Oğrunu evinə gətirən qadının istəyi

Oğrunu evinə gətirən qadının istəyi
21 avqust 2015
# 08:00

Kulis Amerika yazıçısı Lenston Hyuzun (1902-1967) “Çox sağ olun, madam” hekayəsini təqdim edir.

O, böyük çanta götürən irigövdəli qadın idi. Çantanın içində çəkiclə mismardan başqa hər şey tapmaq olardı. Uzun kəmərli bu çantanı həmişə çiynindən asardı. Gecə saat 11 olardı, qadın tək başına küçədə gəzirdi. Qəfildən bir oğlan arxadan qaça-qaça gəlib onun çantasını dartmağa başladı. Elə ilk cəhddə çantanın kəməri qırıldı. Ancaq oğlanla çantanın ağırlığı düz gəlmədi və o, tarazlığını saxlaya bilməyib səkiyə yıxıldı. İrigövdəli qadın tövrünü pozmadan çevrilib yerə yıxılmış oğlanın düz yançağından təpik vurdu. Aşağı əyildi, köynəyinin yaxasından tutub yuxarı qaldırdı və dişləri şaqqıldayana qədər onu silkələdi.

Sonra dedi: “Çantanı götür, mənə ver”. Oğlan hələ də onun əllərindəydi, amma yerdən çantanı götürüb ona verəcək qədər aşağı əymişdi.

Sonra davam elədi: “İndi de görüm, özündən utanırsan heç?”

Oğlan: “Bəli” – dedi.

Qadın dedi: “Bunu neyləyəcəkdin?”

Oğlan: “Məqsədim bu deyildi” – dedi.

Qadın dedi: “Yalançı!”

Həmin vaxt ərzində küçədən keçən iki-üç nəfər dayanıb onlara baxmağa başlamışdılar.

“Mən səni buraxsam, qaçacaqsan?” – qadın soruşdu.

“Bəli, xanım”, - oğlan dedi.

“Onda buraxmıram səni” – qadın cavab verdi.

Oğlanı buraxmadı.

“Mən çox-çox üzr istəyirəm, xanım” – oğlan pıçıltı ilə dedi.

“Üzün çirklidi. Yaxşı bir fikrim var üzünü yumaqla bağlı. Sənə evdə heç kim deməyib üzünü yumaq lazımdı?”

“Yox”, - oğlan cavab verdi.

“Onda bu üz bu axşam yuyulacaq” – qadın qorxmuş oğlanı arxasınca darta-darta yeriməyə başladı. Oğlan çəlimsiz və cılız idi, 14-15 yaşı olardı. Əynində göy cins şalvarı, ayağında tennis ayaqqabıları vardı.

Qadın dedi: “Sən mənim oğlum olacaqsan. Sənə pislə yaxşını öyrədəcəm. Hələlik isə edə biləcəyim şey üzünü yumaqdı. Acsan?”

“Yox” – oğlan dedi: “Məni buraxın gedim”.

“Mən o döngəni dönəndə səni narahat elədim?” – qadın soruşdu.

“Xeyr” – oğlan cavab verdi.

“Sən özün gəlib mənə ilişdin” – qadın dedi: “Sən elə bilirdin, bu ani bir şey olacaq. Amma bil ki, cənab, sən Xanım Luella Beytz Vaşinqton Consa ilişmisənsə, onu uzun müddət xatırlamalı olacaqsan”.

Oğlanın üzü tər içindəydi, mübarizə aparmağa başladı. Xanım Cons Nelson fəndi ilə oğlanın boğazından yapışıb qarşısına yıxdı və küçə boyunca sürüdü. Evinin qapısına çatıb oğlanı içəri – zala qədər arxasınca dartdı. İşığı yandırıb otağın qapısını açıq qoydu. Oğlan digər otaqdakı adamların söhbət edib güldüklərini eşidə bilirdi. Anladı ki, qadınla tək deyillər. Qadın hələ də onun boynundan yapışmışdı.

O dedi: “Adın nədir?”

“Rocer” – oğlan cavab verdi.

“Belə, Rocer, yaxınlaş əlüzyuyana, yuyun” – qadın dedi və nəhayət oğlandan əlini çəkdi.

Oğlan qapıya baxdı, çevrilib qadına baxdı, bir də qapıya baxdı və əlüzyuyana tərəf getdi.

“Qoy su isinənə qədər axsın” – qadın dedi: “Bu da təmiz dəsmal”.

“Siz məni həbsxanaya aparacaqsız?” – oğlan əlüzyuyana tərəf əyilərək soruşdu.

“Bu sifətlə səni hələ ki, heç yerə aparan deyiləm” – qadın cavab verdi: “Mən evə gedib özüm üçün bir tikə xörək bişirib yemək istəyirdim, sənsə mənim çantamı oğurlamağa çalışdın. Bəlkə heç sən də axşam yeməyini yeməmisən. Elədir?”

“Evdə heç kimim yoxdu” – oğlan dedi.

“Onda birlikdə yeyək” – qadın dedi: “Əminəm acmısan, ya da ac olduğun üçün mənim çantamı dartışmağa çalışmısan”.

“Mən göy zamşa ayaqqabı almaq istəyirdim” – oğlan dedi.

“O ayaqqabı üçün mənim çantamı oğurlamaq məcburiyyətində deyildin” – xanım Luella Beytz Vaşinqton Cons dedi: “Məndən xahiş edə bilərdin”.

“Madam?” – oğlanın üzündən su damcıları axırdı, çevrilib qadına baxdı. Uzun bir səssizlik çökdü. Çox uzun səssizlik. Oğlan üzünü dəsmalla quruladı, çevrildi, bundan sonra nələr olacaqdı, bilmirdi. Qapı açıq idi. O, qaça bilərdi.

Qadın yatağında oturmuşdu. Bir az sonra dilləndi: “Cəmi bir dəfə gənc oluruq, mən də o vaxtlar əldə edə bilməyəcəyim şeyləri istəyirdim”.

Daha bir böyük səssizlik. Oğlanın ağzı açıldı, özü də bilmədən qaşları çatılmışdı.

Qadın dedi: “Elə bildin, mən “amma” deyəcəm, düzdür? Elə bildin deyəcəm ki, amma mən camaatın çantasını oğurlamamışam. Nə isə, bunu demək fikrində deyiləm”.

Sükut.

“Mən də çox şeylər etmişəm. Amma onları sənə demək niyyətim yoxdur, oğlum. Nə sənə, nə Allaha - əgər hələ xəbəri yoxdursa. Bir az otur, yeməyə bir şey hazırlayım. Daraq götür saçlarını qaydaya sal, daha səliqəli görünəcəksən”.

Otağın o biri küncündə, arakəsmənin arxasında qaz sobası və soyuducu vardı. Xanım Cons ayağa qalxıb arakəsmənin arxasına keçdi. O, bir dəfə də olsun çevrilib oğlana baxmadı ki, birdən qapıdan qaçar, ya da yatağın üstünə qoyduğu çantanı oğurlayar. Oğlan otağın uzaq küncündə - qadının onu sezə biləcəyi yerdə oturdu. O, inanmırdı ki, qadın ona güvənər. İndi onun gövüənini itirmək istəmirdi.

“Dükandan bir şey almaq lazımdır? Bəlkə süd, ya da başqa nəsə” – oğlan soruşdu.

“Deyəsən yox” – qadın dedi: “Özün üçün şirin süd istəyirsənsə, buyur. Amma mən bu konservləşdirilmiş süddən kakao hazırlamaq istəyirdim”.

“Bu da yaxşı olar” – oğlan dedi.

O, bir az lobya isitdi, soyuducudan vetçina götürdü, kakao hazırlayıb stola oturdu. Oğlanın harada yaşaması, qohumları və onu pərt edə biləcək digər şeylər barədə ondan heç nə soruşmadı. Əksinə, yemək yedikləri vaxt oteldə işlədiyi və axşam saatlarına qədər açıq olan kosmetika dükanından, işlərin necə getməyindən, nə cür qadınların – sarışın, qızılı saçlı, ispan qadınlarından danışdı. Sonra 10 sentlik keksin yarısını kəsib ona verdi.

“Bir az da ye, oğlum” – o dedi.

Yemək bitəndə ayağa qalxdı: “Götür bu 10 dolları get özünə göy zamşa ayaqqabı al. Gələn dəfə kiminsə çantasını oğurlamaq kimi bir səhv eləmə, haram yolla əldə elədiyin ayaqqabı ayağını yandırar. İnanıram ki, indən sonra özünü yaxşı aparacaqsan, oğlum”.

Qadın onu qapının yanına qədər ötürdü.

Qapını açdı: “Gecən xeyrə! Özünə yaxşı bax!” – deyib küçəyə doğru baxdı.

Oğlan xanım Luella Beyts Vaşinqton Consa “Çox sağ olun, madam” sözündən başqa da nəsə demək istədi. Amma deyə bilmədi, çölə çıxdı və çevrilib qapıda dayanan irigövdəli qadına baxdı. Güclə özünü hazırlayıb “Çox sağ olun” deyəcəkdi ki, qadın qapını bağladı. Və bir də heç vaxt o qadını görmədi.

İngilis dilindən çevirdi: Günel Əsgərzadə

# 3081 dəfə oxunub

Müəllifin son yazıları

# # #