Olacağa çarə yoxdur – biz də yaşlandıq. Yaşlanmasaq da, “gənclik” adlı əhli-kef, dikbaş ünvanı özümüzdən on yaş kiçiklərə buraxıb, yavaş-yavaş məxməri yaş dövrünə tərəf sürüşdük.
Bir neçə gün əvvəl TED-in “Gənclink” adlı birləşməsində mən də gənc mühazirəçilərdən biri idim. Təşkilatçılarla razılaşdığımız, danışa biləcək şeylərimin olduğu mövzudan – keçid dövrünün gəncliyindən danışdım. Nə danışdım, nə danışmadım, söhbət bundan getmir. Mən daha çox doğrudan da yaş baxımından gənc olanlardan, onların paylaşdıqlarından, onların dərdlərindən danışmaq istəyirəm. Amma icazənizlə, bir balaca haşiyə çıxım.
...mən uşaq olanda, hələ sovetlərinyıxılmamış vaxtlarında, İkinci Dünya müharibəsindən qalib çıxmış ordunun əsgəri olan babam mənim, qardaşlarımın, yaşıdlarımın, hətta bizdən xeyli böyük olan yeniyetmələrin hərəkətlərinə yuxarıdan aşağı baxıb, təəssüflə başını bulayırdı: eh, a bala, siz heç nə görməmisiniz, ona görə də sizdən heç nə çıxmaz...
Oğulları babamı qaramatlıqda, bədniyyətlikdə qınayır və balaca uşaqları sadəcə müharibə dövründə yaşamadıqlarına görə acılayan əsəbi qocanı tezbazar susdururdular. Oysa, babamın ağzı doğrudan da bəddua imiş – aradan bir neçə il keçmədi ki, müharibə də, qıtlıq da, aclıq da, qaçqınlıq da gördük. Bir sözlə, kişi “əhd”inə çatdı.
TED-in tədbirində çıxış eləyən, yəni bizdən sonranın gəncliyinə, onların hekayətlərinə, problemlərinə qulaq asanda, hiss elədim ki, yavaş-yavaş babama oxşamağa başlayıram. Xoşbəxtlik axtarışında ölkələri gəzən, xasiyyətini, həyat tərzini dəyişməyindən danışan, sosial şəbəkələrdəki qəhrəmanlığını zarafata salan gəncliyi dinlədikcə, doğrudan da ürəyimdən “eh, siz axı nə görmüsünüz ki?” - deyə bir şey keçirdi və mən gəncliyə münasibətdə bu yekəxanalığımı, onlara qeyri-ciddi yanaşmağımı olduqca ciddi bir özünütənqidlə qarşılayırdım. Amma nə qədər özünütənqidə açıq oluramsa olum, yenə də fikrimdə qaldım. Bugünkü gəncliyin paylaşacaq heç bir ciddi dəyəri yoxdur. Gəncliyin dünyaya təqdim etməyə fikri yoxdur. Ümumiyyətlə, gəncliyin problemi yoxdur. Gəncliyin məişət, əyləncə, ünsiyyət səviyyəsində dıqqılı-dıqqılı qayğıları var... vəssalam. Bunu düşünmək elə də xoş deyil, amma gün ərzində dinlədiyim iyirmidən çox gəncin çıxışı başqa şey düşünmək şansı vermədi.
Geyim dizayneri, gələcək nəsillərin resurslarına qənaət etmək, ekologiyanı qorumaq kimi qlobal məsələni müzakirəyə çıxararaq, bunun üçün vasitələr təqdim edən Renara Şəmsiyevanın çıxışını istisna etmək şərti ilə...
Gəncliyə bir az qısqanc, bir az əsəbi, bir az qeyri-ciddi baxandan sonra babamı da anlamağa çalışdım. Kişi insanı biçimləndirən, həyatla haqq-hesab çürütməyinə kömək eləyən ən cəddi məsələnin ağrı olduğunu nəzərdə tuturmuş. Ağrısı olmayan, çətinlik görməyən, gerçək və qəddar həyatla üz-üzə qalmayan, ən böyük problemi Fasebook-da daha çox “like” almaq olan nəslin böyük iddiaları, böyük dəyərləri, böyük gələcəyinin ola biləcəyinə şübhəm var nəsə...
Yazının dabanı: biz gəncliyə qısqanclıqla yanaşa bilərik. Biz də özümüzdən əvvəlkilərin ənənəsinə sadiq olub, gəncliyi bəyənməyə, onlara qeyri-ciddi yanaşa bilərik. Amma zaman onların xeyrinə işləyir....
Görməmiş gənclik
9 iyul 2011
06:02
2159 dəfə oxunub