Dəfnənin ölümünə dair

Dəfnənin ölümünə dair
1 aprel 2011
# 12:23
Sizin əxlaqınıza qarşı bizim əxlaqımız…

Dəfnəni tələbəlik illərimdən tanıyırdım. Televiziya ekranlarından təbii ki. O vaxt balaca dayım qızının sevimli uşaq serialı olan «Sehrli anam»da baş rollardan birini oynayırdı. Mən də, Dəfnə də o vaxt çox gənc idik. Nə bəyəndiyimi, nə də bəyənmədiyimi deyə bilmərəm – gözucu, məcburən baxdığım serialdakı aktrisa idi – vəssalam.

Sonralar da bir neçə dəfə aparıcısı olduğu verilişdə görmüşdüm – verilişin adı belə yadımda deyil. Sonralar da arabir «Yok böylə bir dans»da görürdüm. Oturub, Dəfnəni izlədiyim olmayıb heç. Yadımda qalan təkcə budu ki, həmişə onu görəndə dodağım qaçardı – dəlisovluğunda, ağlına və ağzına gələni danışmağında, aramsız gülümsüməsində bir az da özümü görürdüm.

Dəfnə öldü. Onun Ahmet Altanın oğlu Kərəm Altanın evində öldüyünü eşidəndə bütün müqəddəslərə and olsun ki, ağlıma gələn təkcə bu olmuşdu: «Axır ki, qadının kişi dostunun evində ölə biləcəyi zamanlar gəldi». Amma reallıq mənim qədər sadəlövh deyilmiş.

Dəfnənin ölümündən sonra məşhur köşə yazarlarından Hıncal Uluç bir yazı yazdı. Dəfnənin əri arvadının dəfnində qabaq sırada duranda, yaxınları onun ölümünü həzm etməyə çalışanda, dostları itkisini yaşayanda, Hıncal bəy bədəni hələ soyumamış ölünü ittiham elədi. Dəfnə ərli-uşaqlı qadınmış, onun içkili halda bir subay kişinin evində ölməyi ərinin, yaxınlarının başqaxıncıymış, gələcəkdə övladının yaşamalı olduğu utancmış. Hınsal bəy başqa versiyaları bilmərrə inkar edərək, soyuq məntiqlə izah elədi ki, Dəfnənin o saatda, subay adamın evində olmağının bircə səbəbi ola bilərmiş – Xəyanət!

Bu mövzunu dostum Qan Turalla müzakirə eləyə-eləyə addımlayırdıq. Hansısa tədbirə tələsirdik. Tural qəti şəkildə Hıncal bəyin tərəfində idi – Dəfnə Kərəm Altanın evinə ancaq onunla sevişmək üçün gedə bilərmiş və qəzavü-qədər bu xəyanətin baş tutmasına mane olub.

Turala izah eləməyə çalışdım ki, qadının bir kişinin evinə getməyə başqa səbəbi də ola bilərmiş. Ağla çətin batır, amma bu ehtimal da var. O ehtimal ki, onu Dəfnə bizə çox sadə bir səbəbdən heç vaxt deyə bilməyəcək. Onun artıq heç kimə cavab vermək imkanı yoxdur. Dostuma çılğınlıqla izah etməyə çalışırdım ki, hətta lap Dəfnə Kərəm Altanın evinə onunla sevişmək üçün getmişdisə, bu, niyə kimisə (ərindən başqa) qıcıqlandırmalı idi ki?! Niyə Hıncal Uluç bir ölünün arxasına əxlaq dərsi deməyi özünə borc bilməlidi?

Biz danışa-danışa yol gedirdik. Havada nəmişlik vardı, üstəlik biz tələsə-tələsə yeriyirdik. Turalla ikimiz də xroniki bronxitdən əziyyət çəkirik və indi hava, tələsməyimiz ikimizin də nəfəsinin daralmasına gətirib-çıxarmışdı. Bizim evin yanından keçirdik. Turala təklif elədim ki, bizə gedib, nəfəsimizi dərək. Evdə aerozolumu da vardı.

Turalın həyat yoldaşı həmin gün rayonda idi.

Həmin axşam ikimizdən birimiz də ölə bilərdik. Ölsək, yəqin ki, bizi də o aqibət gözləyirdi. Deyəcəkdilər ki, evli kişinin subay qadının evində nə işi vardı? Və ağla batan bircə ehtimal olacaqdı.
Dəfnə də astmabronxit xəstəsi idi.

Mən baxmamışam, solçu dostum Toğrul danışıb o filmin motivini. Filmin adını belə bilmirəm. İki dost bir qızı sevir. Bu üç solçu gənc burjua varidatını viran qoymaqla, kapitalistlərdən bəşəriyyətin intiqamını amaqla məşğuldurlar. Filmin sonunda qız onu sevən ilk solçu dostunun arasında seçim etməli olur. Və hər ikisini seçir:

- Qadının kiməsə məxsus olması tipik burjua əxlaqıdır. Biz ayrılmayaq. Onların əxlaqına qarşı öz əxlaqımızı qoyaq.
Mən kişi dostumun evində ölsəm belə, bunu yaxınlarıma, doğmalarıma baş alçaqlığı gətirə biləcəyini düşünməyəcəyim əxlaqın tərəfindəyəm.
# 2563 dəfə oxunub

Müəllifin son yazıları

# # #