Biznes layihəsinə görə tamaşa quran cütlük – Aynişan şousu

Biznes layihəsinə görə tamaşa quran cütlük – Aynişan şousu
18 avqust 2020
# 14:09

Aylar əvvəl təmtəraqlı toyu ilə xeyli vaxt gündəmdə olan Aynişanın fitnes müəllimi ilə ailə qurması ənənəvi və sosial mediadan tutmuş, avtobus sürücüsünə, qonşu qadınlardan tutmuş mağaza satıcılarına qədər hamının müzakirə mövzusu olmuşdu. Hətta bu evliliklə bağlı müxtəlif versiyalar səslənirdi.

Ümumiyyətlə son illərdə cəmiyyət ailə quran məşhurların evliliklərinin real olmasına şübhə ilə yanaşır. Bunun bir çox səbəbləri var. Amma bu başqa bir yazının mövzusu olduğu üçün birbaşa keçmək istəyirəm Aynişanın bir həftədir ölkə gündəmini zəbt edən ayrılıq şousuna.

Aynişan Xalidin ərə getməsi və həyat yoldaşından ayrılması niyə cəmiyyət üçün bu qədər maraqlıdır?

Bu məsələdə medianı günahlandırmaq ən asanıdır. Medianın günahı var bu mövzuda, amma bu məsələdə cəmiyyət nə qədər günahsızdır?

Media bu xəbəri kimlər üçün hazırlayır? Kimlər oxuyur bu xəbərləri? Əlbəttə ki, “Aynişan ərə getdi, “Aynişan bal ayında”, “Aynişan ayrıldı” xəbərlərinin oxunma sayını Keniya, Mozambik xalqı qaldırmır. Bu xəbərləri oxuyan bizik. Oxuyuruqsa, deməli bizə Aynişanın şəxsi həyatında baş verən yeniliklər, ölkənin siyasi, iqtisadi, ədəbi, mədəni hadisələrindən daha maraqlıdır.

Aynişanı “İnstagram”da bir milyondan çox adam izləyir. Bir milyon insan gecə-gündüz bu qızın səhifəsində lövbər salıb, onun nə yediyini, nə içdiyini güdür, hansı məkanlarda dincəldiyindən xəbərdar olur. Aynişan Xalid kimdir? Anasının bütün güclərini səfərbər etməsinə baxmayaraq müğənni ola bilməyən, hansı yol ilə, necə olursa-olsun, gündəmdən heç vaxt düşmək istəməyən, saytların blogger adı ilə təqdim etdiyi İnstaqramda müxtəlif məhsulları reklam etməklə gəlir əldə edən, loru dildə desək, sosial media alverçisidir.

Ölkəmizdə bu işlə məşğul olan yüzlərlə gözəgəlimli sosial media fenomeni var. Amma heç birinin həyatı media maneştlərinə çıxmır. Aynişanın məşhur ailədən olması, atasının şəhid statusu faktları onu istər-istəməz hər zaman ön planda saxlayır. Və məlum xəbərə verilən reaksiyalar, sosial mediada insanların ironiyası elə təəssürat yaradır ki, sanki cəmiyyət aylardır bu xəbəri gözləyirdi. Bu xəbər bir ildir insanların qeybət və müzakirə mövzusu olan Aynişanın, evliliyinin saxta olması versiyalarını irəli sürən bir para insanlar üçün sübut idi.


Əvvəldə də qeyd etdiyim kimi bu gözləntinin təməlində yatan problem isə insanların artıq məşhurların evliliklərinin reallığına inanmamasıdır. Yoxsa məşhur oldun, olmadın boşanmaq bu saat bizim ölkədə gündəlik həyat tərzinə çevrilib. Aynişan da cəmiyyətin məşhur şəxslərə qarşı amansız yanaşmasını unutduğu üçün “qurban” oldu. İnsanların bu xəbərə verdikləri reaksiya;

1. Gündəmə gəlmək üçün evlənmişdi, indi də gündəmdən düşüb deyə boşanır.

2. Reklamdır.

Çünki mediada maqazin xəbər prosesi belə gedir; sevgilidilər, evləndilər, münasibətləri pozuldu, barışdılar, boşanırlar. Və bunların hər biri manşet olur. Artıq uzun illərdir məşhur simaların bu ənənəvi hiyləsinin sehri pozulub. Ona görə də Aynişanın yeni açdığı butikin reklamı üçün əl atdığı bu yol cəmiyyət tərəfindən tərs reaksiya gördü.

Aynişan xəbərlərinə reaksiyaları yönəltməkdə əsas təsir güclərindən biri də Əməkdar artistini qızı olmasıdır. Çünki xəbər başlıqlarının əksəriyyəti “Əməkdar artistin qızı” cümləsi ilə başlayır. Media isə qeybətə meylli kütlənin nəbzini çox yaxşı tutub. Və ən qəribəsi də odur ki, bu gün ciddi xəbər, ciddi material, ciddi proqramlar tələb edən də elə Aynişanın boşanması xəbərini “tıklayan” kütlədir.

Ortada həm də Aynişanın şəhid qızı olması faktı var. Şəhid qızı şou-biznes müstəvisində dilə gətiriləcək bir ifadə deyil. "Şəhid" və "şou" sözlərininin bir-birindən nə qədər uzaq olduğu heç kəsə sirr deyil. Özünə lazım olanda girdiyi şəhid qızı obrazından çıxan Aynişanın hər zaman belə xəbərlərlə gündəmə gəlməsi daha çox gözə batır. Çünki bu toplum üçün şəhid adından yüksəkdə dayanan ikinci bir ad yoxdur. Cəmiyyətin şəhid qızının, şəhid qadının çiyninə yüklədiyi bir yük var.

Bu gün hansısa biznes layihəsinə görə gündəmə gəlmək üçün şəxsi həyatından tamaşa quran şəhid qızını fitnes müəllimi olan həyat yoldaşı bağışlasa da, kütlə bağışlamır.

P.S: Bu həftənin xəbər manşetləri: “Aynişan həyat yoldaşı ilə barışdı”.

# 13431 dəfə oxunub

Müəllifin son yazıları

# # #