“Bu dəfə alınmadı...” Kənan Hacı
...Uzaq illərin o tayından uşaqlıq xatirəsini danışan bir səs gəlir qulağıma. Gözlərimi yumuram və o günü, Elmi Mərkəzdəki bərəkətli, im-isti, tər-təmiz, halal, bərəkətli, uzun masamızı, yığılıb birlikdə tikəmizi paylaşdığımız günləri düşünürəm... Soyuqda, istidə, yenicə dağılmış və yerində yaranmağa başlayan iki dövlətin tinində hələ ümidli, arzulara inamlı, gənc, orta yaşlı, yetkin insanlar...
...Evimizdə piano yoxuydu - deyir o səs... - Amma sinif yoldaşlarımın, qohumlarımızın, atamın arabir qonaq getdiyimiz iş yoldaşlarının çoxunun evinin bir küncünə qoyulmuşdu... Deyir, içimdə böyük bir arzu vardı ki, bizdə də piano olsun. Məktəbdə qaçıb musiqi otağına gedir, barmaqlarımı dillərə elə məhəbbətlə toxundururdum ki, sanki bu taxtadan hazırlanmış möhkəm musiqi aləti çiçəkdir, toxunuşdan qırılacaq, solacaq...
...Qulaqlarımda heç kimə tanış olmayan melodiyalar, notlar səslənirdi, onları bəstələmək istəyirdim - deyir o səs...
...Bir gün ürəklənir balaca Nərgiz, atasının iş otağının qapısını tıqqıldadır, keçir içəri, deyir ki, ata mən də piano istəyirəm...
...Saleh müəllim tanınmış riyaziyyatçıydı, Şəkinin sovet illərinin ilk qara qasırğasında pərən-pərən düşmüş, qorxudulmuş, talanmış, adlı-sanlı, əsilzadə ailəsindən çıxmışdı. Necə olsa da özünü qoruya bilmişdi, Bakıya sığınıb həyatını elmə bağlamışdı.
...Nərgiz xanımın səsi deyir ki, evimiz çox qonaq-qaralı olardı, atam rayonda yaşayan cavan qohumlarımıza, tanışlarımıza, ya da elə tanımadığı, amma savadına güvəndiyi insanlara qol-qanad gərər, onları ali məktəbə həvəsləndirər, hazırlaşmalarına kömək edər, instituta qəbul olundusa da ilk vaxtlar razı olmazdı kirayədə qalsınlar, evimizdə saxlayardı. Ayrılanlar da mütləq bazar günləri bizdə olmalıydılar, anam süfrə açardı, axşam da bir qab çəkib verməliydi ki, ev yeməyindən korluqları olmasın. Bunlardan başqa da əyin-başlarına kömək edər, ciblərinə pul qoyardı. Bunları əlbəttə bizim gözümüz qabağında etməzdi, sonralarda həmin cavanlar oxuyub qurtarandan, iş-güc sahibi olandan sonra evimizi ziyarətə gələndə danışardılar...
...Deyir, atam susdu, susdu, susdu... Qarşısındakı kitabı örtüb qoydu kənara, dedi ki, gözəl qızım, hələlik piano bizim qapımızdan keçmir...
...Nərgiz xanım gülə-gülə danışırdı bunları bizə, deyirdi ki, anamın tikmə qutusundan ölçü lenti götürdüm, getdim məktəbimizdəki pianonun ölçülərini götürdüm, səliqəylə cızdım, çəkdim, gəldim mənzilimizin qapısının enini, hündürlüyünü də ölçdüm, bir axşam yemək vaxtı cəsarətimi toplayıb atama dedim ki, ata, bax, mən yaxşı-yaxşı hesablamışam, piano qapımızdan keçir...
...Amma atam heç zaman piano alammadı - deyir Nərgiz xanım - amma mən yaşa dolduqca anladım ki, o daha çoxunu edirmiş, onun qəlbində daha gözəl mahnıların ilk notları yazılırmış... Atam doğru edirdi - deyirdi ömrünün qürubuna yaxın...
...Hamımızın arzularının qapımızdan keçəcəyinə inandığımız zamanlar olub. Xəyalı ölçü lentimiz olub... Onları bizə yetirəcək gözəgörünməz gücə güvən olub...
Nə qədər yaşımız azıydısa o qədər böyük arzularımız vardı. Sonra biz böyüməyə, arzularımız buna uyğun kiçilməyə başlamadımı? Nəyisə kəsib atdıq, nədənsə vaz keçdik, nəyisə bitməyən sabahlara saxladıq...
Get gedə biçilmiş ömür azalmağa, arzular gözəlliyini itirməyə başladı... Zamanında həyata keçirə bilmədiyimiz arzuları dilimizə gətirməyə, anlatmağa, onlara çatmaq üçün yollar aramağa çəkindik, utandıq...
İnsanlar üçün heç nə edə bilmədik...
...Ən son arzumu düşünürəm. Azərbaycanın uşaq evlərini növbəylə dolanaraq oradakı uşaqlarla ədəbiyyat söhbətləri aparmaq istəyirdim...
Həyata onsuz da uduzmuş başlayan uşaqlar...
Gələcəyin potensial itirilmişləri kimi yanaşılan bütöv bir dəstə... Çiçək dəstəsi kimi... Bəlkə də kimlərsə marığa durub, o çiçək dəstəsini bir bağlama dəyənəyə çevirməyə, alətə çevirməyə, cəzaya çevirməyə nail olacağı vaxtı gözləyir... Elə bilirdim ki, onları xilas etmək olar, bir gün onları başıma yığıb şeirlər oxuyar, başqa bir gün bir hekayədən bəhs edər, bir gün olar ki, baxaram içlərindən kimsə, bir oğlan, bir qız, utana-utana məni küncə çəkər, ovcuma bir qatlanmış kağız qoyar, deyər ki, mən olmayanda açarsınız... Açaram sonra, baxaram ki, ilk şeirini, ilk hekayətini, ilk arzusunu, ilk ümidini anladıb... Bir gün bir şair dostum, bir yazıçı dostum baş çəkər onlara, həyatlarının ən gözəl anlarını yaşarlar, o anlar qazancları olar, böyüyərlər, həyata atılarlar, ən çətin məqamlarda o anların işığı onlara dayaq durar ki, insan olaraq qalsınlar, qəzəb duymasınlar, intiqam almasınlar...
Bu mənzərəni gözüm önündə min dəfə canlandırdım, olmadı... Qapımızdan keçmədi...
Buna qədər də neçə belə arzu qapılar arxasında qalıb...
Doxsanıncı illərdə alim, əməkdar memar Nərgiz Əsgərzadə xanım adi və acı səbəbdən, çarəsizlikdən, dolanışıq ucbatından qayıdıb Şəkidəki baba mülkünə yerləşmişdi. Bütün ailə pərən-pərən düşmüşdü əslində, musiqiçi oğlu, musiqiçi gəlini, alim qızı, mühəndis həyat yoldaşı...
Hamısı...
O illərin sıxıntısı insanları ora-bura sıxışdırırdı, daha “bacarıqlıları” dəyişən dövrana tez uyğunlaşdı, hər şeyi bazar iqtisadiyyatı deyilən şeyin qanunlarıyla yaşamağa başladı... Nərgiz xanımın nə özü, nə də başdan-ayağa ziyalı ailəsi bunu bacarmadı...
Qapıları təzə düşüncələr üçün dar gəldi...
Mən onunla tanış olanda hələ on dörd yaşında, arzularına söykənib böyüməkdə olan adamdım. Bir neçə il sonra Elmi Mərkəzdə eyni şöbədə iş yoldaşı olduq...
Həyatımın ən gözəl xatirələri... Ən gözəl işıqlı günlər... Bu xanım ruhdan düşməmişdi, inciməmişdi, hirslənməmişdi, geri durmamışdı. Mən bir də Nərgiz xanımın məktəbini keçdim... Nərgiz xanımın arzular məktəbi... Başqaları üçün ümid, özü üçün “mən hələ lazımam” məktəbi...
Bəzən olur ki, özümü imtahanda hiss edirəm. “Nə etməli”, “Nəyi seçməli” düşüncələri qarşısında onu xatırlayıram, o möhtəşəmliyi...
...Şəkidə nə qədər istedadlı uşaq var, gəzib bir-bir onlarla görüşürdü, ağır durumda olan ailələrə ümid daşıyır, heç nəyə baxmayın, uşaqlarınızı oxudun deyirdi. Valideynlərə iş tapmağa çalışır, xəstələri ziyarət edir, başına yığılan daha yaşlı insanlara ideyalar verir, toplantılar təşkil edirdi. Onu heç zaman boş görməzdin, tanış olduğu insanlar üçün haralarasa müraciət ünvanlayır, uşaq evindəki körpələr üçün yardım tədbirləri keçirir, əsgərlər üçün ip jaketlər, corablar toxuyur, başına topladığı işsiz qadınlara əl tikmələri öyrədir, onların satışını təşkil edir, birinə isti kürk, birinə ayaqqabı alıb verirdi. Bir yandan ədəbiyyatdakı gənclərin yazılarını toplayır, bir yandan Şəkinin gözdən uzaq düşmüş memarlıq incilərini tədqiq edir, məqalələrini yazır, bir yandan da gənc mütəxəssisləri elmdən uzaq düşməmələri üçün dilə tuturdu...
Heç bir dəfə görmədik ki, kiminsə qapısını özü üçün, öz şəxsi rahatlığı üçün döysün...
Nərgiz xanımın evi bizim müqəddəs ocağımızdı...
Kasıb, təmirsiz, təvazökar bir ev...
Süfrəsi hamıya açıq, heç nədən nəsə ortaya qoymaq bacarığı...
Tikəsini bölə bilmək böyüklüyü...
Gəncini də, yaşlısını da dinləyə bilmək nəzakəti...
Biz hamımız Nərgiz xanımın qapısından içəri keçə bilirdik...
Nərgiz xanımın Şəkidəki evində pianosu yoxuydu...
Yəqin ki, günümüzdə məhz belə adamlar üçün deyirlər ki, özü üçün nə edə bilib ki, başqalarına nə etsin...
Çox acıdır...
O, ən gözəl nəğmələrini bəstələməkdə davam edirdi, bunlar onun yetişdirdiyi insanlardı, bizlərdik...
İllərlə üstündə əziyyət çəkdiyi, demək olar, hazır doktorluq işini gənc həmkarına bağışlamışdı...
Biz bircə dəfə olsun onun dilindən narazılıq, minnət, qınaq eşitmədik. Heç zaman ad-sanıyla, nə əsilzadə ailəsiylə, nə vəzifəsiylə çəkilib kabinetində oturmurdu...
Onun yeri insanların yanıydı, fərqi yoxdu bu insanlar kimdir, hardan gəliblər, harda işləyirlər, nə yaşda, nə mövqedədirlər...
Amma barışmadığı, bağışlamadığı şeylər də vardı, ədalətsizlik, yarınmaq, bencillik...
Başqalarının arzularını öz məqsədləri üçün istifadə etməyə çalışan adamlara qarşı heç bir güzəşt yoxdu...
Hər şey yaxşı olacaq – deyirdi - bu ağır günlər keçib gedəcək, arzularınızı və xəyallarınızı həyata keçirəcəksiniz...
Yaşlanmışdı, gözlərinin nurunu itirməyə başladı. Əvvəl bir əməliyyat, sonra ikincisi...
Övladları gəlib onu apardılar...
Bu payız Bakıda gözlərini həyata yumdu Nərgiz xanım...
Bütün qapısından keçirə bilmədiyi şəxsi arzularını ikinci plana keçirmiş həyatıyla hamımıza bir insanlıq dərsi verdi getdi...
Kimisi imtahanlardan kəsildi qaldı, kimisi həyatını itirdi, kimisi əridi, itdi-batdı onun öyrəncilərinin...
Qalanlar da bir-birini itirdi...
Kimisi də bacardı...
Amma hər birimizin qəlbinin dərinliyində onun sayəsində qoruyub saxladığı bir işıq qaldı...
Mən sənin qədər bacarmadım...
Biz sənin qədər bacarmadıq...
Çoxumuz, elə arzularımızla birlikdə qapının o tayında qaldıq, Nərgiz xanım...
“Bu dəfə alınmadı”
Hə, Kənan abi, amma Nərgiz xanım sona qədər o pianonun qapısından keçəcəyinə inanırdı...