Bəlkə səndən əvvəl öldüm: Zərdüşt Şəfi ilə son görüş

Bəlkə səndən əvvəl öldüm: Zərdüşt Şəfi ilə son görüş
19 noyabr 2019
# 21:01

Yeri doldurulan və bir də əsla doldurulmayacaq insanlar var həyatımızda. Bəziləri bu dünyadan karvanını zamansız çəkib getdikdən sonra geriyə sığınacaq tək bir liman qalır - xatirələr. Bəlkə də çox şey silinə bilir hafizəndən, amma kiçik bir anın yaddaşında buraxdığı iz heç zaman itmir. Günlər, aylar və illər keçir, heç dolmur içindəki o boşluq...

“525-ci qəzet” də çalışırdım. İndiki tanınmış şair və yazarların çoxunun ədəbiyyata düşən yolu bu qəzetdən keçib desəm, yəqin ki, sözümü qəribçiliyə salmazlar. O vaxt Qismət, Fərid, Mövlud, Feyziyyə, Zərdüşt daha tez-tez gələrdilər redaksiyaya. Gələndə ilk baş çəkdikləri otaq bizim - mənim və Seyfəddin Hüseynlinin oturduğu mədəniyyət şöbəsinin yerləşdiyi otaq idi. Adını yuxarıda sadaladığım ədiblərlə normal münasibət yarada bilsəm də, Zərdüştə ilk zamanlar heç qanım qaynamamışdı. Gəlib salamsız-kəlamsız keçirdi güzgü qarşısına. Kepkasını çıxarır, barmaqları ilə saçlarını səliqəyə salırdı.

Bir gün qapının şüşəsindən dəhlizdə Zərdüştü görüb tez qapını bağladım. Qapını açmağa cəhd etdi, amma gördü bağlıdır. Başımı qaldırıb Seyfəddinin olmadığını işarə etdim. Axşam gördüm “Facebook”un mesaj qutusuna Zərdüşt Şəfidən mesaj gəlib: “Salam, xanım, mən Seyfəddini soruşmurdum, saçımı darayacaqdım”. Dost olmaq üçün bir qığılcım lazım olur, bəzən. Mənim bağladığım qapı münasibətlərimizə qapı açmışdı. Qəribədir ki, əvvəldən savaşdığım insanlarla sonradan çox möhkəm dostluq bağlarım yaranır.

Aylar sonra Ukraynadan müalicədən qayıdan Zərdüştü yenə “525-ci qəzet” in redaksiyasında qarşılamışdım.

- Nə yaman arıqlamısan, ayaq üstdə ölürsən lap!..


- Sən də yaman qəşəngləşmisən, ay Zərdüşt. Dayan baxım, elə bil bir az da kökəlmisən.


- Deyirlər, ölümqabağı adam gözəlləşir. Yəqin ölüm gözəlliyidir.


- Yaxşı da, yenə ölməkdən danışırsan? Bilmək olmaz, bəlkə mən səndən əvvəl öldüm.


- Yox, məndən əvvəl ölənə söyüş qoymuşam...

Redaksiyasının yarıqaranlıq dəhlizində etdiyimiz söhbətin son akkordlarını belə vurmuşduq. İkimiz də bilmədən, hiss etmədən "ölüm" sözü dilimizə qonaq olmuşdu. Beynimi gəmirən sualı vermək istəyirdim. Etik olmaz deyə soruşmurdum. Həssas idi. Duymuşdu. Qəribə bir gülümsəməsi vardı. Tanıyanlar bilir o necə şirin gülümsəyirdi. Gülümsəyəndə yanağında açılan xəfif çuxurlar məsum göstərirdi onu. Gülümsədi və o çuxurlar yenə açıldı. Dedi, xərçəngəm. İnanmadım. Dedim yəqin şair “aferistliyi”dir. Dərhal əlavə etdi, “Həkimlər deyirlər, yaxşı olacaq. Pisindən deyil”. Öləcəyinə heç vaxt inanmadı o.
Yenə gülümsəyərək mənə hədiyyə etdiyi “Başqa adamlar” kitabına yazdığı “Yaşamaq unutmaqla başlayır” cümləsini pıçıldadı.

Qismətin “Meqapolis hüznləri” kitabını neçə vaxt idi istəyirdim ondan, hər dəfə yadından çıxırdı. Həmin gün kitabı gətirmişdi. "Amma qaytararsan, - dedi. "İçində Qismətin imzası olmasaydı, bağışlayardım, ancaq yadigardı mənə".

Ölümün nə səsi var, nə nəfəsi. Bir anlıq hadisədir. Bir ömrün bir saniyədə yox olmasıdır. Ölüm səssiz və soyuqdur. Ağ bir kəfənlə sonsuzluğa səfərdir. Sevdiklərimizi bir an içində sonsuza qədər itirməkdir. Zərdüştü bir an içində itirdik. Onu bir daha nə görə, nə də səsini eşidə biləcəyik. O bir an içində çıxıb getdi, amma biz onu bir ömür ürəyimizdə yaşadacağıq. Təzə və isti. İlk günkü kimi. Ta ölənə qədər.

“Yaşamaq unutmaqla başlayır” – yazmışdı. Amma biz unutmadıq Zərdüşt Şəfini.

# 3466 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #