Yəqin Google-da müəyyən mövzu ilə bağlı hazır şəkil axtararkən üstündə “Shutterstock” yazılmış fotolara rast gəlmisiniz. Bu onu göstərir ki, mövcud olan foto “Shutterstock”a məxsusdur və abunə olub o fotonun orijinal versiyasını ala bilərsiniz. Bizə qeyri-adi gələ bilər. Əşi, onsuz da internet doludur fotolarla, istədiyimiz fotonu tapıb öz saytımızda, bloqumuzda istifadə edə bilərik. Amma bizdən fərqli olaraq dünyada müəllif hüquqları anlayışı çox ciddidir, ciddi media orqanları müəllif hüquqlarını qorumağa çalışır, üstəgəl keyfiyyətli fotolara üstünlük verilir. Məhz buna görə də bu cür foto satan saytlara abunə olurlar.
Kulis.az “Shutterstock”un yaradıcısı olan milyarder Con Orincerin (Jon Oringer) uğur hekayəsini təqdim edir.
Hazırda 40 yaşı olan Con Orincer məşhur texnologiya mərkəzi olan “silokon vadisi”nin ilk milyarderidir. Orinjer “Shutterstock” projesi ilə milyarder olmamışdan qabaq 10 şirkət yaratmışdı.
Foto bazası olan “Shutterstock”u qurmamışdan qabaq Con Orincerin fotoqrafiya barəsində heç bir anlayışı olmayıbmış: “Əvvəllər dəfələrlə uğursuzluğa düçar olmuşdum, bu səfər də uğursuzluğa hazır idim”.
2012-ci ildə birjaya açılan şirkətin illik gəlirinin 1 milyarda çatdığı təxmin edilir.
“Shutterstock”u yaratmamışdan qabaq Oricener brazuerlərdə istənilməyən pəncərələrin açılmasının qabağını alacaq bir proqram üzərində işləyirmiş.
Orincer “Shutterstock” fikrinin ağlına necə gəldiyi haqda bunları deyir: “O vaxt proqram təminatının yenilənməsi ilə məşğul olurdum və yeni fotolara ehtiyacım var idi. Belə fotoları toplamağın nə qədər çətin olduğunun fərqinə vardım. O vaxt məkanları və əşyaları göstərən fotolar istehsal edən bir neçə şirkət var idi. Bu şirkətlər də, məsələn “Getty” kimiləri, xəbər agentliklərinə uyğun məhsullar istehsal edirdi. Balaca şirkətlər isə, məsələn alma, yaxud səma kimi bəsit fotoları almaq üçün çox xərc çəkməli olurdular”.
Fotoqrafiyadan başı çıxmamasına baxmayaraq Orincer bir neçə min dollara fotoaparat alıb və elan saytlarında model axtarması haqda elan verib.
Fotoaparatı əlinə götürüb, Nyu-Yorkun canına düşüb. Turistlərin diqqətini çəkən kadrların əksini axtarmağa başlayıb. Ən adi, ən ümumi fotolar.
İki ilin içində 30 mindən çox şəkil çəkərək bunları “Shutterstock” saytına yükləyən Orincer müştəri cəlb etmək üçün “Google”da reklam da verməyə başlayır.
Gün gəlir artıq foto tələblərini çatdırmadığını görür. Artıq bu işdə uğur qazandığını anlayır. Orincer bütün bunları Nyu-Yorkda, Manhattanda edib. Kaliforniyadakı Silikon vadisinə getməyib. Səbəbini isə belə izah edir:
“İnsanlar niyə görə hələ də Silikon Vadisinə getməməyimin səbəbini soruşurlar. Səbəb isə sərmayəyə ehtiyacımın olmamağı idi”.
Bir çox texnologiya şirkətinin əksinə olaraq “Shutterstock” xarici sərmayə ilə qurulmayıb. Orincerin xərci sadəcə ucuz bir fotoaparat almaq və balaca ofis tutmaq olub. Əvvəlcə fotoları özü çəkirmiş, sayta da özü yerləşdirirmiş, hətta gələn zənglərə də özü cavab verirmiş.
Hazırda saytın 150-dən çox ölkədə 750 mindən çox müştərisi var. 40 mindən çox fotoqraf öz fotolarını “Shutterstock”a yükləyir. Fotolar satıldıqca həm müəlliflər, həm də şirkət qazanır.