Şairlər
Seymur Baycana
Başının soyuq
Ürəyinin isti
Vicdanının arxayın vaxtında
Yada salacaqsan bizi, Seymur
Deyəcəksən: mənasız kədərləri vardı
Özləri öldü
Şəkillərdə kədərləri qaldı
İçdiyin şərablarla
Öpdüyün qızlarla
Çəkdiyin siqaretlərlə
Ağzına
Burnuna
Gözlərinə dolacaq xatirələrimiz
Öpdüyün bütün qızların dodaqları
Zəhrimar dadacaq
Zəhərin olacaq
İçdiyin bütün şərablar
Çəkdiyin bütün siqaretlər
Üzünə çırpılan bir ovuc su…
Qonşu otaqdan
Sənin səsinə atlanıb gələn
Qorxulu yuxulardan
Oyadanın olmayacaq…
Onda daha gec olacaq
Deyəcəksən:
İztirablarını duyacaq ürəyim vardı
Amma gözlərindəki dəhşəti görə bilmədim
Deyəcəksən:
Şair idilər, axmaq kədərləri vardı
O qədər ağlayırdılar ki
Ovuclarına tökdükləri göz yaşları
Yazdıqları sözlərdən çox idi
Deyəcəksən:
Şair idilər
Bu boyda dünyada
Ürəklərini qoymağa yerləri yox idi