Yazar dostumuz Qan Turalı bu günlərdə xalq yazıçısı Anardan müsahibə alıb. Bu ölkənin deputatından tutmuş, fahişəsinə qədər bütün zümrədən olan adamlardan müsahibə alan jurnalist kimi, Anardan müsahibə almaqda pis heç nə görmürəm. Amma müsahibə alandan sonra özünə bəraət qazandırırsansa, bu artıq çox şeydən xəbər verir...
Amma mən istedadına heç birimizin şübhə etmədiyimiz dostumuzun addımına şərh verməyi axıra saxlayıb, Anardan başlamaq istəyirəm.
Turalın Anarın qarşısında oturub, onu maraqla dinlədiyi, Anarınsa qəlyanına dəm verdiyi şəklə baxanda ağlıma ilk gələn bu oldu. Özünün cadulanmış mağarasında oturub, növbəti qurbanının marığına yatmış təpəgöz. Və təpəgözün mağarasına çatmaq üçün yol boyu atın qabağına ot, itin qabağına ət, quşun qabağına dən qoyaraq, axır ki, ona çatmış gənc. Təpəgözün üzündəki ifadə isə bunu deyir: Görürsən, gəldin! Bax, gələcəkdin də, bəs nə ora-bura caydırırdın? Sən gəldin, o biriləri də gələcək, hamınız gələcəksiniz!
Bu yerdə bir şeyi də unutmayaq ki, təpəgözün mağarasına girən adam, ordan ancaq qoyun cildində çıxırdı...
Sonra biləndə ki, Kulis.az-da Anardan müsahibə getməli imiş, Anar da müsahibəni məhz Turalın götürməyini istəyib, heç təəccüblənmədim.
Bəli, Anar məhz illər uzunu onu, ona pərəstiş edənləri, ona allah kimi baxanları ifşa edən gəncin onun ayağına gəlməyini istəyib. Çünki illərdir ki, ömrünün axırına qədər onu qəhrəman kimi yaşamağa qoymayan, əsl üzünü, mahiyyətini açan, gözdən salan gənclərin azadlığı, əyilməzliyi ona əzab verir. O illərdir ki, bu gəncliyə özünü, böyüklüyünü, gücünü sübut eləməyə çalışır. Anarın ömrünün axırında əlləşib-vuruşduğu məhz budur - özünü məhz bu azad, istedadlı, mütaliəli, dünyadan xəbəri olan ədəbi gəncliyə sübut eləmək! Onları mümkün qədər sındırmaq, ayağına gətirtmək, sındırdığı gənclərin yanında öz təntənəsindən həzz almaq...
Dahi pozası alıb, qəlyanına dəm verərək, oxumadığını, izləmədiyini iddia etdiyi gənclərin onu nə qədər əsəbiləşdirdiyi, özündən çıxardığı, ürəyini partlatdığını onun müsahibəsindən də görmək olur. Anar deyir ki, Aqşin ilk kitabının üstünü yazaraq mənə bağışlayıb. Ondan soruşan lazımdır ki, sən bunu niyə yadında saxlamısan? Aradan on ilə yaxın vaxt keçib, o müddətdə sən nə qədər ssenari, məqalə yazmısan, nə qədər əclaflıq eləmisən, nə qədər gənci zəhərləmisən. Necə olub ki, Aqşinin üstünü yazdığı o kitab sənin yadında qalıb? Gör, sən nə qədər cılız adamsan ki, Aqşinin bu ölkədə ən sıradan adama da bağışladığı kitabı sənə verdiyini gələcəkdə o gənci öz aləmində «ifşa» edəcək bir fakt kimi yadında saxlamısan. Seymur Baycanın arıqlamağını öz həcvində bəh-bəhlə yazan, buna sevinəcək qədər cılız, düşük, xıltlı adamdan başqa nə gözləyəsən?
«Sənin bir dostun var idi e, mürdar təxəllüslü, bilmirəm, indi dostundur, ya yox....»...Bunun xıltına, zəhərinə, söz soxmağına baxın. Yəni bilirəm, aranız dəyib, əcəb olub, belə olmalı idi, hamınız belə bir-birinizi qıracaqsınız. Gənclərin yazılarını izləməyən, oxumayan adam bunları hardan bilir? İkincisi, bir gənc yazar özünə «murdar» təxəllüsü götürəcək qədər komplekssiz, azaddırsa, özünəironiyanı bacarırsa, sənin onun bu təxəllüsünə kinayə, sevinclə yanaşmağın sənin nə qədər istedadsız, sözün enerjisini anlamayan, xıltlı və zəhərli adam olduğunu sübut edir. Amma bir tərəfdən də başa düşürəm ki, asan deyil. Özü barədə «yaxşı padşahın nağılını yazıb, pis padşahın quluna çevrilən» ifadəsini eşitmək çox ağrıdır, ağrılıdır. Belə sözü bağışlamaq da, unutmaq da çətindir...xüsusilə, bu, həqiqətdisə...
Anar müsahibəsində deyir ki, mən bizdə Sorokin, Limonov kimi yazanların olmasını istəmirəm. Əlbəttə, Anar ölkədə Limonov, Sorokin kimi yazanların olmasını istəməməlidir. Çünki onlar yazıçıdırlar, vətəndaş mövqeyi olan, nəinki ölkələrinəki hakimiyyətə, öz xalqlarına da müxalifətdə olmağı bacaran yazarlar, əsl şəxsiyyətlərdir. Onlar ifadəmə görə üzr istəyirəm, cındır deyillər - yazıçıdırlar. Limonov təpədən dırnağa qədər yazıçıdı, qələm, söz adamıdı. Anar min il hıqqınsa belə, Limonovun bir cümləsin yaza bilməz. Çünki o cümləni yazmaq üçün hıqqınmaq, sonralar haqqını verməyəcəyin kitabları oxumaq, qəlyan sümürmək, xalq yazıçısı olmaqdan başqa ədəbiyyat üçün çox vacib və sadə bir şey tələb olunur: Səmimiyyət. Limonov, Sorokin kimi yazarların yanında özünün nə qədər saxta, cılız, oyuncaq olduğunu başa düşən xalq yazıçısı təbii ki, öz ölkəsində Limonovu yox, Elçin Hüseynbəylini, Ədalət Əsgəroğlunu, Rəşad Məcidi, Qəşəm Nəcəfzadəni görmək istəyəcək.
Adları sadalayanda bir məsələnin də fərqinə vardım. Adı həmişə bu adamların adı ilə bərabər çəkilən, amma onlardan fərqli olaraq, ədəbi zövqü olan, içi, istedadı olan bir adam var - Səlim Babullaoğlu. Ona da o ilan yuvasında heç bir imkan verilmir.
Keçək Turala. Yuxarıda dedim ki, heç kimdən müsahibə almaqda pis bir şey görmürəm. Hətta Anardan da müsahibə almaq olar. Amma o müsahibədə Turalın indiyə qədər Anar haqda düşündükləri, yazdıqlarından da nəsə olmalı idi. O müsahibədə Anarın «sənin bir dostun var e, «murdar» təxəllüslü» sözləri bəh-bəhlə yarımbaşlığa çıxarılmamalı idi. O müsahibədən sonra Tural özünə bəarət qazandırmamalı idi.
Son olaraq
Mən bu müsahibəyə sevinirəm. Sevinirəm ki, Anar özünün nə qədər cılız olduğunu bir daha sübut elədi. Bu adam danışdıqca özünün nə qədər şişirdilmiş, «kitayski» ziyalı olduğunu ortaya qoyur. Bir dəstə gənc, azad, mütaliəli, zarafatcıl, işıqlı gəncin əlində qalmış bu qoca yazıçıya yazığım gəlir. Amma ona pərəstiş edən, ona allah, dəyər kimi baxan adamlara daha çox yazığım gəlir. Başda ölkənin ən intellektual adamlarından biri olan İsa Qəmbərdən tutmuş, Anarı özünün dəyəri elan edən bütün azərbaycanlılara yazığım gəlir. Onlar bu adamın təbii halını qəbul eləmək istəmirlər. Çünki onların mifləri dağılıb, bunu həzm edə bilmirlər. Bu adamların bizə yönəlmiş nifrətinin bir səbəbi də budur ki, biz hələ təzə-təzə yazmağa başlayanda, Anar kimilərin necə şişirdilmiş, saxta, cılız adamlar olduğunu görür, bilir və deyirdik./kultura.az