Kulis.Az Günel Mövludun yenicə çapdan çıxmış “Axşamçağına cavab” kitabında yer alan şeirlərdən bir neçəsini təqdim edir.
Balıq qətli
Leselidze küçəsində
İyirmi dörd saat işləyən supermarketdə
Nəhəng akvariumda
Həmişə satılıq balıqlar olur
Mənə ingilis dilində cavab verən
Arıq satıcı qızdan
Dörd balıq istəyirəm
Akvariuma tor atıb
Dörd balıq çıxarır arıq gürcü qızı
Başlarını qanlı daşa vura-vura
Öldürüb, mənə uzadır balıqları
Ömrümdə ilk dəfə
Dörd canlının qətlinə
Fərman vermişdim bu gün...
Bazar lövhələri
«Didube» metrosunun çıxışında
Gürcülərin çaxır
Azərbaycanlıların kartof-soğan satdığı
Balaca bazarda
Narıncı, şən mandarinlərin yanında
Köhnə kitablar düzmüşdü saqqallı satıcı
İki kilo mandarin
Bir də Çexovun «seçilmiş əsərləri»ni aldı
Əlləri tir-tir əsən rus qarısı
Kilsə zəngləri
Ateistəm, amma
Tiflisdə olanda
Xristian olmağım gəlir
Nəsə gözəl bir şey var
Yaşıl gözlü gənc keşişin
Çörəyi şəraba batırıb
Örpəkli qızların
Dilinin üstünə qoymasında...
Bir də...
Kilsə zənglərində
Kədərli heç nə yoxdu...
Tiflis. 22 yanvar. 2013
"Axşamçağına cavab" kitabını “Əli və Nino”, “Akademkitab” və “Qız qalası” kitab mağazalarından əldə edə bilərsiz.