don Alfonso – Yəqin ki, kimisə sevirsiniz?

Cennaro – Az da olsa kimisə sevməyən adam var?

Don Alfonso – Bilirsinizmi, sinyora, bu cavanı həyatdan, sevgidən, günəşli İtaliyadan, iyirmi yaşın gözəlliyindən, müharibənin ləzzətli macəralarından, bayramlardan, maskaradlardan, saysız-hesabsız ərin aldadıldığı şən Venesiya karnavallarından, bu cavana vurulmalı olan gözəllərdən məhrum etmək necə qəddarlıq olardı? Nə üçün süzmürsünüz? (Pıçıltıyla) Elə eləməyin ki, Rustiqellonu çağırım.

Donna Lukresiya Cennaro üçün şərab süzür.

Cennaro – Zati-alilərinə minnətdaram ki, yazıq anam üçün yaşamağıma imkan verdi.

Donna Lukresiya – (tərəfə) Dəhşət!

Don Alfonso – (içir) Sizin sağlığınıza, kapitan Cennaro, ömrünüz uzun olsun!

Cennaro – Sizin də, zati-aliləri! (İçir)

Donna Lukresiya – (tərəfə) Aman tanrı!

Don Alfonso – (tərəfə) İş qurtardı. (bərkdən) İndisə mən sizi buraxıram, kapitan, haçan istəsəniz Venesiyaya qayıda bilərsiniz. (Donna Lukresiyaya yavaşdan) Sinyora, mənə çox sağ ol deyin ki, sizi onunla tək qoyuram. Yəqin ki, siz onunla halallaşmaq istəyirsiniz. Əgər istəyirsinizsə, qoy o həyatının axırıncı on beş dəqiqəsini sizin olsun.

Gedir, əsgərlər də onun dalınca.

Altıncı şəkil

Donna Lukresiya və Cennaro. Rustiqello da qapının dalında.

Donna Lukresiya – Cennaro, sizi zəhərləyiblər!

Cennaro – Zəhərləyiblər?

Donna Lukresiya – Hə.

Cennaro – Təxmin etməliydim. Axı şərabı siz süzdünüz.

Donna Lukresiya – Məni öldürməyin, Cennaro. Olan-qalan gücümü də almayın. Onlar hələ mənə bir neçə dəqiqəlik də lazımdır. Qulaq asın. Hersoq məni sizə qısqanır, elə bilir biz sevişirik. Hersoq mənə şərt kəsdi, ya Rustiqellonun sizi öldürməyinə baxmalıydım, ya da özüm sizə zəhərli şərab verməliydim. O qorxulu zəhərdir, elə zəhərdir ki, axırıncı iyirmi ilin tarixini bilən hər italyan onun adını eşidən kimi ayaq üstdə ölüb dirilər...

Cennaro – Hə, Borcia zəhəri!

Donna Lukresiya – Siz onu içdiniz. Dünyada heç kim bu zəhərin qabağını nəyin ala biləcəyini bilmir. Heç kim, Roma papasından, Valantinna hersoqundan və məndən başqa heç kim. Budur o, mən onu həmişə üstündə gəzdirirəm. Bu şüşədə, Cennaro, həyat, sağlamlıq, xilas var. Bir damcı, bir qurtum – və siz xilas olmusunuz.

Şüşəni Cennaronun dodaqlarına yaxınlaşdırmaq istəyir, amma o dala çəkilir.

Cennaro – (ona nifrətlə baxaraq) Kim zəmanət verə bilər ki, o zəhər deyil?

Donna Lukresiya – (halsız kresloya yıxılır) Aman tanrı! Aman tanrı!

Cennaro – Bəyəm sizin adınız Lukresiya Borcia deyil? Bəlkə Bəyazidin qardaşını unutduğumu fikirləşirsiniz? Mən də tarixdən bəzi şeylər bilirəm. Ona da dedilər ki, VIII Karl onu zəhərləyib və ona zəhəri zərərsizləşdirən maye verdilər, o isə öldü. Ona mayeni verən əllər isə indi bu şüşəni tutub.

Donna Lukresiya – Mən bədbəxtəm!

Cennaro – Qulaq asın, sinyora, özünüzü məni sevirmiş kimi göstərirsiniz, amma mən aldanmayacağam. Sizin mənə qarşı qorxunc fikirləriniz var. Bunu bilirəm. Siz deyəsən mənim kim olduğumu bilirsiniz. Sizin üzünüzdən görünür ki, bilirsiniz və o da görünür ki, bu sirri mənə açmamağınız üçün səbəb var. Bəlkə də sizin ailə bizim ailəni tanıyır və o da ola bilər ki, məni zəhərləməklə anamdan qisas alasınız.

Donna Lukresiya – Sizin ananız, Cennaro! Bilmirəm siz onu necə təsəvvür edirsiniz, amma sizə desələr ki, o mənim kimi cinayətkarın biridir, inanarsınız?

Cennaro – Ona şər atmayın! Yox! Mənim anam sizin kimi deyil, sinyora Lukresiya! Mən onu öz ürəyimdə, ruhumda olduğu kimi hiss edirəm. Onun surəti məndədir, o mənimlə doğulub. Əgər o mənə layiq olmasaydı, onu belə sevməzdim. Oğul ürəyi ana barəsində səhv etmir. Əgər o sizə oxşasaydı mən ona nifrət edərdim. Amma yox, yox! İçimdən bir səs mənə deyir ki, anam sizin kimi iblislərdən deyil! Aman tanrı! Əgər dünyada günahsız, xeyirxah, müqəddəs qadın varsa, əminəm ki, mənim anamdır! O belədir və başqa cür ola da bilməz. Yəqin siz onu tanıyırsınız, sinyora Lukresiya.

Donna Lukresiya – Yox, Cennaro, o qadını, sizin ananızı tanımıram!

Cennaro – Mən gör kiminlə nə danışıram! Lukresiya Borcia, analıq hissinin nə olduğunu siz axı haradan biləsiniz? Eşitdiyimə görə sizin uşağınız yoxdur və bu da sizinçün xoşbəxtlikdir. Bilirsiniz, sinyora, əgər sizin uşaqlarınız olsaydı, onlar yəqin ki, sizdən imtina edərdilər! O cür bədbəxt, səfil adam haradadır ki, sizin kimi anası olmağına razı olsun? Lukresiya Borcianın oğlu olmaq! Lukresiya Borcianı ana deyə çağırmaq!

Donna Lukresiya – Cennaro, siz zəhərlənmisiniz. Sizi artıq ölmüş bilən hersoq hər an qayıda bilər! Mən ancaq onu fikirləşirəm ki, sizi necə xilas edim, qaçmağınıza necə kömək edim? Sizsə qorxunc sözlərinizlə məni dəhşətə gətirirsiniz...

Cennaro – Sinyora...

Donna Lukresiya – Qurtarmaq lazımdır! Məni damğalayın, öldürün, amma bunu için – siz zəhərlənmisiniz!

Cennaro – Kimə inanım, sinyora? Hersoq yaxşı adamdır və mən onun atasını xilas etmişəm. Sizi isə təhqir etmişəm və qisas üçün səbəbiniz var.

Donna Lukresiya – Səndən qisas almaq, Cennaro? Sənin ömrünü bir saat artırmaq üçün bütün ömrümü verərdim, bir damcı göz yaşına qanımı qurban verərdim, bircə arzunuzun yerinə yetməsi üçün cəhənnəm əzabı çəkərdim, sənin ayaqlarından öpərdim, Cennaro! Ürəyim səninlə doludur! Vaxt dayanmır, Cennaro, zəhər öz işini görür, indicə onu hiss edəcəksən və sonra gec olacaq. Həyat sənin qabağında iki uçurum açıb, birində dəqiqələr işləyir, o birində saatlar. Sən birini seçməlisən. Bu qorxulu seçimdir. Səni yönləndirməyimə icazə ver. İkimizə də yazığın gəlsin, Cennaro! Tanrı xatirinə, tez iç!

Cennaro – Yaxşı, qoy olsun! Əgər burada da cinayət varsa, cəzasını çəkəcəksiniz. Düz deyiriniz, ya yox, orasını bilmirəm, amma mənim həyatım bu cür mübahisələrə dəyməz. Verin.

Şüşəni götürüb içir.

Donna Lukresiya – Xilas oldun! İndi Venesiyaya tələs. Pulun var?

Cennaro – Var.

Donna Lukresiya – Hersoq elə bilir siz ölmüsünüz. Sənin qaçmağını gizlətmək asan olacaq. Dayan! Bu şüşəni götür və həmişə özünlə gəzdir. Bizim zəmanədə çox yerdə zəhər işləyir. Sənsə xüsusən təhlükədəsən. Tez get! (o gizli qapını açır) Bu pilləkanla düş. O Neqroni meydanına çıxır. Oradan getmək sənə rahat olacaq. Səhəri gözləmə, günün batmağını gözləmə, bir saat, heç yarım yarım saat da gözləmə! Ferraradan çıx, dala da baxma! Əlvida! Yox, bir dəqiqə gözlə. Cennaro, sənə daha bir söz deməliyəm.

Cennaro – Deyin, sinyora.

Donna Lukresiya – Biz ayrılırıq. Cennaro, bir daha görüşməyəcəyik. Səni haçansa görəcəyimi heç arzulaya da bilmərəm. Bu isə mənim yeganə sevincim olardı. Amma bu həm də sənin başının kəsilməsilə nəticələnə bilər. Biz bu həyatda həmişəlik ayrılırıq! Heyif! Bir də heç vaxt görüşməyəcəyimizə əminəm! O, Cennaro! Ayrılmamışdan qabaq mənə bir söz deməyəcəksən?

Cennaro – Sinyora...

Donna Lukresiya – Mən axı, hər necə olsa səni xilas etmişəm!

Cennaro – Heç bilmirəm nə fikirləşim. Bilirsiniz, sinyora, hər şeyi bağışlayaram, bircə şeydən başqa.

Donna Lukresiya – Nədən?

Cennaro – And için, nə sizə əzizdirsə ona and için ki, cinayətlərinizin anamla əlaqəsi yoxdur.

Donna Lukresiya – Mən boş şey danışmıram. Mən bunu edə bilmərəm.

Cennaro – Mənim anam! Budur o, bu qorxulu qadın, sənin bütün bədbəxtliyinin səbəbkarıdır.

Donna Lukresiya – Cennaro!

Cennaro – Siz özünüz boynunuza aldınız, sinyora. Əlvida! Mən sizi lənətləyirəm!

Donna Lukresiya – Mənsə sənə xeyir-dua verirəm, Cennaro!

Cennaro gedir, donna Lukresiya hissiz kresloya çökür.

İkinci hissə

Birinci pərdənin ikinci hissəsinin dekorasiyası. Hersoq sarayı, Cennaronun evi, meydan.

Birinci şəkil

Don Alfonso və Rustiqello, plaşa bürünüblər.

Rustiqello – Bəli, zati-aliləri, hər şey beləcə olub. Bilmirəm ona nə verdi, amma onu xilsa elədi və onu Neqroni meydanına göndərdi.

Don Alfonso – Sən də dayanıb baxdın?

Rustiqello – Nə edə bilərdim? O qapını bağlamışdı. Mən çıxa bilmədim.

Don Alfonso – Qapını sındıraydın.

Rustiqello – Qapı palıd ağacında, kilidi poladdan. Asan işdir?

Don Alfonso – Deyirəm sənə qapını sındırıb onu öldürmək lazım idi.

Rustiqello – Mən qapını sındırsaydım da, donna Lukresiya onu qoruyardı. Onda gərək onu da öldürəydim.

Don Alfonso – Nə olsun? Öldürəydin.

Rustiqello – Bu mənə əmr olunmamışdı.

Don Alfonso – O nökər yaxşıdır ki, hökmdarı sözsüz də başa düşür.

Rustiqello – Ondan başqa, sizin aranız papa ilə də pozula bilərdi.

Don Alfonso – Axmaq!

Rustiqello – Zarafat deyil ki! Müqəddəs atanın qızını öldürmək!

Don Alfonso – Heç ağlına gəlmədi ki, qışqırıb məni çağırasan?

Rustiqello – Hə, sabah siz donna Lukresiya ilə barışaydınız və birisigün donna Lukresiya məni asmağı əmr edəydi.

Don Alfonso – Bəsdir! Özün dedin ki, hələ hər şey itirilməyib.

Rustiqello – Hər şey itirilməyib. Görürsünüz, pəncərədən işıq gəlir. Cennaro hələ buradadır. Hersoqinyanın satın aldığı Cennaronun nökərini indi mən satın almışam. O hər şeyi mənə danışıb. İndi o yəhərlənmiş iki atla qalanın yanındadır. Cennaro indilərdə çıxacaq.

Don Alfonso – Belədirsə, gizlənək. Gecə zülmətdir. O yanımızdan keçəndə onu öldürərik.

Rustiqello – Oldu.

Don Alfonso – Qılıncın etibarlıdır?

Rustiqello – Etibarlıdır.

Don Alfonso – Xəncərin də var?

Rustiqello – Dünyada iki şey tapmaq olmaz – xəncərsiz italyan kişisi və oynaşsız italyan arvadı.

Don Alfonso – Yaxşı, hər iki əlinlə, var gücünlə vurarsan.

Rustiqello – Olmaz ki, onu sadəcə həbs edək? Sonra məkəmənin qərarıyla asarıq.

Don Alfonso – O Venesiyanın tabeliyindədir, bu da respublikaya müharibə elan etmək olardı. Xəncər zərbəsinin haradan və kim tərəfindən gəldiyi bilinmir. Zəhərləmək daha yaxşı idi, amma alınmadı.

Rustiqello – Bəlkə dörd əsgər götürüm ki, siz özünüz zəhmət çəkməyəsiniz? Onlar bir saniyəyə Cennaronu o dünyaya göndərər.

Don Alfonso – Dostum sinyor Makyavelli tez-tez deyirdi ki, bəzi hallarda hökmdar öz işini özü görməlidir.

Rustiqello – Zati-aliləri, kimsə gəlir.

Don Alfonso – Gizlənək.

Onlar eyvanın altında, qaranlıqda gizlənirlər. maffio bayram libasında nəsə içərək Cennaronun qapısını döyür.

İkinci şəkil

Həminkilər, Maffio və Cennaro

Maffio – Cennaro!

Qapı açılır, Cennaro görünür.

Cennaro – Sənsən, Maffio, gəl içəri.

Maffio – Yox. Sənə iki kəlmə sözüm var. Sən doğrudan knyaginya Neqroninin evinə getmək istəmirsən?

Cennaro – Məni dəvət etməyiblər.

Maffio – Mən səni təqdim edərəm.

Cennaro – Başqa səbəb də var. Sənə deməliyəm. Mən gedirəm.

Maffio – Necə? Gedirsən?

Cennaro – On beş dəqiqədən sonra.

Maffio – Nə üçün?

Cennaro – Bunu sənə Venesiyada deyəcəyəm.

Maffio – Sevgi məsələsidir?

Cennaro – Hə.

Maffio – Sən düz eləmirsən, Cennaro. Biz and içmişik ki, heç vaxt ayrılmayaq. Sənsə məni qoyub gedirsən?

Cennaro – Gəl bir yerdə gedək.

Maffio – Yaxşısı, sən mənimlə gəl. Gecəni hər tərəfi quldurlarla dolu olan yolda keçirtməkdənsə, şam yeməyində, gözəl qadınların, xoşsöhbət dostların əhatəsində keçirtmək daha yaxşıdır.

Cennaro – Səhər knyaginya Neqroni haqqında başqa cür fikirləşirdin.

Maffio – Araşdırdım, Ceppo düz deyir. O cazibədar qadındır, şəndir, şeiri və musiqini sevir. Gəl gedək!

Cennaro – Yox.

Maffio – Gecənin bir aləmi hara gedirsən? Səni öldürərlər.

Cennaro – Qorxma. Hələlik. Sizə əyləncəli gecə arzulayıram.

Maffio – Qardaşım Cennaro, sənin getməyin mənim ürəyimcə deyil.

Cennaro – Qardaşım Maffio, bu şam yeməyi də mənim ürəyimcə deyil.

Maffio – Bəlkə sənin başına bir şey gəldi, mənsə yanında olmadım?

Cennaro – Bəlkə də mən bu gün səni qoyub getdiyim üçün sabah özümü qınayacağam?

Maffio – Gəl ayrılmayaq. Bu gün knyaginya Neqronigilə gdək, sabah yola düşərik. Olar?

Cennaro – Deyəsən, nə üçün getmək istədiyimi sənə danışmalı olacağam. İndi özün fikirləş.

Maffionu qırağa çəkib qulağına pıçıldayır.

Rustiqello – (qaranlıqda, pıçıltıyla) Zati-aliləri, hücum edək?

Don Alfonso – (pıçıltıyla) Gözləyək.

Maffio – (Cennaroya qulaq asıb gülür) Bilirsən, Cennaro, səni aldadıblar. Bu hadisədə nə zəhər olub, nə də zəhərə qarşı dərman. Bu sadəcə oyundur. Lukresiya sənə dəlicəsinə aşiq olub və beləcə, guya sənin həyatını xilas edib. Yəqin fikirləşir ki, bundan sonra sən onu sevəcəksən. Hersoq yaxşı adamdır, o nə kimisə zəhərləyər, nə də öldürər. Bundan başqa sən onun atasını xilas etmisən, o da bunu bilir. Hersoqinya sənin getməyini istəyir, burası məlumdur. Venesiya Ferraradan daha əlverişlidir. Ərinin yanında olmağı deyəsən, onu az da olsa utandırır. Qaldı ki, Neqroninin ziyafətinə, möhtəşəm olacaq. Sən də gələcəksən. Bilirsən ki, mən olduqca ehtiyatlıyam və pis məsləhət vermirəm. Əgər Borcialar ailəsi şam süfrəsində bir neçə dostlarını zəhərləyiblərsə, bu o demək deyil ki, heç yerdə şam etmək olmaz. Sirakuz şərabında həmişə zəhər və bütün İtaliya qızlarının simasında da Lukresiya Borcia görmək olmaz. Belə olardısa, ancaq kasıblar rahat yemək yeyə bilərdilər. Herakla and olsun, indi özün seç: ya uşaq ol, ya da kişi.

Cennaro – Əslinə qalsa, gecəylə qaçmaq qəribədir. Qorxaqlığa oxşayır. Əgər qalmaq təhlükəlidirsə, Maffionu tək qoymamalıyam. Nə olmalıdırsa olsun. Hər şey qismət işidir. Sən məni knyaginya Neqroniyə təqdim edərsən. Səninlə gedirəm.

Maffio – (onun əlindən tutur) Buna deyərəm əsil dostluq!

Gedirlər. Don Alfonso və Rustiqello çıxır.

Rustiqello – (qılıncını hazır tutur) Nəyi gözləyirik, zati-aliləri? İki nəfərdirlər. siz birini, mən birini.

Don Alfonso – Yox, Rustiqello. Onlar knyaginya Neqronigilə gedirlər. Eşitdiyimə görə (bir az dayanır, birdən gülür). Bu daha yaxşıdır. Sabahacan gözləyək.

Üçüncü pərdə

Şərab və ölüm

Neqroninin sarayında möhtəşəm zal. Sağda qapı. Üzbəüz böyük, ikilaylı qapı. Ortada on altıncı əsrin zövqüylə bəzədilmiş stol. Ətrafında qızılı rəngdə paltar geyinmiş qulluqçular gəzişir. Pərdə qalxanda süfrə ətrafında on dörd nəfər oturub: Ceppo, Maffio, Askanio, Oloferno, Apostolo, Cennaro, Qubetta və yeddi cavan, gözəl, səliqəli geyinmiş qadın. Cennarodan başqa hamı deyir-gülür.

Birinci şəkil

Ceppo, Maffio, Askanio, Oloferno, don Apostolo, Qubetta, Cennaro, qadınlar, qulluqçular.

Oloferno – (əlində badə) Var olsun xeres, ən gözəl şərab! Xeres de la Frontera – cənnət şəhəri!

Maffio – (o da əlində badə) Bu şərab sizin əhvalatlarınızdan daha yaxşıdır, Ceppo.

Askanio – Ceppo içəndə əhvalat danışmaq istəyir.

Don Apostolo – Bir neçə gün qabaq Venesiyada, doj Barbariqonun yanında, indisə Ferrarada, knyaginya Neqroninin yanında.

Ceppo – Onda qorxulu əhvalatlar idi, indisə gülməlidir.

Maffio – Gülməli, Ceppo? Otuz yaşlı, yaraşıqlı don Siliçeonun bütün var-dövlətini qumarda uduzandan sonra qırx səkkiz yaşlı markiza Kalpurni ilə evlənməyinin nəyi gülməlidir?

Qubetta – Adi və kədərli əhvalatdır. Məhv olmağa başlamış kişi məhv olmuş qadınla evlənir. Bu cür hadisələri hər gün görürük. (yeməyə başlayır)

Zamanla qonaqlardan bəziləri durub qıraqda danışır, sonra yerlərinə qayıdır. Qonaqlıq davam edir.

Knyaginya Neqroni – (Cennaronu Maffioya göstərir) Qraf Orsini! Sizin dostunuz çox qəmgindir.

Maffio – O həmişə belədir, sinyora. Bağışlayın ki, onu gətirmişəm. Siz ki, onu dəvət eləməmişdiniz. Biz onunla silah qardaşlarıyıq. O Riminidə mənim həyatımı qurtarıb, mənsə Vişensedə ona tuşlanmış qılınc zərbəsinin qabağına girdim. Heç vaxt ayrılmırıq, həmişə bir yerdəyik. Bir qaraçı bizə deyib ki, eyni gündə də öləcəyik.

Knyaginya Neqroni – (gülür) O sizin gecə ya səhər öləcəyinizi də demədi ki?

Maffio – Dediyinə görə səhər.

Knyaginya Neqroni – (daha bərk gülür) Sizin qaraçı nə dediyini özü də bilmir. Onu çox istəyirsiniz?

Maffio – Kişinin kişini istəyəcəyi qədər.

Knyaginya Neqroni – Bir-birinizi tamamlayırsınız. Siz xoşbəxtsiniz.

Maffio – Sinyora, dostluq bütün ürəyi doldurmur.

Knyaginya Neqroni – Aman tanrı! Bəs nə doldurur?

Maffio – Sevgi.

Knyaginya Neqroni – Sizin sevginiz dilinizdədir.

Maffio – Sizinsə baxışınızda.

Kyaginya Neqroni – Necə də sehrkarsınız!

Maffio – Necə də gözəlsiniz! (Onun əlindən tutur)

Knyaginya Neqroni – Qraf Orsini, buraxın!

Maffio – İcazə verin əlinizi öpüm.

Knyaginya Neqroni – Yox! (Əlinin çəkir)

Qubetta – (Maffioya yaxınlaşır) Deyəsən knyaginya ilə aranız pis deyil?

Maffio – O mənə ancaq “yox” deyir.

Qubetta – Qadınların “yox”u “hə”nin böyük qardaşıdır.

Ceppo – (Maffioya yaxınlaşır) Knyaginyadan xoşun gəldi?

Maffio – İlahi gözəlliyə malikdir. Öz aramızdır, o mənim ürəyimi yaralamağa başlayıb.

Ceppo – Bəs şam yeməyi?

Maffio – Əsil ziyafətdir.

Ceppo – Knyaginya duldur.

Maffio – Hiss olunur.

Ceppo – Ümid edirəm, bir daha onun dəvətlərini rədd etməyəcəksən.

Maffio – Nə danışırsan! Onda ağılsızlıq elədim.

Ceppo – (Qubettaya) İnanmazsınız, sinyor Belverana, Maffio bura gəlməyə qorxurdu.

Qubetta – Qorxurdu? Nə üçün?

Ceppo – Neqroni sarayının Borcia sarayı ilə əlaqəsi olduğu üçün.

Qubetta – Cəhənnəm olsun bu Borcialar! İçək!

Ceppo – (Maffioya yavaşdan) Belverananı ona görə sevirəm ki, o da Borcianı sevmir.

Maffio – (yavaşdan) Hə, doğrudan da o, Borcianı cəhənnəmə göndərməyə məqam axtarır. Amma yenə də, əzizim Ceppo...

Ceppo – Nə?

Maffio – Bayaqdan bu ispana göz qoyuram, o ancaq su içir.

Ceppo – Əziz Maffio, yenə şübhə edirsən? Nə olub?

Maffio – Bəlkə də sən haqlısan. Mən ağılsızam.

Qubetta – (qayıdıb Maffionu başdan-ayağa süzür) Bilirsiniz, sinyor Maffio, belə oturanda mənim doxsan yaşlı babama oxşayırsınız. Onun da adı mənimki kimi idi, don Xil-Basilio-Fernan-İreneo-Felipe-Frasko-Fraskito qraf de Belverana.

Ceppo – (Maffioya yavaşdan) Ümid edirəm, daha onun ospan olduğuna şübhə etmirsən? Onu xaç suyuna salanda azı iyirmi ad veriblər. – Elə bil siyahıdır, sinyor Belverana.

Qubetta – Biz valideynlərimiz evlənəndə verdikləri qızıldan daha çox xaç suyuna salanda ad verməyə öyrəşiblər. Nə üçün belə edirlər? (tərəfə) Qadınları burdan göndərmək lazımdır. Amma necə? (oturur)

Oloferno – (içir) Cənablar, and olsun Herakla, heç vaxt belə gecə keçirməmişdim. Bu şərabdan da heç olmaz, axı bu sirakuz şərabıdır.

Qubetta – (yeyə-yeyə) Oloferno sərxoş olub.

Oloferno – Xanımlar, mən indicə qoşduğum şeiri oxumaya bilmərəm. Bu cür ziyafəti layiqincə tərif etmək üçün daha yaxşı şair olmaq istərdim.

Qubetta – Mən də daha varlı olmaq və dostlarıma belə ziyafətlər vermək istərdim.

Oloferno – Gözəl qadını və möhtəşəm ziyafəti tərif etməkdən gözəl heç nə yoxdur.

Qubetta – Birincini qucaqlamaq və ikincini yemək daha gözəldir.

Oloferno – Bəli, mən şair olmaq istərdim. İstərdim ki, qanadım olsun, göylərdə uçum...

Qubetta – Mənim qabağımdakı quş kimi.

Oloferno – Nə olur olsun, mən sizə öz sonetimi oxuyacağam.

Qubetta – Cəhənnəm olsun sonet, sinyor markiz Oloferno Vitelloçço! İcazə verirəm onu oxumayasınız. İçək!

Oloferno – İcazə verirsiniz ki, öz sonetimi oxumayım?

Qubetta – İtlərə mənə hürməməyə, papaya mənə xeyir-dua verməməyə, yoldan keçənlərə mənə daş atmamağa icazə verdiyim kimi.

Oloferno – Deyəsən siz məni təhqir edirsiniz, mənim balaca ispanım.

Qubetta – Mən sizi təhqir etmirəm, mənim italyanım. Mən sizin sonetinizə qulaq asmaqdan imtina edirəm. Bu qədər. Boğazım kipr şərabını qulağımın soneti sevdiyindən daha çox sevir.

Oloferno – Mən sizin qulaqlarınızı divara mıxlayaram.

Qubetta – Siz nadir adamsınız! Fu! Kimsə belə hörmətsizlik görüb? Sirakuz şərabını içib özünü elə aparır ki, elə bil pivədən sərxoş olub.

Oloferno – Bilirsiniz, sizi dörd yerə böləcəyəm!

Qubetta – (quşu parçalayır) Mən sizə cavab verməyəcəyəm, başım qarışıqdır. Xanımlar, quş əti istəmirsiniz?

Oloferno – Cəhənnəmə ki! (Bıçağı götürür) Mən bu yaramazın boğazını üzəcəyəm, istəyir lap imperatorun tanışı olsun!

Qadınlar – (stoldan duraraq) Aman tanrı! Onlar indi vuruşacaqlar!

Kişilər – Oloferno, sakit ol!

Onlar Qubettaya hücum etmək istəyən Olofernonu saxlayırlar. Qadınlar sağdakı qapıdan çıxırlar.

Oloferno – (çırpınır) Buraxın məni!

Qubetta – Mənim əziz şairim, siz o qədər şeytanı çağırdınız ki, qadınları qaçırtdınız. Necə də ehtiyatsızsınız.

Ceppo – Burası düzdür. Onlar hara getdilər?

Maffio – Onlar qorxdular.

Askanio – Heç nə olmaz, qayıdarlar.

Oloferno – (Qubettaya) Sabah səni tapacağam!

Qubetta – Sabah haçan lazım olsam!

Oloferno səntirləyib yerinə oturur. Qubetta gülür.

Qubetta – Axmağın biri axmaq. Ferraranın ən gözəl qadınlarını sonetə tuşlanmış bıçaqla qorxutdu! Hansısa şeirə görə hirsləndi! Onun doğrudan da qanadları var. O adam deyil, qazdır.

Ceppo – Sinyorlar, bəsdir, sakitləşin. And olsun Yupiterə, sabah bir-birinizin boğazını kəsə bilərsiniz. Hər halda, zadəgana yaraşan şəkildə, qılıncla vuruşarsınız, bıçaqla yox.

Askanio – Bizim qılınclarımız haradadır?

Don Askanio – Bura girəndə bizdən aldılar axı.

Qubetta – Yaxşı ki, uzaqgörənlik ediblər. Yoxsa biz qadınların qabağında vuruşardıq.

Cennaro – Uzaqgörənlik? Bu nə danışır?

Maffio – Lənət şeytana! Bu, Cennaro, qonaqlıq başlayandan bu yana səndən eşitdiyim yeganə sözdür. Heç içmirsən də, bəlkə Lukresiya Bircianı arzulayırsan? Aranızda nəsə var? Gizlətmə!

Cennaro – Mənə şərab ver, Maffio. Dostlarımı nə davada qoyub qaçaram, nə də ziyafətdə.

Qara qulluqçu – (əlində iki qrafin) Cənablar, kipr şərabı istəyirsiniz, ya sirakuz?

Maffio – Sirakuz yaxşıdır.

Qara qulluqçu hamıya süzür.

Ceppo – Olofernoya nə deyim! Xanımlar nə üçün qayıtmadılar? (Yaxınlaşıb qapıları yoxlayır) Qapıları bağlayıblar, cənablar!

Maffio – Siz də qorxdunuz, Ceppo? Aydın məsələdir, onlar dallarınca qaçmağımızı istəmirlər.

Cennaro – Cənablar, içək!

Badələri toqquşdururlar.

Maffio – Cennaro, sənin sağlığına! Tezliklə ananı tapasan!

Cennaro – Tanrı səni eşitsin!

Qubettadan başqa hamı içir. O gizlincə şərabı yerə tökür.

Maffio – (Ceppoya yavaşdan) Bu dəfə özüm gördüm.

Ceppo – Nəyi?

Maffio – İspan içmədi.

Ceppo – Nə olsun?

Maffio – O şərabı yerə tökdü.

Ceppo – O sərxoşdur. Elə sən də.

Maffio – Ola bilər.

Qubatta – İndisə oxuyaq, cənablar! Mən sizə markiz Olofernonun sonetindən daha gözəl mahnı oxuyacağam. Atamın əziz, mehriban kəllə sümüyünə and olsun, onu mən qoşmamışam. Mən axı şair deyiləm. Budur mənim mahnım. O müqəddəs Pyotra həsr olunub.

Ceppo – (Maffioya) O sadəcə sərxoş deyil – o əyyaşdır.

Hamısı – (Cennarodan başqa) Mahnı! Mahnı!

Qubetta – (oxuyur)

Apostol Pyotr, qapını aç.

Girsin ruhu təmizlər.

Zilsəsli dodaqlarsa

Qışqırarlar: Domine10

Hamı – (Cennarodan başqa)

Gloria, Domine11

Qubetta –

O bütün günü içir və oxuyur

Qarnını lap doldurub.

O bu cür gombulluqla

Cənnət qapısından keçməz.

Hamı – (Cennarodan başqa)

Gloria, Domine

Yüksək səslə gülürlər. Uzaqdan səs eşidilir.

Səs – Sanctum et terribile nomen eius. İnitium sapientiae timor Domini12

Ceppo – (daha bərk gülür) Cənablar, qulaq asın! Bizim səsimiz əks-səda verir. Vakxaya and olsun!

Hamısı – Qulaq asaq.

Səs – (bir az yaxından) Nisi Dominus custodierit civitatem, frusto vigilat qui custodit earn13.

Hamı gülür.

Ceppo – Əsil kilsə mahnısıdır.

Maffio – Deyəsən meyid aparırlar.

Cennaro – Gecənin bu vaxtı? Gec deyil?

Ceppo – Davam edin, sinyor Belverana.

Səs – (daha yaxından) Oculos habent, et non videbunt. Nares habent, et non odorabunt. Aures habent, et non audient14.

Hamı gülür.

Ceppo – Bu rahiblər aləmdir!

Maffio – Cennaro, işıq zəifləyir. İndilərdə sönəcək.

İşıq həqiqətən əzifləyir. Elə bil yağı qurtarıb.

Səs – (daha yaxından) Manus habent, et non palpabunt, pedes habent, et non ambulabunt, non clamabunt in gutture suo15.

Cennaro – Səs yaxından gəlir.

Ceppo – Məncə onlar pəncərənin qabağından keçir.

Maffio – Bu ölü duasıdır.

Askanio – Kimisə basdırırlar.

Ceppo – Gəlin ölənin sağlığına içək.

Qubetta – Bəlkə ölən bir neçə nəfərdir, haradan bilirsiniz?

Ceppo – Onda hamısının sağlığına.

Apostolo – (Qubettaya) Əhsən! Bizsə müqəddəs Pyotr haqqındakı söhbətimizə davam edək.

Qubetta – Mülayim olun. Cənnət qapılarının layiqli və etibarlı qoruyucusu demək lazım idi. (Oxuyur)

Əgər cənnət məkanı

Kimsəsiz adadırsa.

İspan şərabında üzmək üçün

Pyotr, bizi balığa döndər!

Hamı – (bərkdən gülərək)

Pyotr, bizi balığa döndər!

İri ikilaylı qapı açılır. Məşəllərlə işıqlandırılmış iri, qara zal görünür. Qarşı divarda iri xaç asılıb. Qara və ağ geyinmiş və başlarına paltarın papağını salmış rahiblər əllərində məşəllə zala girirlər. Oxuyurlar:

De profundis clamavi ad te, Domine!16

Sonra onlar zalda iki tərəfdə sıra ilə dayanırlar. Hamı heyrətlə onlara baxır.

Maffio – Bu nə deməkdir?

Ceppo – (məcburi gülümsəyir) Zarafatdır. Mərcə gəlirəm, uduzsam atımı donuzla, adımı Liveretto Borcia ilə dəyişərəm ki, bunlar bizim xanımlarımızdır. Bizi yoxlamaq üçün belə geyiniblər. Üzlərini açsaq günəş kimi parlaq sima görərik. Baxın. (Gülə-gülə birinin papağını qaldırır və donmuş rahib sifəti görən kimi dala çəkilir) Bu nə deməkdir?

Maffio – Nədənsə qanım donmağa başlayır.

Rahiblər – (oxuyurlar) Conquassabit capita in terra multorum.17

Ceppo – Necə dəhşətlidir! Qılınclar! Bizim qılınclarımız! Bu nədir, cənablar? Biz şeytanın qonaqlığındayıq!

İkinci şəkil

Onlar və donna Lukresiya

Donna Lukresiya – (qara paltarda gəlir) Siz mənim qonağımsınız!

Hamı – (Cennarodan başqa. O elə yerdə dayanıb ki, donna Lukresiya onu görmür) Lukresiya Borcia!

Donna Lukresiya – Bir neçə gün qabaq bu adı belə heyrətlə deməmişdiniz. Heyrətdən böyümüş gözlərinizlə mənə baxın. Bu mənəm, cənablar. Gəlmişəm deyim ki, hamınız zəhərlənmisiniz və ən çoxu bir saat yaşayarsınız. Tərpənməyin, mühasirədəsiniz. İndi mənim növbəmdir. Ceppo Liveretto, Vatikanın zirzəmilərində öldürtdüyüm əmin Vitellinin yanına get! Askanio Petruççi, şəhərini oğurlamaq üçün öldürdüyüm ögey qardaşın Pandolfonun yanına tələs! Oloferno Vitelloçço, ziyafətdə zəhərlədiyim əmin Yaqo d`Appiani səni gözləyir! Maffio Orsini, o dünyada yatan yerdə boğdurduğum qardaşın de Qravina ilə məndən danışarsan! Apostolo Qazella, deyirsən atan Françesko Qazellanın başını kəsdirmişəm, əmin oğlu Alfonso Araqonskini doğratdırmışam? Get onların yanına! Siz mənə Venesiyada bal düzəltmişdiniz, mən də əvəzini Ferrarada çıxıram. Əvəzə əvəz, cənablar!

Ceppo – Nə edək, Maffio?

Maffio – Tanrını fikirləşək.

Donna Lukresiya – Venesiya karnavalında tanış olduğum cavan dostlarım, deyəsən gözləmirdiniz? Məncə mən qisasımı aldım. Nə deyirsiniz, cənablar? Hansınız qisas qaydalarını bilirsiniz? Qadın üçün beləsi də pis deyil, hə? (Rahiblərə) Rahib atalarım, bunları o biri zala aparın, orada hər şey hazırdır. Qoy etiraflarını eləsinlər. Sizin meyidləriniz etibarlı əllərdədir. Bunlar müqəddəs Siksta kapellasının rahibləridir18. Onlar sizə necə lazımdır kömək edəcəklər. Qorxmayın, meyidləriniz yerdə qalmayacaq. (Qapının ağzında dayanmış rahiblərə) Rahib atalarım, bir az qırağa çəkilin. (Rahiblər çəkilir, o biri zalda beş dənə tabut görünür) Beş dənədir, sizin sayınız qədər. Ah, cavan adamlar, siz bədbəxt qadının ürəyini yaralayırsınız və düşünürsünüz ki, o qisas almayacaq! Bu, Ceppo, sənin tabutundur; bu, Maffio, səninkidir; Oloferno, Askanio, Apostollo, bu da sizin tabutlarınız!

Cennaro – (bir az qabağa gəlir) Sinyora, altıncı tabut da lazımdır.

Donna Lukresiya – Aman tanrı! Cennaro!

Cennaro – Özüdür ki, var.

Donna Lukresiya – Hamı getsin. Bizi tək qoyun. Qubetta, nə olur olsun, nə eşidirsən eşit, içəri heç kimi buraxma!

Qubetta – Oldu!

Rahiblər və qalanları çıxır.

Üçüncü şəkil

Cennaro, donna Lukresiya

Zal yarıqaranlıqdır. Qapılar yenə bağlanıb. Hər ikisi bir qədər susaraq bir-birinə baxır.

Donna Lukresiya – (öz-özünə) Bu Cennarodur!

Rahiblər – (səsləri gəlir) Nisi Dominus aedificaverit domum, in vanum laborant qui aedificant eam19.

Donna Lukresiya – Yenə siz, Cennaro! Hara əl atıram siz çıxırsınız! Bura necə gəlmisiniz?

Cennaro – Belə olacağını bilirdim.

Donna Lukresiya – Siz yenə zəhərlənmisiniz, öləcəksiniz!

Cennaro – İstəsəm, hə. Axı məndə zəhərə qarşı dərman var.

Donna Lukresiya – Hə, şükür tanrıya!

Cennaro – Sinyora, bu işlərdə mahirsiniz. Bu şüşədəki dərman altımıza da çatar?

Donna Likresiya – (şüşəyə baxır) Bu ancaq sizə çatar.

Cennaro – Başqası yoxunuzdur?

Donna Lukresiya – Olanı sizə vermişəm.

Cennaro – Yaxşı.

Donna Lukresiya – Nə edirsiniz, Cennaro? Tələsin. Belə şeylərlə zarafat eləmək olmaz. Dərmanı nə qədər tez içsəniz, o qədər yaxşıdır. Di için! Aman tanrı! Necə də ehtiyatsızsınız! Özünüzü xilas edin! Siz buradan ancaq mənim tanıdığım gizli yolla çıxacaqsınız. Hər şeyi düzəltmək olar. İndi gecədir. At da verərlər. Səhər Ferraradan çox uzaqda olarsınız. İçin və yola düşün. Siz xilas olmalısınız! Siz yaşamalısınız!

Cennaro – (stoldan bıçaq götürür) Söhbət ondan gedir ki, siz ölməlisiniz, sinyora!

Donna Lukresiya – Necə? Nə dediniz?

Cennaro – Deyirəm, siz xəyanətkarlıqla mənim beş dostumu zəhərləmisiniz. Viçensedə mənim həyatımı xilas edən Maffio Orsini də onların arasındadır. Deyirəm ki, siz pis iş görmüsünüz, mən Maffio Orsininin və o biri dostlarımın qisasını almalıyam və siz ölməlisiniz!

Donna Lukresiya – Aman tanrı!

Cennaro – Dua edin, sinyora. Tez olun. Mən zəhərlənmişəm və vaxt itirməməliyəm.

Donna Lukresiya – Yox, ola bilməz! Cennaro məni öldürsün?! Bəyəm bu mümkündür?

Cennaro – Bu həqiqətdir, sinyora. And olsun, mən sizin yerinizdə olsaydım, diz üstə çöküb tanrıya dua edərdim.

Donna Lukresiya – Yox! Bu mümkün deyil! Bu fikir heç mənim ağlıma da gəlməzdi. Bu nədir? Siz mənə bıçaq qaldırırsınız? Dayanın, Cennaro! Sizə bir söz deməliyəm.

Cennaro – Tez olun!

Donna Lukresiya – At bıçağı yerə, bədbəxt! Deyirəm at! Cennaro, bir bilsəydin! Bilirsən sən kimsən? Bilirsən mən kiməm? Sənə nə qədər yaxın olduğumu heç ağlına da gətirməzsən! Hər şeyi danışım? Bizim qanımız eynidir, Cennaro! Covanni Borcia, Qandianın hersoqu sənin atan idi!

Cennaro – Sizin qardaşınız? Siz mənim bibimsiniz?

Donna Lukresiya – (tərəfə) Bibisi!

Cennaro – Deməli, mən sizin qardaşınız oğluyam? Deməli mənim anamı, Qandia hersoqinyasını Borcialar ailəsi bədbəxt edib? Sinyora, anam məktublarında mənə sizdən yazır. Siz onun mənə yazdığı mərhəmətsiz qohumlardansınız – atamı öldürən, anamınsa həyatını göz yaşı və qanla dolduran qohumlardan! Deməli, mən sizdən həm də atamın qisasını almalıyam! Anamı sizdən xilas etməliyəm! Siz bibimsiniz! Siz mənim bibimsiniz! Mən də Borcia nəslindənəm! Ağlımı itirəcəyəm! Qulaq asın, Lukresiya Borcia, siz xeyli yaşamısınız və etdiyiniz əməllərin ucbatından, yəqin ki, özünüzə də nifrət edirsiniz. Şübhəsiz ki, yaşamaqdan yorulmusunuz, elə deyilmi? Onda hər şeyi qurtarmaq lazımdır. Bizim nəslimiz kimi nəsillərdə cinayətlər soyad kimi nəsildən-nəslə keçdikcə davam edir. Qurumuş budağı ağacdan ayırdığına görə heç kimi məzəmmət eləmirlər. İspan Mudarra sizdən də az pislik eləmiş əmisi Rodriqo de Laronu öldürdü və bu əməlinə görə şöhrət qazandı20. Bəsdir bu barədə danışdıq! Əgər tanrıya və ruhun ölümsüzlüyünə inanırsınızsa, onda ruhunuzu tanrıya təslim edin!

Donna Lukresiya – Cennaro, özünə yazığın gəlsin. Sən hələ günahsızsan, bu cinayəti eləmə!

Cennaro – Cinayət! Fikirlərim qarışır! Bəyəm mən cinayət edirəm? Qoy elə cinayət olsun – axı mən özüm də Borciayam! Diz çökün, bibi, diz çökün!

Donna Lukresiya – Heç bilirsən nə danışırsan, Cennaro? Sevgimə belə cavab verirsən?

Cennaro – Sevgi!..

Donna Lukresiya – Bu mümkün deyil. Mən səni ölümdən xilas etmək istəyirəm. Qışqırıb kömək çağıracağam.

Cennaro – Siz bu qapını açmayacaqsınız. Heç bir addım da atmayacaqsınız. Qışqırığınız isə sizi xilas edə bilməz. Siz ki, özünüz tapşırdınız, nə olur olsun, heç kim bura girməsin.

Donna Lukresiya – Sizin etdiyiniz alçaqlıqdır! Köməksiz qadını öldürmək! Ürəyiniz xeyirxahlıqla doludur. Qulaq as, istəsən məni sonra öldürərsən, həyatım üçün qorxmuram. Amma ürəyim partlayır, indiyəcən mənimlə çox qəddar olmusan. Sən cavansan, oğlum. Əgər ölməliyəmsə, sənin əlinlə ölmək istəmərəm. Başa düş, sənin məni öldürməyin mümkün deyil. Bu necə dəhşətli olardı! Bir də ki, Cennaro, mənim vaxtım hələ çatmayıb. Düzdür, saysız-hesabsız pis əməllərim olub, mən dahi cinayətkaram, dahi cinayətkar olduğum üçün də mənə etiraf və tövbə üçün vaxt vermək lazımdır. Bu vacibdir, Cennaro, eşidirsən?

Cennaro – Siz mənim bibimsiniz. Siz atamın bacısısınız. Lukresiya Borcia, anama nə etmisiniz?

Donna Lukresiya – Dayan! Aman tanrı, hər şeyi olduğu kimi deyə bilmirəm. Əgər desəydim, nifrətin ikiqat artardı. Mənə bir dəqiqə də imkan ver! Sən məni bağışlayacaqsan axı, düzdür? İstəyirsən rahibə olum? İstəyirsən kilsəyə qapanım? De! Əgər sənə desəydilər ki, o saçlarını kədirib, quru yerdə yatır, öz əliylə özünə məzar qazır, özünün buna çox ehtiyacı olsa da sənə görə dua edir, ürəyinin yarasına bir damcı göz yaşı axıtmağını arzulayır, bircə dəfə ona baxmağını istəyir, mənə yazığın gələrdi, yoxsa yenə də indiki səslə “sən Lukresiya Borciasan!” deyərdin? Mənə rəhmin gəlsin! Mənim Cennarom, məni öldürmə! Gəl ikimiz də yaşayaq – mən ölənəcən yalvarmaq üçün, sən bağışlamaq üçün! Nə üçün bədbəxt qadına yazığın gəlmir? Rəhm elə! Mənim Cennarom, sənin elədiyin alçaqlıq, rəzillik, qətl olardı! Kişi qadını öldürür! Yox, sən bunu eləməzsən, eləməyəcəksən!

Cennaro – (heyrətlə) Sinyora...

Donna Lukresiya – Bilirəm ki, rəhmin gələcək! Bunu sənin gözlərindən oxuyuram. İcazə ver ayaqlarına düşüb ağlayım.

Cennaro – Məni kim çağırır?

Səs – Qardaşım Cennaro!

Cennaro – Maffiodur!

Səs – Cennaro! Mən ölürəm! Qisasımı al!

Cennaro – Bəsdir, daha qulaq asmayacağam! Başa düşün, sinyora, siz ölməlisiniz!

Donna Lukresiya – Rəhm elə! Rəhm elə! Qoy bir söz də deyim!

Cennaro – Yox!

Donna Lukresiya – Bağışla məni. Qulaq as!

Cennaro – Yox!

Donna Lukresiya – Tanrı xatirinə!

Cennaro – Yox!

Onu bıçaqla vurur.

Donna Lukresiya – A!... Sən məni öldürdün! Cennaro, mən sənin ananam!

Pərdə

Son

İzahlar

1 1494-cü ildə Fransa kralı VIII Karl böyük ordu ilə Alp dağlarını keçib Cənubi və mərkəzi İtaliyanı özünə tabe edir, sonra Romanı və Neapolu işğal edir. Bir çox italyan hakimləri, o cümlədən Roma papası fransızlardan öz məqsədlərinə görə istifadə etmək istəyirlər. Tezliklə fransız feodallarının qəsbkarlığı və talanı italyan knyazlarını birləşməyə və İtaliyanı xilas etməyə məcbur edir.

2 Tarixi mənbələrə istinadən Çezare Borcia 1497-ci ildə torpaqlarına və var-dövlətinə sahib olmaq üçün böyük qardaşı Covannini öldürtdürür və meyidini Tibr çayına atdırır.

3 Valantinua hersoqluğu (Fransanın cənubunda, mərkəzi Valans şəhəri) Çezare Borciaya fransız kralı XII Lüdovik tərəfindən siyasi xidmətlərinə görə verilib.

4 Söhbət xırda italyan hakimlərinin apardığı müharibələrdən gedir.

5, 12, 13, 14, 15, 16, 18 Latınca dua sözləri.

6 Lukresiya Borcia Ferrara hersoqu Alfonso d`Esteyə ərə verilmişdi.

7 VII Karlın saray şairi Alen Şartye (XV əsr) haqqında lətifəyə işarə olunur. Guya o yatanda gələcək XI Lüdovikin arvadı Şotlandiyalı Marqarita onu öpüb.

8 Doj – Venesiyada ömürlük seçilən hakimdir.

9 Sultan Bəyazidin (1481-1512) kiçik qardaşı Cem (burada Zizimi) qardaşından hakimiyyəti ala bilmədikdə Roma papası VI Aleksandrın yanına qaçır, o da Bəyazidlə sövdələşib onu öldürür.

10 Tanrıya (lat.)

11 Şükür tanrıya (lat.)

17 Papanın kapellasının rahibləri. Siksta kapellası 1473-cü ildə düzəldilib.

20 Orta əsrlərin xalq deyimlərinə əsasən Kastiliya nəsli olan Laranın yeddi cavan nümayəndəsi – yeddi qardaş əmilərinin xəyanəti ucbatından mavrlar tərəfindən öldürülür. Sonra onların qardaşı Mudarra əmilərindən qisas alır. Bu hadisə sonralar epik poemanın və çoxlu romansların mövzusu olur.

# 2860 dəfə oxunub

Müəllifin son yazıları

# # #