Kulis.az “Netflix”in İndoneziya istehsalı olan "Leyla-Məcnun" filmində rol alan ilk azərbaycanlı aktrisa Zülfiyyə Eldarqızı ilə müsahibəni təqdim edir.
- Zülfiyyə xanım, necə oldu belə bir təklif aldınız?
- Keçən il bu filmlə bağlı mənə təklif gəlmişdi. Azərbaycanda bu filmin yaradıcı heyətinə kömək edən bir komanda vardı. Onlar məni filmin rejissoruna təklif etmişdilər. Mənə zəng vurub bu barədə məlumat verəndə tərəddüdsüz razılıq verdim. Çünki çox yaxşı məbləğdə qonorar verirdilər. İki günlük çəkilişim oldu. Həm də dedilər, Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasının motivləri əsasında müasir versiyada çəkilən filmdir. Belə bir layihədə epizodik də olsa iştirak etmək qürurverici idi.
- Filmdə obrazınız epizodik olsa da xeyli ajiotaj yaratdı. Çəkilən zaman böyük layihə olduğundan xəbəriniz vardımı?
- Deyirdilər, dünyəvi film olacaq. Ən azından ona görə ki, burda sevgi motivləri var. Amma mənim çəkilməyimin bu qədər səs-küyə səbəb olacağını təsəvvür etmirdim. Filmlə bağlı mediada informasiya gedəndən sonra hamı zəng vurub məni təbrik edirdi. Şokda idim. Elə bilirdim, mənimlə zarafat edirlər.
- Rejissor və bütün yaradıcı heyət əcnəbidir. Maraqlıdır, necə dil tapırdınız? Ssenaridən nə qədər xəbərdar idiniz?
- Mənə ssenari verməmişdilər. Dillərini də bilmirdim. Elə mənə dedilər, filmdə Leylanın anasıyam. Hərəkətlərlə başa saldılar ki, qızına elçi gələn ananı oynayım. Xüsusi bir obraz deyil. Filmdə cəmi dörd-beş səhnədə görünürəm.
- Filmin Azərbaycanla bağlı hissəsində çəkilişlər əsasən haralarda aparılıb?
- Mənim çəkildiyim hissə Şamaxının ən qədim kəndlərindən olan Dəmirçidə lentə alındı. Amma əsas çəkilişlər Bakıda, Nizami küçəsində aparılıb. İki gün qaldıq Şamaxıda, elçilik səhnəsini çəkdik. O iki gündə çox möhtəşəm hisslər yaşadım.
- Başqa azərbaycanlı vardı?
- Məndən başqa iki rəqqasımız çəkilib. Onlar nişan səhnəsində rəqs edirlər.
- Epizodik də olsa, “Netflix”də çəkilən ilk azərbaycanlı aktrisasınız. Bu necə bir hissidir?
- Gözəl. Bir də mən bunu xüsusi qeyd etmək istəyirəm. Filmin yaradıcı heyətinin aktyora münasibəti məni çox heyrətləndirmişdi.
- Sizə münasibət necə idi?
- Mən çox da məşhur aktrisa deyiləm. Bəlli bir çevrədə, öz mühitimdə tanınan aktrisayam. Baxmayaraq ki, mənim o filmdə obrazım epizodik idi, yaradıcı heyətin mənə münasibəti çox yüksək səviyyədə idi. Mən özümü ilk dəfə o çəkiliş meydançasında aktrisa kimi dəyərli hiss etdim. Təsəvvür edin, qış fəsli idi. Elə səhnələr vardı çöldə paltosuz çəkilməli idi. Kadr çəkilirdi on-on beş dəqiqə, bitən kimi tez mənə isti çay verirdilər. Çiynimə şal atırdılar ki, üşüməyim.
- Bəs bizim çəkiliş meydançalarında vəziyyət necədir?
- Mən Azərbaycanda bir çox seriallara çəkilmişəm, hələ heç bir serialın çəkiliş meydançasında aktyora, aktrisaya bu cür münasibət görməmişəm. Bir də görürsən, çəkilişin zamanını aktyora xəbər vermədən dəyişirlər, gecədən səhərə, səhərdən gecəyə keçirirlər. Bizim filmlərdə rejissoru, prodüseri qətiyyən aktyorun vəziyyəti, ruh halı maraqlandırmır. Amma orda elə deyildi. Həm qonorarı çox yaxşı idi, həm sənətkara hörmət var idi. Mən özümü o mühitdə sənətkar kimi hiss etdim.
- Filmin ssenarisində fərqli nüanslar nə idi?
- Məsələn, filmdə Leyla bir dəfə ailə qurub və ayrılıb. İlk evliliyindən bir oğlu var. Azərbaycan adət-ənənələri ilə bağlı xırda detallar var. Bilirsiniz ki, bizdə, xüsusilə də bölgələrimizdə evlənib boşanan qadının ikinci dəfə ailə qurması bir o qədər də yaxşı qarşılanmır. Filmdə kövrək məqamlar var. Leylanın ilk evliliyindən olan oğlu ərə gedəcəyi oğlana ata deyir.
- Uzun illərdir sənətdəsiniz. Bir çox seriallarda çəkilmisiniz, amma “Netflix” üçün çəkildiyiniz epizodik obrazla birdən-birə parladınız.
- Mən çox çəkilmək, irəli getmək istəmişəm həmişə. Çəkilmişəm də. Azərbaycanda bir çox seriallarda əsas obrazlar oynamışam. Bu, artıq “Netflix”in gücüdür. Dünyanın hər yerindən izləyicisi olan bir platformada rol almaq tək mənim uğurum deyil, həm də Azərbaycanın uğurudur və təbliğatıdır. Düşünürəm ki, epizodik obrazla parlamağın özü də hər zaman baş verən bir hal deyil.
- Bildiyim qədər, bu, çəkildiyiniz ilk bədii filmidir. Niyə sizi Azərbaycanda bədii filmlərə çəkmirlər?
- Bu sənətdə istedad və görünüşdən əlavə təqdimat da əhəmiyyətli rol oynayır. Bilirsiniz ki, mən uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim işləmişəm, diksiya dərsləri vermişəm. Əvvəldən teatrda çalışsaydım bəlkə də görünərdim. Bir də, açığını deyim, rejissorların dediyinə görə, mənim zahiri görkəmimdə bir kübarlıq var. Hər rola uyğun gəlmirəm. Dəfələrlə olub Rövşən İsax dəvət edib. Məni kəndli qadın obrazına salmaq istəyib, alınmayıb.
- Axı “Netflix”in çəkdiyi filmdə siz kəndli qadın obrazındasınız. Bəlkə, buna bizim rejissorlarımızın gücü çatmayıb?
- Düzdü, mən o filmdə kəndli qadını oynayıram. Bilmirəm necə alındı bu. Amma bir də gördüm, başıma yaylıq bağlayıb dodağıma da qırmızı boya çəkib qızımın elçilərini qarşılayıram (gülür). Görünür epizodik obraz olduğu üçün belə alınıb. Mən bir şeyə diqqət etdim; filmin rejissoru bizim yerli adət-ənənələrimizlə yanaşı, kənd mühitində yaşayan qadınlarımızın xarakterini də mükəmməl şəkildə mənimsəmişdi. Məsələn, Azərbaycanın kəndlərində qadınların qırmızı dodaq boyasına xüsusi bir münasibəti var. Halbuki, şəhər mühitində qırmızı dodaq boyası o qədər də dəb deyil. Bu detalı onlar tutmuşdular və filmdə də çox uğurlu şəkildə tətbiq etdilər.
- Universitetdə rəhbərlik dəyişiləndən sonra İrəvan Dövlət Dram Teatrına getdiniz...
- Bəli. 17 il universitetdə işlədim. Rəhbərlik dəyişiləndən sonra işsiz qaldım. Amma İrəvan Teatrından əvvəl Müşfiq Hətəmov məni kinostudiyaya dəvət etdi. Orda müqavilə ilə “Qarabağın səsi” layihəsində ikinci rejissor işlədim. O layihə bitəndən sonra İrəvan Teatrı dəvət etdi. Kaş getməyəydim.
- Peşmançılığınıza səbəb nədir?
- Əvvəl hər şey çox yaxşı idi. Yaradıcı bir insan kimi çox sevinirdim. Bundan başqa teatr mənim ən böyük arzum olub həmişə. Sonra insidentlər başladı. Mənim adım da hallandı. İşimiz polisə qədər gedib çıxdı. Çox böyük biabırçılıqlar baş verdi. İş o dərəcəyə çatdı ki, bir qadını öyrətdilər, dedi, guya mən onu döymüşəm. İnstitutda o qədər mədəni, kübar bir mühitdə çalışmışdım ki, birdən-birə gəlib intriqa, dedi-qodu mühitinə düşmək mənə psixoloji təsir etmişdi. Teatrı mən başqa cür təsəvvür edirdim. Amma gəlib gördüm ki, düşündüyümün əksidir. Hətta tamaşa zamanı pərdə arxasında belə aktyorlar az qalırdı bir-birinin üzünü cırsın. Çox çirkablıq gördüm o teatrda və qərara gəldim ki, belə davam edə bilməyəcəm. Amma teatrı, səhnədə olmağı çox sevirəm.
- Siz həm də qiraətçisiniz. Amma bu istiqamətdə də o qədər tanınmadınız. Bu nə ilə bağlıdır?
- Bu gün texnika, internet əsridir. Mən də təəssüf ki, sosial şəbəkələrlə peşəkar şəkildə işləməyi bacarmıram. Özüm öz “piar”ımı apara bilmirəm. Yəqin ki, bununla əlaqəlidir.
- Bu gün məşhur olan bədii qiraətçiləri bəyənirsinizmi?
- Bəyəndiklərim var. Amma bu işlə məşğul olan insanlara bir tövsiyəm olacaq. Bir peşəkar kimi düşünürəm ki, buna haqqım çatır. Mən sözün üstündə əsən, hər hərfin rəngini görən insanam. Bu peşədə sözə münasibət ön planda olmalıdır. Bədii qiraətçi bu münasibəti intonasiyasında mütləq hiss etdirməyi bacarmalıdır. Müəllimim Nizaməddin Şəmsizadə mənə həmişə “Ruhu sözə köklənən qız” deyirdi. Mən söz deyəndə, şeir söyləyəndə heç vaxt oturmuram, həmişə ayağa qalxıram. Bu, mənim sözə olan hörmətim, məhəbbətimdən irəli gəlir. Bədii qiraətçilərə təklifim odur ki, şeirə çox bəzək-düzək vurmasınlar, pafosla deməsinlər. Şeiri səmimi söyləsinlər, informasiyasını çatdırsınlar. Ramiz Rövşən bir dəfə mənə dedi, o adam ki, şeirə bəzək-düzək verir, şeirin mahiyyətini itirir.
- Deyirlər, incəsənət qurban tələb edir. Siz bu yolda nəyi qurban verdiniz?
- İllərimi. Yadıma gəlir, institutda işləyəndə tez-tez cəbhə bölgələrinə konsertə gedirdik. Çox kasıb idik. Gənc ailə, iki körpə uşaq... Çətin idi dolanmaq. Heç yadımdan çıxmaz, bir gün Füzuliyə əsgərlərə konsert verməyə gedirdik. Saat 6-da avtobus “Gənclik”dən çıxmalı idi. O saatda da şəhərdə avtobus işləmirdi. Mənim 3 manatım olmurdu ki, taksiyə minib gedim. Yoldaşım piyada məni apardı “Gənclik” metrosunun yanına. Bu gün heyfsilənirəm ki, bu qədər işlərimin qarşılığında bir dənə də olsun mükafat almamışam.
- Zülfiyyə xanım, niyə mükafat, fəxri ad bizim sənətçilər üçün bu qədər nisgil yeridir?
- Mən deyim sizə, ad niyə bu qədər əhəmiyyətlidir. Bir dəfə bir yubiley tədbirində aparıcı idim, gördüm, afişada tədbirdə müğənni kimi iştirak edən qonaqların adları qeyd olunub, şəkilləri vurulub. Soruşdum, bəs bu tədbirin aparıcısı mənəm, mənim şəklim niyə yoxdur? Dedilər, fəxri adı olanları yazmışıq. Belə şeylər adamı incidir. Müğənni gəlib bir fonoqram oxuyub gedir, amma mən iki saat səhnəyə çıxıb-düşürəm, əziyyət çəkirəm. Fəxri adım yoxdur deyə afişada adım qeyd olunmur.
- Pandemiya dövrü yaşayırıq. İctimai mədəni həyatımızda durğunluq var. Bu dövr yaradıcı insan üçün nə qədər çətindir?
- Çox çətindir. Ancaq mətbəxdə oluram, bu, mənim psixologiyama ciddi təsir göstərir. Mən bu müddətdə anladım ki, yaradıcı insan tək ailə ilə xoşbəxt ola bilmir. Bir müddət ki, bizi tamamilə qapadılar mən ağlımı itirəcək həddə çatmışdım. Antidepressiya dərmanları qəbul etmək məcburiyyətində qalmışdım. Hər səhər idman üçün getdiyim parkda gördüyüm pişik üçün, çörək qırıntıları yığan “bomj” üçün də darıxdığımı hiss edirdim.
- Əslən Laçın rayonundansınız. Laçının işğal günün necə xatırlayırsınız?
- Mənim Laçınla bağlı çox xatirələrim var. Baxmayaraq ki, Bakıda doğulub böyümüşəm, hər yay tətilində mütləq Laçına gedirdik. Laçın mənim üçün bir nisgil idi. Uşaqlığım orda nənəmin-babamın yanında keçib. Bu günlərdə Laçından yeni çəkilən bir videoda kəndimizdəki ötürücü stansiyanı gördüm, qəribə hisslər keçirtdim, bütün xatirələrim dirildi. O yerlərlə bağlı ən xırda detallar belə yadıma düşdü. Harada məni ilan vurmuşdu, məni hansı kəndə aparmışdılar ilanın zəhərini çıxartmaq üçün... Mən İnstitutda oxuyanda Laçın işğal olunmuşdu. Sumqayıtda yaşayırdım. Hər səhər tezdən Bakıya gəlirdim. Avtovağzalda həmişə Laçına gedən “Alabaş” deyilən avtobuslar dayanırdı. Laçın işğal olunandan sonra o avtobuslar yığışdırıldı. Mən bir müddət havalı kimi gəzirdim. Allaha yalvardım ki, bir möcüzə yarat, mən Sumqayıtdan çıxım. Hər gün o avtobusu gözləmək məndə bir nisgil yaratmışdı. Elə oldu mən 3-cü kursda oxuyanda ailə həyatı qurub Bakıya köçdüm. Bir xatirəm var Laçınla bağlı heç vaxt yadımdan çıxmır. Atam Laçında həyətimizə ev üçün daş tökmüşdü. Qonşulardan kimin qazı, ördəyi itirdi bir-birini haylayırdılar ki, azz, bir Eldarın daşının yanına bax, bəlkə ordadır. İndi torpaqlarımız işğaldan azad olunub, Allah mənə qismət eləsin, gedib Laçında atamın o daş tökdüyü yerdə bir otaq da olsa ev tikdirim.